Alimin hünəri
Paşa Əlioğlu uzun illərdir
mötəbər mətnşünas alim kimi tanınır,
onun ana dilli ədəbiyyatın əsasən XVI-XVII əsrlərə
dair mənbə və məxəzləri üzərində
işi, gərgin əməyi sayəsində bu dövrün
neçə-neçə sənətkarının əsəri
mütəxəssislərin ixtiyarına verilmişdir. Bu
iş, bir qayda olaraq, “iynə ilə gör qazmaq” qədər
çətin olduğundan, kadr potensialı cəhətdən
həmişə korluq çəkir. Məsələ dil,
yaxud əlifba bilməkdə deyil, əsas problem bu sahənin
arxeoloqu olmaq şövqü ilə bağlıdır. Arxeoloq
əsasən yerin təkinə enir, süxurlarda hansısa
dövrün barmaq izini axtarır, mənbəşünas alim
isə eyni zamanda həm yerin təkinə, həm göy
qübbəsinə qalxmalı olur.
Paşanın bu günlərdə
“XVII əsr anadilli Azərbaycan lirikası” adlı fundamental
araşdırması çap edilib (“Nurlan” nəşriyyatı,
2011). Əvvəla, bu kitab mükəmməl ədəbiyyat
tarixinin yazılması baxımından böyük önəm
daşıyır, çünki rəsmi ədəbiyyat
tariximizdə mənbə boşluğu, bundan əlavə
sistemli şərh və müstəqil analiz baxımından
çatışmazlıqlar mövcuddur. Paradoks deyilmi ki, ədəbiyyat
tarixi konsepsiyasının bu vəziyyətində dalbadal ədəbiyyat
nəzəriyyələri yazılır, hətta elələri
qələmə alınır ki, onları oxuduqdan sonra müəyyən
anlayışları qarışdırırsan, yəni nəzəri
kitab fikirləri, qənaətləri mücərrədləşdirməyə
deyil, əksinə onları izah edib
aydınlaşdırmağa xidmət etməlidir. Bu kitab uzun
illərin axtarışlarının və halal əməyin
məhsuludur. Bu kitab təkcə konkret dövrün bədii
nümunələrini araşdırmaq baxımından deyil,
eyni zamanda bir sıra konseptual məsələlərin tədqiqinə
yön vermək üçün dəyərlidir. Məsələn,
poeziyanın təyinatı, klassifikasiyası, təsəvvüfi-təriqət
şeirlə dünyəvi ruhlu mətnlər arasında
keçid və transformasiya hadisəsi qəbilindən olan nəzəri
problemlərin bu kitabdakı şərhi fikrimizcə, həqiqətəuyğundur,
bu poetik məhsullar daha sistemli analizin predmetini təşkil edərsə,
gələcəkdə XVII əsr poeziyasının gerçək
mənzərəsi haqqında dolğun fikir söyləmək
mümkün olacaq. Tədqiqatda xüsusən Nəvainin nəzəri
səciyyəli əsərlərinə və Avropa
türkoloqlarının əsərlərinə istinad onun kəsərini
birə on artırır. Paşa Əlioğlunun
araşdırmasında sözün yaxşı mənasında
bir ənənəvilik var, bu tədqiqat əsərində bir
daha sübut edilir ki, “üslub sonradan görünən hərəkətdir”,
o mənada ki, araşdırmanın nəticəsi, onun
ağla və ürəyə təsiri predmetə münasibətin
düzgün qurulmasından asılıdır. Bu mənada o,
araşdırmasına artıq bəlli əsərlərdə
sözün bitdiyi yerdən başlayır: “XVII əsrdə əsasən
ənənəvi növ və janrlar çərçivəsində
mövcud olan Azərbaycan ədəbiyyatına yeni təmayüllərin
gəlməsi dönməz xarakter almışdı. Ədəbiyyat,
onun mühüm hissəsini təşkil edən lirik poeziya
humanizmi, məhəbbəti, gözəlliyi təbliğ etməklə
bərabər get-gedə daha artıq dərəcədə
zamanın ümummilli əhəmiyyətli ictimai və etik
problemlərinin başa düşülməsi
üçün vasitəyə çevrilir, xalqın milli
özünüdərkində mühüm rol oynayırdı.
