Dionisin sağlığına!
2004-2011-ci illər Azərbaycan dramaturgiyası
haqqında qeydlər
Azərbaycan
Yazıçılar Birliyinin son qurultayından ötən
dövrdə dramaturgiyamıza dair
çıxışımız iki bölümdən ibarətdir.
Birinci bölüm müstəqillik dövrü ədəbiyyatı
və eləcə də dramaturgiyasının ən ümumi
durumunu şərtləndirən səbəblər, ikinci
bölüm isə son səkkiz ildə yazılmış dram
əsərlərinin birbaşa araşdırılmasıyla
bağlıdır. Beləliklə, təxmini də olsa,
birinci bölümü nəzəri, ikincini tətbiqi
adlandıra bilərik.
Birinci bölüm
Azərbaycan ədəbiyyatı və özəl olaraq
dramaturgiyasının çağdaş durumunu şərtləndirən
səbəblər
I yazı
Müstəqillik
dövrü, xüsusən də Azərbaycan
Yazıçılar Birliyinin ötən qurultayından
keçən dövrdə milli dramaturgiyamız hansı yolu
keçib? 2004-2011-ci ilin bədii məhsulları dramaturji
düşüncəmizin inkişafı, yoxsa geriləməsindən
xəbər verir? Son iyirmi ildə “Müsyö Jordan və Dərviş
Məstəli şah”, “Müsibəti-Fəxrəddin”,
“Dağılan tifaq”, “Ölülər”, “İblis”, “Aydın”,
“Vaqif”, “Sən həmişə mənimləsən”, “Təhminə
və Zaur” kimi hər hansı səhnə əsərimiz
yaranıbmı? Tənqidçi V.Yusifli 2004-cü ildə
“525-ci qəzet”də işıq üzü görən “Həyat
səhnədir, insanlar aktyor, dünya tamaşa” adlı məqaləsində
bir az da maksimalistcəsinə yazır: “...çağdaş
Azərbaycan dramaturgiyası çağdaş Azərbaycan teatrındakı
boşluğu doldura bilmir”. Amma bizə bu sualları birmənalı
cavablandırmaq bir qədər çətin gəlir. Və
problem özünün hərtərəfli
çözümünü istəyir.
Çünki son iyirmi ildə
ədəbiyyat və eləcə də dramaturgiyada bir yandan
güclü yeniləşmə gedir, yazıçılar daha
səmimi və təbii yazmağa çalışır,
sovet dövründə yasaqlanmış dünya ədəbiyyatı
praktikası bədii düşüncəmizə daxil olur, hər
cür tabu söz konusuna çevrilir, çoxsaylı kitablar
yayınlanır, fərqli dillərə və fərqli dillərdən
çevirmələr yapılır, yeni ədəbi imzalar
üzə çıxır, təntənəli təqdimat
törənləri keçirilir, dürlü nominasiyalar
üzrə ödüllər paylanır. Və... demək, ədəbiyyat
gəlişir.
Digər yandan isə
metodoloji yenilik, yazıçı səmimiyyəti, yasaq
tematika, çoxsaylı kitablar və rəngarəng
ödülləndirmə törənləri ciddi anlamda sənət
gəlişməsini söz konusu etməyə hələ yetərli
deyil. Əgər tipik sovet yazarları istehsalat və inqilab
mövzularını ədəbi möhtəkirlik alətinə
çevirirdisə, indi eyni məqsədlə erotika və ya
kriminaldan, vulqar leksikondan bəhrələnmə çabaları
göstərilir, naturalizmə meyl güclənir. Birinci halda əl
və ayaq kimi əmək orqanları, ikincidə isə
göbəkdənaşağı fizioloji faktura önə
keçir və hər ikisində bədii düşüncənin
əsas araşdırma predmeti – ürək arxa plana
sıxışdırılır. Sözün ürək
döyüntüləri zəifləyir... “Avrovizion” beynəlxalq
musiqi yarışmasında Ell və Nikkinin kövrək
ürək döyüntüləri üstündə köklənmiş
nəğməsinin aqressiya və qışqırığa
söykənən onlarla mahnını geridə qoyub birincilik
qazanması isə göstərir ki, deyəsən, sənət
ürək üçün darıxmağa başlayır. Alqışlar!
