Yeni dünya sahmanı və Heydər Əliyevin milli mədəniyyət konsepsiyası

 

Bu gün bütün sivil bəşəriyyət əsas siyasi məqsədi yeni dünya sahmanı yaratmaqdan ibarət olan qloballaşmaya doğru gedir. Sərhədsiz dünya anlayışı, azad insan, demokratik vətəndaş cəmiyyəti... və bir də heç şübhəsiz ki, min illik (və daha qədim!) ənənələri olan mili mədəniyyətlərin inteqrasiyası tarixin labüd tələbatına çevrilib. Ədəbi tənqid və ədəbiyyatşünaslıq da öz təhlil və araşdırmalarında belə bir konteksti nəzərə almağa məcburdur. Qloballaşmanın çox böyük faydalı nəticələri ilə bərabər məhz mədəniyyətdə millilik amilinin qorunması baxımından zərər gətirən müəyyən problemləri də var. Mili-mənəvi dəyərlərimizin dünya səviyyəsində dərki və dəyərləndirilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə məxsusdur. Yenicə çap olunmuş “Heydər Əliyev və mili-mənəvi dəyərlərimiz” kitabında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi, professor Timuçin Əfəndiyev qloballaşma prosesində mədəniyyətin, ümumən mili-mədəni dəyərlərimizin taleyi probleminə Heydər Əliyev zəkasının işığında nəzər salır. Hələ kitabın annotasiyasında deyilir: “Müəllif tarixilik prinsipinə əsaslanaraq dünya şöhrətli siyasi xadimin mədəniyyət konsepsiyasını şərh etməyə çalışır. O, belə bir fikri metodoloji əsas kimi götürür ki, Heydər Əliyev istər çoxəsrlik zəngin ədəbiyyatımız, istərsə də qədim və bədii cəhətdən kamil mədəniyyət və incəsənətimizin ayrı-ayrı sahələrindən bəhs edərkən bütün bunlara dövlətçilik nöqteyi-nəzərindən, azərbaycançılıq fəlsəfəsinin məxəzləri kimi yanaşmışdır”. Belə bir yanaşma nəinki doğrudur, o, hətta böyük perspektivə malik olub kitabın konsepsiyasının strateji əhəmiyyətini təmin edir. “Mədəniyyəti inkişaf etdirmək, milləti inkişaf etdirmək, mili ruhu yaşatmaq deməkdir”- H.Əliyevin bu müdrik kəlamı, uzaqgörən təlimi kitaba epiqraf kimi verilərək onun nəzəri-fəlsəfi pafosunu müəyyənləşdirir. H.Əliyev Azərbaycanın təkcə dövlət sərhədlərini qorumur, həm də mənəvi sərhədlərini qoruyurdu. Əgər Azərbaycanın dövlət sərhədləri 9 milyonluq xalqı əhatə edirsə mənəvi sərhədləri 50 milyonluq əhalini çevrələyir. Mili-mənəvi dəyərlərimiz isə bütün dünya azərbaycanlılarına məxsusdur.. Kitabın “Heydər Əliyevin irsi mili sərvətimizdir” adlanan ön sözündə T.Əfəndiyev özünün bu dahi şəxsiyyətin ədəbi-mədəni irs təliminə yanaşma tərzini, metodoloji mövqeyini müəyyənləşdirir. Ulu öndərin mili-mənəvi dəyərlərimizə bütövlükdə münasibətini sistemləşdirən birinci fəslində onun həm keçmişdən miras qalmış mədəni-tarixi irsə, həm də müasir mədəniyyətin inkişafına göstərdiyi xidmətlə nəzəri-tarixi planda analitik təhlilin predmetinə çevrilir. “Cənubi Qafqazda ən əsas şəxsiyyət” (Corc Buş), dünyanın “Siyasət nəhəngi” (V.Putin) olan H.Əliyevin gücü həm də öz doğma xalqının mədəniyyət və mənəviyyatına bağlılığında, öz əməlləri ilə onun tarixini yaşatmasında bu gününü yaratmasında idi.

