Hotel azadlığı
“Kuba dəftəri” silsiləsindən
İkinci axşamdı kreslonun yumşaqlığına bata-bata, sağ yanım uyuşanda sol böyrüm üstə yayxanır, sonra əksinə, əvvəlki vəziyyətə qayıdaraq rahatlıq axtara-axtara tamını hələ ayırd eləyə bilmədiyim “Varadero” romundan qurtum-qurtum içir, şokolad dadan yoğun siqardan yüngül qullab alır, gəlin gərdəyindəki tülə oxşayan tüstünün o üzündə gələnlərə qabaqdan, gedənlərə arxadan baxmaqdan usanmırdım. Başqa əlac da yox idi, darıxmamaq üçün əvəzolunmaz məşğuliyyət tapmışdım.
Tünlükdə heç vaxt darıxmıram. Bir şərtlə ki, kimsənin mənimlə işi olmasın, söhbətə tutmasınlar, nəzərlərini üstümdə cəmləməsinlər, elə bilsinlər heç yoxam. Əslində izdihamda adam adamı heç “görmür”, burda hamı qarışqa ocağındakı kimi “kor”du.
Tələbəlikdə
vağzallardan ləzzət alırdım, indi də
aeroportlarda, böyük hotellərdə yorulmuram. Burda
adamların hər biri oxuduğun maraqlı kitab səhifəsi
kimidi, birini çevirirsən, o biri gəlir. Böyük
hotelin foyesi aeroport zalına oxşayır. Burda da adamlar gah tək,
gah ikibir, üçbir, gah da dəstə ilə gəlib-gedir.
Qəribəsi də odu ki, ilk baxışda səs-küylü
bu məkanın özünəməxsus bir sükunəti
var, başqa yerdə rastlamadığın dincliyi tapa bilərsən.
Adam kütlədə insanları tək-tək yox, cəm
şəklində, camaat halında görür, eynən səs
kimi, səs-küydə səsi tək-tək eşitmirsən.
Səs xaosunun özündə bir hüzur var.
Bəlkə də elə
kosmosun səssizliyi ulduzların hay-haray
qarışıqlığındandı, nə biləsən!
Başqalarını bilmirəm, məndə belədi: tək
adamla görüşdən tez darıxıram, di gəl məclisdə
saatlarla olaram, tək səsli otaqda da yuxuya gedə bilmirəm
– çox səsdə, lap orkestr olsun, yatacam, düz
sözümdü. Məşhur sovet dissidenti, 1976-cı ildə
Çili kommunistlərinin lideri, Pinoçet rejiminin siyasi qəhrəmana
çevirdiyi Luis Korvalanla dəyişdirilərək cənnəti
satın alırmış kimi SSRİ-nin həbs düşərgələri,
“psixbalnitsa”larından sonra Avropanın azad həyatına
qovuşan Vladimir Bukovski sonralar Moskva səfərlərinin
birində jurnalistin “Harda yaşamaq istərdiniz – Kembricdə,
ya Moskvada” sualına belə cavab vermişdi:
“Hoteldə!” Ürəyimdən
xəbər verən cavabdı. Mən də hotel
üçün sino gedirəm. Bəlkə də ona
görə ki, burda hər işi sənin yerinə
görürlər, özü də səliqə-sahmanla. “Tənbəl səliqəbaz
olar” deyiblər! lll Havananın ən iri hotellərindən
olan “Havana Libre”. Həm görünüşü, həm də
tarixi onun əzəmətini bir xeyli artırır – bura uzaq
1959-cu ilin yanvarınadək “Hilton” adlanıb. Foyenin aypara
şəkilli pilləkənləri ilə ikinci mərtəbəyə
qalxanda geniş dəhlizdə divar boyu asılmış
fotolar hotelin tarixini nəzərində canlandır. Kimlər
olmayıbmış? 50-ci illərin məşhur cazmenlərindən
tutmuş kosmosa ilk qadın nəfəsi aparmış Valentina
Tereşkovayacan, yazıçı Ernest Hemenqueydən sovet
lideri Leonid Brejnevədək. Əvvəl adama elə gəlir
ki, içkidən mədən, siqardan ciyərin,
yarılüt qadınlardan gözün tez doyar. Amma belə
deyil, əyləncə həvəsi kazino işıqları
kimi adama gəl-gəl deyir, iştaha açıldıqca
açılır. Pulemyot şaqqıltısı kimi qulaq
deşən ispan dilinin oynaq havasına dönüb bir
baxışla mis rəngli kubalı qızın qaynar təbəssümünü
süzsən, bayaqdan deşilən qulağın ta deşilməz,
ürəyinin ritmi artar, gözünə işıq gələr.
