Görkəmli ədib Mir Cəlalın
“ŞƏHAB” və “ŞÖHRƏT” imzalı şeirləri
Bədii
yaradıcılıq ilk növbədə
axtarışdır; həyat ideallarını istedadı
gücünə bədii gerçəkliyə çevirmək
axtarışları... Hər zamanın ən
mühüm problemlərinin, mövzularının
tapılması və fikrin, mətləbin təsirli, cazibəli
ifadəsi üçün ən optimal və uyğun
formaların seçilməsi bədii uğurun əsas şərtidir.
Hər bir sənətkarın da ilkin
yaradıcılıq axtarışları məhz bu cəhətlə
bağlıdır.
Unudulmaz ədibimiz
Mir Cəlal bir sıra yazıçılarımız kimi bədii
yaradıcılığa şeirlə
başlamışdır. Lap ilk vaxtlar satiraya
daha çox meyl etmiş, sonralar inqilabi mövzulara
marağı artmışdır. İndiyədək
biblioqrafik göstəricilərdə ədibin dörd
şeirinin adına rast gəlinir: “Dənizin
cinayəti”, “Şimaldan səs”, “Anamın vəsiyyəti” və
“Müxbir”. Həmçinin onun ilk bədii tərcümələrinin
də dördü şeirdir: V.Mayakovskinin “Zərbəçilər
marşı” görkəmli özbək şairləri Həmid
Alimcanın “Dəmir kanun”, Sabirə Xaldarovanın “Kaspi dənizinə”
və Mir Temurun “Dan”. Lakin “Zərbəçilər
marşı” şeiri hələlik tapılmamışdır.
Bu əsərlər Mir Cəlal müəllimin
yaradıcılığının ilk illərində poeziyaya
böyük marağını və bu sahədəki
istedadını aydın nəzərə
çatdırır.
Mir Cəlal
müəllimin iki ildən artıq bir müddətə tərtib
etdiyimiz və hazırda çapda olan beş cildliyinə də
həmin əsərlər daxil edilmişdir. Lakin
bu yaxınlarda Mir Cəlal müəllimin həmin cildlərinə
aid olan “Bakı görüşləri” adlı memuarında
lap təsadüfən bir mətləb diqqətimi cəlb
etdi. Ədib Gəncə seminariyasındakı təhsil illərində
mətbuatda iştirakını xatırlayaraq yazır:
“Bakıya köçənə qədər riyaziyyat həvəskarı
idim. Seminariyada bu dərsdən yoxlama yazılarını
sinifdə hamıdan əvvəl mən həll edər, əla
qiymət alardım. Riyaziyyatdan bir kitaba tənqid yazıb,
“Yeni fikir”də çap etdirmişdim. “Riyaziyyatçı”
imzası ilə qəzetdə satirik şeirlərim də
çap olunurdu.
Əla ya əyyühəs-saqi dutub dünyanı sərxoşlar!
Buraxmaz çarşıdan keçsin gecə insanı sərxoşlar!
Satirik
şeirlərimdən biri belə başlanırdı.
Buradakı imza
larımın da maraqlı tarixi var. Satiralarımdan birinə Şəhab (Ulduz) imzası qoymuşdum. Köhnə əlifba ilə “Şəhab” sözünü düz oxumamışdılar, ya nəsə, “Şöhrət” vermişdilər. Sonrakı yazılarımın çoxunda da bu imzanı saxlayıb təkrar etdilər.
“Bakı görüşləri”ni dəfələrlə oxumuşdum, lakin ədibin bu fikirləri nədənsə diqqətimi cəlb etməmişdi. Mir Cəlal müəllimin indiyədək adı belə çəkilməmiş şeirlərini axtarmaq qərarına gəldim. Məsləhət üçün görkəmli mətbuat tədqiqatçısı professor Şirməmməd Hüseynova müraciət etdim. Və onun tövsiyəsi ilə ərəb əlifbasını sərbəst oxuya bilən bir mütəxəssis kimi BDU-nun Jurnalistika fakültəsinin “Jurnalistika” elmi tədqiqat laboratoriyasının elmi işçisi Samir Xalidoğlunun köməyindən istifadə etməli oldum. M.F.Axundov adına Milli Kitabxananın fondunda və bir neçə arxivdə “Yeni fikir” qəzetinin əldə olan nüsxələrini araşdırdıq. Nəticədə Mir Cəlal müəllimin indiyədək məlum olmayan beş şeiri aşkar edildi. Həmçinin ədibin Gəncə həyatına aid yazmış olduğu və indiyədək kataloqlarda göstərilməmiş iyirmi dörd məqaləsi də tapıldı.
