Azərbaycan təşəkkülündə “Müsavat”

 

Azərbaycan Xalq Cümhuriyyəti – 93

 

Müstəqil, demokratik Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 93-cü ildönümü yaxınlaşır. Xalqımızın çoxminillik tarixinin bu möhtəşəm hadisəsini, onu reallaşdıran fədakar mücahidlər nəslini şükranla anmaq, bu əzəmətli fütuhatın tarixini bütün incəliklərinə qədər hərtərəfli araşdırmaq borc olaraq qalmaqdadır.

Bu dəfə “525-ci qəzet”in oxucularını Cümhuriyyətin banisi M.Ə.Rəsulzadənin 1919-cu ilin dekabrında “Müsavat”ın II qurultayı nümayəndələri üçün oxuduğu “Azərbaycan təşəkkülündə “Müsavat” mövzusundakı mühazirəsinin nəşr olunmuş mətni ilə tanış etmək istəyirəm. Məncə, naməlum olan çox mətləblərə aydınlıq gətirilir.

Ərəb əlifbasından müasir əlifbaya çevirdiyim əsərin transliterasiyasının redaktoru professor Şamil Vəliyevdir.

 (M.Ə.Rəsulzadə əfəndinin mühazirəsi)

Əfəndilər!

Bəndən əvvəlki arkadaşımız sizə türklügün uzaq tarixindən bəhs elədi. Bən sizə sizin də yaşadığınız, bərabər içində bulunduğumuz və kəndimiz yaratdığımız tarixdən söhbət edəcəgəm. Bu da bir türk tarixidir. Türk tarixinin bir parçasıdır.

Müvərrixin ən böyük məziyyəti bitərəflikdir. Fəqət “Azərbaycan təşəkkülündə “Müsavat”” mövzuini Sizə anlatdığım əsnada bir müsavatçı və həm də anladacağım tarixdə iştirak eləmiş bir şəxs olmaq həsəbilə nə qədər bitərəf qala biləcəgəm, biləmiyorum. Yalnız bu qədər ərz edə bilərəm ki, bir firqəçinin yapa biləcəgi qədər bitərəf olmaya səy edəcəgəm. Müvəffəq olarsam, məmnun qalaram.

Əfəndilər, Azərbaycan Cümhuriyyəti böyük Rusiya imperatorluğunun inqazi üzərində qurulmuş siyasi bir binadır. Rusiyanın o böyük, onların fikrincə böyük Rusiya gərək zamanın hakim bir fikri olan milliyyətə istər-istəməz hesab verə idi. Milliyyət isə yalnız mədəni məsələlərin idarəsilə təmin olunamazdı. Lazım idi ki, milliyyət bir hökumət şəklində təzahür etsin. Bunun üçün də Rusiya milli-məhəlli muxtariyyətlərdən təşəkkül etməli idi. Rusiya türklügü dəxi bir parça degil, müxtəlif muxtariyyətlərdən ibarət olmalı idi. Azərbaycan, Türkistan, Başqırdıstan, Qırğızıstan, Krım və sairə birər muxtariyyət halında qurulmalı idi. Bu türk muxtariyyətləri daxili işlərində sərbəst qalmaqla bərabər, ümumi işlər üçün bütün Rusiya muxtariyyətləri ilə, milli və dini işlər üçün də türk və müsəlman muxtariyyətləri ilə federasyona girər və əqdi-ittifaq edərlər.

Şəkl etibarilə bir az fərqli olaraq bu fikir bütün türk ellərində az-çox mövcud olub, getdikcə kəsb-nüfuz etməkdə idi.

Az zamanda bütün Rusiya türklügüni qazanmış olan bu fikir, ilk öncə Qafqasiyada təbəəllər etmişdi.

Gəncədə yeni təşəkkül edən Türk Ədəmi-Mərkəziyyət firqəsi, Bakıda nəşr olunan “Açıq söz” qəzetəsi və o zamanə qədər milli bir poqramla gizli olaraq icrayi-fəaliyyət etmiş bulunan “Müsavat” firqəsi bir anda biri-birlərindən pək o qədər xəbərləri olmadığı halda bir dürlü düşünmüş: Qafqasiya qurultayında bənim məruzəmlə Gəncənin proqramı və müsavatın təklifi tamamilə bir mənada zühur eləmiş, Rusiya üçün federasyon, burası üçün də Azərbaycan muxtariyyəti tələb edilmişdi (alqışlar).

