İki müdrik balıq ailəsinin və axmaq qu quşunun nağılı

 

 “Nağıllar” silsiləsindən

 

Gülün gülü, bülbülün də bülbülü çağırdığı bir gözəl çəmənin ortasından dağlardakı bulaqlardan axıb gələn, sərin və dupduru bir arx keçirdi və o arxın kənarında iki böyük söyüd ağacı yanaşı bitmişdi. O qoşa söyüd ağacının budaqları elə uzanmışdı və elə yarpaqlamışdı ki, ucları sallanıb yerə dəyirdi, hər ikisinin də altı iki böyük çətirə oxşayırdı. Qoyun sürülərini, mal-qaranı otaran çobanlar, naxırçılar bu yerlərdən keçəndə, yay günləriydisə, o çətirin içində – söyüd kölgəsində dincəlirdilər, yağışlı-çiskinli çağlarıydısa, orada daldalanırdılar.

 İllər bir-birini əvəz edirdi, arxın sərin və dupduru suyu eləcə axırdı, o söyüd ağaclarının altındakı o çətirlər də yolu bu tərəfə düşənlərin eləcə sevimli bir yeri idi. Ancaq günlərin bir günündə bura iki insan gəldi, ora baxdı, bura baxdı, qoşa söyüdün altında bir-biri ilə xeyli söhbətləşdi, götür-qoy etdi, sonra geri qayıtdı, bir neçə gündən sonra da bura böyük yük maşınları, ekskavatorlar gəldi və fəhlələr çox az bir müddətdə arxın qabağını kəsib, burada dibinə də, kənarlarına da rəngbərəng kafellər döşənmiş kiçik və gözəl süni göl yaratdılar, arxın kənarında, o qoşa söyüdün qarşısında da gözəl bir pavilyon tikdilər. O iki nəfər – bu pavilyonun sahibləri – bura bir bağban da gətirdilər və o bağban əlinə yekə bir qayçı alıb, öz sənətinin usta parexmaxeri kimi söyüd ağaclarının ikisinin də budaqlarını kəsib-doğradı, onları fasona saldı. Budaqları qırxılmış o qoşa söyüdün yanındakı pavilyon məşhur bir restoran oldu. lll O qoşa söyüd ağacları daha bir-birinə baxa bilmirdilər, çünki hər dəfə bir-birinə baxanda, elə bil, özlərini yox, tanımadıqları, yad ağac görürdülər.

 Sonra o iki nəfər Bakıdakı zoomağazaların birindəki akvariumda gözəl balıqlar seçərək, alıb, bura gətirdilər və bu süni göldə artıq iki balıq ailəsi yaşayırdı. Bir ailənin ərazisi gölün yuxarı başında, o biri ailəni ərazisi isə gölün aşağı başında idi. Ailənin biri erkək və dişi qızıl balıqlardan ibarət idi, alimlər onlara “Sarassius auratus” deyirdilər. Onların pulunu dünyanın bütün gözəl rəngləri bəzəyirdi: qırmızı, sarı, yaşıl, mavi... – elə bil, qövsi-qüzehin bütün rəngləri onların pullarına hopmuşdu. Ancaq onlar qövsi-qüzehi görməmişdilər, çünki bütün əcdadları kimi onlar da kürüdən akvariumda çıxmışdılar və həmişə də akvariumda yaşamışdılar. İkinci ailədə də iki balıq var idi – erkək balıq və onun həyat yoldaşı. Bu balıqların göy rəngli pullarında ağ xalları, ağ üzgəclərində isə qara xalları var idi və onlar, elə bil, bu gözəl ağ-qara xalları ilə fəxr edə-edə, qürurlana-qürurlana öz ərazilərində o baş-bu başa üzürdülər. Elmi kitablarda bu balıqları “Sunodontis angelisus” adlandırırdılar və bu gözəl balıqların, aydın məsələdir ki, insanların elmi kitablarından xəbərləri yox idi, ümumiyyətlə, o süni göldə məskunlaşandan sonra insanlar onlar üçün qətiyyən maraqlı məxluqat deyildi. Onlar bir-birini sevirdi və bu sevgi süni gölün sərin və dupduru suyuna, elə bil, cismani bir sevinc, xoşbəxtlik yayırdı. Onlar iri gözləri ilə ətrafa baxa-baxa, bığlarını – hər birinin üç cüt bığı var idi – o tərəf-bu tərəfə çevirə-çevirə süni göldəki ərazilərinin künc-bucağı ilə tanış olurdular.

