KARVANSARAY

 

(ROMANDAN PARÇA)

 

Yazıçı Nəriman Əbdülrəhmanlının sayca dördüncü irihəcmli əsəri olan “Karvansaray” romanı XVIII yüzilin birinci yarısı Azərbaycan tarixinin çox maraqlı məqamlarından bəhs edir. Əsər boyu Səfəvilər və Nadir Şah imperiyasının güney ərazilərindən cürbəcür bəhanələrlə Arazbərisinə yönləndirilən erməni köçlərindən də bəhs edilir. Romanın ikinci kitabından Muğan çölündəki qurultay zamanı baş verən hadisələrlə bağlı iki fəsli oxucularımıza təqdim edirik.

 

XVI

ERMƏNİ XƏLİFƏNİN NİYYƏTİ

 

Soraram sərgəştə bəndən kim,

                        gördüm deməzəm,

Cizginən dövrandan özgə gecə-

                        gündüz sərbəsər.

Şeyx İbrahim Gülşəni,

XV yüzil

 

Həmin axşam İbrahim xanın adamlarının bir hissəsinin Təbrizə doğru yola çıxacağını öyrənib Mirzə Kəmaləddini yola salmaq fikrinə düşdüm, o da buna çox sevindi. Onsuz da kefi açılmır, üzü gülmürdü, təsadüfən ağzından bir söz qaçıra, Vəlinemətin qəzəbinə düçar ola bilərdi, gedib ailəsinə qovuşması, Novruz bayramını külfətilə keçirməsi daha məsləhətiydi.. Axşam namazından sonra keşikxanaya qayıdıb İbrahim xanın baş dəftərdarını tapdım, özümü nişan verib əhvalatı danışdım, o da məni İbrahim xanı Təbrizdə təntənəylə qarşılamaq üçün hazırlıq görməyə gedən qəfilənin başçısı eşikağasıbaşı Kərim bəyin yanına apardı. Eşikağasıbaşı ərzi-halıma hörmətlə, çək-çevir eləmədən razılıq verdi, beləcə Mirzə Kəmaləddinin sağ-salamat Ərdəbilə yetişəcəyindən sevinib muştuluğa qaçdım. Əlbəttə ki, o gecəni ilan vuran yatdı, biz yatmadıq, xatirələrə baş vurub keçdiyimiz uzun-uzun yolları xatırladıq, taledən, qismətdən, Alın yazısından danışdıq. Allah məsləhət bilsəydi, Təbrizdə görüşəcək, tale, ya da Əzrayıl ayıranacan ünsiyyətdə olacaqdıq.

Mirzə Kəmaləddini, Böyük Xanı, daha doğrusu, Şahımızı salama gedəndən sonra yola saldım. Atlardan birini mindi, olan-qalanını – bir sandıq kitabını, yazı dəstini, geyim-keçimini qatıra yüklədik, çox dartınsa da, pul-paramdan artıqlamasıyla verdim, üstəlik, güman ki, böyüyüb boylu-buxunlu cavan olan oğluna bir dəst bəy paltarı göndərdim. Dönə-dönə qucaqlaşdıq, dedim, qulağı səsdə olsun, inşallah, İbrahim xan Təbrizə qədəm basan gün mən də orda olacağam, Allah məsləhət bilsə, görüşərik. Yola çıxanlar Mirzə Kəmaləddinin məhzun halını məndən, neçə illərin dostundan ayrılmasına yozdular. Tapşırmışdım ki, yolda kimsəyə inanıb ürəyindəkiləri açmasın, Vəlinemətin hər yerdə “gözü-qulağı” var, başına iş açar. Üstəlik, gedib onu Təbrizdə sağ-salamat görməyincə dinclik tapmayacaqdım. Uzun yolçuluq müddətində Mirzə Kəmaləddinə çox bağlanmışdım, hərdən fürsətə salıb zərif duyğulu şeirlərini oxuyur, könül aləmindən xəbər tuturdum. Özü o şeirləri heç vaxt oxumurdu, mümkün qədər məndən gizlətməyə çalışır, başqa şairlərin adına çıxırdı, amma onun nəfəsini nəfəslər içindən çox yaxşı seçirdim.

