Bu roman ALƏMİN dialektikasını qlobal şəkildə əks etdirir

 

Aydın Ələkbərli – Azərbaycan filologiyasının son 50 ili ərzində ciddi və professional şəkildə fəaliyyət göstərmiş nadir dilçilərdəndir. Adı akademiya və dilçilik sistemində çalışan filoloqlara yaxşı bəllidir. A.Ələkbərli təkcə Azərbaycanda deyil, Azərbaycandan kənarda da yaxşı tanınan alimlərimizdəndir. Onun Kamal Abdullaya ünvanladığı məktubu olduğu kimi təqdim edirik.

Əziz Kamal müəllim! Sonuncu romanını mənə lütfən göndərdiyin üçün təşəkkür edirəm. Çox sağ ol! Desəm ki, romanı böyük həvəslə, maraqla, diqqətlə oxumağa başlayıb bitirdim, deyərsən, “Mənə nə?” və haqlı olarsan: axı sən məndən fikir bildirməmi gözləyirsən. Əlbəttə, romanın əsl geniş, dərin, əhatəli-müqayisəli təhlilini və həqiqi filoloji qiymətini rəhmətliklər Əli Sultanlı, Mikayıl Rəfili, Məmməd Cəfər kimi dünya ədəbiyyatına yaxından bələd olub paralelləri, səsləşmələri, fərqləri görmək iqtidarında olan bir alim verə bilərdi. Kimlərdir indiki rəyçilər? Bircə çarə qalıb: gərək özün öz bədii əsərinin fəlsəfi-estetik,arxitektonik-üslubi, simvolik-məfkürəvi, kompozisyon-təhkiyəvi və i.a. məziyyətlərini şərh edəsən. Başqaları nə deyirlərsə desinlər, öz işləridir. Tutaq ki, Arif Acaloğlu romanın fundamental cəhətlərini bir cür yozur (onun maşahidələri maraqlıdır), amma romanın adını çözməkdə acizlik göstərir. Yaxud Yaşar “roman içində romanlar silsiləsi” görürsə, Salam Sarvanın gözündə Kamal Abdulla bu romanını “əvvəlki romanlarını “ unutdurmaq üçün yazıb”... Kitabı açıb oxumağa başlayıram: “ Ön söz...

 Kainatı çözmə...” Nə bilim ki, “Ön söz müəllifin deyil? Sən demə bu diqqətli və düşünən bir oxucunun “Ön söz...” adlı çözməsi və bununla da romanın filoloji təhlili tarixindən çözməməsidir! Arif Acaloğlu (s.13): “Yalnız (?) üç roman da diqqətlə oxunduqdan (ki, bədii mətn başqa cür oxuna bilməz “medlennoe çtenie!!”) sonra... bütün bu mətnlərdə eyni dünyadan və eyni mətləblərdən bəhs edildiyi anlaşılar”. Əcəba, məgər üç yox, lap üç yüz əsər yazarın yaradıcılığında “eyni dünya qavrayışı və eyni anlam yaradan mexanizmləri fəaliyyət” (s.13) göstərmirmi? Əslində isə Kamalın romanlarında eyni dünyalardan və eyni ümdə bir mətləbdən bəhs edilir! Kamal Abdullanın vahid fərdi üslubu da məhz bu vahid mətləblərlə üzvi surətdə, qırılmaz tellərlə bağlıdır. Mən də diqqətli oxucuyam və belə anlayıram: “Düşünə bilən oxucu” (s.24) kimi isə Arifin 28-29-cu səhifələrdə yazdığına münasibətimi bildirmək istəyirəm. Arifin özünün etirafına görə, romanın adının “məntiqini” (əslində, “mənalandırılmasını”) sonuna qədər çözə bilsəydi, “heç dərdi qalmazdı”: “Necə yəni unutmağa kimsə yox...; bir şeyi ki, unutmaq istəyirsən, demək ki, hələ unutmamısan..., yadındadır, yəni unutmağa kimsə var. Yox, əgər kimsəyi xatırlamırsansa..., yaddaş yox deməkdir və bu durumda da unutma barədə danışmaq mənasızdır...”

