Kürdəmirdə Nəriman Həsənzadə Günü

 

“Şairlə bir görüş, ya adi söhbət –

Allaha xidmətdir, bəndəyə hörmət...”

 (Nəriman Həsənzadə)

 

Əyalətdə insanların darıxmağa daha çox səbəbləri olur. Bütün baş verənləri – ədəbiyyatı, tarixi, musiqini ancaq televiziyadan   izləyə bilirlər. Bəlkə də efirdən Nəriman Həsənzadənin yubileyi ilə bağlı keçirilən tədbirləri izləyəndə heç düşünməmişdilər ki, qocaman şair onların da görüşünə gələcək günlərin birində, onların da qonağı olacaq yaşının səksənində...

Həmin gün rayonumuzda qəribə bir canlanma hiss etdim. Tədbir keçirilən məkanın – Kürdəmir Rayon Mədəniyyət Evinin qarşısında adamlar toplaşıb səbrsizliklə mərasimin başlamasını gözləyirdilər. Hava da elə isti idi ki. Bakının tozlu küləyindən, səs-küyündən bezən paytaxtlı qonaqlar da havadan, məkandan məmnun görünürdülər. Dəhlizdə düzülən foto, kitab sərgisi qonaqların başını elə qatmışdı ki, tədbirin başlayacağı saatı unutmuşdular az qala. Yavaş-yavaş vaxt yetişirdi. Zalda bir dənə də boş yer yox idi. Nəhayət ki, qonaqlar, səbəbkar Nəriman Həsənzadə və rayon icra hakimiyyətinin nümayəndələri zala daxil oldular. İsti rayonumuzun isti insanları qonaqları gur alqışla müşayiət etdilər. Beləliklə, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsi və yerli icra hakimiyyətinin birgə təşəbbüsü ilə xalq şairi Nəriman Həsənzadənin 80 illik yubileyinə həsr edilmiş yubiley tədbiri açıq elan edildi. Giriş sözü ilə Ədəbiyyat Muzeyi Aran regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı çıxış etdi. Hamını salamlayıb, gələn qonaqları – BDU-nun professoru Qara Namazovu, tənqidçi, “Azərbaycan” jurnalının baş redaktor müavini Vaqif Yusiflini, şair Simax Şeydanı, əməkdar artist, usta diktor Eldost Bayramı, Ədəbiyyat Muzeyinin əməkdaşları Sədaqət Hüseynovanı, filologiya elmləri doktoru Şəfəq Əlibəylini bircə-bircə təqdim etdi. Məncə, tədbirə giriş əslində Nəriman Həsənzadənin fotolarından ibarət videoçarxın monitorda görünməsilə başladı. O ağ-qara şəkillər hamını məclisə köklədi bir anda.

Çıxış üçün ilk söz Kürdəmir rayon icra hakimiyyəti başçısı Fəxrəddin Məlikova verildi. Görkəmli alimləri, ziyalıları rayonumuzda görməkdən şad olduğunu bildirən Fəxrəddin Məlikov Nəriman Həsənzadənin 2008-ci ildə də Kürdəmirdə qonaq olmasından, elə o gündən də kürdəmirlilərin yaddaşında xoş izlər qaldığından söz açdı. Nəriman Həsənzadənin həyat və yaradıcılığı haqqında geniş danışandan sonra: “Məncə, bu zalda kimi ayağa qaldırsaq, Nəriman Həsənzadədən, heç olmasa, 5 şeir əzbər deyə biləcək. Nəriman Həsənzadə ürəyinin diliylə danışan şairdi, onda vətənpərvərlik hissləri o qədər güclüdür ki, əsərlərində bu mövzuya dəfələrlə toxunub. O, tariximizi, dünənimizi gözəl yazan, ustalıqla qələmə alan ədibdir. Nəriman müəllim, doğrudan da, sizinlə görüş – Tanrıya xidmət, bəndəyə hörmətdi” – deyərək, çıxışını tamamladı. Söz şairin Kürdəmirə 2008-ci ildəki gəlişindən düşmüşkən, onunla bağlı növbəti videoçarxda xalq şairi Nəriman Həsənzadənin el şairi, qocaman aşıq Əhməd Rüstəmovla görüşündən fraqmentler ekrana gəldi və hamıda nostalji hisslər yaratdı. Zala çökən sükutu Nəriman Həsənzadənin sözlərinə yazılmış “Sən bağışladın” mahnısı pozdu. Gözəl ifadan sonra dəyərli radio diktoru, Nəriman Həsənzadənin təbiri ilə desək, şeirlərinin ikinci müəllifi Eldost Bayramın xoş səsini eşitmək lap yerinə düşdü. Kürdəmirə gəlməsindən şad olduğunu bildirib gözəl, ürəyəyatan səsiylə hamının ovqatını şeirə köklədi.