Əsasən ümumbəşəri problemlərlə məşğul
olan orta əsr tipli ədəbiyyat hakim mövqeyini saxlasa da, ədəbiyyatın
ictimai, milli əhəmiyyəti nəzərə çarpacaq
dərəcədə artmağa başlamışdı”.
Bu sitat əsərin
“Giriş” hissəsindəndir və tədqiqatın niyyətini
açıq şəkildə göstərir. XVII əsr ədəbiyyatı
milli özünüdərkə keçid xarakteri
daşıyır. Başqa bir misal: farsdilli poeziya nüfuzunu
saxlasa da, türkdilli ədəbiyyatın çəkisinin
artması danılmaz bir fakta çevrilmişdi. Bir millətin
bəlli səbəblərə görə ədəbiyyatını
başqa bir dildə yaratması təbiidir, ancaq millət
özünü özcə lisanında ifadə etməyə
üz tutduqda, burda artıq “çəkidən”, yaxud
“xüsusi çəkidən” söz gedə bilməz, bu halda
qəribə bir yarış stixiyası yaranır, millət nəinki
başqalarını, ilk növbədə özünü belə
ötmək həvəsinə düşür. Bir fakt da
önəmlidir: “Sadiq bəy Əfşarın “Məcməül-xəvas”,
Vəliqulu bəy Şamlunun “Qissəsül-xaqani”, Məhəmməd
Tahir Nəsrabadinin “Təzkireyi-Nəsrəbadi” təzkirələrində
XVI əsrin sonu XVII əsrdə yaşamış şamlu, təkəlu,
ustaclu, çavuşlu, avcı və səfəvilər
dövlətinin yaradılmasında iştirak etmiş digər
ellərdən olan şairlərdən bəhs olunur” (səhifə
3). Bu dövrün şairləri üçün obyektiv
olaraq iki mühüm istinadgah mövcud idi – Füzuli ənənələri
və yuxarıda adı çəkilən və çəkilməyən
bir çox ellərin son dərəcə canlı və
dinamik ağız ədəbiyyatı. Sonuncunun yazılı ədəbiyyat
üçün qida mənbəyinə çevrilməsi ədəbiyyatın
realist və milli məzmununu müəyyənləşdirir. Ənənə
mənasında bu iki əlifba – ana dili kitabı anadilli
şeir üçün geniş kontekstin açılması
imkanları demək idi. XVII əsrdə anadilli ədəbiyyatın
hansı şəraitdə inkişaf etdiyini anlamaq məqsədi
ilə tədqiqatçı yazır: “XVII əsrdə ictimai
həyatın bütün sahələrində, o cümlədən
anadilli poeziyamızda ciddi ideoloji mübarizənin getdiyini
görürük”. Müəllif dövrün ədəbiyyatının
durumunu göstərmək məqsədi ilə ictimai-siyasi təhlillər
aparır, ancaq bu epizodik təsvir və şərhlər ədəbi
prosesin içində baş verən hadisələrin
gerçək vəziyyəti ilə tanışlıq
xarakteri daşıyır. Bir tərəfdən, dövlətin,
itirilmiş torpaqların xilas edilməsi yönündə
müharibələr aparılır, digər tərəfdən
isə qızğın daxili siyasət planları qurulurdu. Bütün
bu çaxnaşmalar içində ədəbi proses
özü-özünü tənzimləyir, ideoloji
basqıların təsiri altında parçalanıb kiçilmir,
əksinə, daha geniş coğrafiyada yayılmaq
şansı qazanırdı. İkinci Səfəvi dövlətində
fars dilinin hakim mövqeyə keçməsi, türkcənin
yalnız şifahi və ordu səviyyəsində işlənməsi
də ədəbi prosesin stixiyasını dəyişdirə
bilmədi. Anadilli poeziyanı yaradan şairlərin
leksikasında nəfəs genişliyi, getdikcə