 Hər iki ailə o süni göldə şad-xürrəm bir həyat sürməyə başlamışdı. Buranın genişliyini, gözəlliyini akvariumla heç müqayisə də etmək olmazdı – akvariumda ərazilər bir-birinə qatışmışdı, elə sıxlıq idi ki, bəzən həyat yoldaşları bir-birini güclə tapırdı; akvariumdakı o cürbəcür balıqların dedi-qodusu, paxıllığı, qeybəti, bəzilərinin pis əməlləri, xuliqanlığı burada yox idi; buradakı sərin və dupduru suyun oksigeni də bol, təmiz, saf idi.

 Bu iki ailə bir-biri ilə mehribançılıq içində yaşayırdı, bir-birini qonaq çağırırdı, bir yerdə bu ərazidən o əraziyə, o ərazidən bu əraziyə üzürdü. Pavilyonun işçiləri gündə üç dəfə onlara yem verirdi və düzdür, müştərilər çox olanda, bəzən balıqların günorta, ya axşam yeməyi yaddan çıxırdı, amma bunun elə də əhəmiyyəti olmurdu, çünki verilən yem o qədər bol olurdu ki, həmişə artıq qalırdı. Onlara fabrikada hazırlanmış yem alırdılar, çox vitaminli yem idi və hər iki ailə o yemi yeyəndə oradakı karbohidratların miqdarından razı qalırdı. Belə yemdən sonra onların xüsusən sarı, narıncı və qırmızı rəngli pulları daha artıq təravətli olurdu və rəngarəng bir parıltıyla işıldayırdı. Onlar yem verilən vaxtı bilirdilər və çox zaman bir-birlərini qonaq çağırırdılar, o dadlı yemi bir yerdə yeyirdilər, söhbət edirdilər, akvariumda yaşadıqları çağları yada salırdılar, cürbəcür xatirələr danışırdılar. Tale onların üzünə gülmüşdü, bu cür rəngbərəng kafelli genişlikdə, oksigenlə dolu sərin və dupduru suyun içində yaşayırlar, onların nəvə-nəticələri də akvariumda yox, burada yaşayacaqdılar, bir-birlərini burada sevib, burada ailə quracaqdılar. Bundan gözəl nə ola bilərdi?

 Ancaq bu iki mehriban ailənin o göldəki idilliyası uzun çəkmədi.

 Başları qırxılmış o qoşa söyüdün qarşısındakı pavilyonun şöhrəti artdıqca, müştəriləri çoxaldıqca, elə bil, o rəngbərəng kafelli gözəl göldəki balıqlar bu yerlərin səfasını artırmaq üçün azlıq edirdi və bir gün pavilyonun o iki sahibindən biri bura yekə kardon qutu gətirdi. İşçilər qutunu maşının yükxanasından çıxarıb açdılar və o qutunun içində bir Qu quşu vardı. Quşun ayaqlarını cütləyib, qanadlarını da arxaya gərib kəndirlə bağlamışdılar və elə ki, Qu quşu qutunun içindən başını qaldırdı, gün işığına çıxdı, əvvəlcə, elə bil, özünü itirdi, başını o tərəf-bu tərəfə çevirə-çevirə, yavaş-yavaş işıldamağa başlayan gözləri ilə ətrafa baxdı. Bu yad yer, pavilyonda yeyib-içən insanlar, ayaqları, qanadları bağlanmış bu yekə quşu dövrəyə almış uşaqlar, elə bil, Qu quşunu yuxudan oyatdı, onu gerçəkliyə gətirdi və özünə gələn o Qu quşu qəflətən elə bir haray saldı, qışqırıq qopardı ki, uşaqlar qorxub, hərəsi bir tərəfə qaçdı. O qoşa söyüdün qırxılmış budaqlarındakı yarpaqlar da bu haraydan diksinib qabardı; qoşa söyüdlərin budaqları qırxılanda, bəlkə də belə sarsılmamışdılar, necə ki, Qu quşunun bu harayından sarsıldılar; bütün həyatları boyu ilk dəfə eşitdikləri belə bir haray o qoşa söyüdün iksini də silkələyib, varlıqlarına sirayət etdi. Balıqlar da bu harayı suyun altında ilk dəfə elə o vaxt eşitdilər.

