Rəhim Hüseynzadə:“Yaradıcılığı heç nəyə dəyişmərəm”

 

SALYANDAYDIM, BİR GÜN ƏFLATUN AMAŞOV MƏNƏ ZƏNG ELƏDİ VƏ ZARAFATYANA ŞƏKİLDƏ “İŞƏ NİYƏ ÇIXMIRSAN?” DEDİ. BUNDAN SONRA MƏTBUAT ŞURASINDA ÇALIŞMAĞA BAŞLADIM”

 

Rəhim Məmməd oğlu Hüseynzadə 1951-ci ilin martın 3-də Gəncə şəhərində doğulub. 1958-1968-ci illərdə Gəncə şəhər 5 saylı orta məktəbdə təhsil alıb. 1973-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini, 1983-cü ildə Ali İdarəetmə Akademiyasını (keçmiş Ali Partiya Məktəbi) bitirib.

1973-1977-ci illərdə Neftçala rayonunun “Gündoğar”, 1977-19920-ci illərdə “Qələbə” qəzetlərində şöbə müdiri, 1992-1996-cı illərdə Salyan Rayon İcra Hakimiyyətində icra başçısının köməkçisi, məsləhətçi vəzifələrində işləyib. 1996-1998-ci illərdə “Qələbə” qəzetinin xüsusi müxbiri olub. 1998-2002-ci illərdə “Kriminal”, “Vaxt” və “Hürriyyət” qəzetlərində işləyib.

Azərbaycan Mətbuat Şurasının icraçı katibidir. 2008-ci ilin sentyabrından “Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyinin idarə heyətinin sədri seçilib. Azərbaycanın əməkdar jurnalisti, “Qızıl qələm” mükafatı laureatıdır.

 

 – Həyatınızın geridə qalan 60 ilini bir yol xəritəsi kimi cızsaq, bu yol harada başlayıb, harada lövbər salır?

– Gəncədə anadan olsam da, bu xəritəni Ərdəbillə başlayıb, Gəncədə, Bakıda, Neftçalada, Salyanda davam etdirib və yenidən Bakıdakı həyatımın lövbəri üstündə dayanmaq istəyirəm. Atam 1945-ci ildə Cənubi Azərbaycanda qələbə çalmış “21 Azər” inqilabının fəal iştirakçılarından olub. Özü fədai başçısı olub və onlarla birgə, 250 nəfərlik heyətlə Gəncəyə gəlib. Sonradan onların Şimali Azərbaycanda qalmağa məcbur olmalarının tarixi səbəbləri hər kəsə bəllidir. Gözümü dünyaya Gəncə şəhərində, çayqırağı Namazallılar deyilən məhəllədə açmışam. Gəncəlilər demişkən, ayı balasından tikilmiş bir evimiz var idi. Atamın fədailəri buraya yığılar və onların içərisindən olan daha savadlıları Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanını oxuyar, digərləri isə nisgillə qulaq asardılar. Bugünədək də Cənubla bağlı istək və arzular həyatımın başlıca amalıdır, bütün arzularımın fövqündə duran arzudur ki, atamın başladığı yola uğurlu nəticə ilə nail olaq. Orta təhsilimi Gəncədə almışam və deyim ki, çox da yaxşı oxumamışam, amma iti hafizəm olub, tez qavramışam. Həmin vaxtlar daha çox idmana diqqət yetirirdim. Sərbəst güləşlə məşğul olmuşam. Yadıma düşür ki, Gəncə çayının o biri tayında ermənilər olurdu və biz daha çox həvəsli idik ki, gedək onlarla dalaşaq, erməni başı yaraq. Universitetə daxil olanda hər kəs bunu təəccüblə qarşılamışdı. Tələbəlik dövründə də orta və əla qiymətlər almışam. Amma yenə də meylim idmana idi.

İlk yazım 1968-ci ildə Gəncədə “Azərbaycan gəncləri” qəzetində dərc olunub. Yataqxana şəraitində qalırdım və indinin özündə universitetin yataqxanalarının yanından keçəndə içərimdən bir ağrı qopur. Məhz bu yataqxananın divarları arasında gəncliyimiz keçib, həyata baxışlarımız formalaşıb. Öz aramızda deyərdik ki, tələbənin bir ürəyi, bir də “tumbuçka”sı açıq olmalıdır.