Qafqasiya qurultayı hər nə qədər Rusiyanın federasyon əsası üzərinə qurulmasına qərar vermişdisə də, qurultayda müxalif bir nəzər müdafiə edən digər cərəyanlarla bir etilaf yaparaq hərflərin nöqtəsini qoymaqdan özünü saxlamış; milli-məhəlli muxtariyyətlər və əzcümlə Azərbaycan muxtariyyəti həqqində sərih bir söz söyləməmişdi.

Bu xüsusdakı qəti sözü daha şümullı bir məclis olan Moskva qurultayı söyləmiş oldu.

Moskva qurultayı həqiqətən də möhtəşəm və tarixi bir məclis idi. Minə qədər mürəxxəs vardı. Rusiya türklügünün bütün elləri, bütün sinifləri, bütün cinsləri burada təmsil olunuyordu. Qurultay kürsüsünə çıxınca hakim bir qələyə çıxmış da bütün türk aləmini eyni ilə seyr ediyor kibi bir mənzərə görürdünüz. İştə bu möhtəşəm məclisdə türk xəlqinin idealı bulunan istiqlal qədəməsini təşkil edən milli-məhəlli muxtariyyət nəzəriyyəsinin müdafiəsi şərəfi – nə qədər məsudam ki, – bəndənizə nəsib olmuşdu (alqışlar).

Yeddi günlük mübarizədən sonra türk federalizmi naminə müdafiə elədigim qərarnamənin, dan yeri sökülənə doğru, əzim bir əksəriyyət qazandığı zaman o zahiri qiyafələri, müxtəlif, fəqət batinləri böyük duyğu ilə möhtəd türk elləri mürəxxəslərinin ətrafı alıb “bən təslim!” – deyə yapdıqları təqdirlərdən aldığım səmimi zövqü heç bir zaman unutmam! (alqışlar).

Əvət, əfəndilər, Rusiya çarizminin yerində türklügi təmin edə biləcək idarənin mətlub bir şəklini Rusiya türklügi türk ellərinə məxsus milli-məhəlli muxtariyyətlər təmin edəcək bir federasyon şəklində görmüşdü. Bu cüzidən olaraq Azərbaycan ləvai cümhuriyyəti dəxi açılmış idi (alqışlar).

Azərbaycan şüarı ortaya atılmış, fəqət bu şüarı bənimsəyən firqə “Müsavat” olmuşdu.

O zaman federalizm və sonra da azərbaycançılıq pək də mərğub fikirlərdən degildi. Bu kərə Qafqasiyada federalizmdən bəhs eləmək böyük Rusiya inqilabına qarşı bir ihanət idi. Kəndilərini böylə bir ihanətdən mühafizə və müdafiə edə bilmək üçün bu gün ən qatı bir istiqlalçı keçinən gürcü sosial-demokratları gürcü federalistlərini “gözüm çıxdı”ya salmışlardı.

Qafqasiya müsəlman qurultayında isə bu məsələyi açıq məclisdə degil, qapalı iclasda müzakirə etmək təklifi vaqe olmuş və bu ehtiyatlı tədbir az qala qəbul edilmişdi. Çünki, bu “nankor” fikrin əvvəlcə Qafqasiya müsəlmanlarından zühur etməsi Rusiyaya qarşı bir təmərrüd və küfran kibi tələqqi oluna bilərdi.

Nasıl ki, bəzi siyasi məhfillər tərəfindən öylə də tələqqi edildi. Bu yolda gərək saldatlar və gərək rus əmələləri arasında az təftin edilmədi... Fəqət onsuz olacaqmıdı?!...

Azərbaycan muxtariyyət şüarını artıq günün məsələsi halına qoymuş olan “Müsavat” firqəsi hər vasitə ilə bu məqsədə doğru getməkdə idi. İlk dəfə toplanan “Müsavat” firqəsinin qurultayı kəndi qərarı ilə artıq Azərbaycan muxtariyyətinin əsasını vəz edəcək məclisi-müəssisan dəvəti üçün qərar çıxarıyor və bunu Qafqasiya müsəlman milli komitəsindən tələb ediyordu. Eyni zamanda müsəlman korpusu təşkili üçün o zamanki hökumətlər nəzdində təşəbbüs ediyordu.

