Elegiya

 

Bir dəfə yumulur dağ bənövşəsi...

 

Görüşlə ayrılıq arasındakı məsafənin nə qədər olduğunu dəqiq bilənlər varmı, uzunmu, qısamı bu yol?! Doğrudanmı ayrılığı “əlvida” adlandırmaqdan başqa bir söz qalmır?..

Onunla görüşümüzün (görüşlərimizin), ayrılığımızın arasındakı məsafəni heç zaman ölçmək niyyətim olmamışdı. Hər dəfə uzun və qısa görüşlərimizindən sonra bir də görüşəcəyimizə ürəyimdə rahat bir ümid qalırdı. Amma bu dəfəki görüşümüzün sonunda bir “əlvida” var imiş...

Axşamın qaşı qaralırdı. Bakıda küləkli bir gün yaşanırdı. Təkəmtənha gah ağacların, gah da binaların, tinlərin yanından keçib, yaşadığım evin həndəvərlərində dolaşırdım. Telefonuma zəng gəldi. Yusif Dumanlı idi. Gədəbəydən zəng edirdi. Həmişə olduğu kimi, yenə telefonun o başında qardaş – deyə səslədi. Eşidirəm dedim. Oralarda nə var, nə yox deyə xəbər aldı.

– Külək əsir.

– Burada da külək əsirdi, amma dayandı.

Bir qədər sükutdan sonra Salman Rzayev rəhmətə getdi, dedi.

Ölümlərə və ölümlər barədə gələn xəbərlərə heç vaxt inanmağım gəlmir. Bir zamanlar atamın ölümünə inanmaq istəməmişdim. Uşaqlığımın bu aldadıcı hissi ömrümün sonrakı çağlarında da məni tərk etmir. Axı o ki, sappasağlam, gümrah idi – deyə soruşdum. Niyə birdən-birə?!. Yusif müəllimin halı qəfil pisləşib, sonra da həyata qaytarmaq mümkün olmayıb dedi.

Şəmkirdən Gədəbəyə doğru qalxan avtomobil yolu dağlara üz tutduqca ilan kimi qıvrıla-qıvrıla baş alıb gedir. Səhərin gözü yenicə açılar-açılmaz, dostum Anar Əliyevin maşınında bu yolun bir ucunu əlimizə alıb üzü dağlara doğru qalxırdıq. Həmin gün görkəmli alim, Azərbaycan Aqrar Universitetinin Riyazziyat kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru Salman Rzayevin yas mərasiminin üçüncü günü idi. Üç gün idi ki, o, əbədiyyətə qovuşmuşdu və onu tanıyanlar, doğmalar, dostlar bir qəfil itkinin ağrısını yaşayırdılar.

Möhkəm duman olduğundan, nə dağların ucalığını görə bilirdik, nə dərələrin dərinliyini. Amma mən bilirdim ki, sağ tərəfimiz dərin uçqundur. Yollar da ömrün xatirəli qanadlarıdır. Keçən yay bu yolu Salman müəllimlə birgə keçib dağlara üz tutmuşduq.

Ömrün elə vaxtı gəlir ki, yollar adamın içinə, onun varlığına vüsaldan çox həsrət daşıyır. Hüseyn Arifin “Görən bu yollarda kimim var mənim” misrası əbədi bir sualdır. Ürəyimdə yeni bir şeirin misraları səslənirdi:

 

Uçdu qartalların, yerə enmədi,

Ocaq söndü – ocaq yeri sönmədi.

Bir gələnin bir də geri dönmədi,

Əzəldən yarandın qəm çəkən dağlar.

 

Birdən-birə bu qatı dumanların qoynunda Salman müəllimin rəsmi gözlərim önünə gəldi. Axırıncı dəfə onu bu dağlarda gördüyüm kimi... Nazikqol köynəkdə, könəyin yaxasından asılmış rəngli gün eynəyi, bir də başında günəşdən qorunmaq üçün boz kepkası... Ötən yay Azərbaycan Memarlıq və İnşaat Universitenin rektoru, memarlıq doktoru Gülçöhrə xanım Məmmədova, tanınmış arxeoloq, tarix elmləri doktoru Tarix Dostiyev və bir də mən Gədəbəyə gedirdik. Rayon mərkəzində Yusif Dumanlı da bizə qoşulasıydı. Gülçöhrə xanım bu dəfə də Gədəbəyə alban abidələrinin izilə gəlirdi. Mən isə çoxdan bəri üzərində işlədiyim “Adam daşlar” poemam üçün mövzu axtarışına çıxmışdım. Tarix müəllimi Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Kamran Rzazadənin xahişi ilə bu səfərə mən dəvət eləmişdim. Kamran müəllim zəng edib deyirdi ki, Gədəbəydə sakinlər qədim bir mağara tapıblar. Bəlkə alimlərimiz ona bir baxış keçirəydilər. Orta əsrlər müətəxəssisi olan Tarix müəllim gedək baxaq, görək nədir, hansı dövru əhatə edir demişdi.