Təbii ki, bu şeirlər Mir Cəlal müəllimin lap ilk qələm təcrübələri kimi çox maraqlıdır, əhəmiyyətlidir. Bu şeirlər iki cəhətdən diqqəti cəlb edir: fikrin, mətləbin obrazlı bədii təcəssümü və tənqidi gülüşün fərdi xarakteri, kinayə intonasiyaları ilə. Hər iki cəhət bu şeirlərdə güclüdür, orijinaldır.
Lakin ümumilikdə onlar gələcəkdə gözəl nasir olacaq bir gəncin hələ sənət axtarışlarıdır, yaradıcılıq həvəsinin, ədəbiyyata vurğunluğun ilk bəhrələridir. Mövzularında o dövrün, ictimai-siyasi mühitin ənənəvi ideoloji təzahürü güclüdür. Şeir texnikası da tam yetkinləşməmişdir. Lakin o zamankı mühitin, ictimai atmosferin səciyyəvilikləri qabarıqdır, həyatdakı tipik keyfiyyətləri görüb-göstərmək bacarığı güclüdür. Ümumi ideya-bədii səviyyəsinə görə onlar qabaqcıl dünyagörüşün, təpərli istedadın ədəbi məhsuludur, həqiqi sənət axtarışlarının yadigarlarıdır. Ən əsası odur ki, bu şeirlər görkəmli ədibimiz Mir Cəlalın böyük sənət yolunun, zəngin yaradıcılığının ilk nümunələridir, sənətkar fərdiyyətinin formalaşma prosesinin təzahür nümunələridir. Görkəmli sənətkarların sənət yadigarlarının hər biri tədqiqat üçün əhəmiyyətlidir, zəruridir.
Bu şeirlərin üçü “Şöhrət”, (“Sərxoşlar”, “İmperialistlər Tanca üzərində boğuşurlar”, “Ramazan həsrəti”), ikisi isə “Şəhab” (“Qızıl Oktyabr”, “Məscid büsatı”) imzası ilə çap olunmuşdur. Şeirlərdən üçü (“Məscid büsatı”, “Ramazan həsrəti”, “Sərxoşlar”) ərəb əlifbası ilə, ikisi isə (“İmperialistlər Tanca üzərində boğuşurlar” və “Qızıl Oktyabr”) latın qrafikası ilə çap olunmuşdur. “Qızıl Oktyabr” istisna olmaqla digər dörd şeir “Balaca felyeton” başlığı ilə verilmişdir. Bu şeirlərin tarixinə əsasən belə qənaətə gəlmək olar ki, Mir Cəlal müəllimin ilk mətbu şeiri “Məscid büsatı”dır (18.07.26 ¹1141).
Satirik şeirlərin dördü də əruz vəznindədir. Təkcə inqilabi məzmunlu “Qızıl Oktyabr” şeiri heca vəzninin onbirlik formasında yazılmışdır. Ədibin əvvəllər əldə olunmuş dörd şeirində əruza rast gəlmirik. Onlar heca vəzni və sərbəst şeir formalarında yazılmışdır. Satirada Mir Cəlal müəllimin məhz əruz vəznini seçməsi isə çox güman ki, böyük M.Ə.Sabir poeziyasının təsiri ilə əlaqədardır. Çünki satirik şeirlərində ümumən Sabir üslubu qabarıq nəzərə çarpır. Satirik şeirlərin biri beynəlxalq imperializmin ifşasına aiddir, üçü isə ədibin şəxsi müşahidələrinin məhsuludur. İki şeirdə iyirminci illərin anti-din siyasətinin təzahürü aşkardır. Bu əsərlərdə ədib mövhumat təzahürlərini, yalançı ruhanilərin riyakarlığını kəskin ifşa etmişdir. Bu əsərlər satirik ruhuna görə S.Ə.Şirvani, Q.Zakir və M.Ə.Sabir ənənələri ilə yaxından səsləşir.