 Bu Qu quşu hansı diyarlardan uçub, Cənuba gəlmişdi?.. Necə əsir düşmüşdü?.. Yuvasında onun nəyi qalmışdı?.. Onun həyat tarixçəsini özündən başqa heç kim bilmirdi, buralarda qu quşlarının dilini bilən də yox idi və ümumiyyətlə, Qu quşunun həyat tarixçəsi bu yerlərdə həmin dəm o qoşa söyüd ağacından başqa heç kimi maraqlandırmırdı. O qoşa söyüd isə nə edə bilərdi? Onların özləri qayçıyla qırxılıb fasona salınmış talelərinin kədəri içində idi.

 İşçilər Qu quşunu güclə tutub saxlayırdılar. Ayaqları, qanadları bağlanmış quş elə hikkə ilə çırpınırdı, işçilərin əlindən qopub qurtulmaq istəyirdi ki, elə qışqırırdı ki, işçilər özlərini itirmişdilər və onlardan biri tələsik qaçıb, qayçı gətirdi. Bir neçə nəfər quşdan bərk yapışıb saxladı və qayçını gətirən də tələm-tələsik Qu quşunun qanadlarının lələklərini dibindən kəsməyə başladı. Həmin an birdən-birə Qu quşu başa düşdü ki, onun həyatında nəsə dəhşətli bir hadisə baş verir və elə bir güclə çırpındı ki, işçilər onu saxlaya bilmədi, ayaqları sarıqlı Qu quşu böyrü üstə yerə düşdü, sonra ayağa qalxmaq istədi, amma qalxa bilmədi, yenə böyrü üstə düşdü. İşçilər quşun üstünə atılıb, onu qamarladılar və əlində qayçı olan kişi xüsusi bir hərisliklə Qu quşunun qanadındakı lələklərin hamısını dibindən kəsdi, sonra da ayaqlarındakı, arxaya gərilmiş qanadlarındakı kəndiri açdı. Və Qu quşunu şappıltı ilə gölə atdılar. Balıqlar bu şappıltıdan şaşırıb, gölün qumlu-lilli dibində gizlənmək istədilər, ancaq gölün gözəl kafelli dibində lil yox idi ki, balıqlar onun içinə girib gizlənsinlər və onlar gölün küncünə qısıldılar. Qu quşu suda özünü düzəldib, ağappaq sinəsini irəli verdi, uzun boğazını qaldırıb, başını dik tutdu, pavilyonda yeyib-içməklə məşğul olan insanlara, budaqları qırxılmış qoşa söyüdə, ətrafdakı çəmənliyə baxdı, sonra qəflətən başını suya saldı. Balıqlar suyun içinə soxulmuş o bədheybət başı görəndə bir anlıq nəfəsləri dayandı, vücudlarından bir uçunma keçdi, ancaq erkəklər tez özlərinə gəlib, irəli üzdülər, həyat yoldaşları onların arxasında gizləndi. Bu balıqlar birinci dəfə idi ki, Qu quşu görürdülər. O bədheybət baş isə heç onlara tərəf baxmadı da, suyun içində gözlərini yumdu və necə qəflətən suya soxulmuşdusa, eləcə qəflətən də sudan çıxdı. Qu quşu başını sudan çəkib çıxartdı və elə bil, ona təzə güc gəldi, qısa və bozumtul-qırmızı rəngli ayaqlarının ucunda dikələrək, qanadlarını geniş açıb şappıldada-şappıldada suyun üzərində sürətlə irəlilədi, uçmaq istədi, amma kəsilmiş qanadları ilə heç cürə havaya qalxa bilmədi. Qu quşu daha da qəzəbləndi, daha artıq bir hiddət və hikkə ilə qışqıra-qışqıra yenə qanadlarını çalıb suyun üzü ilə sürətlə irəlilədi, amma yenə də havaya qalxa bilmədi...

 Bundan sonra o iki mehriban balıq ailəsi belə bir narahatlıq içində həyat sürməyə məcbur oldu. Günlər bir-bir ötürdü, amma o Qu quşu heç cürə sakitləşmək bilmirdi. Ayaqları üstə dikəlib, sinəsini qabağa verib, qanadlarını geniş açırdı, sonra bərkdən qanadlarını çala-çala suyun üzü ilə irəliləyib özünü havaya atmaq istəyirdi, amma bacarmırdı. Onun uzun boğazının dibindən gələn harayı-hənirtisi, qanadlarının şappıltısı buradan çox uzaqlarda da eşidilirdi və təbii ki, balıqlar da bu haray-həşirin içində idi. Başlarının üstündə sürətlə o başa-bu başa vurnuxa-vurnuxa özünə yer tapa bilməyən Qu quşu onların bütün həyatını korlamışdı. Balıqlar sidq-ürəkdən gələn bir təəccüb içində fikirləşirdilər: “Bu quş nə istəyir? Niyə bu qədər naşükürdür?” Nəhayət, bir dəfə erkək balıqlardan biri dedi: – Bilirsiz, nə var? Bu Qu quşu sadəcə olaraq, axmaqdı!.. Onun həyat yoldaşı isə şikayət etdi: – Bəs bizim təqsirimiz nədir ki, bu axmaq quş bizə bu qədər əziyyət verir? İkinci erkək balıq isə sevgi dolu gözləri ilə Qu quşu peyda olandan sonra əsəbləri pozulmuş həyat yoldaşına baxdı və dərindən köksünü ötürüb: – Axmaqdı, həm də dəlidi!..- dedi.