Azərbaycan muxtariyyəti şüarının düşməni dostundan çox idi. Bir kərə türk olmayan bütün rus firqələri və rus təmayülündə olan digər xristian firqələr bu fikrə tamamilə müariz idilər. Rus burjua firqələri Bakı sərvətindən əl çəkmək fikrilə heç bir növlə ülfət edə bilmiyorlardı. Məsəla, kadet firqəsinin nümayəndələrindən eşitmişdik ki, Abşeron yarımcəzirəsini hesabdan çıxarınız da, gerisində nə istəyirsiniz təmin edəlim. O zaman məhkum millətlərə müsaidkar görünən bolşeviklərin yerli nümayəndələri isə düşünüyorlardı ki: “Azərbaycan xəlqi daha inqilabla təmas etməmişdir. Onun üçün də buraya veriləcək muxtariyyət demokrasinin degil, bəglərin, xanların və ağaların muxtariyyəti olacaq, buna isə Rusiya demokratiyası qətiyyən razı olamaz. Rusiya burjuaziyası dəxi başqa səbəblərlə də olsa, yenə bu fikrə razı olamaz. Nəticədə müsavatçılar Azərbaycana xarabazardan başqa bir şey alamazlar”.

Xatirimdədir, Bakı bələdiyyəsində hökumət təşkili məsələsi müzakirə olunuyordu. “Müsavat” naminə buranın hökuməti yerli xəlq əlində olmalıdır, dedigim zaman bütün firqələri, bilxassə Rusiyanı təmsil edən sol firqələri acıqlandırmışdım. O günə qədər bizimlə bir dərəcəyə qədər yola gedən məhəlli bolşeviklər o gündən etibarən başqa dürlü rəftar etməgə başlamışlardı.

Axır böylə idi. Fəqət yar az da vəfakar degildi. O zaman müsəlman sosialistlərin ələmdarı bulunan “Hümmət” firqəsi başda doktor Nəriman olmaq üzrə Azərbaycan muxtariyyətinin ədüvv-canı idi. “Hümmət”ə görə biz milləti fəlakətə çəkiyor və mən qeyri-həqq millət naminə söz söyliyormişik. Azərbaycan fikri, türklük iddiaları xəlqin degil, bir taqım burjuapərəst “boşboğaz”ların imiş. Müsəlmanların mənfəəti “qırmızı əmələ bayrağının” altına toplanmaq və “Rusiya demokratiyasından” ayrılmamaqda imiş.

İslamçılar nəzərində də biz həqsiz idik. O zamankı “Rusiyada müsəlmanlıq” bizi təfriqəçilikdə, milləti-islamı parça-parça eləməkdə ittiham ediyordu.

Fəqət biz bütün bu hücumlara, bütün bu ittihamlara rəğmən diyorduq: Yaşasın Azərbaycan! (alqışlar).

Bolşeviklərin hökuməti əllərinə alıb Məclisi-Müəssisanı dağıtmaları üzərinə Rusiya əhvalı başqa bir şəklə girmişdi. Vətəndaş müharibəsi başlamışdı. Bu başlanan vətəndaş müharibəsi nəticəsində zühur etmiş və bizə sirayəti də mühəqqəq bulunan anarşidən Zaqafqasiyayı qurtarmaq məsələsi mövzui-bəhs idi. Nə yapılacaqdı? Zaqafqaziyadan intixab olunan Rusiya Məclisi-Müəssisan əzası Tiflisdə toplanmış, hasil olan vəziyyəti müzakirə eləmiş, dört milləti (türk, gürcü, erməni və rus) təmsil və bütün siyasi firqələrin nümayəndələrindən təşəkkül edən bu məclis Zaqafqayi felən mərkəzi idarədən ayrı bir vəziyyətdə tələqqi edərək bolşevik hökumətini tanımamaya qərar vermiş və məmləkəti idarə etmək üçün Tiflisdə Rusiya Məclisi-Müəssisan intixab listələrini artırmaq surətilə bir “Seym” təşkil etməyi münasib görmüşdü. 1918 sənəsi fevral ayının onunda Zaqafqasiya “Seym”i açılmışdı.

120-ə qədər varan Zaqafqaziya “Seym” əzasının 44-ü müsəlman idi. Burada Müsavat və bitərəflər sosialistlər bloku, “Hümmət” və “İttihad” namilə dörd siyasi zümrə var idi.

Hər nə qədər milli məsələlərdə “Seym”dəki müsəlman əza müttəhidən hərəkət ediyorlardısa da milli əməl mövzuinda azərbaycançı olan yalnız Müsavat idi. O birilər Rusiya miqyasında düşündüglərini bu dəfə o qədər yapa biliyorlardı ki, Zaqafqasiya miqyasında düşünüyorlardı. “Müsavat” “Seym”ə Məclisi-Müəssisan nəzəri ilə bakıyordu. Bəyannaməsində Azərbaycan muxtariyyətini qəti bir şəkildə qoyub Zaqafqasiya konfederasyonunu müdafiə ediyordu. Digər firqələrcə Rusiya yok, qarşıda Zaqafqasiya denilən bir əmri-vaqe vardı. Yalnız o əmri-vaqei qəbul edərək yenə “demokratiya”, yenə “islam”- deyə ancaq milli muxtariyyətdən bəhs etmək “cəsarətində” bulunuyorlardı.

