Məhəmməd Əmin Rəsulzadənin
İran fəaliyyəti
Qeyd edək ki, Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə sonradan Türkiyədə və digər Avropa ölkələrində mühacirətdə yaşadığı illərdə də İranda gedən prosesləri diqqətlə izləmiş və dəyərli məqalələr yazıb çap etdirmişdir. Xüsusən 1920-ci illərdə onun bu mövzuda daha çox yazılarına rast gəlmək mümkündür. Belə ki, 1923-cü ildən onun İstanbulda nəşr etdiyi “Yeni Qafqasiya” dərgisində İran mövzusuna həsr edilmiş aşağıdakı yazılarına rast gəlmək olar:
1. “Rusiya-İran münasibətindən”. “Yeni Qafqasiya”, yıl 1, say 4, 1924-cü il.
2. “İran qəzetəsinin bir münaqişəsi münasibəti ilə”. “Yeni Qafqasiya”, yıl 1, say 12, 1924-cü il.
3. “İranda Cümhuriyyət”.
“Yeni Qafqasiya”, yıl 1, say 13, 1924-cü il.
4. “Müasir İranın həqiqi
çöhrəsi”. “Yeni Qafqasiya”, yıl 2, say
5, 1925-ci il.
5. “Yeni İranın
böyük bir müvəffəqiyyəti”. “Yeni Qafqasiya”,
yıl 2, say. 7, 1925-ci il.
6. “İrandakı Türkmən
üsyanının mənası”. “Yeni Qafqasiya”, yıl 2, say 18, 1925-ci il.
7. “İran savçıları və
bolşeviklər”. “Yeni Qafqasiya”, yıl 3, say
1, 1925-ci il
8. “İran hadisəsinin seyri”. “Yeni
Qafqasiya”, yıl 3, say 10, 1926-cı il. Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadənin
sonradan “Açıq söz” qəzetində də İranla
bağlı aşağıdakı yazıları dərc
edilmişdi. 1) “İran üsyan içində”,
19.11.1915, ¹39; 2) İran qatışdı. 30.11.1915,
¹49 1955-ci ildə ömrünün sonlarında isə
İrandakı Məşrutə hərəkatına
münasibətini bildirən yazısını “Azərbaycan”
jurnalında nəşr etdirdi: “Ricai-i Azərbaycan. Der.
Asri. Məşrutiyyət” (“Azərbaycan” jurnalı. 1955-ci il, say 10-11 (yanvar-fevral). Bu
yazılar M.Ə.Rəsulzadənin İrandakı hadisələrə
və proseslərə daim diqqətli olduğunu göstərir.
M.Ə.Rəsulzadənin
İranla bağlı ilk nəşr edilən məqaləsi
isə“İranda hürriyyət” adlanır. Məqalə 1906-cı ilin
20 fevralında “İrşad” qəzetinin 51-ci sayında nəşr
edilib . M.Ə.Rəsulzadə
bu yazısında İran və burada yaşayanlar haqqında
“Bu millət öldü, dəxi dirilməz” deyənlərə
etiraz edərək, bu fikrin yanlış olduğunu göstərir.
Qeyd edir ki, İranda “Ədalətxana” Məclisinin
yaradılması bu fikirləri inkar edir və insanlarda
böyük ümidlər yaradır. Məhəmməd Əmin
Rəsulzadənin İranla bağlı nəşr edilən
ikinci məqaləsi isə belə adlanır: “İranda
inqilab”. 1906-cı ilin 21 iyununda (N145) İranda
çap olunan bu məqalədə İran inqilabına,
xüsusən Tehranda baş verən hadisələrə
müsbət münasibət bildirir. O, yazırdı: “Bu
vaxta kimi İran hürriyyətpərəstləri İran
hökuməti ilə fəqət şifahən müqavilə
ediyordular. İndi müsadiməyə də
çıxmışlar. Eybi yox, heç
bir yerdə hürriyyət, azadlıq qansız ələ gəlməmişdir.