Qətiyyətlə demək olar ki, ümumən klassik ədəbiyyatımızda ateist sənətkar olmamışdır. Yalnız M.F.Axundovun “Kəmalüddövlə məktubları”nda ateist motivlərə rast gəlmək olur. Lakin dindən müxtəlif məqsədlərlə sui-istifadə edən tüfeylilərin ifşası ədəbiyyatımızda qüvvətli bir mövzu kimi ənənəvi xarakter almışdır. Əslində zahirən anti-din məzmunlu görünə bilən belə əsərlərdə dini nüfuzdan salan, onun kamil qanunlarını təhrif edən dələduzlar ifşa hədəfidir. Məqsəd isə islam dininin mötəbərliyini, müqəddəsliyini qorumaq və dərk etdirmək olmuşdur.
Mir Cəlal müəllimin satirik şeirləri də bu ənənənin davamı kimi çox maraqlıdır, uğurludur. Əlbəttə, bu əsərlərdə o zamankı Sovet ideologiyasının da müəyyən təsiri yox deyildir. “Məscid bisatı” şeiri hiss olunur ki, Məhərrəmlik mərasimlərində bəzi dindarların əməllərindəki ifrat mövhumatçılığa aiddir. Həm də şeir müəllifin konkret müşahidələrinə əsaslanmışdır. Burada yəqin ki, o vaxtlar Gəncədə yaşamış bir sıra adamların komik ləqəbləri, adları da göstərilmiş və məhz onların simasında belə “dindarların” əməlləri tənqid hədəfinə çevrilmişdir. Burada tənqidi gülüş konkret adamların ünvanına istiqamətlənməklə eyni zamanda ümumiləşmiş mahiyyət daşımaqdadır. Şeirdə “Cəfər mürdəşir”, “kəlləpəz” Mehdi, “köndələn” çavuş, rövzəxan “hacı”, “yetim Əkbər”, “yoluq” Kamil, Mirismayıl, “Dəxil”, “leylək” Tağı, “bala” dərviş, “lüt Nəsir” kimi adlara rast gəlirik. Həmçinin orada Xoylu, Səlmaslı, Təbrizli, “Güney” xəlqi, “Əhərli”, “Ərdəbil” əhli kimi müxtəlif yerlilər qrup halında müxtəlif vəziyyətlərdə nəzərə çatdırılmışdır. Məhz bu konkret ünvanlara olan tənqidi münasibət şeirin ümumi satirik pafosunu və ümumiləşmə qüvvəsini müəyyənləşdirmişdir. Ədib müşahidə etdiyi səciyyəvi cəhətlər əsasında ümumilikdə belə tipik mövhumat səhnəsini canlandıra bilmişdir.
“Ramazan həsrəti” şeiri də mahiyyətcə “Məscid büsatı”na çox yaxındır. Lakin burada dinə gəlir mənbəyi kimi baxan yalançı mollaların ümumiləşmiş, kütləvi monoloqu verilmişdir. M.Ə.Sabir poeziyasındakı klassik satirik monoloqların müəyyən təsirini də sezmək mümkündür. Mir Cəlal müəllim burada fərdilikdən ümumiləşməyə getmir, əksinə, elə ümumiləşmiş tipik monoloq yaradır ki, oradakı satira hər bir tüfeyli və tamahkar mollaya aid ola bilir. Şeirdə bir növ epiqraf şəklində müəllif yazır: “Ramazan ayı münasibətilə mollalar nəğmə oxuyurlar”.
Əvvəlki şeirdə olduğu kimi burada da müəllif dinə gəlir mənbəyi kimi baxan və fürsətdən istifadə edib avam camaatı soyan ruhani cildinə girmiş tüfeyliləri kəskin lağa qoymuşdur. Mövhumata qapılan avamlara belələrinin əsl simasını nişan vermək məqsədini izləmişdir.