Zaqafqasiya “Seym”i getdikcə Rusiyadan ayrılmaq fikrini ilərlilətiyordu. Bu isə Rusiya hakimiyyətini təmsil edən Bakı bolşeviklərini təlaşa düşürüyordu. Digər tərəfdən də cəbhələrdə bulunan rus saldatları Qafqasiya hüdudunu boşaldıb evə dönüyorlardı. Bunlar evlərinə döndükcə türklər əllərindən çıkmış topraqları birər-birər geri alıyorlardı. Bu isə rusların müttəfiqi olaraq Türkiyə ilə hərb etmiş olan erməniləri qorkutuyordu; bunun üçün də onlar Bakıda bolşeviklərlə anlaşaraq Türkiyənin təbii müttəfiqi bulunan Azərbaycan türklügünün qəlbgahında bir fitnə hazırlıyorlardı.

Bakıdakı daşnaq-bolşevik ittifaqı Azərbaycan muxtariyyət fikrinin mənbəyi və Azərbaycan türklügünün qəlbgahı olan Bakıyı əldə edib burasını rus bolşevizminin bir əssulhərakəsi halına qoymaq istəyordu.

Bütün Qafqasiyaya fövqəladə bolşevik komissarı təyin olunan Şaumyan Tiflisdə dikiş tutduramamış, qaçaraq özünü Bakıya salmışdı.

Saldatlar nizəsinə istinadla Müsavat əksəriyyətini qaldırıb süni bir surətdə bolşevik-daşnaqsaqan əksəriyyətindən təşəkkül edən sovet gundə bir növ ilə Bakı müsəlmanlarını təzyiq, milli hissiyyatlarını təhqir, siyasi hüquqlarını təhdid etməkdə və bu vasitə ilə xəlqi acıtmaqda idi.

Milli komitəyə təzyiq olunuyor, milli əskər təşkilinə müsaidə edilmiyor, bir gün iştab tutuluyor, o biri gün də əskərlərin silahları alınıyordu. Halbuki eyni zamanda erməni əskərlərinin nə silahına, nə də iştabə bir söz söyləniyordu.

Digər tərəfdən də zamanı, məkanı, hal və hissiyyatı, qüvvət və imkanı qalə almayan bəzi ümum firiblər xəlqi körükliyor düşmənin arzu elədigi toqquşma üçün müsaid bir zəmin hazırlıyordu.

Nəhayət, martın 17-si hülul ediyor. Müəssif vaqei-hadis oluyor. O gün çıkan “Açıq söz” qəzetəsinin bir nüsxəsi önümdədir. Burada bir məqalə var ki, müsəlmanları sükunə dəvət ediyor. Başda “Müsavat” olmaq üzrə bütün müsəlman firqələrinin dəvətnamələri var. Bunlar həyəcana düşməməgi tövsiyə ediyorlar. Fəqət bu nüsxə “Açıq söz”ün son nüsxəsidir. Çünki ondan sonrakı gün və ya bir gün daha sonra binasını yakmış, yurdunu viran etmişlər....

Əvət, bolşeviklər sözlərini tutmuş, daşnaqlarla birləşmiş, “Müsavat”a elani-hərb edərək Azərbaycan xəlqinə muxtariyyət əvəzinə “xarabazar” vermək istəmişlərdi.

Hər bir vasitə ilə “hərbin” önünə keçmək istəmiş olan “Müsavat” bir əmri- vaqe qarşısında qalınca istər-istəməz mübarizə edən millətindən ayrıla bilməmiş, həman səngərlərə yatmış, bacara bildigi qədər müdafiə etmişdir. Fəqət burjuilərə elani-hərb edən qatillər füqərayi-nası və münhəsirən müsəlman füqərasını üç günün müddətində mərhəmətsizcəsinə qılıncdan keçirdikdən sonra “sülh bağlamış”, yakdıqları “İsmailiyyə” binasındakı idarəmizdən apardıqları “Müsavat” bayrağını sovet dairəsində ayaqlar altına salaraq: “Türkiyənin Bakı cəbhəsi yarıldı!” demişlərdir.

Bakı Türkiyənin cəbhəsi degildisə də, türklügün qəlbi idi. Türklügün qəlbinə gələn zərbəyi bittəbii Türkiyə soyuqqanlılıqla tələqqi edəmiyəcəkdi...