Al-qış-lar!!!
Kimsə bu düşüncələrimizə
fərqli, hətta tamam əks yöndən yanaşa bilər,
amma bizim üçün bir məsələ şübhəsizdir:
bü günkü ədəbiyyatın 60-80-ci illərə
xas ciddi bədii məhsullarından bir axın kimi
danışmaq şişirtmə kimi səslənir. Fikirlərimizin
yanlış anlaşıla biləcəyindən dolayı
özəl olaraq təkrar edirik – söhbət ədəbiyyatın
axın halında uğurundan gedir. Hərdən meydana
çıxan uğurlu istisnalarsa arabir çaxıb keçən
şimşək ovqatı doğurur. Və yazıçı
Kamal Abdullanın 2000-ci ildə “Yeni Azərbaycan” qəzetinə
müsahibəsində dediyi “İndi ədəbiyyat yoxdur”
fikri maksimalizmi yumşaltmaq və istisnaları nəzərə
almaq şərtilə əsasən qüvvədə
qalır. Hər necə olursa-olsun, ən azı bir olay göz
önündədir: müstəqillik dövrü nə nəsr,
nə də şeirdə 60-70-ci illərə məxsus ən
səciyyəvi imzaları hələ ki yetirə bilməyib. Və
yenə də özəl olaraq təkrar edirik – hə-lə-ki!
Dramaturgiya bu yöndən bir
istisna kimi görünür. Amma İ.Əfəndiyev
dövrüylə müqayisədə dramaturgiyanın
inkişafını birmənalı olaraq söz konusu etmək
özü də dartışılacaq bir şey kimi
görünür. Çünki İlyas bəyin 1964-cü
ildə sanki bir möcüzə kimi üzə çıxan
“Sən həmişə mənimləsən” pyesi dramaturji bədii
düşüncəmizin son aşılmaz zirvəsi statusunu,
bizcə, hələ də qoruyub saxlayır. Ən azı ona
görə ki, bu pyesdən sonra heç bir səhnə əsəri
min dəfədən artıq göstərilməyib. Ən
çoxu isə ona görə ki, bu pyesdən sonra hər
hansı tamaşa nə T.Kazımov kimi rejissor, nə A.Pənahova
kimi aktrisa üzə çıxarıb, nə də
lirik-psixoloji təmayülün əsasını qoyan bu pyes
kimi hansısa yeni meylə təkan verib. Bir sözlə, “Sən
həmişə mənimləsən”dən sonra epoxa yaradan səhnə
əsərimiz hələ ki olmayıb.
Bəs, son iyirmi il, eləcə
də ötən qurultaydan keçən dövrdə
dramaturgiya və ədəbiyyatımızın müəyyən
yönlərdən, özəlliklə metodoloji yenilik və
düşüncə miqyasları baxımından
inkişafına baxmayaraq, dramaturji sənət faktı olaraq
geriləməsinin səbəbləri hansılardır?
– birincisi, problemin qlobal
tarixi-fəlsəfi səbəbidir. Dramatik düşüncənin
özülündə xaosun inkarı, onun müəyyən
nizama tabe edilməsi, işin kökünə varsaq,
ölümdən yaxa qurtarmaq çabası, sonsuza qədər
yaşamaq istəyi durur. İstər əski Misirdə
Osirisin, istərsə də antik Yunanıstanda Dionisin şərəfinə
keçirilən dramatik misteriyaların ölüb-dirilmə
motiviylə ilgisi də bu üzdəndir. Dünya
dramaturgiyasının şah əsəri sayılan “Hamlet”in
ölüm-dirim mövzusuyla əlaqəsini də eyni məntiqə
bağlamaq olar. Sovetlər Birliyinin çöküşü
və ABŞ-ın şəriksiz superdövlətə
çevrilməsiylə isə, F.Fukuyamanın diliylə desək,
tarix sanki özünün sonuna varıb, ölüb,
apokalipsis ovqatı yaranıb. Ənənəvi
sosialist-kapitalist qarşıdurmasının aradan
qalxmasıyla dünyanın dramaturji dəngəsi pozulub və
ikiqütblü dünya monoqütblü dünyaya
çevrilib. Çoxsaylı beynəlxalq tədbirlərdəki
zahiri nəzakət və demokratiya pərdəsinə bürünmüş
dialoqlara baxmayaraq, çağdaş dünya dialoq yox, monoloq
dünyasıdır. Biz postdramatik dünyanın vətəndaşlarıyıq.
