Teleskop
Əslində mən bu teleskopu neçə il əvvəldən görmüşdüm. Gözümün qabağında idi. Qaralıb-qaralıb boylanırdı mənə sarı. Yanından etinasız o tərəf-bu tərəfə keçib gedirdim. Yaxınlaşıb okulyarına baxmaqdan qorxurdum. Təxmin edirdim nə görəcəyimi. Ha bu gün, ha sabah derkən həyat yanımdan ötüb keçdi. Keçdi... Heç nəyi geri qaytarmaq olmayacaq...
Vaxtında baxmalıydım, ya da kimsə əlimdən tutub çəkməliydi onun qabağına və mən də gördüklərimdən nümunə üçün bir parça götürüb mikroskopun altına qoymalıydım. Yenə gözümü okulyara yaxınlaşdırıb da birhüceyrəlilərin əhatəsində çabalayan varlığımı görməliydim. Olmadı... Gecikdim...
... Tamaşadan sonra gəlib bunları düşündüm. Həm də fikirləşdim ki, çoxdan teatrdan belə zövq aldığım olmamışdı. Bəlkə mövzu mənə yaxın idi. Yox, təkcə bu deyildi. Hamıya lazımdı teleskop. Anlayan var, anlamayan var. Amma itirdiklərimizi bizə dünyanın heç bir dəqiq teleskopu da tapıb göstərə bilməz. Yaxşı ki, Elçin cəhd etdi...
İlk dəqiqələrdə bir çaşqınlıq yaşadım. Aktyorların saxta ağlaşından, qışqırığından... Sonra anladım, anladım – bu bizim həyatımızdı. Saxta “sevgilər”, riya dolu “məhəbbətlər”, təmənnalı “hörmətlər”. Əslində bu mövzu ədəbiyyatda da, kinoda da işlənib, yeni sayılmaz. Amma burda biz varıq, olduğumuz kimi. Və bizim yazıçının baxışında. Cəsarətli baxışında.
Deməli,
qısacası belədi. Bir nəfəri maşın vurub,
reanimasiyada yaxınları başına
yığışıb həyatla ölüm arasında
qalan insan üçün təlaş keçirirlər. Onun
ruhu isə artıq yuxarıdadı. Keçid Stansiyasında.
Cənab Əzrayıl özü şəxsən ilgilənib
onunla. Kişi (müəllif qəhrəmanı elə belə
də adlandırır) Keçid Stansiyasında
keçmiş arvadı ilə rastlaşır. Çoxdan
buraların sakini olan qadın keçmiş ərinə harda
olduğunu, buralardakı qayda-qanunu, kimin, nəyin hansı
statusda olduğunu anlatmağa çalışır. Kişi
ölümü ilə barışmaq istəmir, əzizlərini
xatırlayır. Geriyə – Yer kürəsinə qayıtmaq
istəyir. Orda qalan qohumlarına ürəyi yanır. “Onlar mənsiz
nə edəcəklər”, – deyir. Və əsəbindən cənab
Əzrayıla “nə ixtiyarla” sualını da verə bilir.
Amma qadın onu Keçid Stansiyasındakı Teleskopun
yanına gətirir. Sən demə Teleskop Yer kürəsində
qalıb yaşayanların əslində nə etdiyini göstərirmiş.
Əvvəllər burda iki Teleskop varmış. Sonra
ruhların çoxsaylı müraciətindən birini ləğv
ediblər. Çünki ruhlar orda – Yer kürəsində
kimin nə işlə məşğul olduğunu görmək
istəmirlər. Kişi heyrətlənir: “Necə görmək
istəmirlər? Hətta Vətəni də unudublar? (Dahiyanə
söz idi, bütün saxtakarların söykəndiyi yer – Vətən).
Qadın Kişini
inandıra bilmir və o, Teleskopdan baxmağa israr edir. Baxır
və diriykən görə bilmədiklərini (bəlkə
görmək istəmədiklərini) görür.
Görür ki, onu həyata qaytarmalı olan həkim,
başına and içdiyi həkim reanimasiya otağında
onun yarımcan bədəninə baxıb da, dünyanın
fani olduğunu bir daha dərk edib də tibb bacısıyla
dünyadan zövq almağa çalışır. Bu,
Kişinin Keçid Stansiyasında keçirməyə
başladığı ilk sarsıntıdı. Teleskopun istiqamətini
dəyişir. Kişi arvadının ona yas tutduğuna əmindi.