Türkçülər bu ümiddə ikən Azərbaycan fikrinə səhl bakan siyasilər bu ümidə gülüyor, ona istehza ediyorlardı. “Hümmət”in məfkurəçiləri məğlubiyyət acısını çəkməkdə olan Azərbaycan əfkari-ümumiyyəsinə təlqin ediyorlardı ki: “müsavatçılar türkə ümid bağlayıb, Rusiyanın darbadağın olacağını düşündülər. Onlar türklərə ümid bağlayıb tarixi qonşu millətləri özlərindən nifrət etdirdilər. İkinci Rusiya inqilabını əlçatmaz cəzirədə görüb daha bununla tamam işlər bitdi deyərək “babam bənə kor dedi, hər gələnə də vur dedi” politikalar ilə iş gördülər”.

Görünüyor yoldaşları tərəfindən yalandan bizə bağlanan “müharibə” nəticəsində “İsmailiyyə” binasının, “Açıq söz” yurdunun başımıza uçurulan inqazı təsirilə “bolşevik”lər kibi zavallı hümmətçilər də düşünmüşlərmiş ki, doğrudan da müsavatçılar muxtariyyət əvəzinə “xərabəzar”larını aldılar; kəndiləri də, fikirləri də məhv oldu getdi.

Fəqət zavallı adamlar, başqalarının sifrei-mərifətindən rizəxar olan bu “mütəfəkkirlər” heç olmasa bunu dərk etməli idilər ki, “sovet hökumətinin qüvayi-nariyəsi” hər halda həqqaniyyətini isbat etməz. Nikolayın da qüvayi-nariyəsi çok idi. İnqilabçı ikən bunu xatırlamalıdılar ki:

“Xune-ərbabe-həmiyyət qərq edər

zalimləri,

Məşəle-əfkare-əhraranə sönməz

xun ilə” (alqışlar).

Fəqət deyəsən ki, bütün Azərbaycan xəlqi də artıq hümmətçilərin təbliğ elədigi yasa inanmışlardı. Deyəsən ki, doğrudan da azərbaycanlılar muxtariyyət degil, yalnız bir xərabəzar görəcək və arzui-milliləri yaralı yürəklərində qalacaqdı!

Çünki qüvvətli düşmənin ani surətdə endirdigi zərbə müdhiş idi. Bakıdan pərakəndə düşən qaçqınlar səfilanə bir surətdə ətrafa yayılıyor, hər tərəfdə qüvveyi-mənəviyyənin azalmasına səbəb oluyorlardı. Ümid Tiflisə idi. Bivəfa Tiflis, Bakı hadisəsinə laqeyd qaldı. Məsəla, müsəlman məbusların dad və fəryadlarına rəğmən o zaman vəziyyətin həqiqi hakimləri olan gürcülər və ermənilər işi təbiri-məxsusla “vələzzalinə” saldılar. Ötədən təcavüz etməkdə olan Türkiyəyə qarşı Batumımi müdafiə etmək istəyən gürcü müttəfiqlərimiz bu məsələdə kəndilərinə zəhir olacaq, deyə düşündükləri bolşevikləri incitmək istəmədilər. “Demokratik Bakı”ya qarşı “reaksioner” Gəncəyə rəsmi surətdə kömək verməkdən qaçdılar. Fəqət qeyri-rəsmi surətdə vəd elədigləri müavinəti də “leytülhalə”yə saldılar. Nəticədə Bakı kibi mühüm bir qüvvətə qarşı müdafiə dəxi təslihat və təşkilatca naqis milli komitənin kəndi himmətinə qaldı. Bakı qüvvəti isə fəsadlarını ilərilətiyor: Şamaxı, Salyan, Lənkəran və Nəvahi qəsəbələri təkrir ediyor, az qala Gəncə də süqut ediyordu. Bütün Şərqi Zaqafqasiya anarşi içində idi. Kişilər papaqlarını, qadınlar çarşaflarını başlarında saklaya bilmiyordu. Bütün bu fəlakətlərə məruz qalan azərbaycanlılar “Seym”dəki nümayəndələrini ittiham ediyordular. Onlar bu bəlalara çarə etmiyor, deyə düşünüyorlardı. Böylə ümidsizlik içində xəlqə öylə fikir gəliyordu ki, bu haldan kəndilərini qurtaracaq bir qüvvət var isə o da qardaş Türkiyə qüvvətidir. Türkiyə qüvvətinə müraciət olunmuş, istimdad edilmişdi. Fəqət onun da vəqti vardı. Gəlinəcək yollar halbuki uzun idi. Cana doymuş xəlq bunu dərk edəmiyordu. Zənn ediyordu ki, “Seym”dəki xainlər istiqlal, muxtariyyət və kəndimizə məxsus hökumət şüarlarıyla türkləri Qafqasiyaya burakmaq istəmiyorlar.