Və belə qeyri-dramatik mentallıq yer üzündə
yaşayan hər kəs, o sıradan dram yazarlarına da təsirsiz
ötüşmür;
– ikinci səbəb iyirmi ildən
bəri çözümünü gözləyən
Qarabağ savaşıdır. Ədəbiyyat, xüsusən də,
dram və teatr sənətinin çoşqun inkişaf
dövrləri xalqın milli-mənəvi yüksəlişiylə
bağlıdır. Antik yunan tragediyasının çiçəklənməsi
yunanların Əhəmənilər, V.Şeksprin möhtəşəm
sənət zəfərləri ingilislərin ispanlar,
Puşkindən Dostoyevskiyə qədər nəhəng rus ədəbiyyatı
rus silahının Napoleon üzərindəki tarixi qələbələriylə
önəmli dərəcədə bağlıydı.
Sosrealist ədəbiyyat Oktyabr inqilabı və Rusiyanın
odlu imperialist halqasını yarmasından, antifaşist ədəbiyyat
alman faşizmi üzərində qələbə əzmindən
doğmuşdu. Bütün göstərilən və göstərilə
biləcək çoxsaylı tarixi-ədəbi analogiyalar XX
yüzil filosofu Santayananın belə bir fikrini birmənalı
təsdiqləyir: nə qədər böyük tarix
lazımdır ki, heç olmasa, bir az ədəbiyyat
alınsın.
Bəs son iyirmi ilin tarixi
olayları Azərbaycan yazıçısı, eləcə də
dramaturquna hansı yaradıcılıq impulsu verir?
İyirmi-on beş il öncə ölkəni
bürümüş siyasi xaos, vətəndaş
savaşı təhlükəsi, etnik-daxili qarşıdurmalar
aradan qaldırılıb, iqtisadi yöndən danılmaz
uğurlar qazanılıb, Bakı başgicəlləndirən
sürətlə meqapolisə çevrilməkdədir. Ən
önəmli ümummilli taleyüklü problem– Qarabağ
sindromu isə hələ də çözümünü
gözləyir. Biz hələ ki məğlub durumdayıq və
məğlub xalqın dramaturqunu yaradıcılıq qələbələrinə
hansı amillər ruhlandırmalıdır?
–
üçüncüsü, görünür, siyasi müstəqillik
bədii fantaziyanın göylərində süzməyə nəinki
yetərli deyil, hətta ona tərs mütənasibdir. J.P.Sartr
yazırdı ki, bədii düşüncənin gəlişməsi
üçün yazıçının əks mövqedə
durduğu siyasi-ideoloji rejim gərəkdir və önəmlisi
siyasi yox, daxili azadlıqdır. Nə qədər
dartışılacaq görünsə də, Azərbaycan ədəbiyyatı
və eləcə də dramaturgiyasının istər sovet
dövrü, istərsə son iyirmi ildəki durumu fransız
ekzistensialistinin fikrinə haqq verir;
– dördüncü səbəb
kino, televiziya, video, idman və internetin coşqun
inkişafı nəticəsində teatrın ümummədəniyyət
kontekstində öz antik və klassik mövqeyini getdikcə və
getdikcə daha çox itirməsiylə bağlıdır.