Erməni xəlifənin dəstəsi durmadan işləyirdi: vardapet, kələntər, məliklər, keşişlər elə hey ora-bura gedir, nəsə düzüb-qoşurdular. Əlbəttə, bununla açıq-açığına maraqlanmağım şübhə doğurardı, bu artıq İbrahim xanın, Pirməhəmməd xanın, Sərdar xanın səlahiyyətindəydi. Mən olsa-olsa, Azərbaycan bəylərbəyinin salnaməçisiydim, baş verənləri kağıza köçürəcəkdim, belə məsələlərlə maraqlanmağım səhv anlaşılardı. Amma erməni xəlifənin burda Vəlinemətdən mülk fərmanları qoparmaqdan başqa nəylə məşğul olduğunu öyrənib marağımı təmin eləmək istəyirdim, yoxsa rahatlıq tapmazdım. Bunu da kələntər Əliquludan başqa kimsə bilməzdi, onu həmişə kələntər Məlikcanın yanında görürdüm. Əliquluyla bir yaxınlığım yoxudu, Rəvandan çıxandan bəri beş-üç dəfə təsadüfi kəlmə kəsmişdik, indi qəfildən bu cür nataraz sual versəydim, bəlkə də məni Vəlinemətin “göz-qulaq”larından biri hesab eləyərdi. Fürsət gözləmək, Əliquluda etibar oyatmaq lazım idi. Gedib Axund Ələkbərlə açıq danışmağın nə nəticə verəcəyini bilmirdim, bunun da düşər-düşməzi olardı. Öz-özümə, səbirli ol, dedim, erməni xəlifə hardasa quyruğu ələ verəcək, onda əsil niyyəti də üzə çıxacaq.

Salamdan sonra axşam Vəlinemətin hüzurunda olmağımızı tapşırmışdılar. Mirzə Kəmaləddindən və qatırçı Səfərdən sonra boşalmış komamızda yatağıma uzanıb xəyala dalmışdım. Yaqubəli nasaqçıbaşı olandan sonra Əbdülhəsən xanın köşkünə daşınmışdı, iki nasaqçı da gün uzunu tapılmırdılar, çox vaxt yatmağa gəlib-gəlmədiklərini də bilmirdim. Bu fikir-xəyal içində deyəsən, mürgüləmişdim, nasaqçılardan biri gəldi ki, Böyük Xanın hüzuruna getmək vaxtıdı. Mən keşikxanaya çatanda Pirməhəmməd xanı, Sərdar xanı, Axund Ələkbəri, digər ağaları, bəyləri, mirzəni, mirsofini, baş dəftərdarı, erməni xəlifəni, kələntərləri, məlikləri, kəndxudaları orda gördüm. Baba xan yoxudu, yəqin artıq Heratın işlərilə məşğuldu, bir də Məhəmməhduqu xan yoxudu, deyilənə görə, Vəlinemətin əmrilə Təbrizə yola düşüb, orada İbrahim xandan bir məqam gözləyəcək. Özümdən ixtiyarsız əvvəlcə erməni xəlifəni, sonra kələntər Məlikcanı, məlik Akopcanı, məlik Mkrtumu, ardınca o biri məlikləri süzdüm, üzlərindən niyyətlərini oxumağa çalışdım, amma yaltaq-itaətkar ifadələrdən başqa bir şey tapmadım. Kələntər Əliquluya da göz qoydum, ona inana bilib-bilməyəcəyimi beynimdən dönə-dönə keçirdim.