Növbəti çıxış imkanı şairin gənclik dostu professor Qara Namazovun oldu. Qara Namazov gənclik illərini xatırladı, Nəriman Həsənzadənin bütün əsərlərini oxuduğunu dedi. Sonra da: “Onun bir dastanı var, Poylu kəndinə həsr edib – “Poylu dastanı”. O kənddə nə qədər adam var, hamısının taleyini nəzmə çəkib. Bir kənd haqqında bu qədər ustalıqla yazmaq necə mümkün olub, adam təəccüblənir. Elə bil tərcümeyi-halıdı kəndin. Nəriman tarixdən də yazanda ən dərin qatlara gedir. Tarixə həm müasir, həm tarixi yöndə yanaşmağı bacarır. O, seçdiyi mövzunun bütün incəliklərini öyrənməyənə qədər yazmaz” – deyib şairə cansağlığı dilədi, yeni əsərlər yaratmasını arzuladı.

Tədbirin bu yerində söz musiqiyə verildi. Milli Konservatoriyanın müəllimi xanəndə Qəzənfər Abbasov gözəl bir muğam parçası oxumaqla hamını feyziyab etdi. Sonra alim Şəfəq Əlibəyliyə söz verildi. O, Nəriman Həsənzadəni özünə mənəvi ata bildiyini söylədi: “Nəriman Həsənzadə yazır ki, “Bir insan ömrünü girov qoymuşam, Bir şair ömrünü yaşamaq üçün” . Mən mənəvi atamın həm insan, həm şair ömrünü mənalı yaşadığının şahidiyəm”- deyərək çıxışını yekunlaşdırdı. Tədbirin bu yerində məktəblilərin təqdimatında “Xarı bülbül” poemasını səhnələşdirilmiş variantı maraq doğurdu. Yenə şeirin hamını həzinliyə köklədiyi anda əhvalımızı aşıq musiqi dəyişdi, aşıq İlham Astanbəylinin ifası məclisə şuxluq, nikbinlik gətirdi.

Uzun illər Nəriman Həsənzadə yaradıcılığını diqqətlə təhlil edən Vaqif Yusifli səhnəyə çıxar-çıxmaz, şeiri şeir caladı. Həm şairlə tanışlığına aid maraqlı məqamları, həm də onun yaradıcılığı ilə bağlı fikirlərini bölüşdü.

Sonra söz yenə də muğama verildi, gənc xanəndə Nasir Ətapur gözəl ifayla hamının rəğbətini qazandı. Möhtəşəm ifadan sonra səhnədə balaca məktəblilər göründü. Şairi bir dəmət çiçəklə təbrik edib, uşaq şeirlərindən nümunələr səsləndirdilər. Balaca çocuqlardan sonra bəndənizə növbg çatdı, məni şair özü dəvət etdi səhnəyə. Nəriman Həsənzadə haqqında fikirlərimi yazıb çap etdirmişdim deyə, tədbirdəki çıxışıma burda yer ayırmağı lazım bilmirəm, onsuz da Nəriman müəllimə rəğbətim və orada nələr dediyim təxminən məlumdur.

Söz artıq zala verilmişdi. Kürdəmirli ədəbiyyat müəllimi Əsbət Musayeva Nəriman Həsənzadədən bir neçə bənd şeir dedikdən sonra növbə yenə saza gəldi. Meydanı bir andaca ələ alan aşıq Vüqar havanı havaya bənd eləyib, sonda Aşıq Əhmədin “Bir salam verək” mahnısını oxudu. Almaniyadan gələn şair qonaq Simax Şeyda da Nəriman Həsənzadəni təbrik etdi, qürbətdə yazdığı bir şeiri söyləyib, kövrəldi, bu tədbirdə iştirakından şadlıq duyduğunu bildirdi.

Və nəhayət, söz xalq şairi Nəriman Həsənzadənin özündədir... Bu günün onunçün unudulmaz günlərdən olduğunu deyən şair rayon icra hakimiyyətini başçısı Fəxrəddin Məlikova, tədbirin ssenari müəllifi və aparıcısı Yaqut Bahadurqızına, mərasimin təşəbbüskarına – AMEA-nın müxbir üzvü, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin direktoru Rəfael Hüseynova, eləcə də qonaqlara, zaldakı hər kəsə dərin minnətdarlığını bildirdi. Gəncliyindən, təhsilindən, ömrü boyu başına gələnlərdən danışdı. Son illər yazdığı şeirlərindən oxudu. Axırda da qonaqlarla, oxucularla xatirə şəkli çəkdirdi. Tədbirin gedişatı da, çıxışlar və üzdəki ifadələr də hər kəsin bu görüşdən özüylə xoş hisslər apardığından xəbər verirdi.

 

 

Nərmin HÜSEYNZADƏ

 

525-ci qəzet.- 2011.- 14 may.- S.17.