Oralarda kimlər var: Zəlimxan Yaqub-2
Xalq şairi Zəlimxan
Yaqubun danışmaq hızına heç bir qələm
sahibi çatdıra bilməz və onun
danışığı da yazı tərzinə çox
yaxın olduğundan üz-üzə oturmaqdan vaz
keçdim.Sualları göndərdim və cavabları
aldım.Öz tempinə uyğun suallara cavab verdi.Temp beləydi:
sualları alandan bircə gün sonra, yalan danışdım
deyəsən bir neçə saat sonra telefon açdı və
: sualların məni tərpətdi,qulaq as, ilk üç
sualına cavab vermişəm. Ev telefonuyla yenə də öz
tempində oxudu cavabları. Qulaq asdım və sonunda dedi: necədi
səninçün? Bu SƏNİNÇÜN deyimini o bir az
da şirin deyir və hansı ləhcənisə
yamsılayıb deyir.Bunlar öz yerində. Və mənim
başqa bir qazancım oldu.Zəlimxan bəy, mənə dedi
ki, cavablarıma müdaxilə edə bilərsən.Bax, bu
oldu çox gözəl bir iş.Doğrudur Zəlimxan o qədər
sərrast və o qədər düzümlü
danışıb, yazır ki,ona müdaxilə eləmək
çox çətindi.Amma yenə də bu
azadlığı aldığım üçün sevindim.
Və onun dediklərinə müdaxiləm çox olmasa da,
var ancaq.
Mən Almaniyada ürəyimdən
əməliyyat olanda əfsanəvi bir mənzərə ilə
qarşılaşdım. Dünyanın Azərbaycanlılar
yaşayan elə bir bölgəsi, ölkəsi, məmləkəti
olmadı ki, ordan telefon zəngləri gəlməsin. 3 telefon,
zəngləri çatdıra bilmirdi. Allahın altında nə
olaydı, o zənglərdə ifadə olunan fikirləri yazmaq
mümkün olaydı. Dünyanın insan sevgisi haqqında
bir əfsanəvi kitabı yaranardı. O zənglərin
içində Təbrizdən gələn bir telefon zəngini
ölənə qədər unutmayacağam. Qoca bir qarı
ağlaya-ağlaya Allaha yalvarır, dua edir, göz
yaşları axıdırdı. Həmin qadın bir fikir
işlətdi. Dedi: – “Ay oğul, nə olaydı, Təbrizlə
Bakının arası açıq olaydı, sən ordan
sağ-salamat gələndə təbrizlilər Təbrizin
güllərini yağış kimi Bakının yollarına
yağdıraydılar”.
Sualında bir “Bəziləri”
ifadəsi də var. O bəziləri dünən də olub, bu
gün də var, sabah da olacaq. Allah şairi şairlərdən,
istedadlıları istedadsızlardan qorusun. Cavid Əfəndini
sürgünə göndərən də, Müşfiqi,
Cavadı qanına qəltan edənlər də, Səməd
Vurğunu 50 yaşında xərçəng edənlər də
elə o “bəziləridi”. Süleyman Rəhimovdan eşitdiyim
bir hadisəni olduğu kimi, yəni dilindən
çıxdığı kimi kağıza
köçürürəm. “Günlərin birində dənizkənarı
parkda gəzirdim. Gördüm Səməd Vurğun yanında
da bir nəfər mənə sarı gəlir.
Yaxınlaşanda hiss etdim ki, Səmədin halı
özündə deyil. Çox fikirləşdi, “Kazbek”
siqaretini elə tüstülədi, elə bil parovozdan duman
qalxır. Dedim, ay Səməd, sənə nə olub bu hala
düşmüsən. Dedi, ay Süleyman,
Yazıçılar İttifaqında
düşmüşdülər üstümə. Döşə
ki, döşəyəsən. Mən çox təmkinlə
dözürdüm. Dözürdüm ona görə ki,
onların kim olduğunu da, özümün kim olduğumu da
yaxşı başa düşürəm. Birdən filankəs
şair dedi ki, ayə, ay yoldaşlar, bu Səməd Vurğun
şairdimi ki, siz bu qədər vaxt aparıb onun haqqında
danışırsınız, orda məni od
götürdü, iclası tərk elədim. Budur
dövrün iyrənc və acı həqiqətləri, əzizim
Tofiq bəy! Səməd Vurğuna o təhqiri rəva görən
o adamın indi it dəftərində də adı qalmayıb,
amma Səməd Vurğun elə həmin ucalıqdadı. Bu
gün konkret olaraq o taleyi biz yaşayırıq. Hayıf ki, cəmiyyətin
acı dərslərindən ibrət götürən olmur,
çox təəssüflər olsun.
Mənim qardaşım!
Açıq və səmimi
şəkildə etiraf edirəm, mənim Azərbaycanda bir nəfər
də olsun düşmənim yoxdur. Ancaq mənim bur
düşmənim var, o da min düşmənə əvəzdi.