Kamran müəllim görüşümüz zamanı dedi ki, səfərimiz barədə qardaşım Salman müəllimin də xəbəri var. O da sizinlə gedəcəkdir.

İlk səfərimiz Saratovka kəndinə oldu. Burada yerləşən, uçub-dağılmaqda olan alban kilsəsinə gəldik. Tarixi lap qədimlərə gedib çıxan bu abidə Gülçöhrə xanımın diqqətini ilk görünüşündən cəlb elədi. Kafedralarının xanım əməkdaşı ilə ölçü-biçiyə başladılar. Mütəxəssis olmasam da bilirdim ki, bu parametrlərin dəqiqləşdirilməsi alban abidələrinin tarixini və dövrünü müəyyən etməyə imkan yaradır.

Salman müəllim hər bir abidəni milli qürurumuz, zəngin keçmişimiz adlandırırdı. Bu yerlərdə bələd olmadığı bir qala, qalacıq, abidə yox idi. Biz vaxtında laqeydlik göstərdiyimiz üçün xain qonşularımız abidələrimizi, daş kitabələrimizi gah aşkar, gah gizlin oğurlayaraq öz adlarına çıxıblar deyirdi. Son vaxtlar aparılan axtarışlar, alimlərin Gədəbəyə səfəri onu hədsiz sevindirirdi. Bu, bir vətəndaş və alim sevgisi idi. Saratovka kənd məktəbinin yanındakı qədim qəbiristanlıqda təkcə əcdadlarımız deyil, həm də böyük, zəngin bir tarix uyuyur. Sinə daşları, baş daşları, bir Allah bilir ki, zamanında haradan, necə gətirilib buraya. Üzərlərində nə tarix var, nə də bir yazı. Amma hər daşın altında, şair demişkən, bir insan yatır. Salman müəllimlə yan-yana dayanaraq qəbiristanlığa diqqət kəsilmişdik. Fikir verirsinizmi, buradakı daşlar uzaq səfərdən gəlib yorğun düşmüş dəvələrə bənzəyirlər, dedi. Siz fiziksiniz, texnikanın zəif inkişaf etdiyi bir zamanda insanlar bu nəhəng daşları buraya necə gətiriblər deyə soruşdum. Elə fizik olduğum üçün də sizə deyə bilərəm ki, biz o vaxtlar texnikanın zəif olub-olmadığı barədə hələ hökm verəmmərik. İnsan zəkası öz imkanları ilə hər zaman möcüzə yarada bilib. Burada elə daşlar var ki, onun ağırlığı bəlkə də 3-4 tondur. İnsanlar onda fizika nə demək olduğunu bilməsələr də, fizikanın qanunları ilə yaşaya bilirdilər.

İvanovka kəndindəki alban kilsəsinin yanına gələndə bir də gördüm ki, Salman müəllim sakitliyə çəkilib namaz qılır. Allaha hər gün, hər an borcumuzu verməliyik dedi.

Bilmirəm hansı sözləri, hansı fikirlərimi qələmə alım ki, onu oxuculara tanıda bilim. Əlbəttə, nə etsəm də bu, mümkün olmayacaq. Bunun üçün Salman müəllimin özünü yaxından tanımaq lazım idi...

Həyatda hər bir insanın öz dünyası olur. Salman müəllimin dünyası rəngarəng bir dünya idi. Hər bir çaları, hər bir rəngi, hər bir cizgisi neçə-neçə xoş məramdan və amaldan xəbər verən bir dünya... Sonsuz dərəcədə həyatsevər idi.

Ömürlüyündən: 1971-ci ildə Şimali Osetiya Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib. Elə həmin il də “Yarımkeçiricilər və dielektriklər fizikası” ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun Aspiranturasına daxil olubdu. Moskvada Molekulyar Elektronika Elmi-Tədqiqat İnstitutunda deffektlərin silsium inteqral mikrosxemlərdə elektrik aktivliyinə dair tədqiqatlar aparmış, bu sahə üzrə 1980-ci ildə namizədlik, 1992-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. Mikrosxemlərin çıxarını 15-20% artırmaq üçün elmi tövsiyələr verərək, 60 elmi iş dərc etdirmişdir.