Baxır və güzgü qabağında pariklərini dəyişərək
bəzənən arvadını, mələk simalı Azərbaycan
qayınanasını görür. Sonra övladlarına
baxır. Onlar pul axtarışındadı. Dostuna baxır,
dostu olub-keçənləri xatırlayır, Kişinin
yazdığı anonimkanı xatırlayır. Tam bir faciə.
Ölünün dirilərə baxıb öz faciəsini dərk
etməsi və nəticədə Kişi də Teleskopdan
imtina etmək istəyir. Amma olmaz – burda Keçid
Stansiyasında ciddi nizam-intizam hökm sürür. O, (yəni
lap yuxarı instansiya) icazə verməsə mümkün
deyil. Kişi Teleskopu gizlincə çevirir. Və buna görə
cəzalanır. Onu da deyim ki, Keçid Stansiyasında həm
də tam demokratik ortam hökm sürür. Hər şey səsvermə
ilə həll olunur, mələklərin çox böyük
məsuliyyət hissi var. Rəyasət Heyəti ən hörmətli
mələklərdən ibarətdi – Əzrayıl,
Mikayıl, İsrail, Cəbrayıl. Bu mələklər
önəmli məsələləri çox ciddi müzakirə
edirlər. Kişinin ruhları həyəcana gətirməsi,
inqilab ab-havası nüfuzlu mələkləri də qorxudur.
Uzun-uzadı müzakirələrdən sonra qərara
alınır ki, Kişi ruhlar aləmi üçün
yetişməyib. Onu yenidən Yer kürəsinə qaytarmaq
lazımdı. Tam demokratik şəraitdə iki mələk –
cənab Cəbrayıl və cənab Əzrayıl bu qərarın
lehinə səs verirlər. İki mələk – cənab
Mikayıl, cənab İsrail isə bitərəf qalırlar və
təbii ki, qərar səs çoxluğu (məlum məsələdi)
bəyənilir. Qeybdən gələn səs bu qərarı
dəstəkləyir. Və işin icrası cənab Əzrayıla tapşırılır. O isə Cənubi
Qafqazdan çox yorulub. Çox...
Səs çoxluğu ilə
qərar qəbul edilib, amma Kişi Teleskopdan baxıb axı.
O, geri qayıtmaq istəmir. O, burda, ruhlar aləmində
gözəl qarğa qarıltısına qulaq asmaq istəyir,
buludların arası ilə uçmaq istəyir, mənəvi
qida almaq istəyir. O, hətta Cəhənnəmə də
getməyə razıdı, təki yenidən Yer kürəsinə
qayıtmasın. O, insan kimi yaşamaq istəmir. Qadın geri
qayıtmağa məcbur olan ərinə elə belə də
deyir: “Sən... orada daha insan kimi yaşama!..”
Tamaşanın sonluğu
yaxınlaşdıqca içimdə bir əndişə
başladı. Necə həll edəcək görən? Necə
həll edəcək? Sevdiyim yazıçının bəşəriyyəti
min illərdi düşündürən ağrının
qarşısında aciz qalmasını istəmirdim. Və bu
da epiloq. Epiloq?! Yox, epiloqlar, bir neçə variantda. Birinci
variantda Kişi öz doğmalarının əhatəsində
ruhlar aləmini xatırlayır. Yenidən ora uçmaq istəyir
və bu zaman cənab Əzrayıl peyda olur. Onu müjdələyir
ki, o biri iki mələk apelyasiya şikayəti veriblər. Rəyasət
Heyəti yenidən məsələyə baxıb, yeni qərar
çıxarıb. Kişini aparmağa gəlib Əzrayıl.
ONUN (yəni ən yuxarı instansiyanın) hökmü ilə
hətta Teleskop da ləğv edilib. Kişi sevincək Əzrayıla
qoşulub göylərə uçur.
Və ikinci epiloq, ikinci
variant. Kişi özünə gələn kimi tam insan olur. Mələksima
qayınana ilə qucaqlaşır, arvadının parik olmayan
saçını sığallayır. “Nə yaxşı ki,
həyat var” – deyir. “Nə
yaxşı o mənfur qarğalar yox, gözəl
bülbüllər oxuyur” – deyir. “Nə yaxşı ki, Yer
kürəsi var” – deyir. Yaşasın Yer kürəsi!
... Yaşasınmı?! Və
sonuncu ştrix. Yəqin ki, rejissorun əlavəsidi –
yuxarıdan kəndir sallanır, Kişi kətilin
üstünə çıxır... İntihar?!