 Pavilyonda yeyib-içən müştərilər, xüsusən də uşaqlar gölə, Qu quşunun qabağına çörək atırdılar və Qu quşu başını dik tutub, suda yumşalan çörəyə gözucu baxırdı, amma o tərəfə üzmürdü. Araya çökmüş sakitlikdə balıqlar fürsət tapıb, hərəsi çörəkdən tələsik bir-iki tikə qoparıb, gölün dibinə üzürdü; düzdü, onların yemləri yenə də əvvəlki tək vitaminli idi, vaxtı-vaxtında verilirdi, amma çörəyin dadı başqa idi!.. Qu quşu isə yavaş-yavaş süzə-süzə gölün yuxarı küncünə çəkilirdi, yenə də sinəsini qabağa verib, başını dik tutub, bir müddət eləcə yerində donurdu, sonra yenə ayaqlarının ucuna qalxıb, qanadlarını geniş açıb, bütün içindən gələn bir ehtirasla yelləyə-yelləyə gölün üzü ilə sürətlə irəliləyərək uçmaq istəyirdi, amma heç cürə havaya qalxa bilmirdi. Bütün uçmaq cəhdlərinin, beləcə puça çıxması Qu quşunu hiddətə gətirirdi və o elə qışqırıb haray salırdı ki, bu haraya heç cürə adət edə bilməyən o iki gözəl balıq ailəsi bir-birinə qısılıb qorxudan əsim-əsim əsirdi. Balıqlar daimi bir səksəkə içində idi: bax, indicə yenə o müdhiş haray qopacaq... Qu quşu yorulub əldən düşürdü, bir xeyli hərəkətsiz dayanıb, başını aşağı salırdı, sonra yavaş-yavaş üzərək gölə atılan çörəklərdən yeyirdi.

 Qu quşunun hər gün beləcə haray-həşir salması pavilyonun sahibi o iki nəfəri də cana gətirmişdi. Onlar qorxurdu ki, bu qəfil haray-həşirlər restoranda yeyib-içən, istirahət edən müştəriləri rahatsız edə bilər və Qu quşundan xilas olmaq istəyirdilər. Ancaq necə? O kimə lazım idi? Qu quşunu öldürməyə isə yazıqları gəlirdi.

 Valideynləri restoranda oturub yeyib-içən uşaqlar gölün kənarına gəlib maraqla Qu quşuna baxırdı və onlara fikir verməyən Qu quşu növbəti dəfə haray salıb uçmaq istəyəndə uşaqlar da bərkdən qışqırıb səs-küy salırdılar, qaça-qaça valideynlərinin süfrəsindən çörək götürərək, gətirib quşa atırdılar. Həmin gün uşaqlardan birinin – lap balacası idi – əlindəki çörək qurtardı, o yerdən bir daş götürüb Qu quşuna atdı və daş Qu quşunun düz gicgahının üstünə dəydi. Gözlənilməz zərbədən Qu quşunun başı yana əyildi, amma o, elə bil, bu zərbədən sonra daha artıq bir güc aldı, başını dik qaldırdı, gicgahının üstündən axan qan damcılayıb suya düşə-düşə daha artıq bir haray-həşirlə, daha artıq bir ehtirasla qaqqıldaya-qaqqıldaya, qanadlarını çırpa-çırpa, ayaqlarının ucunda sürətlə gölün o başına-bu başına irəlilədi, uçmaq, havaya qalxmaq istədi. Balıqlar gölün bir küncünə qısılıb, damcı-damcı suya düşən və əriyib yox olan o qan qırmızısına baxırdı. Onlardan biri üzünü həyat yoldaşına çevirib dedi: – Görürsən də, bu axmaq, bu dəli quş özünü nə günə saldı!..

8 avqust 2010. Karlovı Varı. 4

 

 

ELÇİN

 

525-ci qəzet.- 2011.- 14 may.- S.21.