Şirindil Alışanlı: “Mühacirət irsində öyrənilməsi vacib olan xeyli məsələ var”

 

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasından kitabların hazırlanması və nəşri haqqında” qərar qəbul edib. Göstərilən qərara əsasən, Beynəlxalq Redaksiya Heyəti yaradılıb, bu istiqamətdə görüləcək elmi-təşkilati işlər müəyyənləşdirilib. Bununla əlaqədar “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası”nın Beynəlxalq Redaksiya Heyətinin baş redaktor müavini, Nizami adına Ədəbiyyat İnstitutunun XX əsr ədəbiyyatı şöbəsinin müdiri, “Elm” Nəşriyyat və Poliqrafiya Mərkəzinin direktoru Şirindil Alışanlı ilə söhbətləşdik.

– Şirindil müəllim, belə bir qərar hansı zərurətdən irəli gəlib və onun mahiyyəti nədən ibarətdir?

– Çağdaş siyasi, mənəvi institutlarımız öz başlanğıcını mühacirlərimizin yaratdıqları, təsis etdikləri siyasi-mənəvi qurumlardan götürür. Təkcə bizdə yox, Rusiya, Almaniya, Orta Asiya respublikaları, Polşa kimi ölkələrdə də mühacir irsinin yaşarlığını ehtiva edən tarixi siyasi-mənəvi sərvətlər gündəmə gəlməkdədir. Mühacirətşünaslıq (emiqirantologiya) xüsusi elmi sahə kimi təşəkkül tapmaqdadır və hər bir ölkədə fərdi çalarlar kəsb edir.

Mühacirət irsimiz haqqında xeyli elmi və elmi-populyar ədəbiyyat yaranmışdır. Mühacirlərin bir çoxunun əsərləri, adda-budda olsa da, nəşr edilmişdir. Mətbuatda çox sayda məlumat səpgili yazılar çıxıb. XX əsr mühacirət irsi dövriyyədə olmadan XX əsr ədəbiyyatı, ictimai-siyasi tarixi haqqında bütöv, elmi obyektivliyə əsaslanan söz demək qeyri-mümkündür. Belə bir problemlə VI cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin son – XX əsri əhatə edən cildi üzərindəki gərgin və mürəkkəb işin icrası prosesində üzləşməli olduq. Məhz müasir Azərbaycan humanitar fikrinin həll etməli olduğu problemlərdən biri mühacirət irsinin toplanması, tədqiqi və nəşridir. Mövcud siyasi qadağalar aradan götürüldükdən sonra Azərbaycan mühacirət ədəbiyyatının ayrı-ayrı şəxsiyyətləri haqqında xeyli tədqiqat işi aparılmış, elmi və elmi-kütləvi əsərlər nəşr edilmişdir. Mövcud tədqiqatların təcrübəsi dövlət quruculuğunda, onun siyasi və mənəvi institutlarının formalaşmasında, inkişafında böyük əhəmiyyəti olan mühacirət irsinin nəşri və tədqiqinin eklektik səciyyə daşıdığını, mühacirət ədəbiyyatına verilən elmi-nəzəri təhlillərin onun ehtiva etdiyi mündəricədə heç də həmişə tam cavab vermədiyini göstərir.

Mühacirət ədəbiyyatını çağdaş elmi-nəzəri və tekstoloji prinsiplərə əsaslanan meyarlarla toplayıb nəşr etmək və bu əsasda fundamental tədqiqatlar aparmaq gərəkdir.

– Müxtəlif ölkələrin arxivlərində səpələnmiş bu irsin toplanmasında hansı problemlər var və bu istiqamətdə hansı təşkilati işlər görülür?

– Xatırlatdığım qərarda təsdiq edilmiş Beynəlxalq Redaksiya Heyətinə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov, akademik Bəkir Nəbiyev, professor Şirməmməd Hüseynov, İzmir Universitetinin professoru Yavuz Akpinar, Martin-Liter Universitetinin doktoru, türkoloq Volkner Adam, mühacirətşünas alim Nikpur Cabbarlı daxildirlər. Şübhəsiz, bu kitabxana seriyasından nəşr olunan kitabların hazırlanmasında indiyə qədər bu sahədə xidmətləri olan tədqiqatçılar da iştirak edəcəklər. Ötən ilin may ayında Nikpur Cabbarlı ilə birlikdə Ankara, İzmir və İstanbul şəhərlərində olduq, mühacirət irsimizlə bağlı elmi qurumlarda, kitabxana və müvafiq kafedralara baş çəkdik, bu irslə bağlı şəxsiyyətlər, onların varisləri ilə görüşdük. “Azərbaycan kültür mərkəzi”ndə dövriyyədə olmayan arxiv materialları və nəşrlər əldə etdik. Mərhum Əhməd Qaracanın evində olduq, oğlunun köməyi ilə onun arxivini araşdırdıq.