– Bu gün Azərbaycan mətbuatında çalışan hansı jurnalistlərlə təhsil almısız?

– Bizim çox qəribə və gözəl qrupumuz var idi. Əvvəl 28 nəfər idik. İndi “Azərbaycan” qəzetinin əməkdaşı Akif Cabbarov və “Xalq qəzeti”nin əməkdaşı Əlipənah Bayramov qiyabidən bizim əyani qrupa gəldilər. Amma sonda 14 nəfər ali məktəbi bitirdik. Bizi mənəviyyata istiqamətləndiriblər və o mənəviyyatda bu gün bizim tələbə yoldaşlarımızın əksəriyyətini Azərbaycanda tanınan jurnalist, söz sahibi eləyib. Onların da dolanışıqlarına, güzəranına baxanda elə hamımız bir-birimizə bənzəyirik. Sanki bir ailədən çıxan insanlarıq. İki ali məktəb bitirməyimə baxmayaraq, bugünün özündə belə tələbə olmaq imkanım olsa, mütləq oxuyaram, ancaq yataqxanası olsun. Təyinat zamanı rayona seçimimi edəndə çoxlarına qəribə gəldi. O dövrdə Neftçala rayonu təzə təşkil olunurdu və ilk rayon qəzeti çıxmalı idi. Görmədiyim, tanımadığım bir rayona üz tutdum. Gəncəyə getməməyimin bir səbəbi də atamın imkanlarının yaxşı olması idi və qorxurdum ki, bu, gələcək inkişafıma bir sipər olar. İstədim ki, həyatda hər şeyi öz gücümə qazanım. Neftçalada “Gündoğar” qəzetinin ilk sayını əziyyətlə ərsəyə gətirməyimiz indiyədək gözümün önündədir. Amma bütün əziyyətlərə baxmayaraq, bu anlar hər biri özü-özlüyündə xoşdur. Neftçalanı həm də ona görə seçmişdim ki, rayonda idman yaxşı inkişaf etmişdi. Rayon qəzeti 1975-ci ildə mənim müdiri olduğum şöbənin xətti ilə SSRİ Jurnalistlər İttifaqının “Ulyanov” adına 3-cü dərəcəli mükafatını aldı. Onda ilk pul mükafatın nə olduğunu gördüm. Qısa vaxt ərzində kiçik bir rayon qəzeti 10 min nüsxəylə işıq üzü görürdü. Sonra məni Salyana köçürdülər və bu da əsasən siyasi işlə bağlı idi. Burada Azərbaycan Demokrat Firqəsinin rayonlararası təşkilatının birinci katibi oldum, eyni zamanda Salyanda “Qələbə” qəzetində şöbə müdiri işləyirdim. 1978-ci ildə SSRİ Jurnalistlər İttifaqına üzv qəbul olundum. Salyanda işlədiyim vaxtlar mənim üçün mükafatlarla zəngin bir dövrdür. 40-a yaxın müxtəlif müsabiqələrdə diplomlar, fəxri fərmanlar, pul mükafatları almışam. İdman jurnalistikasına meyilli olduğumdan bu sahəni tamamilə ətraflı öyrənmək istəyirdim. 1985-ci ildə oçerklərim “Qızıl Qələm” mükafatına layiq görüldü. Salyan həyatımın ayrılmaz bir hissəsidir. Çünki elə burada ailə həyatı qurdum və həyat yoldaşım da cənublu qızı idi. 1988-ci ildə xalq hərəkatı başlayanda təşkilatlanmalara aktiv, amma nəzərə çarpmadan kömək edirdim. 1990-cı ilin dekabrında sərhəd telləri yandırılanda biz də bunu Cəlilabad tərəfdən etdik və bu prosesdə xeyli insanlar iştirak etmişdi.

– İrana ilk səfəriniz nə vaxt olub?