Ədibin “Bakı görüşləri” adlı memuarında misal gətirdiyi bir beyt onun “Sərxoşlar” şeirinin ilk misralarıdır. Bu şeirin də əvvəllərində epiqrafvari bir cümlə verilmişdir: “Gəncə şəhəri və stasyonunda sərxoşlar gecə yoldan keçənləri rahat burakmayorlar”. “Sərxoşlar” bəhs etdiyimiz iki şeirə nisbətən mövzuca məhdud olduğu kimi həcmcə də kiçikdir. Lakin sərxoşluğun insan ləyaqətini alçaldan cəhətləri burada kifayət qədər sərrast ittihamını tapmışdır. Şeirin ən uğurlu yeri ikinci bəndidir. Burada sərxoşların bir növ ümumi zahiri portreti üç misrada son dərəcədə dəqiq və satirik “rəsm edilmişdir”. Sərxoşların zahirən nə qədər eybəcər görünməsi mahir karikatura rəssamının əsəri kimi oxucu nəzərində canlandırılmışdır!
“İmperialistlər
Tanca üzərində boğuşurlar” satirasında obyekt
konkret göstərilsə də şeirin məzmunu ümumən
imperialistlərin Şərqi işğal iştahlarından xəbər
verir. Mərakeş ərazisində yerləşən və
İspaniya ilə həmsərhəd olan Tanca (əslində
Tanjer) ətrafındakı mübarizələr hədəf olsa
da, əsərdə başqa ölkələrin də
ünvanına kəskin ittihamlar söylənilmişdir. Bu əsər də satirik monoloq əsasındadır.
Şeir bütünlüklə o zamankı imperialistlərin
dilindən yazılmışdır və onların güc
hesabına müstəmləkələr əldə etmək
siyasəti, xüsusən Şərq ölkələrini
işğalı və istismarı sarkastik intonasiyada kəskin
ittiham olunmuşdur. İspanların Tanca ətrafındakı
mübarizələri, “boğuşmaları” əsas
götürülsə də, İngiltərə, İtaliya və
Fransanın da Şərq ölkələrinə
iştahlı olmaları nəzərə
çatdırılmışdır. Şeirin sonu isə
nikbin və mübariz motivlərlə tamamlanır və
bildirilir ki:
Göstərməsin Allah əgər şərqli oyansa dəmbə-dəm,
Qoymazlar əsla
qərblilər Şərqə ata bir də qədəm.
Bununla da Şərqin
gec-tez oyanacağına və qərblilərin istilaçılıq
planlarına son qoyacaqlarına əminlik ifadə olunmuşdur.
“Qızıl Oktyabr” şeiri isə əsasən təbrik məzmunludur. “Doqquz illik bayramında öpüşmüş” misrası göstərir ki, şeir Oktyabr inqilabının doqquzuncu ildönümünə həsr edilmişdir. Bayramsayağı təntənəli pafosla yazılmış şeirdə ölkədəki tərəqqi, fəhlə və kəndlilərin yeni həyatı vəsf olunmuşdur.
Mir Cəlal müəllimin indiyədək əldə olan doqquz şeirində heca və əruz vəznlərindən, habelə sərbəst şeir formalarından istifadə olunmuşdur. Hiss olunur ki, ədib şeirlərinin formasını ilk növbədə məzmuna müvafiq seçmişdir. Belə ki, yeni əldə edilmiş beş şeirin dördü satirik məzmunda olduğu üçün əruz vəznindədir, inqilabi mövzulu şeir isə heca vəznində yazılmışdır. Şeirlərin hamısı da 1926-27-ci illərə aiddir. Əvvəldən məlum olan (1928-29) inqilabi məzmunlu şeirlərin dördü də heca vəznində və sərbəst şeir formasındadır.
Hər üç halda vəzn-forma kriteriyaları kifayət qədər gözlənilmişdir, fikrin ifadə tərzi orijinaldır, poetikdir. Lakin Mir Cəlal müəllimin mürəkkəb əruz vəznini hələ cavanlıqdan mükəmməl bilməsi diqqəti cəlb edir. Belə ki, dörd satirik şeirdən “Məscid büsatı”nda və “Sərxoşlar”da həzəc bəhrinin, “Ramazan həsrəti”ndə rəməl bəhrinin, “İmperialistlər Tanca üzərində boğuşurlar” da isə rəcəz bəhrinin poetik qanunları tam qaydasındadır.
Mir Cəlal müəllimin yeni tapılmış şeirləri haqqında bu qeydlər, şübhəsiz ki, ilk təsəvvür, ilk tanışlıq məzmunundadır. Yəqin ki, ədibin yaradıcılığının gələcək tədqiqlərində bədii axtarışlar prosesinin nümunələri olan şeirləri də vacib faktlar kimi diqqətdən kənarda qalmayacaqdır.