1995-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilibdir. Elə buradaca alimin daha böyük bir bənzərsizliyinə diqqət çəkmək istəyirəm. 1994-cü ildə elmlər doktoru Salman Rzayev əyninə əsgər paltarı geyinərək, baş leytenant kimi torpaqlarımızın erməni işğalından müdafiəsinə yollanır: “Hər dəfə radiodan eşidəndə ki, Gədəbəy rayonu ermənilərin atəşlərinə məruz qalıb, tələfat və dağıntılar var, gözlərim önünə qonşuluğumuzda yaşayan əmim qızının 1992-ci ildə qrad mərmisindən dağılmış evi, 3 yaşında nəvəsinin, ərinin və qaynının meyitləri və digər faciəli mənzərələr gəlirdi. Ermənilər Başkənddən qovulduqdan sonra hədsiz azğınlaşmışdılar. Bütün vasitələrdən istifadə edərək, qonşuluqdakı Novoivanovka, Novosaratovka və Şınığın kəndlərini ardı-arası kəsilmədən artilleriya atəşinə tuturdular. Kənddə yaşayan ata-anam yadıma düşəndə, elə bilirdim ki, onlar məni qınayırlar: bəs Salman bunları eşitmir? Doktorluq işimi müdafiə edib, cəbhəyə getmək üçün respublikanın hərbi komissarına və müdafiə nazirinə ərizə yazdım. Yaşımı, elm adamı olduğumu nəzərə alıb, mənə qıymadıqları üçün razılıq vermədilər. Alim dostlarım heyrət etdilər. Çoxlarına elə gəlirdi ki, yeni açdığım elmi istiqamətdə fəaliyyətimi davam etdirəcəyəm. Mən isə yalnız doğma torpaqların müdafiəsini fikirləşirdim. Yuxarıların razılıq vermədiyini görəndə, Gədəbəydə yerləşən hərbi hissənin komandiri, mərhum polkovnik Cahangir Rüstəmova müraciət etdim. Məni yaxşı tanıdığına görə etiraz edə bilmədi. Ondan aldığım təliqəni Bakının Xətai rayonundakı hərbi komissarlığa təqdim edib, hərbçi kimi Gədəbəydə qulluq etməyə başladım. İlk gündən tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsini yerinə yetirməyə başladım. Məni hərbi paltarda görəndə anam dedi: “Ay oğul, camaatın cavan uşaqları rüşvət verib ordudan yayınırlar, Rusiyətə çıxıb gedirlər, sən də yaşının bu vaxtında qeyrətsizlərin qeyrətini çəkəcəksən?!” Zarafata saldım: “Ay ana, fikirləşdim ki, birdən sən burda qorxarsan” dedim. Atam anamı sakitləşdirib, çörəyim sənə halal olsun, ay oğul, dedi”...

İllər keçir, vaxt üstünə vaxt gəlir. Amma bu gün də Salman Rzayevi yaxından tanıyanlar, onun xarakterinə, mübarizliyinə bələd olanlar Salman müəllim haqqında söz düşəndə təkcə bir alimi, bir ziyalını deyil, həm də məğrur bir insanı xatırlayırlar. Onun təbiətində danışmaqdan daha çox, nümunə göstərmək var idi. O, lap uşaqlıq və gənclik illərindən hərəkətləri ilə insanlarda özü barədə müsbət təsəvvür yarada bilirdi.

Salman Rzayev bəlkə də Milli Ordumuzun əsgər və zabitləri arasında yeganə döyüşçü alim idi. O, iki ilədək respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdi. Elmin vətəni olmur deyirlər, amma alimin vətəni var. Vətən qorunmalıdır – deyən Salman müəllim nümunə göstərdi. Ona verilən hərbi xasiyyətnamədə qeyd olunurdu ki, Salman Rzayev dəfələrlə komandanlığın təşəkkürünü almış, Şah İsmayıl Xətai adına Fəxri Fərmana layiq görülmüşdür. “Fizika-riyaziyyat elmləri doktoru, Nyu-York Akademiyasının akademiki, böyük vətənpərvərlik hissləri ilə yaşayan baş leytenant Rzayev Salman Qədimalı oğlu Vətən qarşısında öz borcunu qeyrət və vicdanla yerinə yetirdiyinə və orduda nümunəvi xidmət göstərdiyinə Fəxri Fərmanla təltif olunur”.

Bu gün Gədəbəydə torpaqlarımızın qorunmasında payı olan insanlardan söz düşəndə, Qədimalı kişinin övladlarının adları fəxarətlə çəkilir. Salman Rzayev Bakıda elmi axtarışlarını yarımçıq saxlayıb, iki il döyüşçü həyatı yaşadı. Kamran Rzazadə rayonda müdafiə şurası yaradaraq ona rəhbərlik etdi. Rusiyada prokuror vəzifəsində çalışan Fərman Rzayev oradakı işinə son qoyub Azərbaycana qayıtdı və torpaqlarımızın müdafiəsinə qoşuldu. Bu, onların kökündən, südündən gələn Vətən, el-oba təəssübkeşliyi idi.

