Adel Adileh: “Kral Abdulla sanki baş verəcək hadisələri öncədən bilirdi,

 

ONA GÖRƏ HÖKUMƏTƏ GƏLƏN KİMİ İSLAHATLARA BAŞLADI”

 

İordaniya Haşimilər Krallığı mayın 25-də milli gününü qeyd edir. Bu münasibətlə İordaniyanın Azərbaycandakı səfiri Adel Adileh “525-ci qəzet”ə müsahibə verib. Səfir həmçinin son vaxtlar Yaxın Şərq regionunda gedən proseslərə də toxunub.

–Cənab səfir, 25 may tarixi İordaniya xalqı üçün hansı əhəmiyyəti kəsb edir?

–İordaniya öz istiqlaliyyətini 1946-cı il mayın 25-də elan edib və İordaniya Haşimilər Krallığı yaranıb. Bizim üçün bu bayram çox əzizdir. Çünki xalqımız imperializmin caynaqlarından qurtararaq öz müstəqilliyini elan edib. Müstəqillik illərində İordaniya bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni, sosial sahələrdə nailiyyətlər əldə edə bilib. Bu dövr ərzində İordaniya bir sivil dövlətə çevrilib. Dünya birliyinə, mədəniyyətinə inteqrasiya olunub, dünyada baş verən hadisələrə öz təsirini göstərib və həm də o təsirlərə məruz qalıb. Bir sözlə, böyük inteqrasiya baş verib. Ona görə xalqımız böyük fəxr və qürur hissi ilə bu bayramı qeyd edir. Mərhum Kral Hüseynin və hazırkı kral ikinci Abdullanın başçılığı ilə İordaniya xalqı böyük nailiyyətlər, uğurlar əldə edib.

–Artıq bir müddətdir ki, ərəb dünyasında baş verən hadisələr beynəlxalq aləmin gündəmini təşkil edir. İordaniyanın bu məsələlərə baxışı necədir?

–Hər ərəb ölkəsinin öz xüsusiyyətləri var. İordaniyanın siyasəti başqa dövlətlərin işlərinə qarışmamaq prinsipi üzərində qurulub. Yəni biz başqa xalqların, hökumətlərin seçiminə böyük ehtiramla yanaşırıq və daxili işlərinə qarışmamaq prinsipini üstün tuturuq. Seçimi xalq edir.

Kral Abdulla sanki baş verəcək hadisələri öncədən görmüşdü. Ona görə hökumətə gəldiyi andan etibarən öz ölkəsində müəyyən islahatlar keçirməyə başladı. Ötən illər ərzində bu islahatlar başladı, həmin yolda müəyyən çətinliklər oldu və çətinliklər indi də var, amma buna baxmayaraq bir çox nailiyyətlər əldə olunub. Çünki tərəqqi, irəliləyiş, inkişaf hər bir xalqa lazımdır və hər bir xalqın buna ehtiyacı var. Baş verən hadisələr isə sanki İordaniyadakı islahatlara yeni təkan verdi, onları daha da gücləndirdi. İstər siyasi, istər iqtisadi sahədə olsun. İordaniya xalqı ölkədə gedən islahatları çox yaxşı qəbul edir və görür ki, bunlar çoxdan başlayıb. Ölkə daxilində nümayişlərin olmasına, yığıncaqların keçirilməsinə gəlincə, bu, hər bir ölkədə baş verən təbii hadisədir. Hökumətə islahatları tezləşdirməsi kimi çağırışlar olur və biz də buna təbii hal kimi baxırıq.

–Ərəb dünyasında başlayan üsyanların ilk günlərində İordaniyada da müəyyən etirazlar oldu. Amma bu etirazlar kəskin hal almadı. Səbəb kimi ABŞ-ın bu ölkədə inqilab istəməməsi və ona dəstək verməməsi göstərildi. ABŞ-ın bu mövqeyi isə İordaniyanın İsraillə olan münasibətindən irəli gəldiyi kimi fikirlər var. Sizcə, bu amilin rolu nə dərəcədədir?

–Bunu jurnalistlərin və analitiklərin sırf subyektiv fikirləri hesab edirəm. Çünki İordaniyada vəziyyətin necə olması Birləşmiş Ştatların işi deyil. İordaniyada vəziyyətin sabit olması xalqın öz əlindədir və onun iradəsindən asılıdır. Ona görə mən bayaq niyə İordaniyada başqa ərəb ölkələrində cərəyan edən hadisələrin baş vermədiyini söylədim. Biz islahatlarla və digər addımlarla bu hadisələri qabaqlamışdıq.

