Oralarda kimlər var: Zəlimxan Yaqub-3

 

 Xalq şairi Zəlimxan Yaqubun danışmaq hızına heç bir qələm sahibi çatdıra bilməz və onun danışığı da yazı tərzinə çox yaxın olduğundan üz-üzə oturmaqdan vaz keçdim.Sualları göndərdim və cavabları aldım.Öz tempinə uyğun suallara cavab verdi.Temp beləydi: sualları alandan bircə gün sonra, yalan danışdım deyəsən bir neçə saat sonra telefon açdı və : sualların məni tərpətdi,qulaq as, ilk üç sualına cavab vermişəm. Ev telefonuyla yenə də öz tempində oxudu cavabları. Qulaq asdım və sonunda dedi: necədi səninçün? Bu SƏNİNÇÜN deyimini o bir az da şirin deyir və hansı ləhcənisə yamsılayıb deyir.Bunlar öz yerində. Və mənim başqa bir qazancım oldu.Zəlimxan bəy, mənə dedi ki, cavablarıma müdaxilə edə bilərsən.Bax, bu oldu çox gözəl bir iş.Doğrudur Zəlimxan o qədər sərrast və o qədər düzümlü danışıb, yazır ki,ona müdaxilə eləmək çox çətindi.Amma yenə də bu azadlığı aldığım üçün sevindim. Və onun dediklərinə müdaxiləm çox olmasa da, var ancaq. 1986-cı il idi.Səməd Vurğunun səksən illiyi Azərbaycanın hər yerində çox böyük təntənə ilə qeyd olunurdu. Xüsusi qatar hazırlanıb. Təşkilat komitəsi dövlət səviyyəsində işlərini tamamlayıb. Bakıdan Qazağa qədər bütün yol qırağı rayonlarda tədbirlər keçirməliyik. Çox böyük nümayəndə heyəti – şairlər, alimlər, rəssamlar, bəstəkarlar, müğənnilər, aşıqlar yola çıxmağa hazırlaşır. Bu məqamda dedilər ki, AZİ-nin rektoru İsmayıl İbrahimov zəng edib ki, bu gün bizim İnstitutda (indiki Neft Akademiyası) S.Vurğunun yubileyidir, siz hamınız gedirsiniz, bəs mən bu yubiley məclisini kimlə keçirəcəyəm. Xeyli söz-söhbətdən sonra qərara aldılar ki, qatarı bir saat gecikdirək, tədbiri də bir saat irəli çəkək. Belə də oldu. AZİ-də tədbir başladı. Rektor məclisi açdı, sözü bir-bir qonaqlara verdi. Söz mənə də çatdı. Mənim çıxışım zalda böyük təlatüm yaratdı, gəlib yerimdə əyləşsəm də alqışlar kəsmədi. Məni ikinci dəfə məcbur səhnəyə qaytardılar. Yenə həmin alqış. Yenə həmin titrəyən salon. Tədbir başa çatandan sonra ordan çıxıb, yaxın olduğu üçün vağzala piyada gedirik. Yolda rəhmətlik Xudu Məmmədov mənə yanaşıb özünəməxsus sakit bir səmimiyyətlə əlimi sıxdı, təbrik elədi və o zaman mənə hələ çox aydın olmayan həyatın acı bir həqiqətini söylədi. “Əzizim Zəlimxan, orda səndən başqa heç kəsi ikinci dəfə kürsüyə dəvət etmədilər. Bu, sənin üçün yaxşı əlamətdir. Ancaq alqışlar səni çaşdırmasın. Ömürlük yadında saxla, sən bu tarixi məclisdəki çıxışınla özünə həm dost, həm də düşmən qazanmaq üçün böyük bir yolun başlanğıcında artıq bu işin himni özün qoydun. Sən bu coşqun çıxışı eləməklə zaldakı min nəfərin yaddan çıxmaz sevgisini, rəyasət heyətində əyləşən bəzi həmkarların nifrətini, həsədini qazandın. İndən belə sənin ömrün zallarla kürsülər arasında dağ çayı kimi çırpınacaq, narahat bir ömür yaşayacaqsan. Ancaq ömürlük qulağından sırğa elə. Qoy səni beş-on nəfərin paxıllığı, həsədi yox, milyonların sevgisi, məhəbbəti, alqışı yaşatsın. Söykəndiyin ağac, arxalandığın dağ xalq olsun, xalqın istedadlılarına ağız büzənlər yox!” Allah sənə rəhmət eləsin, Xudu Məmmədov, nə yaxşı vaxtında sizin şahidliyinizlə belə bir hadisə baş verdi və mən bu qiymətli sözləri, tövsiyələri sizdən eşitdim. O qədər çaxnaşmaların, acı sözün, yaman gözün, pis üzün, köntöy baxışın sınağından salamat çıxmışam ki. Mən qarlı qış fəslində doğulduğum üçün həm təbiətin, həm də cəmiyyətin sərt və amansız üzünü görmüşəm. Qohum töhməti də, dost xəyanəti də, gözləmədiyim yerdə qəfil zərbə də görmüşəm. Yerli-yersiz, haqlı-haqsız bostanıma atılan daşlar da, insafsızcasına təhqirlər, təzyiqlər də görmüşəm, ancaq sarsılmamışam. Çünki özümü yaxşı tanımışam. Müqəddəs Quranımızda deyildiyi kimi: “özünü tanımayan rəbbini tanımaz”. Bütün bu həngamələrin qabağında yıxılmamışam. Ona görə ki, çox böyük şəxsiyyətlərin başına gətirilən çox böyük oyunların şahidi olmuşam. Bu illər ərzində Füzulidən Üzeyir bəyə, Axundovdan Mirzə Cəlilə, Səməd Vurğuna, Rəsul Rzaya qədər kimlər qaldı ləkələməyə can atmasınlar. Belə gərgin və narahat anlarımda dadıma Nazim Hikmətin ölməz misraları çatıb:

 

Sizin divarlarınız,

 Bizə vız gəliyor, vız!

Mənim yolum!

 

 Mən poeziyanın müqəddəs yoluna heç kəsi yamsılamadan öz yolumu seçib gəldim. Bu yol ana laylasından, sazdan, bayatıdan, aşıq poeziyasından, süddən-sümükdən, kökdən-yaddaşdan mayalanıb gəldi.

 

 Yaradanım yaxşı bilir,

 Yolum kimlərin yoludu.

Dünənin söhbəti deyil,

Lap qədimlərin yoludu.

 

Bu yolda qarşıma qəlbinin nuru, könlünün işığı, dilinin duası, xeyirxahlığı dünyaya işıq salan insanlar çıxdı. Elə insanlar ki, hər biri bir əsrin şöhrətinə çevrilən, bir xalqın başını ucaldan tarixi şəxsiyyətlər olub. Mən insan kimi, şair və vətəndaş kimi həyat və yaradıcılıq dərsimi, tərbiyəmi onlardan aldım. Ona görə həyatda, sənətdə nə qədər döyüldüm, çeynəndimsə ömrümdə heç kəsin könlünə toxunan bir hərəkətə yol vermədim. Başqalarını ucalda-ucalda özüm ucaldım. Çox böyük cəsarətlə deyirəm ki, zəngin bir yaradıcılıq yolu keçdim, üzümü dədələrə tutdum. Sazdan, Yunus İmrədən, Ələsgərdən, Mövlanadan, peyğəmbərdən, ilahi sevgidən, dövlətdən, dövlətçilikdən yazdım. Heydər Əliyevdən çox böyük vurğunluqla kitab bağladım, qəm dastanı yaratdım. Şeirim dillər əzbəri oldu, qara sazın yaddaşına köçdüm, ən ciddi siyasət şeiri hansıdırsa, onu da Zəlimxan səmimiyyətilə yazdım. Mənim bədxahlarım məni ləkələmək üçün yapışdılar mənim siyasi yaradıcılığımdan və siyasi fəaliyyətimdən. Ona müxtəlif adlar qoydular, müxtəlif rənglər yaxdılar. Ancaq onların heç biri məni dövlətimə, dövlətçiliyimə, xalqıma məhəbbətdən ayrı sala bilmədilər. Şekspirin bir fikrini özümə örnək seçdim. “Bütün tənqidlərin və təriflərin yanından ağayana keçib şahanə addımlayan kəslərə Allahın özü də qibtə edir.” Bir az böyük çıxsa da, bu yolu tutdum. Kiməsə xoş gəlmək üçün başqasının səsinə yox, öz ürəyimin səsinə qulaq asdım. Nəticədə gördüm ki, düz eləmişəm. Bütün dedi-qodular keçəcək, dedi-qodu eləyənlər də bu dünyadan köçüb gedəcək. Yaddaşlara köçən yaxşı əsərlər və yaxşı əməllər nəsillərə yadigar qalacaq. Bu çətin, özü də olduqca çətin yollarda necə oldu ki, önə çıxa bildim. Çox sadə bir cavabı var bu sualın. Zəhmətə Allah dedim, Allahı zəhmətimdə tapdım. Gecə-gündüz fasiləsiz mütaliə və yaradıcılıq eşqi ilə alışıb yandım. Heç vaxt boş şeylərə çənə vermədim. Ələsgər demiş: “Oxudum, öyrəndim, oldu öz malım.” Şeir-sənət yolumu başqa cür təsəvvür edə bilmirəm. Məni mühit belə yetirib. Nəyəmsə oyam. Nə sənətdə, nə də həyatda əllaməçilklə məşğul olmamışam. Heç ona ehtiyacım da olmayıb. Mən öz yaradıcılığında sazla sözü, şifahi ədəbiyyatla yazılı ədəbiyyatı birləşdirən şairlərin cərgəsində dayanıram. Vaqif, Vidadi, Səməd Vurğun, Osman Sarıvəlli, Hüseyn Arif hardadırsa, mən də orda, onların yanındayam. Mən ancaq tarixin arxivinə verilən, saralmış qəzetlərin səhifələrində yox, xalqın yaddaşında qalacağam. Mən asfalt üstündə gəzənlərin, məni burunlayanların yox, torpaq üstə gəzənlərin, təbiətin özü kimi təbii olanların şairiyəm! Bax, mən şeir yolumu başqa cür yox, belə təsəvvür edirəm.