Məzarlarının yeri məlum olan mühacirlərimizi ziyarət etdik. Dostumuz Arif Acalla birgə Məmməd Sadiq Aran, Hüseyn Baykaranın məzarlarını tapmaq üçün bir neçə gün axtarış apardıq. Məmməd Sadiq Aranın məzarı “İranlılar” qəbristanlığındadır və uzun axtarışdan sonra qarşıma çıxdı. Bu məzarıstanın ucqar bir yerində baş daşında “Laçın” sözü məni cəlb etdi, kövrəltdi. Bura əslində azərbaycanlıların qəbristanlığıdır. Yüzlərcə məzarın baş daşında “Qarabağ”, “Naxçıvan”, “Gəncə” sözləri həkk olunub, bir çoxunda da “azərbaycanlı” sözləri yazılıb. Bu adda bir rəhmətliyin məzarı yanında Hüseyn Baykaranın adını görərkən həyəcan məni boğdu və taleyimə minnətdar oldum ki, buradan “əliboş” qayıtmadım. Məmməd Sadiq Aranın məzarı isə “İpək köy” qəbristanlığındadır, üzərində bu sözlər həkk olunub: “Azerbaycan istiklalçısı, türkçü cephenin yılmaz ateşli mücahidi Mehmet Sadik Aran. Ruhuna fatiha. o. 28.5.1971”

– Bu irsin müasir elmi əhəmiyyətini nədə görürsünüz?

– Dediyim kimi, mühacirət irsi olmadan XX əsr Azərbaycan tarixi yarımçıq görünər. Müstəqilliyin, müasir siyasi reallığın bizə yaratdığı imkan müqabilində bu irsi elmi, ictimai-siyasi dövriyyəyə gətirmək lazımdır. Burada mədəniyyətin, elmin bütün istiqamətlərində araşdırma üçün zəngin material var. Digər tərəfdən, XX əsrin siyasi tarixini, ədəbi-mədəni hadisələrini dəyərləndirməkdə bu irsin nəzəri-metodoloji tutumu diqqətəlayiqdir. Fərqli baxış, fərqli dəyərləndirmə, təhlillərdən daha çox obyektivliyə, Avropa dəyərlərinə əsaslanan meyarlar böyük mübahisələrə səbəb olan XX əsr dəyərlərimizi obyektiv şərh etməkdə həm faktik, həm də nəzəri təcrübə kimi misilsiz əhəmiyyətə malikdir.

Mühacirət irsində tarixçilərimiz üçün öyrənilməsi vacib olan, üzdə olmayan xeyli məsələ var. Biz məzarlıqları gəzərkən həkim, hərbçi, dövlət qulluqçusu və s. sahələrdə çalışmış yüzlərcə soydaşımızın qəbrini ziyarət etdik. Azərbaycanı məcburi tərk etmiş yüzlərcə, minlərcə ailənin övladları Türkiyənin iqtisadi, siyasi və mədəni tərəqqisində böyük xidmət göstərmişlər.

– Mühacirət irsinin toplanmasında hansısa çətinlik varmı?

– Ötən hər gün nəyisə itiririk. Dediyim dərgilərin bir çox sayları Türkiyənin kitabxanalarında da qalmayıb. Yavuz bəy bəzilərini kolleksionerlərdən əldə edib. Kitabxanalarda bir çox dərgilər ovulub tökülür. Surətini çıxarmaq xeyli çətinləşib. Nə mümkündürsə, Türkiyəli həmkarlarımız kömək edirlər. Professor Cəfəroğlunun “Azadlıq” radiosundakı bütün çıxışlarının mətni vaxtı ilə işlədiyi kafedraya rəhbərlik edən professor Osman Sərtkayadadır. Onunla danışıq aparırıq. Materialı əldə edib bu seriyadan nəşr edəcəyik. Ümumiyyətlə, “Azadlıq” radiosunun arxivində Azərbaycanla bağlı zəngin materiallar mövcuddur. Bu arxivin alınması üçün müəyyən təşəbbüs göstərmişik.

– Türkiyədən başqa digər ölkələrdə mühacirlərimizin fəaliyyəti ilə əlaqədar hansı işlər planlaşdırılır?

– Almaniya, Polşa, Fransa və Rusiyaya ezamiyyətə gedəcəyik. Redaksiya heyətimizin üzvü Adam Volkner müəyyən hazırlıq işləri görür. Bizim xahişimizlə Almaniyanın müvafiq kitabxana və arxivləri ilə işləyir. May ayında bu ölkəyə gedərkən konkret ünvanlar üzrə işləyəcəyik.

– Mühacirət irsinin nəşri və tədqiqi üçün kadr və maliyyə problemləri necə həll edilir?