 O fəxrlə deyirdi: “Hər xalqın öz adət-ənənəsi var, öz mili-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik”. Kitabda göstərilir ki, H.Əliyev cəmiyyətin mənəvi tarazlığının qorunmasında dinin roluna xüsusi əhəmiyyət verirdi. O, qədim türk imperatorlarından üzü bəri tarixlərə boy verə-verə gələn adət-ənənələrlə, dinin mənəvi-əxlaqi gücünü əzmlə birləşdirir. Belə əsaslı qənaətə gəlirdi ki, “Yüksək tolerantlıq ilk növbədə yüksək mədəniyyətin təzahürüdür”. Bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasında qeyri-dövlət ictimai təşkilatları, dövlət institutları ilə bərabər səviyyədə, bəlkə də daha artıq din və mədəniyyət mühüm rol oynayır. Təkcə bunu xatırlatmaq kifayətdir ki, Azərbaycan Respublikasının prezidenti prezident səlahiyyətlərini qəbul edərkən- İnauqurasiya zamanı konstitusiya ilə bərabər müqəddəs kitabımız olan “Quran”a əl basıb dövlət və millətə sədaqətlə xidmət edəcəyinə and içir. Heydər Əliyev mahiyyətində yüksək əxlaqi dəyərləri ehtiva edən Qurban və Ramazan kimi dini bayramlarımızın keçirilməsinə xüsusi önəm verirdi. O, 2003-cü ildə Qurban bayramı münasibətilə xalqa təbrikində belə demişdi: “Qoy bütün milli və dini bayramlarımız kimi mübarək Qurban bayramı da xalqımızın yüksək ideallar ətrafında daha sıx birləşməsini təmin etsin, müstəqil və demokratik Azərbaycan dövlətinin gələcək inkişafı naminə bütün azərbaycanlılar arasında Ümummilli Həmrəyliyi möhkəmləndirsin”. İstər “Novruz” bayramı, istərsə də müqəddəs Qurban və Ramazan bayramları xalqı ülvi ideallar ətrafında birləşdirən, insanlıq, sülh və əmin-amanlıq təlqin edən mərasimlər kimi H.Əliyev siyasətinin əxlaqi-psixoloji əsasında dayanırdı. Kitabın müəllifi öz təhlillərində bu məsələlərə xüsusi önəm vermişdir. Burada doğru qeyd olunur ki, Novruz bayramının YUNESKO –nun qeyri-maddi irs siyahısına daxil olunması H.Əliyevin strateji planlarının təzahürü idi. O deyirdi: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılar və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü Mədəniyyətdir”. Ulu öndərin fikrincə “İslam Azərbaycan xalqının, Peyğəmbər Əleyhüssəlamın və islam aləminə mənsub olan bütün insanların ən ali əxlaq mənbəyidir”. H.Əliyevin Milli-mənəvi dəyərlər təliminin əsasında dayanan belə düsturları T.Əfəndiyev dəqiq və dəyərli faktlarla şərh edir, açıqlayır və əsaslandırır. Hələ sovet dönəmində görkəmli yazıçı, musiqiçi və rəssamlarımıza o dövrün ali mükafatları olan Sosialist Əməyi Qəhrəmanı adlarının verilməsi, müstəqillik dövründə isə bu qəbildən olan görkəmli şəxsiyyətlərin “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunmaları, yaxud “Bibiheybət”, “Mirmövsüm Ağa” ziyarətgahlarının yenidən qurulması deyilən fikirlərin əyani təsdiqidir. Kitabda mühüm bir yeri “Ümummilli Liderin ədəbi irs təlimi” hissəsi (II fəsil) tutur. Burada T.Əfəndiyev Ulu Öndərin çoxəsrlik ədəbiyyatımıza və dilimizə münasibəti ilə bağlı ədəbi-nəzəri görüşlərini analitik təhlilin predmetinə çevirir. “Heydər Əliyevin ədəbiyyat siyasəti, onun ümumi dövlət siyasətinin əsas inkişaf istiqamətlərindən biridir” kimi nəzəri-metodoloji başlanğıcdan çıxış edən müəllif təsnifat apararaq dörd konseptual istiqamət müəyyənləşdirir:

1 Bədii ədəbiyyat (və dil) Heydər Əliyevin Azərbaycançılıq fəlsəfəsinin ideya zəmini və məxəzi kimi;

 2. Heydər Əliyev və çağdaş ədəbi proses;

 3. Heydər Əliyev və folklor (epos təfəkkürü);

4. Heydər Əliyev və klassik bədii irs. Şübhəsiz ki, belə yanaşma konseptual səciyyə daşıyır və Ulu Öndərin ədəbi-nəzəri görüşlərini qlobal istiqamətlərini mahiyyətcə özündə əks etdirir. H.Əliyevin ədəbiyyatımızın həm qədim və orta əsərləri, həm də XIX əsr və bundan sonrakı epoxaları ilə bağlı saysız-hesabsız maraqlı fikirləri vardır. T.Əfəndiyev onun metodoloji baxımdan sərrast bir fikrini təhlilləri üçün çıxış nöqtəsi seçir və ikinci fəslə epiqraf verir: “Bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda, millətimizdə daim mili hissiyyatları oyatmağa çalışmışlar. Mili özünüdərk, mili oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçir” Bu nəinki doğru fikirdir, o, hətta filologiyaya dair dərs kitablarının hamısında böyük hərflərlə titul səhifəsində başda yazılmalıdır. Hələ XIX əsrin ortalarında böyük rus tənqidçisi N.Q.Çernışevski yazırdı ki, ədəbiyyat elə yüksək tribunadır ki, xalq oradan öz kədərini, tarixi dərd-sərini söyləyir. Dünya ədəbi tənqidinin ulduzu, əbədi gənc V.Q.Belinski isə deyirdi ki, bütün mədəniyyət və incəsənət növlərinin əsasında bədii ədəbiyyat dayanır. Həqiqətən də bədii ədəbiyyat hər cür sənətin genetik mənşəyidir. Bu kitabın dəyərli cəhətlərindən biri də budur ki, T.Əfəndiyev Ulu Öndərin ədəbiyyata tarixi yanaşma prinsiplərinə əsaslanaraq Azərbaycan ədəbiyyatının Şərq konteksti ilə bağlı dəyərli mülahizələr irəli sürür: “Qeyd etməliyik ki, ümumiyyətlə, Azərbaycan fəlsəfi fikri daha çox bədii ədəbiyyatın bətnində formalaşıb. “Avesta” “Kitabi- Dədə- Qorqud” abidələri, Xaqani, Nizami, Nəsimi, Füzuli, M.F.Axundzadə və s. kimi şəxsiyyətlər təkcə böyük yazıçılar deyil, eyni zamanda böyük filosoflar idi. XI əsrin böyük ədəbiyyatşünası Xətib Təbrizi öz araşdırmalarını ümumən ərəb dilli poeziya üzərində qururdu ki, bura Azərbaycan şairləri də daxil idi. Ümumiyyətlə klassik Şərq ədəbiyyatına yanaşmada belə bir prinsip nəzərə alınmalıdır: bir var ərəb poeziyası, bir də var ərəbdilli poeziya. Məsələn, Məvali şairlərin əksəriyyəti azərbaycanlılar idi. Eyni mülahizəni fars poeziyası və farsdilli poeziya barəsində də söyləmək olar. Məsələn, fars dilli poeziyanın zirvəsi Nizami Gəncəvi azərbaycanlı idi. Şərqşünas alimin bu mülahizələri ilə razılaşmamaq mümkün deyil. H.Əliyev bədii ədəbiyyata təkcə fəlsəfi fikirlər məxəzi kimi deyil, xalqın əsrlərdən gələn səsi kimi baxırdı. Hələ 1975-ci ildə Azərbaycanda sovet ədəbiyyatı günləri keçirilərkən söylədiyi müdrik fikirlər bu gün də elmi tədqiqatlar üçün istiqamətverici nümunə olaraq maraq doğurur: “Tarixin bir-birinə qovuşdurduğu əsrlər bir çox xalqların oğul və qızlarını məhəbbətlə tərənnüm edən Nizami dühasının ölməz əsərlərini, Füzulinin insanpərvərlik və xeyirxahlıq dolu misralarını Nəsiminin fəlsəfi fikirlə zəngin lirikasını, Xaqaninin məhəbbət və iztirab tərənnüm edən poemalarını, Vidadi və Vaqifin xalq yaradıcılığı çeşməsindən qidalanan ölməz şerlərini bizə gətirib çatdırmışdır. Tarix tələbkar ittihamçıdır. Hökmdarlar, saray əyanları, zülmkarlar unudulub getmişlər. Azərbaycanın böyük mütəffəkkir və humanist şairlərinin təravətdən düşməyən misraları isə bu gün də öz hikmət və insanpərvərlik ruhu ilə dünyanı heyran qoyur”. Göründüyü kimi H.Əliyev ədəbiyyatın əbədiyyətinə dönməz bir inam ifadə edir. Heydər Əliyev teatrın bədii-tarixi əhəmiyyətinə ən çox diqqət yetirən dünya liderlərindən idi. O, təkcə insanların mənəvi cəhətdən formalaşmasına deyil, cəmiyyətin mənəvi tarazlaşmasındakı roluna yüksək dəyər verir. Özü tez-tez teatra gedir, tamaşalardan sonra səhnə arxasına gələrək aktyorlarla səmimi söhbətlər edirdi. Heydər Əliyevin teatra marağı həm də gəncliyində aktyor olmaq həvəsinin tükənməzliyi ilə bağlı olmuşdur.