60-cı illər poeziyamızda SOS kimi səslənən
“Futbol Şekspiri üstələyibdir!” sözləri bu
gün adi prozaik gerçəkliyə çevrilib. Orta
statistik planetdaşımızın ən böyük
idealı ayda futbol oynamaqdır desək, yəqin ki,
şişirtməyə yol vermərik. Onu nəinki Şekspir
və Zefirellinin, hətta Leonardo Di Kaprionun postmodernist Romeosu da
o qədər ilgiləndirmir. Buruq saçları çiyinlərinə
tökülən forvard və ya qalkiper, əzələli
Hollivud qəhrəmanı, yarımçılpaq estrada
müğənnisi, bir sözlə, modern Herkules və
postmodern Sirena! Onun kumirləri bunlardır. İbrahim Həmzəyevin
30-cu illərdə Naxçıvan, Leyla Bədirbəylinin
50-ci illərdə Bakı küçələrinə
çıxanda doğurduğu heyranlıq effekti
bugünkü aktyor və aktrisalarımız üçün
fantastik bir şeylər kimi görünür. Dram sənəti
teatrla bağlı olduğundan bu, avtomatik olaraq, dramın da
durumuna öz təsirini göstərməlidir və göstərir
də.
– beşinci səbəb dram
sənətinin ən ümumi durumuyla bağlıdır.
Dünya dram sənətinin XX əsrin sonu, XXI əsrin
başlanğıcını çevrələyən sonuncu
mərhələsi onun irəliləyişi yox, daha çox
geriləməsiylə bağlıdır. Rus ədəbiyyatşünası
Bladimir Lukov proqram xarakterli “Dünya dramaturgiyası” məqaləsində
sözügedən məsələyə dair fikrini belə
yekunlaşdırır: “XX-XXI əsrlərin
qovuşağında dramaturgiya qazandığı mövqeləri
postmodernist paradiqmanın təsiriylə müəyyən
anlamda itirmişdir ki, görünür, bu da onun inkişaf
ritmində gələcək yüksəliş
üçün tələb olunan qaçılmaz
fazadır”.
E.N.Şevçenko isə
“Transformasiya müasir Almaniya teatrı və dramının əsas
estetik kateqoriyası kimi” məqaləsində postdramatik – yəni
ənənəvi dramaturji mətnsiz teatr
tamaşalarının başlanmasından bəhs edir ki, bu da
ümumən bədii düşüncədə gedən
postmodernləşmə prosesinə tən gəlir. Məsələn,
Əgər Hayner Müllerin 1978-ci ildə yazdığı
“Hamlet-maşın”, yaxud E.Yelinekin 1998-ci ildə
yazdığı “İdman pyesi” əsərlərində dram
mətni üçün səciyyəvi olan ən önəmli
elementlər hələ sadəcə ikinci plana keçirdirsə,
Berlin “Folksbyune” teatrının gənc rejissoru Kristof
Şlinhenzifin “Konteyner şousu”, yaxud “Şans 2000” layihələrində
dramaturji mətn ümumən istisna olunur, tamaşa
anlayışı öz yerini kütləvi aksiya, siyasi
happeninq, yaxud tok-şouya verir. Bütün bu olaylar
Almaniyanın ən görkəmli sənətşünaslarından
Q.T.Lemanın 1999-cu ildə işıq üzü görən
“Postdramatik teatr” kitabında öz əksini tapıb. Almanlar
yenilikçi dramaturq, rejissor və sənətşünasları
timsalında dünyaya mesaj göndərirlər: postdramatik
teatr dövrü başlayıb!
Bu sözlərdən məqsədimiz
postdramatizmin təbliği yox, dünya dram sənətində
gedən yeniləşmə prosesini diqqətinizə
çatdırmaq, faktı konstatasiya etməkdir. Və unutmuruq
ki, bura Almaniya yox, Azərbaycandır. Digər yandan, postdramatik
olaylar alman teatr sənətinin yalnız 30 faizini qapsayır.
