“İŞIQ” QƏZETININ 100 YAŞI QEYD OLUNUB

 

    Dünən Azərbaycan Mətbuat Şurasında ilk qadın mətbuat orqanı olan “İşıq” qəzetinin 100 yaşının qeyd olunması münasibətilə yubiley mərasimi keçirilib. Mərasimi giriş sözü ilə Şuranın sədri Əflatun Amaşov açaraq, 100 yaşlı “İşığ”ın yaranma tarixindən söhbət açıb. Bildirib ki, 22 yanvar 1911-ci ildə Xədicə Əlibəyovanın redaktorluğu ilə nəşr olunan “İşıq” qəzeti 1912-ci ilə kimi 68 dəfə oxucuların görüşünə gəlib. Onun sözlərinə görə, Xədicə Əlibəyovanın həyat yoldaşı Mustafa bəy Əlibəyovun naşirlik etdiyi bu qəzet maarifçi ideyalarla gündəmə gəlib, cəmiyyəti qadınların taleyini düşünməyi, müasirləşmənin qaçılmaz tarixi proses olduğunu təlqin edib, dövrünün ziyalı qadınlarını ətrafında cəmləşdirməyi bacarıb. Şura sədri hazırda Azərbaycanda 10-a yaxın qadın jurnalının nəşr olunduğunu, 30-a yaxın kütləvi informasiya vasitəsinə qadınlar tərəfindən rəhbərlik edildiyini də diqqətə çatdırıb. Qeyd edib ki, vaxtıilə Xədicə Əlibəyovanın getdiyi şərəfli yol onun müasirləri tərəfindən uğurla davanm etdirilir. “İşıq” qəzetinin tədqiqatçısı, tarix elmləri namizədi Amalya Qasımova nəşrin saylarını ərsəyə gətirən insanlardan, mövzu dairəsindən, peşəkarlıq xüsusiyyətlərindən, milli jurnalistikamızın tarixindəki yeri və rolundan danışıb. Bildirib ki, sovet hakimiyyəti illərində “İşıq” qəzeti Azərbaycanda qadın mətbuatının bayraqdarı kimi tarixdə öz yerini tuta bilməyib: “Həmin illərdə bu qəzet burjua mətbuatı kimi qiymətləndirilərək tədqiqatlardan kənarda qalıb. Amma bu gün cəsarətlə deyə bilərik ki, Azərbaycanda müstəqillik illərində rus dilində nəşrə başlamış “Mir jenşini” qəzetini nəzərə almasaq, “İşıq” son yüz ildə ölkəmizdə ana dilində nəşr olunmuş yeganə qadın qəzetidir. Xədicə Əlibəyova isə Azərbaycanda ilk qadın redaktor olub. Mətbuat tariximizdə “İşıq” qəzetinin yeri və əhəmiyyəti böyükdür. Bu qəzet Azərbaycan xalqının milli-mədəni irslərindən biridir. Geniş imkanlara malik olmamasına, nəşr müddətinin qısalığına, daimi işçi heyətinin məhdudluğuna baxmayaraq, bu qəzet fikir plüralizmi şəraitində Azərbaycan qadınının, bütövlükdə müsəlman qadın aləminin qarşısında duran problemlərin və onların həlli yollarının araşdırılmasında əvəzedilməz işlər görüb. Qəzet maarifçi ideyalarla gündəmə gələrək, öz savadsız həmvətənlərinin-qadınların taleyini düşünüb, onları maarifə, zülmətdən işığa səsləmək üçün ziyalı qadınlarımızı səfərbər edib. Qəzet Həlimə Axundova, Çayqıraqlı Həyat xanım, Tabu Salatınzadə, Asya Axundova, Nabat Nərimanova kimi müxbirlər yetişdirib. Adınlarımızın bu mətbuat orqanındakı çıxışları sübut edib ki, artıq azərbaycan qadını oyanıb. O öz hüquqsuz vəziyyətini dərk edir, çıxış yolu axtarır”. A.Qasımova “İşıq” qəzetinin gələcəkdə daha geniş təbliğ olunması üçün təkliflərini də səsləndirib: “Vaxtilə “İşıq” qəzeti redaksiyasının yerləşdiyi keçmiş Tserkov və Spasski keçələrinin küncündə, 70 saylı evin yerini müəyyən edib oraya xatirə lövhəsi qoymaq lazımdır. Bununla yanaşı, ilk qadın redaktor kimi Xədicə Əlibəyovanın yaşadığı evin qarşısında onun baralyefinin və xatirə lövhəsinin asılması da yaxşı olardı. Elmi nəşrlərdə və orta məktəblərin tarix dərslərində “İşıq” jurnalı əvəzinə birmənalı şəkildə “İşıq” qəzeti yazılmasına diqqət yetirilməlidir. Hər il qəzetin nəşrə başladığı gün, yəni yanvarın 22-də müxtəlif jurnalist təşkilatlarında Azərbaycanda qadın jurnalistikasının vəziyyəti, qadın jurnalistlərin problemlərinin müzakirə edildiyi seminarlar keçirilməlidir”. “Elm və həyat” jurnalının redaktor müavini Ülkər Hüseynova isə çıxışı zamanı “İşıq” qəzetinin 100 yaşının tamam olması münasibətilə mətbuat işçilərinin təltif edilməsi üçün eyniadlı mükafatın təsis edilməsini təklif edib. Mərasimdə “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay, tanınmış jurnalist Flora Xəlilzadə və başqaları da çıxış edərək, “İşıq” qəzetinin Azərbaycan mətbuatındakı önəmli yerindən söhbət açıblar. 

 

 

Rufik İSMAYILOV

 

525-ci qəzet.- 2011.- 5 mart.- S.7.