Həyat müsadimədə, mücadilədə,
ittihad və ittifaqdadır. Haydı İranlı
qardaşlar, yeriyiniz, yeriyiniz də heç bir şeydən
vahimə etməyiniz” .
M.Ə.Rəsulzadə
İranda gedən proseslərlə, İran ictimai-siyasi
mühiti ilə daima maraqlanmışdı.Onun İranla əlaqəli
nəşr edilən məqalələri
aşağıdakılardır: 1) “İranda hürriyyət”;
2) “İranda inqilab”; 3) “İranda yanvarın doqquzu”; 4) “İran
işləri”; 5) “İrana dair”; 6) “Şahın vəfatına
dair”; 7) “Təbriz vəkillərinin Bakıda təbəqqübləri
(dayanmaları)”; 8) “İran işləri”; 9) “Bakı, 17 mart”. M.Ə.Rəsulzadənin yazdığı digər məqalələrdən
aydın olur ki, o, İranla bağlı yalnız bir ziyalı,
qəzet əməkdaşı yox, həm də bir siyasətçi,
peşəkar inqilabçı kimi hadisələri izləmişdir.
Təsadüfi deyil ki, onun sonrakı mətbu və
siyasi fəaliyyəti İranda davam edir. “Tərəqqi”
qəzetinin 1908-ci ilin 10 avqustunda (N32) “M. Ə.” imzası ilə
onu “İrana dair. Təbriz əhvalatı.
Xüsusi müxbirimizdən”
başlığı ilə yazısı çap edilir.
Bundan sonra onun çox mürəkkəb və
maraqlı İran fəaliyyəti başlayır. M.Ə.Rəsulzadənin İrana getməsi ilə
bağlı müəyyən faktlar ciddi maraq kəsb edir.
M.Ə.Rəsulzadənin
İrana “Tərəqqi” qəzetinin müxbiri kimi getdiyi qeyd
edilir. 1908-ci
ildə ilk dəfə İrana gedən M.Ə.Rəsulzadə
sonradan Bakıya qayıtmış, burada “Tərəqqi” qəzetində
müxtəlif yazılar çap etmiş, “Nicat” Maarif cəmiyyətində
fəallıq göstərmiş, cəmiyyətin sədri
olmuşdur. Onun bir müddət Bakı Şəhər
Statistika İdarəsində çalışdığı
haqqında da məlumatlar var. O, Bakıda olduğu müddətdə
İranla əlaqəni kəsməmiş, 1908-ci ilin noyabr
ayının 24-də “Tərəqqi” qəzetində çap
edilən ictimai-siyasi yazısında və yenə həmin qəzetin
1909-cu ilin 15 yanvarında nəşr edilən “İran işlərinə
dair” digər yazısında İrandakı prosesləri təhlil
etmişdir.
M.Ə.Rəsulzadənin
İrana ikinci dəfə getdikdən sonra “Tərəqqi”də
çap olunan yazısı 1909-cu ilin martın 18-nə təsadüf
edir. “İran məktubları” başlıqlı
yazılarını ilkin olaraq İranın Rəşt şəhərindən
göndərir və bununla da onun İranda fasiləsiz iki ilə
yaxın fəaliyyəti başlayır.
M.Ə.Rəsulzadə
İrana həm də partiya tapşırığı ilə
RSDFP-nin Bakı Sosial Demokrat Komitəsi tərəfindən
Gilan inqilabına nəzarət üçün sonradan Rəşt
şəhərinə getmişdir. Sonradan o, mücahidlərlə
birlikdə Tehrana gedərək Məşrutə hərəkatının
fəalına çevrilmişdi. Eyni
zamanda o, İran Demokrat Firqəsinin qurulmasında və
proqramının yazılmasında iştirak etmişdir.