Burda hər şey sadədi, axıcıdı,
xumarlanmış baxışların önündən
keçən qol-boyun kişilər, qadınlar cənnət mələkləri
kimi sanki uçurlar, sən də tamaşa eləyirsən.
Yaş, irq, cins fərqi dərhal
seçilən cütlüklərin bəxtəvər
gülüşləri sənə süni gələ bilər,
gəlsin, bu heç nəyi dəyişmir, əksinə, fərqliliyin
xüsusi vəhdətini yaradır. Sən də bu vəhdətdən
qabaqlar duymadığın zövqü alırsan. SSRİ
dağılandan sonra hər cür yardımdan məhrum olub,
çıxış yolu kimi sərhədləri turistlərin
üzünə açandan “azadlıq adası“ sözün
şəhvət anlamında azadlıq adasına çevrilib
– aşiqlərin azadlıq diyarına. Eşq axtaran turistlər
oylağıdı Kuba, sanki bütün dünyanın
qocaları bura cavan sevgili tapmağa gəlir. Yaşı
60-ı ötsə də, ehtirası hələ sönməyən
bir qadın 20-25 yaşında yerli mulatın qoluna girib
qocalığın dadını çıxarmaqla məşğuldu.
Bu gözəl qızınsa yaşı 20 olmaz,
babasını xatırladan qocanın əti tökülən
qırış boynuna sarılması quruyub oduna dönmüş
ağaca dırmaşan yaşıl sarmaşığı
xatırladır. Mənim yaşımsa o yaş deyil, nə
qoca qarıya cavan aşiq, nə də cavan qıza qoca
dayıyam. Lap yaraşsam belə, olmaz! İş
başındayam. 2006-cı ildi. Bura kefə yox, kommunizmlə
mücadilə edən kubalı dissidentlərə, ictimai fəal
adamlara, siyasi məhbusların ailələrinə dəstəyə
gəlmişik. Kuba kimi ciddi rejimli kommunist ölkəsinə
belə səfər isə təhlükəlidi. Hər
addımın izlənə bilər, ilişdin, özündən
küs. Dünyanın ən murdar türmələrindən
birində işgəncə aparatına bağlanarsan, sorğu-suala
tutularsan, boynuna nə desən yükləyib iş kəsərlər.
Yerli televiziya kommunist quruluşunu dağıtmaq istəyən
düşməni hər saatbaşı göstərib lənətləyər.
Dünyanın hüquq müdafiə təşkilatları
müdafiənə qalxar, yəni bəyanat-zad verər.
Dövlətimizin rəsmilərindən köməyə
ümid də yoxdu, deyəcəklər, “canı
çıxsın, nə ölümü vardı orda”.
Müxalifətimiz də elə o sayaq yön alacaq, “burda
camaatın başına min oyun açırlar, bu da
dünyanın o başına gedib, elə qoçaq
oğlandı, burda qorusun ey, hüququ
tapdanmışları”... Təlimatım belədi: “Dostlar gələnədək
otur, gözlə!”, “Diqqəti cəlb eləmə!”. “Unutma,
burda turistdən çox yerli xəfiyyə var!”