– Ora ilk dəfə 1990-cı il yanvarın 18-də getmişəm. Hələ onda 20 yanvar hadisələri baş verməmişdi. Salyandan 3-4 avtobusla yığışıb İrana getdik. Həmin vaxt əziyyətlə ata yurduna, kəndimizə baş çəkdim. Ora çatanda ilk olaraq, ətrafıma dayılarım, əmim uşaqları toplaşdılar. Onlar mənim və bacı-qardaşlarımın şəkillərini göstərirdilər, bundan sonra inandılar ki, həqiqətən mənəm. Söhbət zamanı əmimin can üstündə olduğunu bildirdilər. Əmimgilə getdim və gördüm ki, arvadı başının üstündə dayanıb. Əyilib əmimin üzündən öpdüm və dedim ki, əmi, qonağı belə qarşılayarlar? Əmim ayağa durdu, yerinin içində oturdu. Doğmalarımla görüşməyimdə böyük köməkliyi olan Mahmud hazırda Masallıda iş adamıdır. O, gördüyü mənzərədən dəhşətə gəlmişdi. Nə qədər böyük xeyirxahlıq etmişdi. Həmin vaxt hamının gözlərindən sevinc yaşları axırdı. Hətta o, Ərdəbildən olan tanınmış insanları bir yerə topladı və onlarla mükalimə apardım. Ata yurdunda dil və ədəbiyyat dərs deyən Adil müəllimlə tanış oldum. O, doktor Cavad Heyətin dəstəsindən olduğunu və Azərbaycan dilindən kitablar yazdığını, amma ədəbiyyatlarının çatışmadığını bildirdi. Geriyə qayıtdıqdan sonra fars dili öyrətdiyim qızlara Adil müəllim üçün hərəsinin 5 kitab göndərməsini və iç tərəfdən “Rəhim müəllimin tələbələriyik” yazmalarını tapşırdım. İşin nəticəsi o oldu ki, həmin adam Azərbaycan dili dərsliyi yazdı və sonra zəng edib kitabın titrində “Rəhim müəllim və onun tələbələrinə” sözlərini qeyd etdiyini bildirdi. 1990-cı ildə bir dəfə də İrana səfərim zəlzələdən sonra olub. Humanitar yardım göndərilən maşınların rəhbəri kimi getmişdim. Həmin vaxt bir şeyin şahidi oldum ki, oradakı insanlar faciələrə hazır vəziyyətdə idi. Sonralar İrana 1-2 dəfə getdim. Axırıncı dəfə 1998-ci ildə oldum və hiss etdim ki, İran dəyişməyə doğru gedir.

– İcra hakimiyyətində nə vaxtdan işləmisiz?

– 1992-1997-ci illər arasında icra sistemində çalışmışam. Burada köməkçi kimi işə başlamışam. Həmin dövrdə müharibə gedirdi və ailəli insanların siyahıya alınmasını təşkil etmişdim, həftədə bir dəfə ərzaq dolu zənbilləri evlərinə göndərirdim. Hakimiyyət dəyişikliyindən sonra da Salyan Rayon İcra Hakimiyyətində çalışdım. Buradakı fəaliyyətimi salyanlılar çox yaxşı bilirlər.

– İcra hakimiyyətindən sonrakı fəaliyyətiniz necə oldu?

– 1997-2003-cü illərdə olan dövr mənim üçün işsizlik kimi bir şey oldu. O mənada ki, həmin illərdə müxtəlif mətbu orqanlarında işləmişəm, bölgə müxbiri olmuşam və həmişə də reallığı, obyektivliyi qorumuşam. Bu gün jurnalistlərdən peşə qaydalarına riayət etmələrini tələb edirəm. Çünki bunlara özüm əməl etmişəm. Çətin olub, amma dözmüşəm. Belə desək, o dözüm də məni bu gün mükafatlandırıb.

– Mətbuat Şurasına gəlişiniz necə oldu?