Teatr sənətimiz, teatr xadimləri ilə bərabər Heydər Əliyevin kino sənətimizə olan böyük qayğısı ilə bağlı faktlar və mülahizələr kitabın dördüncü fəslində yer alıb. Ulu öndərin özünün müxtəlif çıxışlarından bizə məlumdur ki, o hələ ölkə rəhbərliyinə gəlməmiş, DTK-nın sədri olarkən- 1969-cu ildən əvvəl “Uzaq sahillərdə” filminin çəkilişinə və onun qəhrəmanı Mehdi Hüseynzadənin bəraət almasına necə böyük zəhmətlər çəkmişdir. H.Əliyev kinonun həm bədii-estetik əhəmiyyətini, həm də təbliğati imkanlarını hər kəsdən gözəl bilirdi. O, Azərbaycan kinosunun 80 illik yubileyində demişdi: “bəşəriyyət qarşısında kinonun xidməti böyükdür, amma bizim xalqımızın inkişaf yolunda Azərbaycan kinosunun xidməti əvəzsizdir. Kinonu, kinematoqrafiyanı, kino sənətini yaşatmaq lazımdır... Kino mədəniyyətin böyük qoludur. Teatrla biz öz varlığımızı ancaq respublika çərçivəsində təbliğ edə bilirik.. kino- ümumittifaq və ümumdünya səhnəsidir”. Heydər Əliyev aktyor olmaq istəyirdi, o dünya siyasət səhnəsinin baş qəhrəmanı oldu, Heydər Əliyev memar olmaq istəyirdi, o, müstəqil Azərbaycan dövlətinin memarı oldu. Bəlkə həm də məhz buna görə o, rəssamlıq sənətini çox sevir, rənglərin simfoniyasını dinləməkdən xüsusi zövq alırdı. Professor T.Əfəndiyevin monoqrafiyasının beşinci və altıncı fəsilləri müvafiq olaraq Ulu Öndərin rəssamlıq və musiqi sənəti ilə bağlı nəzəri görüşlərinə həsr olunub. Heydər Əliyevin şəxsiyyəti və böyük zəkası ilə bağlı məlum bir fikri biz də təkrar etməyə bilmirik ki, o hansı sahədən danışıbsa o sahə haqqında ən mükəmməl, professional səviyyəsində bəhs edib. O, Moskvada Nazirlər Soveti Sədrinin birinci müavini olarkən nəqliyyatçılarla görüşündə nəqliyyatçılar, fiziklərlə danışanda fiziklər, hətta ən az məşhur peşə sahibləri ilə söhbətində belə onlar Heydər Əliyevin professionallığına heyran qalardılar. Haqqında bəhs etdiyimiz kitabın müəllifi də Ulu Öndərin XX əsrin böyük rəssamı Səttar Bəhlulzadə ilə bağlı unikal fikirlərini misal gətirib, analitik təhlillər verir: “Səttar Bəhlulzadə yaradıcılığının özünəməxsus xüsusiyyətləri var. Həmin xüsusiyyətlər onun əsərlərində aydın görünür. Bu qeyri-adilik onun daxili-fəlsəfi aləmi ilə, onun dünyagörüşü və fitri istedadı ilə bağlıdır.