Eşikağasıbaşı Fəzləli bəy gəlib bizi Vəlinemətin hüzuruna aparanda həyəcanlıydım: bu, iki aydan bəri arasında olduğum Rəvan heyətilə son görüşüm idi. Əlbəttə, kiminləsə Təbrizdə rastlaşacaqdıq, ya da İbrahim xanın yolu Rəvana düşsə, orda üz-üzə gələcəkdik. Çadıra girib təzim eləyənə, göstərilən yerdə oturanacan başımı qaldırıb Böyük Xanın daha doğrusu, artıq Şahımızın üzünə baxa bilmədim. Vəlinemət dedi, indi dövlətin, rəiyyətin işlərilə məşğul olmaq vaxtı gəlib çatıb. Dedi, vilayət əhlinin rifahı, rəiyyətin əmin-amanlığı üçün çox iş görmək gərəkdi, sonra mirzəyə əmr elədi ki, nökərlərin donluğunu vaxtında versin, ardınca dedi, nökər gərək atına yaxşı qulluq eləsin, yaraq-əsləhəsini hazır saxlasın, hər gün təlim keçsin, zirehini, qılıncını, top gülləsini, xəncərini, qalxanını, sadağını göz bəbəyi kimi qorusun; dedi, vilayətdə əmin-amanlığın hakim olması üçün başqa qövmlərə, baş dinlərə hörmət göstərin; dedi, bundan sonra bütün istəklərinizi, tələblərinizi Təbrizə, İbrahim xana çatdırarsınız, ehtiyac olanda işə mən də əl qoyaram; axırda dedi, günü sabah yola düşüb Rəvana qayıda bilərsiniz, amma gərək buyurduqlarımı unutmayasınız. Pirməhəmməd xan bağır basıb, baş əyib hökmdarın əmrlərini yerinə yetiriləcəyini söylədi. Sonra erməni xəlifə özünü irəli atdı, dedi, biz sizdən uzaq düşdükcə özümüzü yetim kimi hiss eləyirik, çünki heç kəs bizim dərdimizə sizin qədər qalmır; dedi, qoy qadir Allah yolunu açıq, düşmənlərini xar eləsin; dedi, ümidvaram ki, əlahəzrət müqəddəs nəzərini mənim və müqəddəs məkanımızın üzərindən çəkməyəcək. Vəlinemət gülümsünüb, Allahın evi hamınızındı, xəlifə, dedi, narahat olma, get ibadətini elə. Sonra Axund Ələkbər dua oxuyub fahitə verdi, hökmdara bir daha təzim eləyib çadırdan çıxdıq.

Qamış komamdakı son gecəmi can hövlü içində keçirdim. Axşam namazından sonra nasaqçılardan biri gəlib şam yeməyinə Axund Ələkbərin yanına çağırdı. Getdim ki, kələntər Əliqulu da onun yanındadı, bu təsadüfün belə asanlıqla baş verməsinə əvvəlcə çaşdım, sonra toxtayıb ehtiyatlı olmağı beynimdən keçirdim. Axund Ələkbər Əbdülhəsən xanı da çağırtdırıb bir növ vida məclisi düzəldibmiş. Əvvəlcə Vəlinemətin ağlının və qılıncının kölgəsində bundan sonra əmin-amanlıqda yaşayacağından danışdıq. Əbdülhəsən xan dedi, əlahəzrət xan artıq osmanlılarla münaqişəni yoluna qoymağa başlayıb, təklif eləyib ki, şiəlikdən bir şərtlə əl çəkirik: cəfərilik beşinci rükn kimi qəbul olunsun, Kəbədə İmam Cəfərin adına beşinci sütun ucaldılsın, məmləkətimizin əmirül-hacısı qeyri əmirül-hacılarla eyni məqamda sayılsın, möminlərimizə Məkkəni ziyarət eləmək imkanı verilsin, hər iki tərəf əsirləri buraxsın, elçilər mübadilə olunsun. Axund Ələkbər hökmdarın şərtlərinin ədalətli və faydalı olduğunu söylədi, amma dedi, xəlifənin Kəbədə beşinci sütun ucaldılmasına razılıq verəcəyi ağlına batmır. Sonra havadan, əkin-səpindən, bundan sonra görüşüb-görüşməyəcəimizdən danışdıq. Bayaqdan ha çalışırdım ki, söhbəti erməni xəlifənin üstünə gətirim. Sabah yola düşəcəklərindən danışanda kələntər Əliqulu qəfildən dedi, erməni xəlifə hələ Rəvana qayıtmaq niyyətində deyil. Axund Ələkbər təəccüblə Əliqulunun üzünə baxdı, o da neçə gündəri bəri ardınca düşdüyüm sirri açdı: xəbəriniz olsun, erməni xəlifə əlaltdan məliklərlə adam salıb, xeyli pul, qiymətli daş-qaş topladıb, indi həmin vəsaitlə Böyük Xanımızın Kaxet və Kartlidən gətirdiyi əsirləri dəyər-dəyməzinə alıb gözdən uzaq yerlərə göndərməklə məşğuldu! Dediyinə görə, hətta hökmdarın uzaq vilayətlərin xanlarına, hakimlərinə, minbaşılarına bağışladığı əsirləri qaçırmaq üçün əlləşirlər. Əbdülhəsən xan, mən bu məsələni araşdıraram, dedi, vidalaşıb getdi. Kələntər Əliqulu da çıxandan sonra Axund Ələkbərlə tək qaldıq, amma bundan sonra neyləyəcəyimizi kəsdirə bilmədik.