Bu zəmində millət nümayəndələri ilə millət arasında bir yanlışlıqdır gediyordu. Bu yanlışlığı süni surətdə körükləyənlər və əfkari-ümumiyyədə bilxassə “Müsavat” firqəsinə qarşı cərəyan hasil etdirənlər də az degildi.

Başda “Müsavat” olmaq üzrə bütün müsəlman firqələri Zaqafqasiyayı Rusiyadan qəti surətdə ayırmayı həm bizim, həm də bütün türklük dünyası ilə islam aləmi üçün bir qazanc görmüşdülər. Bunun üçün Zaqafqasiyanın istiqlalını müdafiə etmək və bu əsasın müdafiəsi üçün bəyanatda bulunmaq lazım idi.

Halbuki Şərqi Zaqafqasiyada zühur edən anarşıdan mütəvəllid yas və ümidsizlik bir taqım macərapərəstlərə ilhaqçılıq deyə, yanlış bir cərəyan hüsula gətirmək imkanı vermişdi. Türkiyə naminə hərəkət edən bir taqım macərapərəstlər, yerli ürəfadan azərbaycanlıların kəndi istedadlarına imanı zəif olanlarla vəziyyəti-siyasiyyəyi və Türkiyə əhval və təmayülatını iyicəsinə bilməyənlər doğrudan doğruya bu cərəyanı körüklüyürlardi.

İlhaqçılar türklərin Zaqafqasiyaya gəlmələrinin təxirini “Seym”dəkilərin istiqlalçılıqları ilə izah ediyor, diyorlardı ki, əgər azərbavcanlılar istiqlal degil, ilhaq nəzərində dursalar, o zaman türklərin də buraya gəlmələri mühəqqəqdir. Sanki türk qardaşını qurtarmaq üçün osmanlılar təzminat istəyəcək; sanki buralarını xilas etmək üçün degil yalnız zəbt etmək üçün gələcəklərdi.

Həqiqət tamamilə bunun ziddinə idi. Türklər buraya dəvət olmuş və bir az əvvəl gəlmələri üçün israr edilmişdi. Dəvət edənlər də, dəvət etməməklə töhmətlənən “müsavatçılar” idi. Trabzon muxtarəsini, Batum müraciətnaməsini bütün firqə nümayəndələri imza etmişlərdisə də məzkur vəsiqələrin təhriri müsavatçı qələminə məxsus idi. Nəhayət, Məclisi-Milli naminə və xariciyyə naziri naminə türk ordusunu rəsmi surətdə imdada dəvət edənlər yenə müsavatçılar idi.

Hal böylə ikən “Müsavat”ın türk düşməni deyə adı çıkmış; türkçülügün bu vilayətlərdə mürəvvici tanınan adamlar türk ziddi görülmüş, əvəzinə daimən rus boşqabı yalamaqdan başqa məziyyətləri və türklük həqqində zərrə də olsa düşüncələri olmayan adamlar “türkofil” çıkmışlardı.

Təbiidir ki, burada sinfi və şəxsi qərəzlər dəxi zimdəxəl idi. Məsəla, Gəncəyə qaçıb toplanmış olan mürtəce qüvvətlər türk istixlas ordusunu əhatə edərək Şurayi-Milli əleyhində bir cərəyan hüsula gətirmiş, nəhayət məzkur məclisi kəndisini fəsx etmək dərəcəsinə gətirtmişlərdi. Fəqət o zamankı ilhaqçıların həpsini də əhli-qərəz – deyə ittiham edərsək, həqsizlik etmiş olurlar. Çünki bir çokları vardı ki, səmimi olaraq ilhaqçı idilər. Kəndimizi idarə üçün mühəyya olmadığımıza qane olub, digər tərəfdən də iki türk xəlqinin bir idarə altında olmasında məhzur görmiyorlardı.

Halbuki Ədəmi-Mərkəziyyət üsuluna sadiq qalan müsavatçılar türkiyəli qardaşlarımızı imdadə çağırmaqla bərabər keçici zamanın təsirinə qapılmamışlardı. Onlar Türkiyəyi dəvət edərkən Azərbaycan istiqlalını unutmamışlardı. Çünki ilhaqçı bulunan zəvatın altı ay sonra kəndilərinin qalkıb da istiqlalı arayacaqlarını bilirlərdi. Əlavə olaraq bunu da biliyorlardı ki, Qafqasiyaya gələn türk ordusu yalnız xilaskar bir ordu sifətilə gəlib niyyətində cahangirlik qəsdi yokdu. Görüşdügümüz türk ricalında dəxi buradakı bir taqım türk zabit və çavuşlarının nəşr elədigləri ilhaqçılıq fikrini görmiyorduq. Zaqafqasiya istiqlalı və Zaqafqasiya vəhdətinin tanınmasını Türkiyə siyasi iqtizasından olduğunu Rauf bəy də, Xəlil bəy də, Ənvər paşa da, Camal paşa da həpsi söyləyib duruyorlardı. Batumı doldurmuş olan bütün əhali vəkillərinə Xəlil bəyin bir cavabı vardı “rəsmi vəkilləriniz sizi satmıyor, onlar sizin hüququnuzu daha iyi müdafiə ediyorlar”.