Ümumiyyətlə, Mir Cəlal müəllimin şeirləri böyük yaradıcılıq yolunun başlanğıcında olan bir gəncin fərdi istedadına uyğun bədii axtarışlarının nümunələridir, yadigarlarıdır. Elə buna görə də həmin əsərlərdə ədibin yaradıcılıq manerasının, fərdi üslubunun formalaşma prosesini də izləmək mümkündür. Satirik şeirlərində sonralar Mir Cəlal üslubunun ən bariz əlamətlərindən olan tənqidi gülüşünün, kinayə üsullarının xarakteri, onların ilkin formaları, həmçinin satirik obrazlılıq vasitələri barədə müəyyən təsəvvür yaradılmış olur. İnqilabi məzmunlu şeirlərində isə fikrin poetik, obrazlı ifadə fərzindəki axtarışları, tapıntıları daha çox diqqəti cəlb edir. Məhz bu cəhət – sözün canındakı çoxmənalılığı bütün zənginliyi ilə tapmaq, lap adi fikri belə orijinal məcazilik səviyyəsində ifadə etmək və obrazlılıq donunu seçmək, daha emosional, təsirli effektə nail olmağı bacarmaq sonralar Mir Cəlal üslubunun ən güclü və özünəməxsus cəhətlərindən oldu.
Onu da əlavə edək ki, Mir Cəlal müəllimin yeni tapılmış iyirmi dörd məqaləsi də “Şəhab” və ya “Şöhrət” imzaları ilədir. Bu məqalələr 1926-27-ci illərdə Gəncə şəhərindəki sosial-mədəni tədbirlər haqqında təqdiredici və ya tənqidi xarakterli məlumatlardan ibarətdir. Ədibin gələcək biblioqrafik göstəricilərində həmin məqalələr də yəqin ki, nəzərə çatdırılacaqdır. Mir Cəlal müəllimin çox zəngin ədəbi, bədii irsi bundan sonra da ardıcıl və müfəssəl tədqiq olunmalıdır.
Mir Cəlal müəllimin yeni tapılan şeirlərinin maraqlı olacağını nəzərə alaraq onları oxuculara təqdim edirik. Ərəb əlifbasında olan şeirləri müasir əlifbaya Samir
Xalidoğlu çevirmişdir.
Balaca felyeton – “Yeni fikir” 05.03.27 ¹1329
Ramazan həsrəti
Ramazan ayı münasibətilə mollalar nəğmə oxuyurlar.
On bir ay həsrətinə
tab eyləməz can Ramazan
Gəl yetiş can Ramazan, can
sənə qurban Ramazan
Gözləməkdən
gözümün nuri gedib, kök saralıb
Həsrətindən yürəgim
qanə dönüb, lap qaralıb
Firqətin bəxti qara
cismimi bu halə salıb
Çəkdigim dərdlərə
dözməz yəqin insan Ramazan
Gəl yetiş can Ramazan, can
sənə qurban Ramazan
Bir tərəfdən gəlirim
yox üzüm ac, gözlərim ac
Gecə-gündüz
çalışıb tapmayıram dərdə əlac
Bəs
haçan “siftə” bazarı tapacaq bir də rəvac?