Nə vaxtdan bəri ilk dəfə o biri səhər hökmdarı salama getmədik. Nasaqçılardan birinə tapşırdım, atımla qatırımı gətirdi, var-yoxumu qatıra yüklədilər, atın yüyənindən tutub Araz körpüsündən keçib İbrahim xanın iqamətgahına yaxın olan çadıra getdim: yola düşənəcən burda baş Mirzənin – Mirzə Hüseynin yanında qalacaqdım. Mirzə Hüseyn məni yaxşı qəbul elədi, atımı, qatırımı mehtərə tapşırıb, yazı-pozum üçün münasib şərait yaradılması qeydinə qaldı, sonra İbrahim xanın hüzuruna apardı. Qardaşı kimi ucaboy, cüssəli, mərdanə görkəmli İbrahim xana təzim elədim, dedi, Mirzə Yusif, bu gündən xüsusi izin almadan həmişə yanımda duracaq, tarixə dəxli olan hər şeyi qələmə alacaqsan. Qalan məsələlərdə Mirzə Mehdiylə məsləhətləşərsən; sonra əlavə elədi ki, bir azdan Rəvan heyəti hüzurumda olacaq. Doğrudan da az keçmədi ki, Sərdar xanın öndə olduğu rəvanlılar – şeyxülislam Axund Ələkbər, erməni xəlifə, mirzə, mirsofi, ağalar, bəylər, kələntərlər, məliklər, kəndxudalar içəri girib baş əydilər. İbrahim xan onlara uğurlu yol dilərdi, dedi, arzunuzu-diləyinizi bundan sonra Təbrizdə mənə çatdırarsınız, hər xırda məsələdən ötrü hökmdarı narahat eləmək məsləhət deyil, Allahın köməyilə bütün arzularınız yerinə yetər; Pir Məhəmməd xan gələnəcən naibi elə bu gün sizinlə Rəvana yola düşüb vilayətin işlərini yoluna qoyacaq. Sonra erməni xəlifə irəli çıxdı, dedi, xan sağ olsun, mən burdakı bəzi işləri axıra çatdırmaq üçün izninlə bir neçə gün düşərgədə qalmaq istəyirəm. İbrahim xan, şübhəsiz, “bəzi işlər”in nədən ibarət olduğunu bilmirdi, ona görə də, xəlifə, dedi, hökmdarın sənə münasibətini bilirsən, istədiyin qədər qala, hətta Novruz bayramını bizimlə keçirə bilərsən. Həmin məqamda gözlərim Axund Ələkbərilə kələntər Əliqulunu axtardı, amma dillənib söz deməyin yeri deyildi. Axund Ələkbər dua oxudu, gələnlər bir-bir təzim eləyib çadırdan çıxdılar. İbrahim xan axşamacan qardaşının iqamətgahında olacağından mənə Rəvan heyətini yola salmaq fürsəti yaranmışdı.