Əvvəldə dedim ki,
çoxdandı teatrdan belə zövq aldığım
olmamışdı. Teatrşünas deyiləm və
tamaşanı bu aspektdən təhlil etmək fikrim yoxdu. Amma
mən burda bütöv bir komanda işi gördüm. Yəni
ortada fakt var (pyes), faktı tamaşaçıya
çatdırmaq bacarığı var. Tamaşanın
rejissorunu mən çoxdan tanıyırdım. Təxminən
6-7 il əvvəl televiziyada çalışdığım
vaxtlar bizim proqramın qonağı olmuşdu. Finlandiyadan bir
neçə günlük Bakıya gəlmişdi, gətirdiyi
videomateriallara baxa-baxa düşünmüşdüm ki, necə
heyf olur bizim sənətimiz,
belə cavanlar çıxıb gedirlər ölkədən?
Hər halda güman edirəm ki, Kamran Şahmərdana yeni
meydan tapılacaq. Teleskop bütün mənalarda onu aydın
göstərə bildi.
Əvvəl pyesi oxusaydım
fikirləşərdim ki, bizim şəraitdə bu ortama
(ruhlar aləminə) necə tərtibat vermək olar? Amma
öncə tamaşaya baxdığımdan hər şeyi
olduğu kimi qəbul elədim. Bir az mələklərin
qanadları xoşuma gəlmədi, vəssalam. Süni
görsəndi mənə, ruhlar aləmi həqiqi həyatdı
axı. Ora yapma heç nə yaraşmır. Yenə
vurğulayım ki, teatr tənqidçisi deyiləm. Ola bilər
bəzi nüansları, xırdalıqları düzgün
izah eləməyim. Amma zövqlü tamaşaçıyam
(bunu öz teleskopum göstərib mənə), tamaşa
gözəl idi. Yazıçı Elçinə də bu
gözəlliyi yaratmaq üçün Elçin Əfəndiyev çox yardımda
bulunmuşdu. Olsun! Qoy nəyisə həll edən
rıçaqlar istedadlı insanların əllərində
olsun. Çünki istedad da Əzrayıl kimidi. Onu da Allah
göndərir, onu da rüşvətlə yoldan
çıxarmaq olmur, o da adamın canını alır.
Bir də Füzulinin,
Füzuli Hüseynovun səhnəyə qayıtması məni
çox sevindirdi. Bu rol hər halda möhtəşəm
dönüş idi. Belə istedadlı, yaraşıqlı,
fakturalı aktyorun səhnədən gedişi həmişə
ağrıdırdı məni.
Əvvəllər teatr
tamaşalarını televiziya üçün çəkib
saxlamaq, televiziyadan göstərmək ənənəsi də
vardı. Bu qədər TV kanalları var, bəlkə
qayıdaq həmin günlərə? Bütün günü
şitlik eləyən, oynayan, gülən ekrana ciddi nəsə
gətirək? Düşünürəm ekran da seyrçisiz
qalmaz.
Teleskop lazımdımı?
Hazırıqmı ordan baxmağa? Öz həyatımıza
kənardan baxmaq istəyi varmı? Hər halda
yazıçı baxır və gördüyünü bizə
göstərə bilir. “TELESKOP ONA GÖRƏ QOYULMAYIB Kİ,
İBRƏT DƏRSİ VERSİN. ONLAR HƏYATA ƏLVİDA
DEYİB ARTIQ RUHA ÇEVRİLİBLƏR. İNDİ
YEKUNDUR, CAVAB MƏQAMIDIR. RUHLAR TƏZƏDƏN HƏYATA
QAYIDIB YAŞAYIŞLARINI REDAKTƏ EDƏN DEYİLLƏR
Kİ!” Ədəbiyyat da ibrət dərsi verə bilmir min illərdi,
təəssüf... İnsanlar gördüklərindən,
oxuduqlarından nəsə nəticə çıxara bilsəydi
Yer kürəsi güllü-gülüstan olardı. Orda,
yuxarıda, Rəyasət Heyətində Cənnətə
göndəriləcək ruh defisiti yaşanmazdı. Ədəbiyyat
ibrət olsaydı “HAÇANSA, BURA GƏLƏNLƏRDƏN
HANSISA O TELESKOPLA (barmağı ilə aşağını
göstərir) ORA BAXANDA OLA BİLSİN Kİ, GÖZƏL
GÖRÜNTÜLƏR GÖRƏCƏK! FƏXR EDƏCƏK
Kİ, (barmağı ilə aşağını göstərir),
ORADA YAŞAYIB! QOHUMLARI İLƏ FƏXR EDƏCƏK!
