Yeri görünən adam

 

Bu dünyada insan hər şeyə öyrəşə bilir. Zaman pis şeyləri, dərdi, ələmi unutdura bilir. “Hər şeyin zamana ehtiyacı var” – xalq deyimi min illərin sınağından keçib və hər kədərin məlhəmi kimi min illərdən bəri insanın təsəlli yeridir. Amma bu məlhəm, bu təsəlli insan itkisini, doğmaların ölümünü heç vaxt unutdura bilmir. O adamlar ki, illərlə bir yerdə, bir cəbhədə çalışırsan, xarakterinə, xeyirxahlığına, insanlığına öyrəşirsən və birdən onların yoxluğu hər kəsin içində bir boşluq, bir ümidsizlik yaradır. Tofiq Rüstəmov ömrünün çox məhsuldar, müdrik çağlarını Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində keçirib. Universitetdə işlədiyi müddətdə həm də respublika rəhbərliyinin təkidi ilə paralel olaraq bir çox digər sahələrdə çalışsa da, əsas iş yerini, ən müqəddəs vəzifəsini jurnalist tələbələri peşəyə hazırlamaqda görüb. Əbədiyyətə qovuşduğu gündən bu yana fakültənin müəllimləri, uzun müddət çiyin-çiyinə çalışdığı dostları onu unuda bilmir, yoxluğuna inana bilmir. Mən də Tofiq müəllimlə bu fakültədə təxminən eyni vaxtda işə başlamışam. Onun işi, xarakteri, müdrikliyi, tələbələrinə doğma münasibəti, dekanlığı, “partkomluğu” – bir sözlə, fəaliyyətinin böyük bir hissəsi yadımdadır. Ancaq bu yazını hazırlamaq üçün yenə də Tofiq müəllimin bioqrafiyasına baxmaq istədim. Ən yaxşı mənbə çox yaxın dostu, sirdaşı, professor Yalçın Əlizadənin Tofiq müəllimin 60 yaşına yazdığı bir oçerki oldu. “Müdrikliyin bahar yaşı” adlı bu bioqrafik oçerkdə Tofiq müəllimin həyatı bütün detalları ilə təsvir olunub. Əslində mən indi Yalçın müəllimin həmin oçerkini oxumaqdan narahatlıq keçirirəm. Narahatlıq keçirirəm ona görə ki, illərlə bir yerdə işlədiyin, xarakterinə, bioqrafiyasına bələd olduğun bir adam haqqında böyük məhəbbət və müdrik qələmlə yazılmış bu əsərdən sonra yeni nə deyəsən. Amma Tofiq müəllimi yaxından tanıyan elə bir adam da tapılmaz ki, onun haqqında nəsə özünün gördüyü, özünün duyduğu detallar olmasın. Yalçın müəllimin oçerki Tofiq müəllimin sağlığında yazılıb və bu oçerkin xoşbəxtliyi orasındadır ki, öz qəhrəmanını həmişə diri saxlayacaq.

 Mən isə bu anda Tofiq müəllimin 75 yaşına onun haqqında keçmiş zamanla danışmaq məcburiyyətindəyəm. Zamanın təsəlliyə gücü çatmadığı acı xatirələrlə dolu bu sətirlərin hamısında Tofiq müəllimin yoxluğuna bir təəssüf, bir kədər notu olacaq... Tofiq Rüstəmov mənim də müəllimim olub. Hələ universitetə gəlməmişdən əvvəl saathesabı müəllim kimi bəlkə də ilk dərslərini bizim kursdan başlamışdı. Özü hazırladığı “Ədəbi redaktənin əsasları” kursunu öyrədirdi bizə və elə o illərdən biz hiss etdik ki, bu cavan müəllim Azərbaycan dilinin saflığını, təmizliyini qorumağı özünə həyat kredosu seçib. İllər keçəndən sonra da gördük ki, biz yanılmamışıq: Tofiq müəllim üçün ana dili millətin varlığı qədər vacib bir fakt idi. Tofiq Rüstəmov jurnalistikaya bağlı, peşəyə vurğun bir praktik və bir nəzəriyyəçi idi. Universitetin jurnalistika ixtisasını bitirən vaxtdan onu birbaşa “Uçitelskaya qazeta” kimi nüfuzlu bir ümumittifaq qəzetinə Azərbaycan üzrə xüsusi müxbir təyin etmişdilər.