 

XVII

QITLIQ GİRDABINDA

Arifə dövlətdən istiğna kimi

                                   dövlətmi var,

Tərki-ləzzəti-cahan etmək

kimi ləzzətmi var?

Bəsiri,

XV-XVI yüzil

 

Günorta namazından sonra Araz körpüsündən keçib gedəndə havanın dəyişdiyini, bir az soyuduğunu, bəlkə də gecə qar yağacağını duydum. Axund Ələkbər dedi, İbrahim xandan sonra Pir Məhəmməd xanın hüzurunda da olublar. Dediyinə görə, Pir Məhəmməd xan Vəlinemətin taxta çıxma mərasiminə qalır, əvəzinə İrəvana naibini göndərir. Bu vaxt kələntər Əliqulu gəldi ki, qəfilə yola çıxmağa hazırdı. Açıq çölə doğru gedəndə Axund Ələkbər dedi, Əbdülhəsən xandan eşidib, Vəlinemət heyətlərin əksərinin yola düşməsi barədə əmr verib, çünki artıq adamlar üçün ərzaq, heyvanların ot-alafı tükənirmiş, hətta axır günlərdə buyruqçulara qaynadılmış buğda, heyvanlara bir çəngə saman verirlərmiş. Doğrudan da, Araz körpüsündən güneyə, Kür körpüsündən quzeyə yollanan qəfilələr görünürdü, Şirvanın, Dərbəndin, Kaxet və Kartlinin, Nəqşivanın, Mazandaranın, Heratın... heyətləri yola çıxırdılar. Hər yerdə at belində şəstlə oturmuş xanlar, hakimlər, minbaşılar, mirzələr, mirsofilər, mollabaşılar, qatırların, yüklü arabaları dartan atların başını çəkən qatırçılar, buyruqçular, eləcə də keşikçilər, nasaqçılar, cəzairçilər gözə dəyirdi.

Rəvan heyəti qalacağımızdan beş yüz addım güneydən yığılmışdı. Pir Məhəmməd xanın naibini Sərdar xanın yanında gördüm, qarabuğdayı, şaqqalı adam idi, nədənsə Xorasan tərəflərdən çıxana oxşatdım, bəlkə də elə əfşarlardandı; o biri dəstə qırx-əlli addım aralıda yığışmışdı, vardapetlər, kələntər, məliklər, kəndxudalar erməni xəlifənin dediklərinə qulaq asır, başlarını tərpədirdilər. Gözaltı Axund Ələkbərə, sonra Əliquluya baxdım: onlar gedib canlarını qurtarırdılar, mən bu çöldə erməni xəlifənin qurğusuyla tək qalırdım, mədəd umacağım bir adam vardısa, o da Əbdülhəsən xandı, amma onun qulluq adamı olduğunu, buyrulana əməl elədiyini də bilirdim. Əlbəttə, uzaq və qorxulu niyyətini duymasaydı, erməni xəlifənin əsirləri almasında elə bir qəbahət görməzdim, amma bu yörələrdə yerləşdirilən o Allah bəndələrinə gün-güzəran üçün torpaq, ev-eşik lazımdı, o ailələr artıb elata çevriləcək, sonra da “yersiz gəldi, yerli qaç” azarı başlayacaqdı. Ağlımdan keçirirdim ki, bunlar Üçmüəzzini Rəvanın göbəyində nahaqdan qurmayıblar, güneydən gələnlər bu tərəflərdə yerləşdirmək niyyəti də elə kilsədə doğulub, yoxsa dövlətləri-filanı yox, adlı-sanlı üləmalarının olduğunu eşitməmişəm, baş qaldırmağa da cəsprətləri çatmaz. Əylisdə rastlaşdığımız gündən erməni xəlifəylə cəmi beş-on kəlmə kəsmişdik, şübhəsiz, burda münasibətdən-filandan da söhbət gedə bilməzdi. Yeganə əlimdən gələn iş Mirzə Möminin qəlbinə yol tapıb, erməni xəlifənin hazırlatdığı fərmanların mahiyyətini izah eləmək olardı.