Şaxtalı hava uçuşu ləngitdiyindən
bir gecəni Varşava, bir gecəni də
– Salam! – Qəşəng bir
sarışın qız nə vaxt gəlib yanımda oturub ki,
xəbərim olmayıb?!
– Mən Maşayam. İnsan
Hüquqları Komitəsindən.
– İki gündür harda
qalmısınız?
– Biz sizi görürdük, amma
yaxınlaşa bilmirdik. Çevrilməyin mənə sarı.
Bura onlarla doludu.
– Axı mən onları
görmürəm!
– Siz onları tanıya bilməzsiniz.
Dünən axşam elə onlara görə sizə yaxın
dura bilmədik... Mən çıxıram çölə,
beş dəqiqə sonra arxamca gəlin. Soldakı
küçə ilə aşağı düşün, ətrafa
baxmayın, birinci tini sola burulub dayanın. Əsl detektiv filminə
oxşayırdı. Sözləri sanki buz dolabından
çıxarırdı, elə deyirdi ki, adamın canına
üşütmə düşürdü. Amma vəziyyətin
heç də belə olmadığına inamım içimə
bir sakitlik çiləyirdi. Kubanın ta o dönəmi, Fidelin
də “komendante” olan vaxtı deyil ki, hər gələni
güdsünlər, hərəyə bir güdükcü
qoysunlar. Bir milyon turist gəlir bura. Hər halda daha təcrübəlilərə
qulaq asmalıydım. Gecənin qaranlığında yad şəhərin
kanalizasiya qoxulu, qulaq batıran səssizliyinə doğru
gedirdim. Yan-yörədə maşın görünməsə
də, havadan maşın qazının hisi, tini
sallanırdı. Ötən əsrin 40-50-ci illərdən
qalma maşınların tüstüsü belə tezliklə
çəkilən deyil. İnqilab qapıları
bağladığından ölkənin dünyayla təması
da kəsilmişdi, burdakı maşınların əksəri
elə inqilaba qədər olanlardı. Köhnə
maşınlar Kubanın brendlərindəndir, bu barədə
sonra daha geniş yazacam. İndisə ayağımı ehmalca
atıram ki, yol üstündəki konserv qabları, ayrı
zir-zibilə dəyib səs-küy çıxarmasın. Tində,
küçənin işıq düşməyən yerində
bayaqkı qız durmuşdu. Yanındakını – köhnə
moskvalı tanışımı elə siluetindən
tanıdım. Arxayınladım. Andrey Saxarov, Mustafa Cəmilov
kimi məşhur sovet dissidentləri ilə “yatıb
çıxmış“ canısulu qoca tanışıma salam
verəndə bir anlıq yadıma hoteldəki “fərqli
cütlüklər“ düşdü: “Bu da cavan
qızladı“.
Söhbətimiz çox
çəkmədi. Qısa salam-sağoldan sonra ovcuma
kağız parçası dürtdü: – Bu ünvanda
tanınmış dissidentin ailəsi yaşayır.
Özü türmədədi. Telefonu da var. Amma zəng eləməyin,
dinləyə bilərlər. Ən yaxşısı
birbaşa evlərinə getməkdi. Arvadı “Ağ
paltarlılar“dandı. Ondan başqa dostların
ünvanını alarsınız. Gerisini özünüz
bilirsiniz. Uğurlar! “Ağ paltarlı qadınlar” Kubanın ən
məşhur qadın siyasi hərəkatıdı. Burda əri,
oğlu, qardaşı siyasi motivlərlə həbs olunmuş
qadınlar cəmlənib. Onlar başdan-ayağa ağ geyinir,
ağ çətir götürüb etiraz piketləri
keçirirlər. Dostlarım dönüb
üzüaşağı getdilər, yavaş-yavaş
qaranlıqda əridilər. Yalnız onlardan ayrılanda hiss elədim
ki, yorğunam. Ayaqlarımı pud daşları
asılıbmış kimi sürüyürdüm. Ünvan yazılmış
kağızı, köhnə kişilər demiş, “piston
cibimdə” gizlətdim. Hotelə qayıtdım. Kefim
durulmuşdu. Həmişə uzun nigarançılıq bitəndə
rahatlaşıram, ovqatım düzəlir. Amma ürəyimdə
qocanın qarasınca deyinməyimdən də qalmadım: “Mənimlə
agent-agent oynayır. Allah bilir iki gündür bu qızla nə
keflər çəkib. Güdürmüşlər
bunları... Bu qızı nəyə gətirib bura?! Ruslardan
da baş açmaq olmur, heç “Tulaya da samovarla gələrlər?”