 

 Vay o yola ki, onun sevən və sevdirən yolçuları olmaya!

 Mənim yolum da var, yolçularım da!

 Lələ mənim, Kərəm mənim, kül mənəm,

 Kül içində baş qaldıran gül mənəm.

 Sevgi adlı şah evində qul mənəm,

Şahdan gəlib şaha gedən yoldayam.

 

İrihəcmli şeir yaradıcılığınız, yəni poemalarınız bəllidir. Burada bir haşiyə: Səməd Vurğun kimi dram əsərləri yazmağa meyliniz olubmu və ya planınız varmı? Təbii ki, siz şeirlərinizlə də Azərbaycan ədəbiyyatında qalmağa layiq bir yaradıcısınız, bunu danmaq olmaz.

 – S.Vurğun kimi dram əsərləri yazmağa meylim olmayıb, planım da yoxdur. Ancaq neçə illərdi ruhumda bir romanın dünyaya gəlmək arzusu var, sağlıq olsun. Yaşayarıq, yazarıq, oxuyarıq! –Səməd Vurğundan söz düşmüşkən.Başqa bir sual ağlıma gəldi.Siz hələ Xalq şairi adını almazdan öncə yanlışmı, yoxsa xoş bir zarafatlamı yoxsa məhz elə layiqdiniz deyə sizi Xalq şairi olaraq təqdim ediblər Salyanda keçirilən böyük bir tənətənli məclisdə. 2004-cü ilin axırları idi. Bakıdan bir neçə ziyalı Salyan şəhərinə sovet dövrünün çox məşhur təsərrüfat adamı, el ağsaqqalı, Sosialist Əməyi Qəhrəmanı Qüdrət Səmədovun anadan olmasının 100 illik yubileyinə dəvət edilmişdik. Tərkibdə xalq şairimiz Vaqif Səmədoğlu da var idi. Məclis Sarvan mədəniyyət evində təşkil olunmuşdu. Çox böyük bir izdiham var idi. Vaqif Səmədoğlu, sevimli ağsaqqal alimimiz İmamverdi Əbilov və mən rəyasət heyətində əyləşmişdik. O məclisdə çox maraqlı çıxışlar, söhbətlər oldu. Qüdrət Səmədovla bağlı ən yaddaqalan çıxışı Vaqif Səmədoğlu elədi. Günlərin birində Səməd Vurğunun əziz dostu Qüdrət Səmədov böyük şairi görmək üçün Yazıçılar İttifaqına gəlir. Məlum olur ki, içəridə çox qanqaraldan bir iclas gedir. Qüdrət müəllim Yazıçılar ittifaqının katibəsi Kübra xanımdan xahiş edir ki, Səməd Vurğunu eşiyə çağırsın. Kübra xanımın içəri girməyi ilə Səməd Vurğunun bayıra çıxmağı bir olur. İki dost qucaqlaşır. Səməd Vurğun Qüdrət Səmədovu iclas zalına dəvət edir. Qüdrət Səmədov getmək istəməyəndə şair onu məcbur içəri aparır. Rəyasət heyətində M.İbrahimov, S.Vurğun, Qüdrət Səmədov və başqaları əyləşir. Birdən Səməd Vurğun astadan Qüdrət Səmədovun qulağına deyir ki, Qüdrət, mən ölüm bu köpəkuşağına söy. Qüdrət müəllim heyrətlə, astadan deyir ki, ay Səməd, nə bura Salyanın düzüdü, nə də burda əyləşənlər Sarvanın kolxozçuları. Hamısı yazıçı, şairdi. Bu məqamda Kübra xanım Səməd Vurğunu telefona çağırır. Fürsəti fovtə verməyən M.