Məhəmməd Əmin Rəsulzadə sonradan yaxın dostu
olan Seyid Həsən Tağızadə başda olmaqla Avropada
oxumuş bir qrup İran ziyalısı ilə birlikdə
(Hüseynqulu Xan Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd
Rza və b.) 1910-cu ilin sentyabrında İran Demokrat
Partiyasını yaradır. 1909-cu ilin avqustun
23-də Tehranda Məhəmməd Əmin Rəsulzadənin
böyük fəallığı və təşkilatçılığı
ilə “İrani-Nov” (“Yeni İran”) qəzeti nəşr edilir.
Əslində bu qəzet İran Demokrat
Partiyasının ideyalarını, fikirlərini
yayırdı. Gündəlik milli, siyasi, ictimai, iqtisadi, ədəbi,
bədii, əxlaqi və məzhəbi “İrani-Nov” qəzetinin
naşiri Məhəmməd Əbülziya, Baş redaktoru Məhəmməd
Əmin Rəsulzadə idi. Bu qəzet müxtəlif
fasilələrlə 1911-ci ilin mayın ortalarınadək nəşr
edilib. M.Ə.Rəsulzadə qəzetdə
aşağıdakı imzalarla yazılar çap etdirib: “M.Əmin”;
“R-zadə”; “Rəsulzadə”; “M.Ə.Rəsulzadə”; “Nisi”. Bu imzalarla 29, imzasız dərc edilmiş baş məqalələrinin,
redaksiya şərhi və digər yazılarının
sayı isə 200-dən artıqdır.
M.Ə.Rəsulzadə
İranda geniş fəaliyyət göstərirdi. 1910-cu ildə
Tehranda onun farsca “Tənqidi-firqeyi etidaiyyun və ya
eçtiniaiyyun-etidaliyyun” (Mühafizəkar və ya
sosialist-mühafizəkar partiyaların tənqidi) əsəri,
1911-ci ildə isə Ərdəbildə “Səadəti bəşər”
kitabı (yenə farsca) nəşr edilir. M.Ə.Rəsulzadə
İranda olarkən Məşrutə Hərəkatının
rəhbəri Səttar xanla görüşür, onun qəhrəmanlığını
təqdir edir. Sonradan Bakıya qayıdanda
1914-cü ilin noyabrında “İqbal” qəzetində (N786) onun
ölümünə həsr etdiyi “Səttar xan” məqaləsini
çap etdirir. XX əsrdə İranda gedən
proseslərdə, xüsusən Məşrutə
inqilabında onun böyük fədakarlığını
qeyd edir. Yazır ki, bir zamanlar Avropa qəzetləri onun
adını “Qaribaldi” ilə bərabər tuturdular:
“İştə bu vaxtilə İran Qaribaldisi olan zat
ölmüşdür”.“İrani-Nov” qəzetində
siyasi məsələlər kəskin olaraq verilirdi. Bu mətbu orqan İrandakı əcnəbilərin
gizli fəaliyyətlərini açıb ifşa edirdi. Sədr Haşiminin qeyd etdiyinə görə Tehranın
Milli Məclis nümayəndələri öz nitqlərində
qəzetdə dərc olunan yazılardan istifadə edirdilər.
“İrani-Nov” qəzetində Məhəmməd Əmin
Rəsulzadənin və burada fəaliyyət göstərən
vətənpərvərlərin nüfuzu İran mürtəce
monarxist qüvvələrini narahat edirdi. Qəzetin
bağlanması və M.Ə.Rəsulzadənin buradan getməsi
üçün müxtəlif səbəblər
axtarılırdı. Bu işdə
Rusiyanın İrandakı səfirliyi də xüsusi fəallıq
göstərirdi. 1911-ci ildə mayın 25-də M.Ə.Rəsulzadə
“İrani-Nov”un 51-ci sayında qəzetin
naşirinə məktubunu çap etdirdi. Həmin məktubdan:
“Möhtərəm müdir! Qarşılaşdığım
maneələr ucbatından bir müddət qəzetçilikdən
uzaqlaşmağa və bu səbəbdən də
İranı tərk edərək xaricə getməyə məcburam.