DOSTLARI İLƏ FƏXR EDƏCƏK! TANIŞLARI İLƏ
FƏXR EDƏCƏK! FƏXR EDƏCƏK Kİ, İNSAN
OLUB!” Bunlar ehtimallardı. Çünki ən yuxarı
instansiya da heç nədən əmin deyil. Yeddi günə
yaratdığı dünyada neçə milyon ildi ədalət
yarada bilmir. Ay Allah, keç günahımdan, sənin işlərinə
qarışmaq fikrim yoxdu. Bilirəm, bütün elədiklərim
orda Məlumat Bankına yazılır. Ancaq sən bizim
gördüklərimizi görsəydin... Mənim hüququm
yoxdu? Mən qışqırmaq istəyirəm! Hər halda mən
istəyirdim ki, yaxşı işlər çox olsun... Hər
halda mən istəyirdim ki, Teleskopla baxa biləcəyim
insanların sayı çox olsun... Amma təbii ki, mən də
mələk deyiləm... Elçinin deyimi ilə desəm,
“Gör də, gör mələklərin axırı hara gəlib
çıxıb?! İnsan... məni (Əzrayılı)
insafa çağırır”. “Mələklərin Test Mərkəzi
var. Bütün ruhlar ordan keçir. Ancaq mələklərin
o qədər işləri var ki, çatdırmırlar. Ona
görə də növbə böyükdü. Axır
vaxtlar da bura gələnlərin sayı lap çox
artıb!.. SPİD, quş qripi, donuz qripi, hələ terrorizmi
demirəm, avtomobil qəzaları. Özü də ən
çox qadınlar qəza törədirlər...” Allahım,
sən bu qadınları nədən yaratdın? Yer kürəsindəki
bütün fitnə-fəsadın baiskarı onlardı.
Avtomobil qəzası nədir ki? Mən Teleskopdan baxanda
gördüm öz qəzalarımı...
lll
Vaxtın necə
keçdiyini bilmədim. Uğurlu tamaşa idi. Bütün komponentləri
ilə. Teatr kollektivi əməlli zəhmət çəkmişdi.
Məşqlər fevralda başlayıb, bir neçə ay ərzində
araya-ərsəyə gətiriblər. Hər kəsin öz
payı var bu HADİSƏdə. Hadisə deməkdən
qorxmuram. Yəqin ki, Akademik Teatrın tarixinə yazılacaq bu
hadisə. Finlandiyadan gəlmiş rejissorun, Rusiyadan gəlmiş
rəssamın və ən önəmlisi bu məmləkətin
istedadlı insanlarının səyi ilə. Amma ortada fakt
olmalıdı, yəni əsər. Yəqin ki, gələcəkdə
də olacaq. Azərbaycanlılar yalnız özləri ilə
ruhlar aləminə pul aparmaqda bacarıqlı deyillər ki? Bu
xalq istedadlı xalqdı, mələksima olmasa da...
Tamaşada xalq artistləri də
oynayıb, əməkdar artistlər də, sıravi sənət
fədailəri də. Titulların nə önəmi var ki? Bu
titullar insanı daha da istedadlı, daha da qabiliyyətli eləmir
ki? Ola bilər yaşam üçün stimul versin. O da
böyük sual altında. Məndən ön sırada oturan
və əsəbi halda yerində qurcuxan (yəqin rol
almadığına görə) xalq artistinə baxıb fikirləşirdim
ki, ay aman, bu qadın doğrudan elə bilir sənət
adamıdır? Teleskopa bax, Teleskopa...
Bitdi tamaşa. Qəlbimdə
ağır çöküntü, sarsıntı, amma sənətdən
aldığım qarışıq hisslərlə
çıxdım teatrdan.
... Siz epiloqlardan hansı
variantı seçərdiniz? Axı xalq
yazıçısı bizi seçim qarşısında
qoydu... Özü seçimini edibmi?...
“Teleskop”a baxın və... hərdən
Teleskopdan baxın...
P.S. Gecə yazının son cümlələrini yazanda bir leysan başladı ki. Görəsən belə havalarda Teleskop nəsə göstərə bilirmi? Amma şimşək də çaxırdı. İşıq da düşürdü
Yer kürəsinə...
İradə TUNCAY
525-ci qəzet.- 2011.- 21 may.- S.16.