O düşmənin adı Zəlimxan Yaqubdu. Niyə? Niyəsini
açmalı olsam bir kitaba sığmaz. Yaxşısı
budur ki, qoy bu düşmənçilik məsələsi
örtülü qalsın...
3. Təbii ki, bu sual da
qaçılmazdır. Cavan yaşında bir çox dövlət
mükafatları aldınız və bir çox imtiyazlara
sahibsiniz. Bunu siz taleyin xoş təsadüfümü
sayırsınız, yoxsa bir gərdişdi bu?
– Bəli, istənilən bir
şair, yazıçı fəxri adlar, mükafatlar alanda istər-istəməz
o, öz həmkarları tərəfindən
qısqanclıqla qarşılanır. Bu çox təbii
hissdir və mən də buna təbii baxıram. Dövlət
tərəfindən bir mükafata layiq olan kimi uzaqda yox, sənin
ətrafında fırlanan adamlar başlayırlar onu
yıxıb sürüməyə, eninə-uzununa
hallandırmağa. Ancaq heç kəs o fəxri adların
(söhbət halal şöhrətdən gedir)
arxasındakı mənzərələri görmür və
görmək istəmir. Saysız-hesabsız yuxusuz gecələr,
ağır zəhmətlər, həyəcanlar, ehtiraslar, qələbələr,
məğlubiyyətlər, məhrumiyyətlər, öyənlər-söyənlər,
bəyənənlər-bəyənməyənlər
arasında çalxanan bir şair ömrünün
narahatlığı nələrə başa gəlir, onu bir
şairin özü, bir də şairə bu taleyi verən
başının üstündə Allahı bilir!
Hansı əkinçi
torpağını şumladı, toxumunu səpdi,
taxılını biçib, xırmanını döyüb,
buğdasını yığmaq arzusu ilə yaşamadı.
Hansı bağban ağac əkəndə onun barını dərmək
həvəsiylə yaşamadı, hansı ailə quran gənclər
ata-ana olmaq, övlad görmək eşqinə düşmədi.
Dünya tarixində elə
bir hal olubmu ki, bal tutan barmaq yalamasın. Nə böyük
şeydi şairə verilən mükafat. Şairə o
mükafatlardan daha böyük imtiyazlar verilməlidir.
Gözünün nurunu varaqların işığı aparan,
gecələr ömrünü şam kimi əridən,
şirin yuxulara həsrət qalan, mənəvi, cismani
ağrılar gününü göy əskiyə döndərən
sənətkara nə versələr ona ana südü, ata
çörəyi qədər halal olmalıdı.
Zəlimxan Yaqubla
bağlı adların, titulların, imtiyazların heç
birinin taleyini təsadüfi saymıram, taleyin zəruriyyəti
sayıram.
Taleyim belə gətirib ki, mən
1968-ci ildən, yəni Bakıya gələn vaxtdan həmişə
göz qabağında olmuşam. Çox sürətli və
barlı-bəhrəli yaradıcılıq yolu keçmişəm.
Bu illər ərzində həmişə sazım saz,
sözüm söz, məclisim məclis, meydanım meydan olub.
Həmişə xalqın gözü qabağında
olmuşam. Sözün əsl mənasında qəbul eləsəniz
də, eləməsəniz də çox az adama qismət olan
xalq sevgisi, el məhəbbəti qazanmışam. Mənim
qızğın fəaliyyət göstərdiyim illər ərzində
Kamran Bağırov, Əbdülrəhman Vəzirov, Ayaz
Mütəllibov, Əbülfəz Elçibəy kimi insanlar
bu ölkəyə rəhbərlik ediblər. Onların
heç biri (Əbülfəz Elçibəyi çıxmaq
şərti ilə) ədəbiyyata, sözə bağlı
adamlar olmayıblar. Ancaq rəhmətlik Heydər Əliyev
adlı bir tarixi şəxsiyyətin, böyük insanın
ölkəyə rəhbər gəlməsi ziyalıların
– bütün sənət adamlarının taleyinə gur
işıq saldı, onların sönməyə doğru gedən
ilhamını yenidən alovlandırdı. Və onun sərraf
gözləri Zəlimxanı gördü, bildi, tanıdı.
Dəfələrlə yanına dəvət elədi, mənə
böyük ümidlər, möhtərəm kürsülər
bağışladı. Müstəqillikdə kövrək
addımlarını atan Azərbaycan dövlətinin möhkəmlənməsi
yolunda məni bir ictimai xadimə, gərəkli vətəndaşa
çevirdi. İstər-istəməz bir sual meydana
çıxır. Nə üçün Heydər Əliyev
ikinci dəfə hakimiyyətə gələn kimi
başqasını yox, Zəlimxan Yaqubu yanına dəvət
elədi. Heydər Əliyev Zəlimxanın qara qaşına,
qara gözünə aşiq olmamışdı. O, ictimai rəyi
yaxşı öyrənmişdi, çox gözəl bilirdi
ki, xalqın sevdiyi-seçdiyi gənc və istedadlı
qüvvələr kimlərdi. Kimlərə arxalanmaq olar. Zəlimxan
Yaqub Heydər Əliyevə qədər qazandığı
uğurlara görə birdən prezidentin diqqətini çəkdi.