İbrahimov özünəməxsus tərzdə – “Qüdrət, Səməd sənə nə deyirdi” deyəndə, Qüdrət Səmədov hündürdən gur səsə deyir: Mirzə müəllim, Səməd Vurğun köpəkoğlu mən köpəkoğluna deyirdi ki, siz köpəkoğluna söyüm”. Məclisdə gülüş qopur, yazıçıların bir az əhval-ruhiyyəsi düzəlir. İkinci epizod mənimlə bağlıdır. Aparıcı mənə söz verəndə çox təntənəli bir təqdimat verdi: Türk dünyasının xalq şairi Zəlimxan Yaquba söz verilir. Onda mən hələ rəsmi xalq şairi adına layiq görülməmişdim. Çıxışım çox böyük coşquyla qarşılandı. Alqışlar kəsməmiş zaldan bir ağsaqqal ayağa durub çox böyük həvəslə – bugünkü çıxışına görə mən ona Salyanın xalq şairi adını verirəm, – dedi. Bu təklif də yaxşı mənada səs-küylə qarşılandı. Biz Bakıya qayıdandan bir neçə gün sonra mənə Azərbaycanın Xalq şairi fəxri adı verildi. Təbrik teleqramları, şəxsi təbriklər dalğası başladı. Kim mənim əlimi sıxıb fəxri adımı təbrik edəndə, xüsusən Salyanlı dostlarım məni təbrik edəndə gülə-gülə deyirdim ki, Salyan səfəri mənə düşdü. Əgər Salyanda mənə xalq şairi adı verməsəydilər mənim Azərbaycanda xalq şairi olmağım çətin olardı. Bu da bir görüşlə bağlı turşməzə söhbətdi, qatdım bu yazının gözünə. Səxavətli olduğunuzu hamı deyir, amma açığını deyim ki, mən sizin səxavətli olduğunuzu yalnız eşitmişəm və son illərdə çıxan bir kitabımı almaq cəhdinizi görməmişəm və heç maraqlanmamısınız da ki, nə var, nə yox. Bir haşiyə çıxım: bir dəfə sevimli Rəşad Məcidə dedim ki, əfəndim, sən elə bilirsən mənim maddi sıxıntım yoxdu və hər dəfə kitabımı sənə verəndə alıb sakitcə stolun üstünə qoyursan. Onun nə dediyini açıqlamıram. Çünki, şirin bir söz idi, amma həqiqət deyildi. – Mən səxavətimi nümayiş etdirmək üçün sərgiyə qoyan deyiləm. Sağ əlin verdiyini sol əl bilməməlidir. Bilsə onda o xeyirxahlıq yox, bədxahlıq olur. Kimin nə vaxt, harda maddi və mənəvi problemi yaranırsa gücüm çatan dairədə mən ona maddi və mənəvi dəstək olmağa can atıram. Bu, mənim dəyişməz, əbədi xarakterimdi. Sənin kitabını alıb-almamaq da səxavət deyil, kitabsız, filansız kimsə sənə qayğı göstərirsə o səxavətdir. Arxasında böyük insanlıq gizlənən səxavət. Qaldı Rəşad Məcidin sənin kitabını sakitcə bir kənara qoyma məsələsinə, sizin maddi sıxıntınıza, onu Rəşad Məcid bilər, sən bilərsən, mən sizin daxili işinizə qarışa bilmərəm. Allah qoysa, yeni şeir kitabın nə vaxt çıxsa göndərərsən mənə və səxavətimin və ya xəsisliyimin şahidi olarsan.

 

(Davam edəcək)

 

 

Tofiq ABDİN

 

525-ci qəzet.- 2011.- 14 may.- S.23.