. Burada Arif gah nala (“bir şey”), gah da mıxa (“kimsə”) vurur. Məsələ orasındadır ki, “bir şey” hər şey ola bilər (məs., pislik, yaxşılıq, düşmənçilik, dostluq və s.); “kimsə” isə ancaq insandır, özü də müəyyən insandır. Digər tərəfdən, mən birisini xatırlamıramsa, bu o demək deyil ki, mənim yaddaşım yerli-dibli yoxdur. Daha sonra Arif “itmək” və “unudulmaq” anlayışlarını eyniləşdirir.

 O yazır: “Bir zamanlar M. Prust “İtirilmiş zamanın axtarışında” başlığı altında 8 roman yazdı və burada itirilmiş zamanı axtarmaq... itən, unudulan şeyləri xatırlamaq deməkdir...”(s.29). Nəhayət Arif Acaloğlu “Kimsə yox xatırlamağa, unutmağa da kimsə yox” misralarının açıqlamasını belə verir: “ Kamal Abdullanın romanında... məqsəd xatırlamaq deyil, unutmaqdır (“unutmağa kimsə yox”)”. Amma nə acıdır ki, unutmaq üçün də bu iki cümlənin mənalarını onların feillərinin sinonimik (eynimənalı) əvəzlənmələri çox gözəl açır: Kimsə yox unudulmamağa! Xatırlamamağa da kimsə yox!.. Bəllidir ki, adi (orta) oxucuların əksəriyyəti oxuduqları romandakı bədii təsvirləri (məsələn, təbiət təsvirlərini) nəinki aramla oxumaq, heç gözucu belə nəzərdən keçirmir. Və romanın məzmunu ilə tanış olur. Kamal Abdulla romanının isə başlıca xüsusiyyətlərindən biri budur ki, burada bədii təhkiyəni bədii təsvirlərdən təcrid etmək heç cür mümkün deyil. Bu tezisə aydınlıq gətirmək üçün, məncə, elə 3 səhifəlik “Əvvəl”i (s.32-34) ixtisarla alıb oxucuya “ Kamalda məqsədsiz bədii təsvir, bədii təhkiyəyə xidmət etməyən təsvir yoxdur” müddəasını çatdırmaq kifayətdir. Ancaq bundan əvvəl əsas məsələni qeyd edim. Əgər mənə desən “Romanın məğzini bir cümlədə ifadə et!” – deyərəm: Bu roman bədii (konnotativ obrazlı tipikləşdirmə) fərdi (bənzərsiz) üslubda (F.Q. – Fikir və Qəlb vəhdətində) yazılmış elə bir əsərdir ki, ALƏMİN dialektikasını qlobal şəkildə əks etdirir. Bu dünya – o biri (həm də paralel) dünya; maddi-mənəvi; elmi həyat – incəsənət həyatı, təbiilik – sünilik, gözəllik – çirkinlik, xeyir – şər və ümumən bu sırada saysız –hesabsız kontrar qarşılaşdırmalar...

“O axşam göyüzü təmtəraqlı teatr pərdəsi kimiydi; cürbəcür rəngləri bir-birinə qarışmışdı; qırmızısı yaşılına, qızılısı lacivərdinə, sarısı qarasına... Qaranlıq qatı bir dumana bürünüb hər yan aldıqda sonsuz sayda bəyaz ulduz tozcuqları topa-topa, dən-dən ayın çıxmağını gözləmədən, hövsələsiz səma pərdəsinə hopmağa başladı... ... F.Q. düşünürdü: “ Hələ bilinmir, əsl oyun, əsl tamaşa təmtəraqlı pərdənin hansı tərəfində baş verir, oyunçular hansı tərəfdədirlər, tamaşaçılar hansı tərəfdə?!..”

 Romanın bədii üslubu aspektində fonetik, leksik, frazeoloji yaruslarına dair ən azı üç namizədlik, sintaktik səviyyədə isə mətn dilçiliyi baxımından bir neçə doktorluq dissertasiyası yazmaq imkanı var (daxili nitq, mötərizələr, dırnaqlar, söz sırası və s.). Sənə möhkəm can sağlığı diləyirəm.

 P.S. Müzakirə iştirak etmək istəyənlər üçün açıqdır.

 

 

Aydın ƏLƏKBƏRLİ

filologiya elmləri doktoru,

professor

 

525-ci qəzet.- 2011.- 7 may.- S.18.