Şübhəsiz tezlik ilə
olsa nümayan Ramazan
Gəl yetiş can Ramazan, can
sənə qurban Ramazan
Neçə vaxtan “plov”a,
“şərbət”ə həsrətdi canım
Görmürəm bircə
yığıncaq, nə də bir “nazlı” xanım
Bir evin küncü kəsilmişdə
dağım, həm aranım
Xabi-qəflətdə uyurdum
necə “heyvan” Ramazan
Gəl yetiş can Ramazan, can
sənə qurban Ramazan
Batdı hərçənd
məhərrəmdə bığım “el” yağına
Gecə xəlvətlə
gedərdim həmi “bulvar” bağına
Payızı getmiş idim
“Kislovod”un yaylağına
O zamandandı varam didəsi
giryan Ramazan
Gəl yetiş can Ramazan, can
sənə qurban Ramazan
Ramazan olsa qurardım da yəqin
eyş sifat
Şərəfilə bu
ayın “tazalənir” kirli həyat
Axıdır cib-cibişdanə
qızıl nəhri-”Fərat”
Hər orucluqda dolur köhnə
“cibişdan” Ramazan
Gəl yetiş can Ramazan, can
sənə qurban Ramazan
Sanaram vaxtımı, həm
saətimi, saniyəmi
Ki havaxt çatsa orucluq “silə”
dərdü qəmimi
Yetişib nura boyatsın bu
qara aləmimi
Eyləsin qəlbimi misli-məhi-taban
Ramazan
Mollanın dərdinə bu dəhrdə
dərman Ramazan
Layiqincə sənə qiymət
verə dövran Ramazan
Gəl yetiş can Ramazan, can
sənə qurban Ramazan
“Şöhrət”
Balaca felyeton – “Yeni fikir”
18.07.26 ¹1141
Məscid büsatı
Yetişdi mövsimi-matəm,
göz aç ey şiə yatmaqdan
Usanmaz şiə bu ayda nigarə
qaş-göz atmaqdan
Nəzər sal məscidə
bir yanda “Cəfər mürdəşir” durmuş
O yanda “kəlləpəz”
Mehdi büsat matəmi qurmuş
Bu yanda bir bölük
övrət, yanında “köndələn” çavuş
Göz açmır rövzəxan
“hacı” dəmadəm huri satmaqdan
Usanmaz şiə bu ayda nigarə
qaş-göz atmaqdan
Yığılmış
başına şeyxin müridü mürşidü cahil
Hırıldar minbər
altında “yetim” Əkbər, “yoluq” Kamil
Bu yanda bəhs açıb
dinü şəriətdən Mirismail
Deyer şiə olan doymaz bu
ayda yasə batmaqdan
Usanmaz şiə bu ayda nigarə
qaş-göz atmaqdan
Gələn daxil olur əldə
corabı, çəkməsi, məsti
Məharət göstərir
səqqa əlində bir böyük bəsti
Əlində bir “dəxil”
söylər qiyamət bəhsini məşdi
Açılmış sinələr
şap-şap keçib əflakə çatmaqdan
Usanmaz şiə bu ayda nigarə
qaş-göz atmaqdan
Məsciddə qalmaqal,
hay-küy, mücavirlər deyir vur-vur
Yetişdi Xoylu, Səlmaslı
ağac əldə tutuldu şur
Seçilmiş dəstəyə
“leylək” Tağı bir növilə məmur
Diyər kim
ağlamaq məqsəd; bizi xaliq yaratmaqdan
Usanmaz şiə bu ayda nigarə
qaş-göz atmaqdan
Qabaqda doqquz ağsaqqal,
daralınca dəsteyi-zəngan
O qədri – ali
– Təbrizli düzülmüş; xəlq olub heyran
“Güney” xəlqi olub məhzun;
“Əhərli” va Hüseyn guyan
Yorulmaz “Ərdəbil” əhli
sinə, baş, döş qaratmaqdan
Usanmaz şiə bu ayda nigarə
qaş-göz atmaqdan
Miyani-məclisə kəşkül
qoyub durmuş “bala” dərviş
Ümuma beççə
“oğlanlar” bunun ətrafını tutmuş
Oturmuş “lüt nəsir”
ağlır, salır həm məclisə şuriş
Ağam vay-naləsi
çatmaz buna həmta uzatmaqdan
Usanmaz şiə bu ayda nigarə
qaş-göz atmaqdan
“Şəhab”
Balaca felyeton – “Yeni fikir”
19.09.26 ¹1192
Sərxoşlar
Gəncə
şəhəri və stasyonunda sərxoşlar gecə yoldan
keçənləri rahat burakmayorlar.
Əla ya əyyühəs-saqi
dutub dünyanı sərxoşlar!
Buraxmaz çarşıdan
keçsin gecə insanı sərxoşlar!
Olubdur məsti-layəqəl
nə söylər hərzəvü hədyan
Qadın görçək
şitab eylər ona canın edə qurban
Buna baş əgməsə
hər kim verərlər qətlinə fərman
Saat səkkiz olunca hər
tutur meydanı sərxoşlar!
Bədəndə bir libas
qoymaz, başında saxlamaz şapka
Ayaqda çəkmə yox,
beldən açılmış sallanır toqqa
Qarın-qıpqırmızı
– titrər hesab eylə tuluq, daqqa
Xəyal etməz cəza,
qanun, nə də zindanı sərxoşlar!