Sərdar xan işarə verdi, Yaqubəli yola düşmək vaxtının çatdığını bəyan elədi. Yeni naiblə, Sərdar xanla, nə müddətdi bir yerdə olduğumuz ağalar, bəylərlə Mirzə, Mirsofi, baş dəftərdar, kəndxudalarla halal-hümbət elədim, Axund Ələkbəri qucaqlayanda əməlli-başlı kövrəlmişdim, kələntər Əliquluyla vidalaşanda da özümü güclə toxtatdım. Erməni xəlifənin dəstəsinə yalnız əl elədim. Buyruqçuların, nasaqçıların, keşikçilərin müşayiət elədiyi dəstə Sərdar xanın əmrilə güneyə doğru yol başladı, get-gedə uzaqlaşıb kiçildi. Erməni xəlifə başının adamlarıyla tezcə çıxıb getmişdi, yovşanlı çölün ortasında tək qalmışdım. Nədənsə indi Təbriz yolunda olan Mirzə Kəmaləddini xatırladım: belə çıxırdı ki, Allah qoysa, Novruz bayramından sonra Təbrizdə görüşəcəyik. O vaxtacan Böyük Xan başına tac qoyub taxta çıxacaq, Səfəvilər xanədanını xarabalığı üzərində öz səltənətini rəsmən quracaqdı, mən Mirzə Yusif Tiflisi də taleyin bəxşişi kimi, bu hadisənin canlı şahidi olacaqdım, həm də təkcə şahidi olmayacaqdım, gördüklərimi tarixin yaddaşına yazacaqdım.

İbrahim xan hər gün səhər qardaşının yanına gedir, sonra çadırına qayıdıb gündəlik işlərlə məşğul olurdu, artıq cavabdeh olduğu vilayətlərə adam göndərir, vəzir-vəkillə məsləhətləşib məqamlara kimləri gətirəcəyini götür-qoy eləyir, Təbrizdəki iqamətgahının məsələsilə maraqlanırdı. Həmin vaxt Mirzə Hüseynlə xanın arxa tərəfində, bir qədər sağ səmtində otururduq. Lazım gələndə İbrahim xan buyururdu ki, Mirzə Hüseyn, bu məsələylə bağlı buyrultu hazırla. Mənə əmr-filan vermirdi, vacib bildiyim məqamları yazır, dinməzcə çıxıb gedirdim. İbrahim xan günorta namazından sonra bəzən də bütün axşamı divanxanada olur, Mirzə Zəki, Təhmasib xan Cəlair, Həsənəli xan və başqalarıyla söhbət eləyirdi. Belə vaxtlarda Mirzə Mehdini öz guşəsində tapırdım. Salnamə yazan iki şəxsin tez-tez görüşməsində şübhəli bir şey axtarmaq olmazdı. Belə vaxtlarda, münşi-əl-məmalik məqamına uçalmış Mirzə Mömin dönə-dönə ona üz tutur, filan məsələ barədə fərmanı necə hazırlayacağını soruşurdu. Mirzə Mehdi də qəlbindəkini üzə vurmadan onu başa salır, hətta sözbəsöz diqtə eləyib yazdırırdı. Heç vaxt ondan niyə Vəlinemətin qəzəbinə tuş gəldiyini soruşmadım, bunu heç özü də söyləmədi, amma məncə, yanlışdan naxış alınmışdı: Mirzə Mehdi artıq Böyük Xanın buyurduğu tarixi yazmağa başlamışdı, hərdən bir-iki səhifəsini mənə oxuyurdu, onun qələminin qüdrətinə heyran qalırdım.