cığatay və osmanlı türkcəsinin
ayrı-ayrı komponentləri ilə zənginləşməsi
dönməz xarakter daşıyırdı. (Həm də bu
dövrün şairləri əsərlərini bir neçə
dildə yaradırdılar, bu aspekti nəzərə alıb o
dövrün hər hansı şairinin poetikasından yazmaq
maraq doğurmaya bilməz). Bütün bunlar bədii mətnlərdə
forma və janr dəyişikliyinə səbəb olurdu. O
dövrdə yazılan qəzəlləri diqqətlə
oxuduqda bunun şahidi ola bilərik. Zahirən elə
görünür ki, belə deyək, poetik şərait dəyişdikcə,
şeir formasının həcmi də dəyişikliyə
uğrayır. Fikrimizcə, məsələ qəzəlin 7
beytdən 12-23, 12-22, hətta 30 beyt həcminə
çatmasında deyildi. Əsas məqam janrlar
üçün, necə deyərlər, demokratik şəraitin
yaranmasında idi. Xalq şeiri, folklor stixiyası ilə güclü
təmas şeir, bədii mətn qəliblərini
dağıdır, formanın şeirin oxunduğu,
yayıldığı auditoriyaya uyğunlaşması prosesi
gedirdi. XVII əsr ədəbi prosesi nə qədər
ağır şərtlər daxilində inkişaf etsə də,
getdikcə demokratik mühiti daha çox mənimsəyirdi,
şeiri, poetik formanı yaradan ilkin şərt –ədəbi
mühit dəyişirdi. İdeoloji basqıların səngimədiyi
bir vaxtda insan ruhunun müxtəlif forma qəliblərində təzahürü
– insanı sıxan hər şeyə qarşı durması nəzərə
çarpan cəhətlərdəndir. Paşa Əlioğlunun
monoqrafiyası tədqiqat üsulu ilə də maraq
doğurur. Ümumi fon mənbə, məxəz və ədəbiyyatın
dəqiq təsviri ilə səciyyələnir. Bu fon hətta
sırf nəzəri məsələlərdən bəhs
edildikdə də unudulmur. Bu üsul bir sıra məsələlərin
dəqiqləşdirilməsinə, bəzi faktların yenidən
saf-çürük edilməsinə yardımçı olur.
XVII əsr poeziyasından bəhs edən ayrı-ayrı
müəlliflərin bu ədəbiyyatı yaradan sənətkarların
neçə dildə yazıb-yaratması məsələsi
bu qəbildəndir. Yeni mənbələr aşkarlandıqca
hansısa qəti fikrə qoyulan nöqtə
özbaşına aradan qalxır. Yəni, tədqiqatçı
həm yeni üzə çıxan mənbələri və
həm də sözü gedən dövrün xüsusiyyətlərini,
ədəbi prosesin özəlliklərini nəzərə
alır.
Paşa Əlioğlunun bu araşdırmasının başqa, fikrimizcə ən önəmli cəhətlərindən biri də müxtəlif tədqiqatlarda “tənəzzül dövrü”, “epiqonçu şairlər mühiti” kimi səciyyələnən XVII əsr lirikasının yeni gözlə araşdırılmasıdır. Tədqiqatçı bu məqamda sözün yaxşı mənasında qəribə səslənən bir tonla illər boyu üst-üstə yığılan səhv, ümumən sözü gedən dövrün ədəbi stixiyasına uyğun gəlməyən fikirləri “alt-üst edir”, ağır zəhmətlə toplayıb çap etdiyi mənbələrə əsaslanmaqla ədəbi dövrün mənzərəsini verir, orijinallığı ilə seçilən təhlillər aparır. Bu kitab həm də sənət əsərini, bədii mətni təhlilin normal yollarını öyrənmək baxımından maraqlıdır.
Cavanşir YUSİFLİ,
Filologiya elmləri doktoru
525-ci qəzet.- 2011.- 21 may.- S.24.