Bu səbəbdən də üsyanlar olmadı. İordaniya hökuməti islahatlar məsələsində çox ciddi addımlar atdı. Bizdə belə vəziyyətin yaşanmasına motiv yox idi. Ona görə şükür Allaha ki, belə hadisələr baş vermədi.

–Bəs ərəb dünyasını bürüyən üsyanlar İordaniyaya siyasi, iqtisadi və digər istiqamətlərdə necə təsir etdi?

–Bu hadisələrdən əvvəl bütün dünyada bildiyiniz kimi maliyyə böhranı yaşanırdı. Bu böhran bütün ölkələrə, o cümlədən inkişaf etmiş dövlətlərə də təsirini göstərdi. Təbii ki, İordaniya həmin regionda yerləşən dövlət kimi baş verən hadisələrdən təsirsiz keçinə bilməzdi. İstər mənfi, istər müsbət baxımdan. Siyasi cəhətdən bayaq da vurğuladığım kimi bizdə vəziyyət yaxşıdır. İqtisadi sahəyə gəlincə, deməliyəm ki, təəssüf ki, bizim regionda yaşayan bütün dövlətlər bu böhranın təsirinə məruz qalıblar. Ancaq hökumət böhranı aradan götürmək üçün müəyyən alternativ yollar axtarır, tədbirlər görür. Bütün işlər dövlətin və hökumətin nəzarəti altındadır.

–Liviyada müxalifətin müvəqqəti keçid hökumətini ərəb dövlətlərindən Qətər tanıyıb. İordaniya belə bir addım atmağı düşünürmü?

–Artıq qeyd etdiyim kimi İordaniyanın siyasəti müəyyən bir baza üzərində qurulub və bu baza ondan ibarətdir ki, başqa ölkələrin daxili işlərinə qarışmayaq. Bu qəbul olunmuş bir prinsipdir və krallıq yarandığı dövrdən gələn bütün hökumətlər bu bazaya istinad edərək siyasət yeridiblər.

–Siz regionun gələcəyini necə görürsünüz? Sabitlik nə zaman bərpa oluna bilər?

–Çox təəssüf edirik ki, həqiqətən də regionumuz böyük çaxnaşmalarla, hadisələrlə üzləşdi. Amma ümid edirəm ki, yaxın zamanlarda regionumuza sabitlik, əmin amanlıq gələcək və hamımız bunun şahidi olacağıq.

–İordaniya Qərbə daha yaxın ərəb ölkəsidir. Eyni zamanda İsraillə yaxşı münasibətlərə malikdir. Bunu nəzərə alaraq İordaniyanın Fələstin probleminin həllində rolu nə dərəcədə ola bilər?

–İsraillə diplomatik əlaqələrimiz var və İordaniya İsraillə sülh sazişi bağlayıb. İordaniya inanır ki, sülh bölgə xalqlarına əmin-amanlıq, tərəqqi və çiçəklənmə gətirir.Əlahəzrət kral II Abdullah regionda sülhün bərqərar olması, müstəqil Fələstin dövlətinin yaranması üçün böyük səylər göstərmişdir. Bu dövlətin yaranması sülhə nail olmağın əsas təməlidir. Bu hədəfə çatmaq üçün İordaniya daima bütün dünya dövlətlərilə əməkdaşlıq edir.

–Cənab səfir, istərdim Azərbaycan İordaniya münasibətlərinin hazırkı səviyyəsinə də münasibət bildirəsiniz. Sizcə iki ölkənin münasibətləri hansı sahədə daha yüksək səviyyəyə qalxıb?