Bizcə, akademik Marrın dediyi telepatik dil anlaşma vasitəsinə
çevrilməyincə, söz yaşayacaq və demək,
dram da qalacaq. O bəlli forma dəyişikliklərinə
uğraya, transformasiya oluna bilər, amma həmişə var
olacaq. Zatən sözsüz teatr da var – pantomim, maraqla da
baxılır, amma o sənət qatarının “bokovoy”u kimi
yaranıb və elə də qalmaqdadır. Odur ki,
sayqılı dramaturqlarımız, rahatsız olmayın, hələ
səhnəmizin sizlərə ehtiyacı böyükdür, ən
azı Avropanın hay-küyü bizlərə yetənəcən;
– altıncı səbəb
dramaturq peşəsinin çağdaş teatr sistemindəki
mövqeyinin zəifləməsiylə bağlıdır. 2500
il ərzində teatr bu yöndən 3 mərhələdən
keçib: teatrın dramaturq, aktyor və rejissor dövrləri.
Antik, intibah və klassisizm epoxaları teatrın dramaturq
dövrüydü – Esxil, Şekspir, yaxud Molyer həm əsər
yazır, həm truppanı yığır, həm əsərə
quruluş verir, həm də öz əsərlərində
rol alırdılar. XIX yüzilin ən ünlü teatrları
“Komedi Fransez”in ağırlığını Sara Bernar,
“Mandzoni”inin yükünü isə Eleonora Duze kimi müstəsna
istedada malik aktyorlar çəkirdi. XX yüzildən etibarən
Stanislavski, Meyerxold və Kreqə məxsus alternativ teatral
sistemlərinin yaranmasıyla rejissor teatrın aparıcı
fiquruna çevrildi. Çağdaş dramaturq teatrın əsas
siması - həm truppa yaradan, həm dram yazan, həm onu səhnəyə
qoyan, həm də tamaşada rol alan azman funksiyasını
itirib.
Milli teatrımızın
İ. Əfəndiyevlə bağlı ən yaxın tarixi bu
fikirlə ilk baxışdan uyuşmur. Bu fakt – dramaturqun
iyirminci yüzilin sonunda teatrda müstəsna nüfuza malik
olması üç əsas səbəblə bağlı ola
bilərdi: birincisi, sovetlər ölkəsində mədəniyyətin
qapalılığından irəli gələn spesifik özəllikləri;
ikincisi, vur-tut yüz yaşı olan Azərbaycan
teatrının qərb teatrına nəzərən hədsiz
cavanlığı; üçüncüsü, şübhəsiz
ki, İlyas bəyin təkrarolunmaz şəxsiyyəti.
– yeddinci səbəb dram sənətinin
teatrdan asılılığı ilə bağlıdır.
Azərbaycan teatrı, özəlliklə də Milli
Teatrın səhnəsinə çıxmaq, dramaturq
lojasında əyləşmək isə Ə.Əmirlinin
personajlarından birinin təbiri ilə desək,
“qırxüzlü milli mentalitetimizdən” irəli gələn
digər amillərlə ilgili bir az da qəlizləşir.
Yüksək post və ya maddi imkan sahibi olmaq bizdə dramaturq
olmağın az qala əsas şərtinə çevrilib.
“Post” sözünü karyera anlamında işlətsək,
bizdə də postdramatizmdir və demək, güvənməyə
(?!) səbəbimiz var.
Elə düşünməyin
ki, yüksək vəzifə və imkan sahibi olmağın
dramaturq olmaqla üst-üstə düşdüyü
halları nəzərdən qaçırırıq. İndiki
halda söhbət bu iki amilin üst-üstə düşmədiyi
və bunun az qala yazılmamış qanuna çevrilməsi
kimi arzuolunmaz durumdan gedir. Bəs, belə “qanunlar” şəraitində
vəzifə kürsüsü yazı masasından,
var-dövləti istedaddan ibarət olanlar nə yapmalı, hələ
özünə mövqe qazanmamış gənclər teatra
necə yol tapmalıdır? Dəftərxana mirzəsi Axundov,
meşəbəyi Vəzirov, jurnal redaktoru Mirzə Cəlil, ədəbiyyat
müəllimi Cavid, ədəbi hissə müdiri Cabbarlı
və heç bir vəzifəsi olmayan İ.Əfəndiyev...
Görəsən, bu dühaları hazırkı durumda teatra
yaxın buraxardılarmı?!
