Cahangir Məmmədli: “Hələ irəlidə türk sözünü türkə deyəcəyimiz çox layihələrimiz var”

 

Hər sənətin sənətkarı, hər peşənin də peşəkarı var, deyirlər. Qonağımız öz peşəsində peşəkardır. “Jurnalistika nəzəriyyəsi və təcrübəsi” kafedrasının müdiri, filologiya elmləri namizədi, dosent və “İctimai” televiziyanın yayım şurasının sədri Cahangir Məmmədli.

– “Müstəqil mətbuat” ifadəsi günümüz üçün keçərlidirmi? 

– Azərbaycan bir dövlət, bir millət kimi müstəqil mətbuatın yaranmasına və formalaşmasına çox böyük cəhd edir. Hələ o vaxt Heydər Əliyev çıxışlarının birində Azərbaycan 3 cür mətbuat var demişdi: “Bir tərəfdə iqtidarın mətbuatı, digər tərəfdə müxalifətin, ortada isə müstəqil mətbuat. Hər iki mətbuat müstəqil mətbuata yaxınlaşmalıdır.” Bu formul bu günümüzdə də davam edir. Demokratik qaydalar o qədər inkişaf eləməlidir ki,hər iki mətbuat orqanı ortadakı mətbuat orqanına transfer olunsun. Bu günkü şəraitdə iqtidar mətbuatı iqtidara, daha doğrusu hakimiyyətə xidmət edir, müxalifət qəzeti müxalif qüvvələrə. Bunların heç biri tam müstəqil ola bilməz. Hələlik iqtisadi imkanlar o qədər də çox olmadığından, Azərbaycanda reklam bazarı tam formalaşdığından müstəqil mətbuat ifadəsindən danışmaq çətindir. Hələlik adlarını müstəqil hesab etdiyimiz bir sıra mətbuat orqanlarının özü də kiminsə köməyinə, sponsor fəaliyyətinə söykənir, bəzən də Azərbaycan şəraitində sponsor öz diktəsini edir. Mən yenə də sevinirəm ki, müstəqil mətbuat anlayışı bizim ölkədə inkişaf etməkdədir. Ən azından “Kütləvi informasiyalar haqqında qanun”umuz mətbuatımızın müstəqil olmasına şərait yaradır. 

– Əgər bu gün redaksiyalarda mövzu seçimində müxbirə redaktor tərəfindən müdaxilə varsa, hansı müstəqil mətbuatdan danışmaq olar? 

– Hər bir qəzetin özünün informasiya siyasəti var, Düzdür biz deyirik ki, qəzetlər yalnız ictimai marağa qulluq etməlidir, O redaktorun müdaxilələri isə informasiya siyasətilə əlaqəlidir. Söhbət, əlbəttə ki, normal qəzetlərdən gedir. Mənə elə gəlir ki, buna irad tutmaq lazım deyil. İradı o zaman tutarıq ki, jurnalistə redaktor tərəfindən təzyiqlər göstərilsin ki, mən deyən, mən göstərən kimi yaz. Belə olan halda ağıllı jurnalist həmin redaksiyadan gedir, deməli jurnalistlə redaksiyanın yazı formatı uyğun gəlmiyə bilər.Bu çox normaldır. 

– Etiraf edək ki, müstəqilliyə meyilli qəzetlərin oxucu auditoriyası baxımından iqtidar və müxalifət qəzetlərindən çox geridə qalır. Bunun səbəbi nədədir? Problem qəzetlərin yazı qaydasındadır, yoxsa oxucuların zövq və səviyyəsində problem var? 

– Bu gün elektron-onlayn jurnalistikası qarşısında qəzetlər dərin narahatlıq keçirir. İctimai rəyə qulluq edən qəzetlərimizin hamısı çalışır ki, öz oxucularını itirməsin və bacardığı qədər oxucu auditoriyasını genişləndirsin. Ancaq bu, çox çətin məsələdir. Müstəqil qəzetlərin oxucuları var. Həmin oxucular informasiyanın qədrini bilənlərdir. Mən demirəm ki, onların oxucularının sayı təqdir edən, böhtan atan, yalan danışan qəzetlərin oxucuları qədərdir. Təhqir və böhtandan çox yazan qəzetlər Azərbaycan oxucularını təhqir, böhtan elementlərinə alışdırıblar. Müəyyən qrup oxucu var ki, bu gün kimin kimə böhtan atdığını bilmək istəyir. O qəzetlərin oxucuları da həmin adamlarıdır. Mən də bununla razıyam ki, müstəqil hesab etdiyimiz qəzetlərin tirajı həmin qəzetlərdən geri qalır. Amma nəzərə alaq ki, hər qəzetin də öz oxucu auditoriyası var. Məsələn, mən hər gün “525-ci qəzeti” almasam özümü informasiyasız hesab edərəm. Hər kəsin də özünəməxsus qəzet formatı var.