Əvət, əfəndilər, “Müsavat” – bir çok mühüm əzalarının da bu xüsusda ayaqları sürüşdügünə rəğmən – firqə olaraq iddia edə bilər ki, ilhaqçılıq mərəzinin şiddətinə rəğmən məsləksizlik etmədi, Azərbaycan nəzəriyyəsi və türk federalizmi binaları üstündə möhkəm durdu.

Çünki “Müsavat” inanıyordu ki, ayrı-ayrı türk irmaqlarını zorlamaqla degil, yalnız təbii bir yol ilə birləşdirmək mümkündür. Bunun üçün də türk ellərinin təbii məcrayi-tərəqqilərini təmin etmək kafi idi. Bu olduqdan sonra təbii məcrasıyla akan türk çayları kəndiləri qovuşub da böyük bir türk nəhri təşkil edərlər (gurultulu alqışlar).

Bu nöqteyi-nəzərində israr edən firqə, həqiqətən də fəci bir vəziyyətdə qalmışdı. Özümüzkilər bizi türk xaini ədd ediyorlardı. Halbuki Tiflis qəzetələri Müsavata Türkiyə firqəsi və liderinə sultanın tabei deyə hər gün hücumlar yapıyorlardı. Bolşeviklər dəxi bizi Zaqafqasiyayı Rusiyadan ayırıb da türk imperializminə fəda etməklə töhmətləndiriyorlardı.

Əl-haqqu ya lu va lə yulə əleyh*!     

Türklərin mütarikə şəraiti-mucibincə Bakıyı və bütün Zaqafqasiyayı tərk edib getmələri müqərrər idi. Türklər çəkiliyordu. Əvəzinə kəndisi ilə hərb etdigimiz ənud bir düşmən qüvvəti gəliyordu. İngilislər paytaxta gələcəklərdi. Bu surədə Gəncədə fəsx edilmiş Şurayi-Milli təkrar toplanmışdı. Şurayi-Milli ədədini artıraraq parlaman şəklini iktisab etməkdə idi ki, ingilislər Bakıya girəcəklərini teleqrafla bildirdilər.

Vəziyyət müşkül idi. Ümidi-nicat yalnız “Azərbaycan Cümhuriyyətinin vücudunu isbat edə bilməyə” qalmışdı. Bərəkət versin ki, ilhaqçılar tamamilə müvəffəq olmamışlar da cümhuriyyətin ünvan və xüsusatı baqi qalmışdı.

Ənzəliyə Əhməd bəy Ağayev ilə Nəsib bəy əfəndidən ibarət göndərdigimiz heyət bir Azərbaycan hökumətinin vücudundan bəhs eləmişlərdisə də bunun doğru olub-olmadığını Tomson məhəllində təhqiq edəcəgini anlatmışdı.

Mətləbi təfsil etməyəlim. Siz də bilirsiniz ki, ingilislər nə halda şəhərə girdilər. Onlar yalnız degildi. Kəndilərilə bərabər müttəfiqləri bulunan biçeraxovlar və sair düşmən qüvvətlər dəxi şəhərə girmişlərdi. O qara gündə başımız üzərində uçuşan Biçeraxov ayroplanı gözaydınlıq kağızları səpiyordu. Fəqət bu gözaydınlıq bittəb türklərə və müsəlmanlara degil, düşmənlərimizə idi. Bu kağızlarda deyilirdi ki, müvəqqəti bir zaman üçün ana vətəndən ayrı düşən rus şəhəri Bakı, təkrar rus ordusunu görməklə məmnun olsun, şadlansın.

O nə günlər idi! Siz əksəriniz onu görmüşsünüz. Artıq yürəklərinizin yarasını qaşımaq istəməm. İngilis komandanlığına: burada istiqlalını istəyən bir millət yokdur; Azərbaycan hökuməti Türkiyə komandanlığının zadeyi-siyasətidir, deyə fısıldıyorlardı. Bunu sadə bir Osmanlı intriqası qələminə veriyorlardı.