Burda hansı təsadüfdən söhbət gedə bilər.
Bütün bu məsələlər mənim taleyimlə
bağlı zərurətdən mayalanıb həqiqətdən
su içmişdi.
4. Sizin şeir
dünyanıza mənim çox böyük hörmətim
var. Yəni bir an inadınızdan dönmədən, bir
çoxunun xoşuna gəlməyən bir yolun
yaradıcısı olsanız da, inadınızdan dönmədən
irəlilədiniz və həqiqətən də Azərbaycan
poeziyasının çox çətin yolunda irəli
çıxmağı bacardınız. Təbii ki, burada təb
və talantın çox sıx ilişkisi olduğunu danmaq
olmaz. Şeir yolunuzu başqa cür təsəvvür
edirsinizmi?
– Sualınızın birinci
cümləsinə bir az şübhə ilə
yanaşıram. Çünki uzun illər ərzində
böyüklü-kiçikli bir sıra adamlar haqqında
çoxlu sayda məqalələr yazmısan, adlar
sıralamısan. Ancaq onların arasında heç vaxt mənim
adım olmayıb və heç olmağını istəmirəm
də. Olsa da süni və qeyri-səmimi görünərdi.
Belələri təkcə sənlə bitmir, bir neçə
qələm adamı var ki, onlar da mənə qarşı həmişə
ədalətsiz olub, gördüyünü görməməzliyə
vurub, ədalət prinsipini pozublar. Özünün tənqidçi,
poeziya mütəxəssisi sayıb, ömrü boyu bir
coğrafi ərazidən başqa yerə fikir verməyənlər
nə qədər özünü yorsa da həyatın öz
həqiqətləri var. Hər şeyi zaman həll edir,
hansısa tənqidçinin qələmi yox. Ancaq mənim
haqqımda Azərbaycanın ədəbi və elmi ictimaiyyətinin
ən görkəmli nümayəndələri çoxlu sayda
bir-birindən qiymətli məqalələr yazıblar. Bu sahədən
heç vaxt korluğum olmayıb.
Əzizim, Tofiq bəy! Necə
dilin gəldi ki, mənim ünvanıma belə bir cümləni
işlədə bildin. “Bir çoxunun xoşuna gəlməyən
bir yolun yaradıcısı olsanız da” mənim
qardaşım, gəl bu fikrinlə bağlı açaq
sandığı, tökək pambığı. Əvvəla,
görək o “bir çoxu” kimdir və onların xoşuna gəlməyən
mənim yolum hansı yoldur?
...Bilsinlər ki, mən
heç vaxt, heç zaman ticarət psixologiyası ilə
yaşamamışam. Çayxana, meyxana səviyyəsində
mənim haqqımda əsərlərimi oxumadan havadan söz
qapıb dedi-qodu edənlərə Allahdan əfv diləyirəm.
Çox yaxşı yadımdadır. Rəhmətlik Xəlil
Rza Lefortovo zindanında yatanda ən yaxın qələm
dostları onun haqqında nə cür səviyyəsiz, ətürpədən
dedi-qodu yayır, şairi ləkələməyə
çalışır, şairin zindandan gələn əyilməz
şöhrətinə də paxıllıq edirdilər. Elə
ki, Təbriz şəhid oldu, yazıq Xəlil Rzanın
qulağı dincəldi. Daha xəbislər şəhid
qanı ilə zarafat edə bilmədilər. Böyük
şairimiz Məmməd Arazın ölməz Səməd
Vurğun haqqındakı “Səməd Vurğunla söhbət”
şeirini xatırlayıram. O şeir eyni ilə həm də
mənim taleyimdi. Elə ki, Zəlimxan ölüb haqqa
qovuşacaq, başını torpağa qoyacaq onda mənim
pisimə danışanlar rahat nəfəs alıb, hətta
sevinc hissi keçirib dincələcəklər. Kürsülər
Zəlimxanın uca boyuna, gur səsinə həsrət qalanda,
yerim görünəndə Azərbaycan xalqının məhəbbəti
öz işini görəcək. Mənim ruhumu kürsülərin
üstündə bayraq kimi qaldıracaqlar. Bu mövzuda daha
yaxşısını qoy heç vaxt unutmadığım və
unuda bilmədiyim M.Araz desin:
Səndən sonra
Görüşlərin hərarəti
sənsizləşib,
Kürsülərin cəsarəti
sənsizləşib,
Ağsaqqallar səxavəti
sənsizləşib!
Mən saymıram sənsizləşib
daha nələr,
Axı niyə sənsizliyi
gizlədilər!...
Cidanı çuvalda gizlədə
bilməyəcəklər, xalqın məhəbbəti öz
işini görəcək!
1986-cı il idi.
(Davam edəcək)
Tofiq ABDİN
525-ci qəzet.- 2011.- 7 may.- S.23.