XX əsr Azərbaycan xalqının mədəni həyatında böyük hadisələr dövrü olubdur. XX əsrdə mədəniyyətimiz... dünya mədəniyyətinə böyük simalar bəxş edib. Onların arasında rəssamlıq sahəsində Səttar Bəhlulzadənin xüsusi yeri var. O, nəinki Azərbaycan, həm də bütün dünya mədəniyyəti üçün, dünya rəssamlıq sənəti üçün görkəmli bir rəssamdır... O qeyri-adi bir insan idi. Qeyri-adiliyini öz əsərləri ilə hamıya nümayiş etdiribdir”. H.Əliyev Səttar Bəhlulzadəni istedadlı, əzimkar və fədakar, həmçinin novator bir sənətkar kimi səciyyələndirir, bunun dünya nəfslərindən yüksəkdə dayandığını- mənəvi ucalığını xüsusi vurğulayırdı. Ümumiyyətlə, yaradıcı şəxsiyyətin qeyri-adiliyinə, ülvi ideallarla bağlılığına diqqət ulu öndərin görüşləri üçün səciyyəvidir. Bu baxımdan musiqi də onun üçün təkcə həzz mənbəyi deyil, dünyaya baxış prizması idi. Heydər Əliyev musiqidə xəlqiliyi xüsusilə yüksək dəyərləndirir, bu onun ən başlıca meyarı idi. Məhz bu kontekstdə də o deyirdi: “Bəstəkarın ustalığı, onun yüksək profesionalizmi ondan ibarət olmalıdır ki, Azərbaycan xalq musiqisi, mili melodiyalar, Azərbaycan folkloru əsasında toplanmış sərvətlərdən istifadə edərək bütün janrlarda fundamental əsərlər yaratsın”. Xəlqilik, xalq həyatına getmək, xalqla anlaşıqlı dildə danışmaq, dövlət mənafeləri ilə xalq maraqlarını uzlaşdırmaq Ulu Öndərin dövlət siyasətinin də ən uğurlu cəhətlərindən idi. Timuçin Əfəndiyevin “Heydər Əliyev və mili-mənəvi dəyərlərimiz” kitabı Ulu Öndərin nəzəri irsinə dərindən bələdlik və böyük ziyalı məhəbbəti ilə yazılıb. Kitabın hər səhifəsində Heydər Əliyev şəxsiyyətinin əzəməti görünür. Müəllif bu dahi insanın milli sərvətimiz olan irsini məsuliyyət və qayğı ilə tədqiq edib, yüksək analitik təhlillər aparıb. Nəticədə həm gənc nəslin, həm də mütəxəssis ziyalıların stolüstü kitabı olacaq fundamental bir əsər yaranıb. Bu əsər yeni dünya sahmanının yaradılış prosesində mədəniyyətlərin inteqrasiyası zamanı milli müəyyənliyin qorunmasına xidmət edəcək.

 

 

Gülşən Əliyeva-Kəngərli

filologiya elmləri doktoru

 

525-ci qəzet.- 2011.- 7 may.- S.8.