Erməni xəlifənin niyyətini ona danışdım, üzümə uzun-uzadı baxıb susdu, hətta gözlərində qorxu əlaməti də duydum, yəqin, “göz-qulağa” tuş gələcəyindən çəkinirdi. Şübhəsiz, o, Böyük Xanın erməni xəlifəyə yaxşı münasibətini, xəlifənin də bundan ustalıqla yararlanıb hökm sahibindən nələr qopartdığını gözəl bilirdi, həm də təkcə bilmirdi, indiyəcən öz əlilə onlarla fərman yazmışdı. Mirzə Mehdini burda günahlandırmaq fikrində deyildim, Böyük Xan buyurandan sonra boynu qıldan nazikdi, sözünü qaytarsaydı, bu vaxtacan salamat qalmazdı. Amma bunun bir sonu olmalıydı. Erməni xəlifə neçə gündü qamış köşklərin arasında başındakı bir neçə nəfərlə ora-bura tüyünür, xorasanlılardan, məşhədlilərdən, heratlılardan əsirləri dəyər-dəyməzinə alır, köşklərə doldurur, sonra Üçmüəzzinə doğru yola salırdı. Bəxtinə yaralı, ya da xəstə əsir düşənlər özləri gətirib erməni xəlifəyə verirdilər ki, günaha batmasınlar. Dəvələrə, qatırlara, öküzlərə, eşşəklərə mindirilmiş əsirlərin Dizəyə, Gəncəyə, Qazağa yola salındığını da danışırdılar, bunu eşidənlər erməni xəlifənin rəhmdilliyindən, insanpərvərliyindən söz açırdılar, mənsə az qala, bağırmaq istəyirdim. Əsirləri aparanlar un, arpa, buğda kisələrilə qayıdırdılar, düşərgədə qıtlıq başladığından erməni xəlifə bir ətək una bir əsir alırdı.

Qıtlıq şəvval ayının onuncu günündən – Vəlinemətin heyətlərin yola çıxması barədə əmr verdiyi vaxtdan hiss olunmağa başlamışdı. Həmin gündən Böyük Xanın əmrilə adambaşına verilən təyinlərin arası da kəsilmişdi. Deyirdilər, Kaxet və Kartlidə, Qazaxda, Gəncədə, Dizəkdə, Rəvanda, Təbrizdə, Ərdəbildə də qıtlıq başlayıb, camaat artıq toxumluq buğda-arpanı üyüdüb yeyir. Göz işlədikcə uzanıb gedən çöldə bir elat, bir oba yoxudu ki, yeməyə nəsə tapasan. Alafı tükənmiş atlar, qatırlar, dəvələr çöldə qış otunu, sututarlardakı xırdaca cücərtiləri qırpırdılar. Düşərgədən hər gün onlarla qəfilə çıxır, güneyə, ya da quzeyə üz tuturdu. Deyirdilər, erməni xəlifənin adamları Şamaxıdan heyvanlara alaf, üstəlik un, çörək, buğda, arpa, şərab gətiriblər, əməlli-başlı bazar açılıb, bir çanaq buğdaya bir erməni əsiri alırlar. Deyəsən, Allah erməni xəlifənin tərəfindəydi, adamları ehtiyacla sınağa çəkib, onun niyyətini gerçəkləşdirirdi. Bu arada Vəlinemətdən daha bir fərman qopartmağa nail olmuşdu, bunu Mirzə Mehdidən eşitdim: Böyük Xan Şamaxını dağıdıb camaatı Ağsuya köçürmüşdü, guya orda su çatışmadığından müsəlmanlar xaçpərəstləri sıxışdırmağa başlayıblar, ermənilər də təzədən xaraba şəhərə köçməyə məcbur olublar, amma Böyük Xan onları şəhərdən çıxarmaq barədə əmr verib, indi gəliblər ki, Vəlinemət ermənilərə şəhərin yaxınlığında torpaq ayırsın, orda yurd eləyib, bağ salmalarına, kilsə tikmələrinə izin versin, həm də onlara qoyulmuş cizyəni azaltsın. Erməni xəlifə də dərhal özünü salıb hökmdarın yanına, tərifləyib, yaltaqlanıb, göz yaşı axıdıb, o da Mirzə Möminə tapşırıb ki, buyrultu hazırlasın. Böyük Şah Abbasın İsfahan ətrafından köçürdüyü ermənilər artıq vətənlərini unudublar, dedi, burda kök salmağa çalışırlar. Sonra da qocalığını, xəstə olduğunu yolun çətinliyini bəhanə gətirib sabah, yəni şəvval ayının iyirmi birinci günü Üçmüəzzinə dönməyə izin istəyib, öz elçisi keşiş Ter-Txoumu da Mirzə Möminin yanında qoyub ki, Böyük Xanın buyrultularını alıb Üçmüəzzinə çatdırsın.