Amma canı yanmış əla candı, bu iki gündə
hoteldə beləsinə rast gəlmədim. Kim nə deyir
desin, dünyanın ən qəşəng qadınları
Rusiyadadı. Keçmişdə Hələb gözəlləri
məşhur imiş. Hələb-mələb görməmişəm,
mən gördüyümü deyirəm”. Saşa (bayaqkı
kişini belə çağırırlar) ilə çoxdan
tanış idik. İlk dəfə onu Krımda
görmüşdüm, bizi Krım tatarlarının lideri
Mustafa Cəmilov tanış eləmişdi. Mustafa bəy
üst-üstə 17 il həbs düşərgələrində
yatıb. Tək günahı da öz tarixi vətənlərindən
deportasiya olunmuş xalqının hüquqlarını
müdafiə etməsi olub. Saşa da sovet illərində
siyasi baxışlarına görə tutulubmuş. İndi belə
adamlar bütün dünyada azadlıq mücahidlərinə
dəstək verməyi boyunlarının borcu bilirlər. Mənimsə
sovet vaxtı elə bir qoçaqlığım-zadım
olmayıb, sadəcə, onlardan xoşum gəlir, bura da məni
elə bu azar gətirib çıxarıb.
Otağın qapısını
açıb eyvana çıxdım. Şəhərin baş
küçələri işıqlı olsa da, bir çox
kvartalda lampalar közərirdi. Xose Marti meydanındakı abidənin
başı elə mənim durduğum 19-cu mərtəbə
hündürlüyündə olardı. Uzaqdan gələn
23-cü küçə hotelin yanından keçib körfəzə
dirənirdi. Atlantik okeanının ilıq havası gecə sərinliyində
Havananın küçələrinə şeh çiləyirdi.
Yarı çılpaq bədənimdə hər şehin
milyon-milyon hissəciyini dən-dən hiss edirdim sanki.
Qayğısızlıq – bax, budur hotel otağının
verdiyi ən ləzzətli duyğu. Yatağın
yumşaqlığında ürəkdən gərnəşib
elə nərə çəkdim ki, bağırtıma az qala
özüm qorxacaqdım. “Bukovski ağıllı
adammış!” deyə əvvəl onun jurnalistə
cavabını, sonra da özünü xatırladım. 1998-ci
ildə Varşavada Polşa Seymində keçirilən III
Beynəlxalq İnsan Hüquqları Konfransında
tanış olmuşdum onunla. Xeyli söhbət eləmişdik,
xatirimdə isə onun bu sözləri qalıb: “Demokratik
mübarizə uzun prosesdi. Müstəqillik hələ azad
olmaq deyil. Sizin işiniz çətindi. Neftin bəlasını
hələ sonra çəkəcəksiniz”. Ağıllı
adamdı, nə deyəsən? Həm demokratiyası olmayan
neft ölkələrinin gələcəyindən xəbəri
varmış, həm də hotelin verdiyi azadlıq duyğusunu
yaşayıbmış. Hotel otağının
rahatlığına bürünüb yuxuya getdim.
Vahid QAZİ
525-ci qəzet.- 2011.- 14 may.- S.10.