– 2002-ci ildə “Qırxçıraq” qəzetini buraxmağı həvalə etdilər. Yaşadığım yerdə yaxşı qələm sahiblərini bir yerə topladım və yeni bir jurnalist təşkilatı yaratmağı təklif etdim. Həmin ideya Azərbaycan Jurnalistlər Birliyinin təzə həyata uyğunlaşa bilməməsindən qaynaqlanırdı. Siyahını məktubla birgə gətirdim “Yeni Nəsil” Jurnalistlər Birliyinə və Arif Əliyevlə görüşdüm. O, bizə birliyin regional şöbəsinin yaradılmasını təklif etdi. Səkkiz rayondan olan jurnalistlər bir araya gəldik və söhbətlər apardıq. Arif Əliyev bu təşkilatın mütləq qəzet çıxarmasını qeyd etdi və əks təqdirdə fəaliyyətin heç bir effekti olmayacağını bildirdi. Bu görüş nəticə etibarı ilə 4-5 il əvvəl fəaliyyətini dayandırılmış “Qırxçıraq” qəzetinin yenidən fəaliyyətə başlaması və bura rəhbərlik etməyimlə başa çatdı. Tez-tez Bakıda keçirilən beynəlxalq konfranslara, seminarlara, treninqlərə dəvət edirdilər. Mətbuat Şurası yaradılanda məktubla müraciət etdik və “Qırxçıraq” qəzeti onun təsisçilərində biri kimi qeydiyyata alındı. Xoşbəxt adamam ki, hər zaman qarşıma yaxşı insanlar çıxır. O insanlardan biri də Əflatun Amaşovdur. Mənim heç ağlıma gəlmirdi ki, Mətbuat Şurasına gələrəm. Hər dəfə rayondan Bakıya gələndə Mətbuat Şurasına baş çəkirdim, görürdüm ki, müəyyən işlərlə məşğuldurlar. Kömək lazım olanda əlimdən gələni edirdim, heç bir təklif olmadan. Yaradıcılıqla bağlı bir sıra söhbətlər edirdik. İlk dəfə olaraq Mətbuat Şurasına 32 “reket” qəzetin siyahısını da təqdim etdim. Bu da o vaxtlar bir cəsarətli çıxış idi. Salyandaydım, bir gün Əflatun Amaşov mənə zəng elədi və zarafatyana şəkildə “İşə niyə çıxmırsan?” dedi.

Bundan sonra Mətbuat Şurasında çalışmağa başladım və artıq 7 ildən yuxarıdır ki, bir yerdə işləyirik. Biz işçi-rəhbər münasibətlərindən daha çox qardaş, dost timsalında bir-birimizi tanıyırıq. Burada çalışdığım müddətdə Mətbuat Şurasının üzvləri ilə yaxından tanış oldum. Mətbuat Şurasına düşən adamların heç biri bura təsadüfi gəlmir və ən azı hərəsi 50-100 nəfərin səsini qazanıb. Buraya gəldikdən 1 il sonra isə mənə “Əməkdar jurnalist” adı verilib. Bu adı almaqda israrlı olmamışam, təqdimatı Əflatun Amaşov məndən xəbərsiz verib, yalnız fərman oxunanda bilmişəm. Əslində, kənardan baxanda Mətbuat Şurası çox cazibədar görünür, amma buranı quranadək xeyli əziyyətlərimiz olub. Təkcə 2003-cü ilin fotoşəkili ilə indiki görüntünü müqayisə edəndə fərqin nə qədər çox olduğunu bilirəm. Bu gün jurnalist, media mühitinin, xüsusən cavanların mənə münasibəti ən böyük mükafatımdır.

– Əvvəllər daha çox yaradıcılıqla məşğul olmusuz. Bəs, bu gün necə?

– Əslində, Mətbuat Şurasının katibliyinin fəaliyyəti buranın əsas canı, əzasıdır. Bura nə qədər normal işləyirsə, Mətbuat Şurasında işgüzarlıq əmsalı bir o qədər yüksəlir. Faktiki olaraq, 2002-ci ildən fəal yaradıcılıqdan uzaqlaşmışam. Amma bütövlükdə yaradıcılığı heç nəyə dəyişmərəm, yazmaq üçün əldən-ayaqdan gedirəm. İnsan yaşının bu çağında insanları, hadisələri fəlsəfi, məntiqi cəhətdən daha yaxşı dərk edir. İndi yazdıqlarım 15-20 il əvvəl yazdıqlarımdan qat-qat fərqlənir. Hətta mükafat aldığım yazıları oxuyanda bir təbəssüm hissi olur. Son dəfə “Qafqaz” jurnalının 1-ci sayında “Rasim Ocaqovun beş ocağı” adlı yazı işıq üzü gördü və həmin yazını Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi müsabiqəyə təqdim etdim. Bu yazım ilin ən yaxşı mədəniyyət yazısı mükafatını qazandı. Vaqif Bəhmənli zəng edib dedi ki, hər bir jurnalistin həyatı boyu bir neçə yaxış yazısı olur, səndə neçəncidir, bilmirəm. Bu, artıq mənim üçün də rahatlıq bəxş elədi.

 

 

Bəxtiyar MƏMMƏDLİ

 

525-ci qəzet.- 2011.- 19 mart.- S.14.