– Mətbuat şurası “Peşə etikasının qorunması”yla bağlı təlimlər keçirir. Maraqlıdır bu cür təlimlər milli mətbuatımıza niyə təsir etmir? Ən tipik nümunə köşə yazılarıdır. 

– Mən çox sevinirəm ki, sizin kimi gənc jurnalistlər bu məsələləri duyursunuz. Bizdə bir neçə “məşhur” qəzetlər var ki, bu qəzetlərin köşə yazılarında təhqir elementlərinə çox yer verilir. Lakin mən hiss edirəm ki, son 5 ildə bu cür təhqirlər qismən də olsa azaldılıb, çünki, Mətbuat Şurası bu məsələylə çox ciddi məşğul olur. Təlimlərdən başqa təsir edə biləcək mexanizmlər yoxdur. Lakin başqa mexanizm var ki, həmin qəzetləri reket, rüşvət alan və təhqir elementlərinin sayına görə ilk yerləri tutan qəzetlər adlandırdıqda, onlar nisbətən bu məsələlərdən uzaq dururlar. Bir misal çəkim- keçən parlament seçkilərində fəaliyyət göstərən “qara piyar”la bu gün parlament seçkilərindəki “qara piar” arasında müsbət mənada çox böyük fərq var. Bu, çox böyük göstəricidir.

– 2001-ci ildə sizin baş redaktorluğunuzla “Türkün sözü” adlı sənədli film çəkildi. Bu 9 il ərzində türkün sözünü türklərə nə dərəcədəsə çatdıra bilmisinizmi? (Deyəsən son 9 il bu filmi tanınmış jurnalistimizə unutdurmuşdu,axı. Cavabı verərkən xeyli düşünüb sonra) 

– Həə, yadıma gəldi. Bilirsiz, bu gün Azərbaycan –Türkiyə münasibətləri yüksək səviyyədə inkişaf edir. Onları bir-birindən heç kim ayıra bilməz. Hər birimiz bu münasibətlərə bir damla, bir zərrə sevgi qata biliriksə, bu böyük şeydir. İctimai televiziya 4 aylıq fasilədən sonra oktyabrın 18-də TRT Avaz kanalı ilə özünün layihəsinə yenidən başladı. Bu elə ilk addımlardandır. Lakin irəlidə hələ türk sözünü türkə deyə biləcəyimiz çox layihələrimiz var. Türkçülük ideyası Əli bəy Hüseynzadədən gəlsə də, hələ bu amal uğrunda müsbət yöndə mübarizələr davam edəcək. Arada 70 il bu ideyanın təbliğinə qadağa qoydular, amma yol hələ də davam edir. Mənə elə gəlir ki, türk sözü türk dünyasına artıq çatmaqdadır. 

– Bəs bu film ekranlarda niyə yayımlanmır? 

– Bunun iki səbəbi var. Həm çəkilişin qeyri-peşəkar olması, ikinci isə cəmiyyətin daha çox şou-biznesə maraq göstərməsi. İkinci səbəb daha əsasdır. 

– Söhbətimizin əvvəlində mətbuatın tipologiyası məsələsinə toxundunuz. Rəhbərlik etdiyiniz kafedrada bu məsələ ilə məşğul olan mütəxəssis varmı? 

– Mətbuatın tipologiyası mövzusunu işləmək, onu sistemləşdirmək çox çətindir. Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində də bu məsələylə bağlı tam dəqiq məlumatlar yoxdur. Bizim kafedrada ayrıca olaraq gənc mütəxəssis Könül Niftəliyeva bu məsələylə ciddi məşğuldur. Namizədlik dissertasiyasını müdafiə edib, bu yaxınlarda dosent olacaq. Könül xanımın bütün məqalələri, bütün elmi işləri demək olar ki, Azərbaycanda mətbuatın tipoloji sisteminə həsr olunur. 

– Sonda bir peşəkar olaraq jurnalistlərə və ən əsası tələbə-jurnalistlərə nələri tövsiyə edərdiniz? 

– Jurnalistlərə onu demək istərdim ki, hər şeydən öncə ictimai marağa üstünlük versinlər. Heç kimin marağına xidmət eləmək lazım deyil. Korporativ maraqları atmaq lazımdır. Jurnalistlər yalnız ictimai marağa xidmət etdiyi halda reklam bazarına girə bilirlər. Bizim tələbələrə gəlincə sizə demək istərdim ki, zaman müsbətə doğru dəyişib. Sovet dövründə bu cür sərbəst danışıqlar aparmaq qeyri-mümkün idi. İndi müstəqil və azad ölkədə yaşayırıq. Lakin bu o demək deyil ki, siz nə istəsəniz yaza bilərsiniz. Ancaq jurnalistlərin doktrinalarına- həqiqətə, dəqiqliyə, ləyaqətə, vicdanlılığa xidmət etməlisiniz. Jurnalistin yolu budur. Hər birinizə uğurlar arzulayıram.

 

 

Dürrə HƏSƏN

 

525-ci qəzet.- 2011.- 21 may.- S.11.