Səhəri İbrahim xanın xidmətində olmadım, çünki xan tezdən divanxanaya getmişdi. Osmanlı elçisi Gəncəli Paşanın yola salınmasına hazırlıq görülürdü. Günorta namazından sonra hamıya Araz körpüsünün qənşərində yığışıb Osmanlı elçiliyini yola salmaq buyruğu verildi. Mən körpüyə çatandan az sonra Gəncəli Paşa heyətilə Vəlinemətin çadırından çıxıb gəldi. Paşa hökmdarımızın bəxşişi olan qızıl saplarla tikilmiş bahalı geyimdəydi, yanında Vəlinemətin Xəlifə Sultan Muradın sarayına elçi göndərdiyi Əbdülbağı xan Zəngan, məmləkətin şeyxülislamı Mirzə Əbdülqasım Kəşani, yeni Baş Molla – Molla Əli Əkbər vardı, görünür, İstanbulda Vəlinemətin irəli sürdüyü şərtləri müzakirə eləyəcəkdilər. Elçini Mirzə Zəki yola salırdı. Körpünü keçəndən sonra dayanıb vidalaşdılar. Gəncəli Paşanın üç yüz nəfərlik dəstəsi quzeyə doğru yol aldı, Gəncədən, Qazaxdan, Loridən keçib Qarsa gedəcək, ordan İstanbula üz tutacaqdılar.

Körpüdən aralanıb dəftərxanaya qayıtmağa hazırlaşırdım ki, erməni xəlifənin qəfiləsinin yaxınlaşdığını gördüm. İstəməsəm də, ayaq saxladım, atın belində Böyük Xanımızdan bəxşiş aldığı qiymətli əbaya bürüşüb oturmuş, cin qaynaşan gözlərini hey ətrafda dolaşdıran qocanın düşərgədən qalıb ədasıyla çıxması şəstimə toxundu. Vəlinemətin xoş münasibətindən yararlanıb torpaqlar, mülklər qopartmışdı, əsirlər alıb məsləhət bildiyi yerlərə göndərmişdi, amma bununla əl çəkməyəcək, qalanını İbrahim xandan almağa çalışacaqdı. Erməni xəlifənin ardınca düzülmüş vardapetlər, keşişlər, rahiblər dindən çox Üçmüəzzində cızılan plana qulluq eləyirdilər, bunu da hələ ki, Mirzə Mehdidən, Axund Ələkbərdən, Əbdülhəsən xandan, kələntər Əliquludan başqa kimsə unamır. Amma unamağın da bir faydası yoxdu, hamı Vəlinemətin qəzəbinə düçar olmaqdan qorxur. Kimin hünəri var ki, bunu hökmdarın qulluğuna ərz eləsin, başını olmasa da, məqamını itirib, gözdən düşsün. Hər halda, fürsət düşəndə olub-keçənləri İbrahim xana deməyi beynimdən keçirib təsəlli tapdım.

 

 

Nəriman Əbdülrəhmanlı

 

525-ci qəzet.- 2011.- 7 may.- S.24-25.