Təsadüf etsə bir
fayton o saat da əylədir hökmən
Səvar olsa sabahadək dəxi
tərk eyləməz əldən
Kəsilmiş sərxoşa
zorluq qəvilik ruzi-əvvəldən
Əlin tərpətməmiş
gördün axıtmış qanı sərxoşlar!
Xəyali-eşq bir yandan,
şərabın karı bir yandan
Ucaldıb sərxoşu
etmiş müəzzəm bəyü sultandan
Çıxanda – seyr ilə
cah-calalə – bir müdir yandan
Yataq etmiş tamamən kəndinə
şantani sərxoşlar!
Salarlar şəhrə
tezlikdə çaxır böhranı sərxoşlar!
“Şöhrət”
Balaca felyeton – “Yeni fikir”
06.10.26 ¹1205
İmperialistlər Tanca üzərində
boğuşurlar
Yurdumuzu müstəmləkə
bəhrilə abad eyləriz,
Meydan oxur aləmlərə
zor və hünər yad eyləriz,
Həp Şərqi istismar
edib, getdikcə bərbad eyləriz,
Dünya tanır nəslən-bə-nəsl
bizlər böyük əyanlarız,
Sübh
olmamış vaxtsız xoruzlar tək dəmadəm
banlarız.
Duyduq sərasər həpimiz
“quyruq” iyi var Tancadə,
İspanyamız çəkməz
əlin iş bu boğazdan ölsə də,
İngiltərə
çoxdan bəri at oynadır bu sahədə,
Adətdi qarışmaq bizə,
biz də belə insanlarız,
Sübh
olmamış vaxtsız xoruzlar tək dəmadəm
banlarız.
İtalyamız baş
qaldırıb, şərqə çevirməz “nəhs”
üzün,
Çoxdan plan qurmuş tuta
şərqi təmamən “Musilin”,
Cəmiyyəti Əqvama bax,
imperiyalistlər bir “durbin”,
Yeksər
yıxılmışdır ki biz dünyayı tez səhmanlarız,
Sübh
olmamış vaxtsız xoruzlar tək dəmadəm
banlarız.
“Şərqə çevirmək”
yüz bizə şimdi müqəddəs bir şüar,
Cümlə Mərakeş
ölkəsin etdi firənglər tarmar,
“Tanca” ilə dür amalimiz
şərqə çəkək möhkəm hasar,
Bu məqsədə
çatmaqla biz şərq əhlini zindanlarız,
Sübh
olmamış vaxtsız xoruzlar tək dəmadəm
banlarız.
Göstərməsin Allah əgər
şərqli oyansa dəmbə-dəm,
Qoymazlar əsla qərblilər
şərqə ata bir də qədəm,
İmperiyalistlər ol zaman
şərqsiz tutar dərdi vərəm,
Kimlər deyər bizlər həmən
keçmişki ali şanlarız,
Sübh olmamış
vaxtsız xoruzlar tək dəmadəm banlarız,
Leş üstə
daim əlləşib yekdigəri böhtanlarız.
“Şöhrət”
“Qızıl Oktyabr” “Yeni
fikir” 07.11.26 ¹1233
Ölkəmizi xandan, bəydən
qurtaran,
Nurlu
işıq ziyasını verən sən.
İnqilab ki, yüksəklərdən
yüksək sən,
Qızıl Oktyabr, şərəfli
bir adın var.
Meyvələrin bu günlərdə
yetişmiş,
Köylü, fəhlə
bir-birilə görüşmüş,
Doqquz illik bayramında
öpüşmüş,
Bayramına
ölkələrdən təbrik var.
Fabrik, zavod istehsalat yüksəlib,
Hər tərəfdə mədəniyyət
saçılıb,
Traktorla köylərimiz bəzənib,
Qızıl Oktyabr,
şanlı günün var.
Sənin adın titrədir
zalımları,
Vaxt arayır qənşərindən
qaçmayı,
Məzlum, fəqir ellər sənlə
yüksəlir,
Bu cahanda sənin
şanlı adın var!
“Şəhab”
Təhsin MÜTƏLLİMOV
525-ci qəzet.- 2011.- 14 may.-S.18-19.