 Tofiq Rüstəmov Azərbaycan və rus dillərini eyni səviyyədə bilirdi və onun bu bacarığı sonrakı kariyerasına da həmişə yol yoldaşı olmuşdu. Jurnalistika fakültəsində 1981-ci ildə yaradılan “Tərcümə, televiziya və radiojurnalistika” kafedrası onun ideyası ilə gerçəkləşmişdi. Bu kafedrada Tofiq müəllimin yetişdirdiyi neçə-neçə tərcüməçi tələbə indi dünya ədəbiyyatı, dünya publisistikası nümunələrini dilimizə çevirməklə məşğuldur. Tofiq müəllim özü Bestujev-Marlinskinin, Qinzburqun, digər xarici yazıçı və dramaturqların aktual səslənən klassik əsərlərini dilimizə tərcümə etmişdi. Ona görə də onun ayrıca bir tərcümə məktəbi yaranmışdı və biz hamımız bu məktəbdən bəhrələnmişik. Tofiq müəllim Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışmışdı və burada adi reportyorluqdan baş redaktorluğa qədər bir məktəb keçmişdi. Bu da jurnalist – tələbələrə dediyi dərslərdə onun çox köməyinə gəlirdi. Bizim fakültədə elə o vaxtdan bir ənənə var ki, peşənin praktikasını görməmiş adam müəllim ola bilməz. Tofiq müəllim istedadlı və namuslu bir alim idi. Azərbaycan mətbuat tarixinə dair onlarca araşdırmasında onun mübahisə doğuracaq fikrinə rast gəlmək çətindir. O, bir alim kimi postulata çevirmədiyi fikri ortaya qoymurdu. Onun özünün vətəndaşlıq xarakteri tədqiqatlarına da sirayət edirdi. Azərbaycan və azərbaycançılığa bağlı bu alim ancaq M.S.Ordubadi kimi, H.Minasazov kimi klassik publisistlərin yaradıcılığını araşdıra bilərdi. Azərbaycan radiosunun tarixi, bu radionu vətəndaşlıq yanğısı ilə yaradanlar onun tədqiqat mövzusu idi. Sovet jurnalistikası kimi absurd bir “nəzəri” anlamı Tofiq müəllim milli jurnalistika anlayışı ilə əvəzləyirdi. Milli jurnalistika ənənələri onun əsərlərinin canını, qanını təşkil edirdi. Tofiq müəllim Azərbaycanda televiziya, radio jurnalistikası nəzəriyyələrinin əsasını qoyan ilk alimdir. Bu sahədə də o, nəzəriyyə ilə praktikanı birləşdirməyi ustalıqla bacarırdı. Tofiq müəllim dəqiq adam idi: fikirlərində dəqiq, nəzəri mülahizələrində dəqiq, münasibətlərində dəqiq. Çox vəzifələrdə oldu; amma universitetin jurnalistika fakültəsini, tələbələrini, müəllim dostlarını heç vaxt, heç nəyə dəyişmədi.

Tofiq Rüstəmov klassik müəllim obrazının daşıyıcısı idi. Auditoriyaya girəndə tələbələrinin üzündə işıq görünürdü. Bu işıq, bu nur müəllimin tələbəyə məhəbbət hissindən qopub hər kəsin üzündə, gözündə əks-səda verirdi. Jurnalistikaya, peşəyə, tələbələrinə məhəbbəti onun sevdiyi ciyərparəsini – oğlu Abbası da jurnalistikaya gətirmişdi. Tofiq müəllim elə oğul-uşaq tərbiyə etmişdi ki, Abbasın bu fakültədə oxumağı da başqalarına nümunə idi. Adətən o zamanlar universitetdə bir balaca vəzifəsi olan hər kəs oğul-uşağını ya hüquq fakültəsinə, ya da xaricdə işləmək, bununla da “Volqa” avtomobilinə sahib olmaq şansı verən şərqşünaslıq fakültəsinə qəbul etdirirdi. Jurnalistika fakültəsinin dekanı Tofiq müəllimin buna daha çox imkanı vardı. Amma o öz oğlunu tələbələrindən ayırmadı... Qızı Sevinc də filologiya fakültəsini bitirdi. İndi Sevinc filoloq-alimdir və jurnalistika fakültəsində atasının yolunu davam etdirir, onun yaratdığı kafedrada müəllim işləyir. Heç vaxt heç nəyə dəyişmədiyi keçmiş tələbələri, illərlə bir yerdə çalışdığı müəllim dostları Tofiq müəllimi böyük minnətdarlıq hissilə, yalnız xoş xatirələrlə yada salırlar. Yaratdığı və bizə yadigar qoyub getdiyi “Televiziya və radio jurnalistikası” kafedrasının divarından onun gülər üzlü, həmişəcavan, canlı bir şəkli asılıb. Hər səhər gün başlayanda dostlarını, kafedranın əməkdaşlarını və bir də fakültəyə yadigar qoyub getdiyi, bu gün həmin kafedrada onu əvəz edən qızı Sevinci elə o vaxtkı kimi gülər üzlə, doğma baxışlarla qarşılayır.

 

 

Cahangir MƏMMƏDLİ

 

525-ci qəzet.- 2011.- 7 may.- S.20.