90-cı illərin əvvəllərindən başlayaraq Salman Rzayev bir fizik kimi İslamda araşdırmalara başlayır. Əsas diqqətini Quran ayələrinin elmi sirlərinin açılmasına yönəldir. Bu sahədə bir çox sanballı məqalələr yazaraq xarici və yerli jurnallarda nəşr etdirir. “Quran həqiqətləri”, “Quran həqiqət meyarıdır”, “Quran və müasir elm” adlı kitablar nəşr etdirir. Ordudan qayıtdıqdan sonra, 1996-cı ildə yenidən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda işə başlayır. 2004-2009-cu illərdə Milli Ensiklopediyada Fizika-riyaziyyat şöbəsinə rəhbərlik edir. 2007-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalına layiq görülür. 2009-cu ilin sentyabr ayından ömrünün son günlərinədək Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri vəzifəsində çalışır.

Təəssüf ki, ömürlər kimi hər bir ömürlüyün də sonuna gec və ya tez bir nöqtə qoyulur. Amma əsl vətənpərvərlər, mənəviyyatı yüksək olanlar üçün bütün nöqtələr şərti xarakter daşıyır. Ömür bitsə də, əməllər yaşayır...

Gədəbəyə çatanda bizi Yusif Dumanlı qarşıladı. Burdan yas yerinə qədər xeyli məsafə var idi və biz bu məsafəni Salman müəllimdən, onun bir insan və alim kimi yüksək keyfiyyətlərindən danışdıq. Yusif müəllim dedi ki, biz bəzən ətrafımızdakı insanların böyüklüyünü zamanında görə bilmirik. Görünür ünsiyyət və yaxınlıq bəzən bizi çaşdırır dedim. Yusif müəllim dedi ki, dəfn mərasimində Azərbaycan Aqrar Universitetinin bir çox müəllim, tələbə heyəti gəlmişdi. Alimlər, tələbələr danışdılar. Bir alimin sözlərini unuda bilmirəm. O, dedi ki, Salman müəllim bizim universitetə tamam yeni bir ab-hava gətirmişdi, elm fədaisi, böyük vətənpərvər, yüksək ziyalı idi. Nə danım dedi, sizin həmyerliniz bizə necə alim olmağın, necə insan olmağın, necə yaşamağın nümunəsi oldu. Elə buna görə də biz onu unuda bilməyəcəyik.

Salman müəllim Gəncədə xəstələnmişdi. Həkimlərin göstərdikləri cəhd, dava-dərmanlar onu yenidən həyata qaytara bilmədi. Gözlənilməz iflic dalğası, üstündən bir həftə keçəndən sonra, sanki sunami kimi yenidən bir də qayıtdı. Nə əlaj qalırdı, nə ümid. Təcili yardım maşınında onu canı, qanı qədər sevdiyi, uğrunda vuruşduğu, hər gülünə, hər çiçəyinə heyran kəsildiyi dağlar qoynuna gətirirdilər. Qardaşı Kamran müəllim Gəncəyə yola düşərkən, dağlardan özü ilə bir dəstə bənövşə aparmışdı. Salman müəllim artıq o dünyası ilə əlləşirdi. Nə nitqi var idi, nə gözlərini açıb dünyaya baxa bilirdi. Yolda Kamran müəllim özü ilə apardığı bənövşə dəstəsini qardaşının burnuna toxundurur. Salman müəllim ani olaraq gözlərini açır. Elə bil yaddaşım titrədi. Ötən yay dediyim “Dağ bənövşəsi” şeirimin bir bəndini Salman müəllim dəftərinə köçürmüşdü.

 

Dəyişir əhvalı, pərişan olur

Onu isitməsə yazın nəfəsi.

Bir dəfə açılır, bir dəfə solur,

Bir dəfə yumulur dağ bənövşəsi...

 

Son nöqtə yerinə və ya epiloq əvəzi olaraq ölməz

Səməd Vurğundan:

 

Ölüm sevinməsin qoy!

Ömrünü vermir bada

El qədrini canından

Daha əziz bilənlər.

Şirin bir xatirətək

Qalacaqdır dünyada

Sevərək yaşayanlar,

Sevilərək ölənlər!..

 

 

Taleh HƏMİD 

 

 525-ci qəzet.-2011.- 7 may.- S.29.