İsmayıllıda Peşə Tədris Mərkəzinin açılışı olub

 

Dünən İsmayıllı rayonunda “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası” layihəsi çərçivəsində inşa olunan İsmayıllı Peşə Tədris Mərkəzinin açılış mərasimi keçirilib. Açılış mərasimində təhsil naziri Misir Mərdanov, İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nizami Ələkbərov, “British Council” təşkilatının nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları, ilk öncə 460 şagird yerlik Peşə Tədris Mərkəzi ilə tanış olub, sinif otaqları, emalatxana, kompüter mərkəzi, kitabxana, idman zalı və laboratoriyalarda yaradılmış şəraitlə maraqlanıblar.

Yeni istifadəyə verilən İsmayıllı Peşə Tədris Mərkəzinin pedaqoji kollektivini təbrik edən təhsil naziri Misir Mərdanov bu layihənin həyata keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib. Son illər ərzində təhsil sahəsində aparılan islahatlara toxunan nazir, nəinki paytaxtda, eləcə də regionlarda müasir tədris ocaqlarının istifadəyə verilməsinin prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində mümkün olduğunu qeyd edib. Nazir vurğulayıb ki, hazırda Təhsil Nazirliyinin tabeliyində 108 peşə təhsili müəssisəsi, o cümlədən 47 peşə liseyi, 1 peşə tədris mərkəzi və 59 peşə məktəbi fəaliyyət göstərir. Onlardan 8-i cəzaçəkmə müəssisələrinin nəzdindədir. Misir Mərdanov deyib ki, hər bir dövlətin yüksək səviyyəli, inkişaf etmiş sənaye ölkəsinə çevrilməsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində atılan addımlar mühüm rol oynayır. Bu baxımdan sənayeləşmə, elmi-texniki inkişaf yüksək səviyyəli kadrların formalaşması prosesi ilə həmahəngdir. Nazirin sözlərinə əsasən, texniki peşə təhsili sahəsində mövcud olan problemlərin həlli ilə əlaqədar Təhsil Nazirliyi dövlət və qeyri-dövlət orqanları ilə müvafiq əməkdaşlığı genişləndirib. Belə ki, Avropa Komissiyasının, Britaniya Şurasının texniki dəstəyi ilə “Peşə Təhsili və Təlimi İslahatı Strategiyası və Azərbaycanın seçilmiş regionunda sınaq tətbiqi”, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və YUNESKO ilə birlikdə həyata keçirilən “Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi layihəsi”, Koreyanın “DEU İnternəşnl” şirkəti ilə birlikdə elektrik, avtomatlaşdırma, informasiya texnologiyaları, avtomobil təmiri, elektronika, mühərrik sahələri üzrə ixtisaslı kadr hazırlığını həyata keçirə biləcək “Qabaqcıl Texnologiyalar üzrə Peşə Tədris Mərkəzi” tikintisi, Dünya Bankı ilə II Kredit sazişi çərçivəsində “İlkin peşə təhsilinin kurrikulumunun hazırlanması” layihəsi birgə əməkdaşlığın bir qismini əhatə edir. Məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə gənclər arasında və kənd təsərrüfatında çalışan məcburi köçkün ailələrində peşə təhsilinin inkişaf etdirilməsi istiqamətində Avstriyanın “Hilsferk Avstria” təşkilatı ilə birgə həyata keçirilən layihə başa çatdırılıb. Nazirin dediyinə görə, ötən il nazirliyin Texniki peşə təhsili şöbəsi tərəfindən ötən il şöbə tərəfindən dövlət proqramı çərçivəsində 4 və 11 nömrəli Bakı peşə liseylərində əsaslı təmir işləri başa çatdırılıb, 13, 16 və 18 nömrəli Bakı peşə liseylərinin əsaslı təmirinə başlanıb. Bununla əlaqədar olaraq həmin liseylərin fəaliyyət profilinə uyğun olaraq tələb olunan avadanlıqlar və texnikanın siyahısı hazırlanıb.

 

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2011.- 8 mart.- S.3.