Ona görə də kəmali-təəssüflə
məqamımdan artıq bağlı olduğum əziz
“İrani-Nov” qəzetindən istefa verirəm. Xahişim budur ki, mənim bu çarəsiz
ayrılıqdan hasil olan təəssüratımı və təəssüf
hissimi qəbul edəsiniz. Və əgər bu səbəbdən
Sizə, qələm yoldaşlarıma və “İrani-Nov”un möhtərəm oxucularına bir
narahatlıq üz verirsə bu istefaya görə əfv edin,
hərəkətlərimə göz yumun və məni məzur
tutun.
M.Ə.Rəsulzadə.
“İrani-Nov”un redaktoru” . Sonralar isə o,
İrandan getmək səbəbini belə
xatırlayırdı: “O zaman orada “İrani-Nov” qəzetinin
baş redaktoru idim. Avropa üsulunda İranda ilk
dəfə olaraq təsis olunan bu gündəlik demokratik qəzet
getdikcə artan rus nüfuzunun intriqaları ilə
bağlanırdı. O günlərdə Amerikanın
İranın mahiyyətini islah məqsədi ilə gələn
məşhur Morqan Şusterlə etdiyim siyasi müsahibənin
qəzetdə dərc edilməsinə görə Rusiya səfarəti
məni İrandan xaricə atdırmaq üçün təşəbbüs
etdi”.
M.Ə.Rəsulzadənin
İrandakı fəaliyyəti haqda çox sonralar, Məşrutə
İnqilabı dövründə birgə
çalışdığı, İran Məclisinin bir
zamanlar başçısı olmuş Seyid Həsən
Tağızadə böyük səmimiyyətlə
aşağıdakı sözləri yazacaqdı: “Rəsulzadə
bütün ömrüm boyunca Şərq dünyasında
rastlaşdığım, mübaliğəsiz söyləyə
biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məhəmməd Əmin bəy tərbiyəli,
qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbli,
doğru sözlü, mətanətli, tam mənası ilə
dürüst, fikir və yoluna dərin bir inam bəsləyən,
fədakar, mücahid və örnək bir insandı.
Böylələrinə zamanımızda və hələ
bizim tərəflərdə rastlaşmaq həmən-həmən
amansız olduğu kimi bütün dünyada da rastlanmaz!” ... Rəsulzadə İran
inqilabının başlanğıc dövrəsində
Bakıdakı İranlı hürriyyətsevərlərlə
işbirliyi yaradaraq kiçik istibdad dövründə Rəşt
şəhərinə hərəkət etmişdi. Eyni ilin ortalarında
M.Ə.Rəsulzadənin
yaxın silahdaşı olmuş Mirzə Bala Məmmədzadə
1955-ci ildə Ankarada nəşr edilən “Azərbaycan”
jurnalının 12-ci sayında yazırdı: “Hələ bu
inqilab hərəkatını, eyni zamanda İran müstəmləkə
halına salmaq və Türkiyəni mühasirəyə salmaq
istəyən Rusiyaya qarşı da bir qiyam mahiyyətində
olduğu düşünülür və bu hərəkatda
qafqazlı hürriyyətsevərlərin də mühüm
rol oynadıqları göz önündə tutulursa, Rəsulzadəni
sövq və təşviq edən qüvvət daha aşkar
anlaşılmış olur”.
Qeyd edək ki,
İranda Məşrutə Hərəkatı
yatırılandan sonra, Millət Məclisi
dağıdıldı və inqilabçı, hürriyyətsevərlər
isə cəzalandırıldı. Bu vəziyyətdə
Məhəmməd Əmin Rəsulzadə yaxın dostu Seyid Həsən
Tağızadə ilə birlikdə Türkiyəyə getdi.
Nəsiman YAQUBLU
525-ci qəzet.- 2011.- 14 may.- S.26.