– Bu seriyanın baş redaktoru AMEA-nın prezidenti akademik Mahmud Kərimovdur. Mahmud müəllim bu layihəni ilk gündən dəstəkləyir, onun tarixi və müasir mənasını yüksək qiymətləndirir. Bu məsələ ilə bağlı faktik materialla yaxından tanış olduqca işin masştabı, məsuliyyəti bir daha bəlli olur. Hər bir vətəndaşımız bu işə yardımçı olmalıdır. Nəhayət mühacirət irsini öyrənən ayrıca elmi quruma böyük ehtiyac var. Nəşr və tədqiqat işləri paralel aparılmalı, tarixçi, ədəbiyyatşünas, etnoqraflardan ibarət tədqiqatçılar bu zəngin sərvəti ardıcıl öyrənməlidirlər. İyirmi il müstəqil yaşadığımız Respublikamız mühacirlərimizin qurduğu Respublikanın mənəvi varisidir. Bu varisliyin bütün tərəfləri yeni nəsillərə aşılanmalıdır. Türk Dil Kurumu “Yurd bilgisi”, 37-ci say istisna olmaqla, “Türk amacı” dərgilərini nəşr etmişdir. Və bu dərgiləri də təsis etdiyimiz seriyadan nəşr edəcəyik.

Vaxt keçdikcə mühacirət irsimiz çağdaş Türkiyədə öz aktuallığını itirir və onun varisləri də dünyalarını dəyişirlər. Ona görə də bu irsin toplanmasını sonraya saxlamaq həm itkilərə yol verər, həm də mühacirət ədəbiyyatı haqqında bütöv təsəvvür yaratmağa imkan verməz.

İzmir kitabxanasında yeni material az olsa da, ədəbiyyatımızın, ümumiyyətlə türk xalqları ədəbiyyatının fədakar tədqiqatçısı professor Yavuz Akpinarın şəxsi arxivində zəngin materiallar var. Məmməd Əmin Rəsulzadənin rusca yazdığı “Azərbaycan tarixi” əsərinin müəyyən fəsillərinin əlyazması bu böyük şəxsiyyətin erudisiyası, ensklopedik zəkası haqqında çox şey deyir.

Bildiyimiz kimi, Rəsulzadənin irsinin bu qismini Moskvada İsakov nəşr etmişdir və onun “Azərbaycanda milli hərəkat” əsərini professor Şirməmməd Hüseynovun tərcümə və şərhləri ilə ötən il nəşr etdik. Mühacirət irsi ilə tanış olduqca bu sahədə görüləcək elmi tədqiqat və nəşr işlərinin mürəkkəbliyi, məsuliyyəti və vətəndaşlıq məzmunu bir daha üzə çıxır.

– Şirindil müəllim, bu seriya hansı prinsiplərlə tərtib ediləcək?

– Birinci növbədə mühacirət irsimizin çap olunduğu dərgiləri, qəzetlərin faksimilə nəşrlərini həyata keçirəcəyik. Dediyim kimi “Yurd bilgisi” və “Türk amacı” dərgiləri Türk Dil Qurumu tərəfindən 500 nüsxə tirajla nəşr edilib. “Yeni Kafkasya” (1923-1927), “Azeri Türk” (1928-1930), “Yaşıl Yarpaq” (1928), “Odlu yurt” (1929-1931), “Bildiriş” (1930-1931), “Mücahit” (1955-1960), “Türk Birligi” (1966-1970) adlı qəzet və jurnalları bizim xahişimizlə prof. Yavuz Akpınar tərəfindən müqəddəmə və nəşrlərlə hazırlanıb və Redaksiyaya təhvil verilib. Personaliyalara gəldikdə isə materialın həcmi, tarixi və müasir məzmununa uyğun sistemləşdiriləcəkdir. Mühacirət irsi bütöv halda əldə olmasa aparılan tədqiqatlar da birtərəfli olacaq, bu irsin tarixi missiyasının müasir tutumu tam aydın olmayacaq.

Təsəvvür edin ki, Məmməd Əmin kimi böyük klassikin əsərlərinin nəşri yarımçıq qalıb. Həyatının Bakı dövrünü əhatə edən I və II cildlər (I cild kiril qrafikası ilə) prof. Ş.Hüseynovun fədakarlığı ilə işıq üzü görüb. Ayrı-ayrı əsərləri Türkiyədə və Bakıda nəşr edilib. Lakin akademik nəşr isə bu seriyadan hazırlanacaqdır. İlk növbədə Məmməd Əmin Rəsulzadənin əsərlərinin orijinalı və sonra isə tərcümələri çapa hazırlanacaq.

– İlk nəşrlə oxucular nə vaxt tanış ola bilərlər?

– “Odlu yurt” bu ilin birinci yarısında çapdan çıxacaq. “Yeni Kafkasya”nın nəşri isə 2012-ci ilə nəzərdə tutulur.

 

 

525-ci qəzet.- 2011.- 4 fevral.- S.7.