Biçeraxovun bəyannaməsini general Tomsonun bəyannaməsi təvəlli etdi. Bu bəyannaməsində o, Ufada təşəkkül edən müvəqqət Rusiya hökumətinin müvafiqəti ilə buraya gəldiyini və qalib müttəfiqlər ordusunun vətənlərinə dönmədən əvvəl rus millətinə qarşı son vəzifeyi-şükrani əda etmək üçün gəldiyini söylədi.

Dünki ilhaqçılar özlərini itirdilər. Çarə aramağa başladılar. Türkiyə əvəzinə Ufayı qəbul etdilər. Bakıya gələn rus firqələri bizə mərhəmət göstəriyor, yeni təşkil edəcəkləri müvəqqəti hökumətdə bir-iki nəzarət yerləri təmin ediyorlardı. Böyük bir cərəyan hasil olmuşdu. İstiqlalımızı ləğv edək, Ufa hökumətini tanıyaq, tainki “milləti qurtaraq!”.

Bu idi dünki türkçülərin, Azərbaycan istiqlalına barmaq arasından bakan ilhaqçı əfəndilərin zehniyyəti. Onlar bir dərəcəyə qədər kəndi prinsiplərinə sadiq qalmışlardı. İlhaqçı idilər. Nə zərəri var İstanbula degil də Ufaya olsun. İlhaq- ilhaq degilmi?!...

Fəqət Müsavat istiqlalçıları bu dəfə də bərk durmuşlardı. Hökumətə əcnəbi qəbul etməli, parlamana erməni rus nümayəndələri zatən bırakılıyordu. Fəqət istiqlal prinsipini əldən vermək olmaz. Bu kərə müsavatçılar ən səbatlı rəfiq olmaq üzrə islamçıları degil, sosyalistləri buldular. Bu da təbii idi; çünki iltihaq edəcəyimiz Rusiya demokratik bir Rusiya degildi.

Səbat politikası nəticə verdi. Məclisi-Məbusan açıldı. Fətəli xanın ikinci kabinəsi təşəkkül etdi. Tomsonun ilk qəbulu elan olundu. İngilis komandanlığı Azərbaycanda Fətəli xanın hökumətindən başqa bir hökumət tanımayor, dedi. Digər məsələlər isə Paris sülh konfransında həll olunacaq- deyə rusiyaçıların bizə qarşı olan davasını fəsl etmiş oldu.

Azərbaycançılıq qazanmışdı. Əcəba, istiqlalçılıq inadı olmasaydı – sorarım sizə – Azərbaycan türklüyü qurtara biləcəkmidi? İstanbul mütarikəsi ilə Qafqasiyayı tərk edib gedən Türkiyə ordusu ilə bərabər Azərbaycanın hürriyyəti də məhv olub gedəcək, burada bu günki Azərbaycan yerində yellər əsəcək və bu günki milli ordu əvəzinə ya Denikin ya bolşevik dəstələri gəzəcəkdi (alqışlar).

Dekabrın yeddisində parlaman mütəntən surətdə açıldı. Düşmən qüvvətlərin təhdidi və böyük bir xof və rica içində olaraq ilk məclisini açan Azərbaycan parlamanında bütün firqələr bilaistisna Azərbaycan istiqlalını göz bəbəyı kibi mühafizə etməyə əhd ediyor və yüksək səslə deyirlərdi ki:

Bir kərə yüksələn bayraq bir daha enməz! (alqışlar).

“Müsavat” kitabxanəsi, sayı 5

M.Ə.Rəsulzadə

(Həftəlik “Müsavat” mühazirələri)

Heyəti-mərkəziyyə tərəfindən nəşr edilmişdir

Bakı, “Azərbaycan” qəzetəsi, Hökumət

Mətbəəsi 1920.

Müvərrix – tarixçi

Təbəəllər – billurlaşma

Şümul – əhatəli

Səfra – başgicəllənmə

Mürəxxəs – vəkil, müvəkkil

Mərğub – rəğbət olunan

Təmərrüd – asi olma, itaətsizlik

Məhfil – məclis, heyət

Müariz – etiraz edən

Müsaidkar – əlverişli

Ədüvv – düşmən

Fərib – aldatma, hiylə

Riza – məmnun, razılıq

Müqərrər – qərarlaşdırılmış

İktisab – kəsb etmə, qazanma

Zimədxəl – dəxaləti olan, dəxalət sahibi

*Haqq fəqət yüksəlir və heç nə ona çatmaz

 

 

Şirməmməd HÜSEYNOV

 

525-ci qəzet.- 2011.- 14 may.- S.24-25.