–İordaniya ilə Azərbaycan arasında siyasi əlaqələr çox inkişaf edib və xüsusi əlaqələrdir. Bu həm də onun sayəsindədir ki, əlahəzrət kralla Azərbaycan prezidenti arasında şəxsi dostluq münasibətləri mövcuddur. Ona görə də iki ölkə arasında siyasi əlaqələr daha yüksək səviyyədə inkişaf edib. Əlaqələr gündən-günə inkişaf edir. Hər iki ölkənin nümayəndə heyətlərinin səfərləri tez-tez baş tutur. Güman edirik ki, bu əlaqələr daha da inkişaf edəcək. Siyasi sahədə əməkdaşlıqdan biz çox razıyıq. Amma iqtisadi sahəyə gəlincə, onu deməliyik ki, bu sahədə səylərimizə baxmayaraq göstəricilər bizi razı salacaq həddə deyil. Çünki hər iki ölkənin bu sahədə əlaqələri siyasi münasibətlər səviyyəsinə çatdırmaqla bağlı kifayət qədər potensialı var. Mən çox nikbinəm. Hər iki tərəfdən apardığımız işlər, səylərimiz imkan verir deyəm ki, bu sahədə də yaxın illərdə yüksək nəticələrə nail ola biləcəyik.

–Bəs qarşılıqlı olaraq ölkələr hansı məhsulları idxal və ixrac edir?

–İordaniya neft ölkəsi deyil və təbii sərvətlərimiz demək olar yox dərəcəsindədir. Ona görə də xidmətlər sahəsinə daha çox diqqət yetiririk. Bu sahəyə İordaniyada daha çox inkişaf edib. Eyni zamanda sözügedən istiqamət üzrə başqa ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələr qururuq. Əsas Azərbaycana göndərdiyimiz mallar arasında dərman preparatları üstünlük təşkil edir. Kimya sahəsində əməkdaşlıq edirik, Azərbaycana üzvü gübrələri, o cümlədən fosfor və potaş göndəririk. İnformasiya texnologiyaları sahəsi də İordaniyada inkişaf edib. Bu sahə üzrə əməkdaşlığımız var. Yüngül sənaye, həmçinin qida məhsulları, Ölü dənizin məhsullarından hazırlanan kosmetik vasitələr bura ixrac olunur. Bundan əlavə, iki ildir ki, biz Azərbaycana meyvə –tərəvəz ixrac edirik. İordaniya orijinal təbiətə malikdir. Elə ölkələr var qış aylarında havanın temperaturu sıfır dərəcədən aşağı olur. İordaniyada isə 25 dərəcədir. Yəni bu aylarda onun coğrafi şəraiti imkan verir ki, müəyyən kənd təsərrüfatı məhsullarını istehsal edib başqa ölkələrə göndərə bilsin.

Azərbaycandan ixrac etdiyimiz mallara gəlincə isə ölkəniz neft-qaz sahəsində aparıcı dövlətlərdən biri hesab olunur. İki dövlət arasında Azərbaycandan İordaniyaya həm neft, həm qaz ixrac edilməsi barədə danışıqlar aparılır. Bu sahədə anlaşmanın olacağına dair çox nikbinik. Azərbaycandan taxıl, kiçik buynuzlu ixrac etməyi də planlaşdırırıq, çünki bu məhsullara ehtiyacımız var. Ümumilikdə isə demək istərdim ki, hər iki ölkədə bu sahə üzrə geniş potensial, imkanlar var ki, ticari mübadiləni yüksək səviyyəyə çatdıraq.

–Ticarət dövriyyəsinin həcmi nə qədər təşkil edir?

–Təxminən 7 milyon dollar. Mən istərdim bu rəqəm 100-200 milyon dollara, hətta ondan da yüksək olsun. Ümid edirik ki, belə də olacaq.

–Artıq turizm mövsümü başlayır. İordaniya dünyada həm də turizm ölkəsi kimi tanınır. Bu sahədə Azərbaycanla əməkdaşlıq necə qurulub?

–Turizm şirkətləri arasında əlaqələr mövcuddur, ancaq bəzi problemlər var ki, bunların biri də transportla bağlıdır. Eyni zamanda Azərbaycanda bəzi xidmətlər bahadır. Bu başadüşüləndir, çünki yol xərcləri baha başa gəlir. Azərbaycan prezidenti bu ili turizm ili elan edib. Mədəniyyət və Turizm Nazirliyi bu sahədə bir çox işlər həyata keçirməkdədir. Güman edirəm ki, bütün bunlar turizmin inkişafında irəliləyişlərə gətirəcək. Hər iki ölkə arasında turizm əlaqələrini genişləndirmək, həvəsləndirmək üçün qarşılıqlı olaraq turizm nazirlikləri arasında koordinasiya işləri daim aparılır.

 

 

P.SULTANOVA

 

525-ci qəzet.- 2011.- 21 may.- S.10.