Respublika Prezidentinin fərmanı
ilə “2008-2018”-ci illərdə teatr sənətinin
inkişafıyla bağlı Qanun qəbul edilib. Qanuna əsasən
teatr kollektivləri yenidən qurulur, teatr binalarında əsaslı
təmir işləri aparılır, yeni rejissor və aktyor nəslinin
hazırlanması və təhsilin təkmilləşdirilməsi
məqsədilə layihələr gerçəkləşdirilir;
qabaqcıl dünya teatrları təcrübəsinin
inteqrasiyası başlayıb; teatr sənətinin
araşdırılmasıyla bağlı İ.Kərimov,
İ.Rəhimli, M.Əlizadə, A.Talıbzadə, A.Dadaşov
kimi sənətşünaslara dövlət sifarişləri
verilir. Amma nədənsə teatrın yeni dramaturq imzasına
olan ehtiyac unudulur. Təbiidir ki, öncə istedad
olmalıdır. Amma bu istedadın yetişməsi
üçün mühit, qayğı da az önəm
daşımır. Yeni nəsil dramaturqlara sözün ciddi,
praktik mənasında qayğını bizdə formal xarakter
daşıyan dram müsabiqələri təşkili, yeni
“istedadlar” axtarışı əvəz edir. Pyesləri
Sumqayıt və Bakının fərqli teatrlarında səhnələşdirilən
Rəvan Tövhidoğlu, yaxud “İtən vaxt” monopyesi Kamera
Teatrının quruluşunda hətta beynəlxalq festivala gedən
Samir Sədaqətoğlunun adları bu müsabiqələr nəticəsində
yeni dramaturq imzasının üzə çıxmasından qətiyyətlə
və birmənalı danışmağa hələ ki imkan
vermir. Spesifik dramaturji qabiliyyəti olduğu dərhal hiss
olunan Rəvanın pyesləri gənc olmasına rəğmən
həddindən artıq ənənəvi təsir
bağışlayır. Samirin daha çox monopyes janrına
üz tutması isə onun hələ dramaturji konflikt qurmaq
işini mənimsəmədiyini, öz fikrini sadəcə
xarakterlər vasitəsilə verməyə qabil olduğunu
göstərir. Görəsən, nə üçün?
Çünki hər ikisi müəyyən perspektiv vəd edən
bu cavanlar teatr sənətinin yeniliklərini öyrənməli,
dünyanı görməli, bir sözlə məktəb
keçməlidirlər. Yoxsa onların gələcək fəaliyyətinin
bircə nəticəsi ola bilər – çoxsaylı dram
yazanların sırasına daha iki ad artırmaq. Hər bir
istedadın meydana çıxması isə kəmiyyət
artımı yox, keyfiyyət yeniliyi yaratmasıyla müəyyənləşir.
Görəsən, az-çox dramaturji qabiliyyəti olan bir
neçə cavanı xarici ölkələrdən birinə
dram və teatr sənəti üzrə təkmilləşdirmə
kurslarına göndərmək beləmi çətin
işdir? Bizcə, təkcə teatr binaları yox, yeni dramaturq
probleminə yanaşmanın da əsaslı təmirə
ehtiyacı var.
Divin canı şüşədə
olduğu kimi teatrın da canı onun
çağdaşlığındadır. Düzdür,
istedadlı rejissor hətta Esxilin “Farslar”ını səhnələşdirməklə
də çağdaş dünya siyasətinin ən aktual
problemlərindən biri – Amerika-İran qarşıdurması
haqda söz deyə bilər. Amma dünyanın ən
böyük klassikinin sözü belə
tamaşaçıya çağdaş dramaturq qədər təsir
edə bilməz. Qoy klassiklər səhnələşdirilsin,
onlara çağdaşlıqla ilgili orijinal yozumlar verilsin.
Rejissorlardan V.İbrahimoğlunun Axundova, yaxud B.Osmanovun Sofokl,
Şekspir və Qoqola verdiyi quruluşlar bunun son illər
teatrımızda yaddaqalan örnəkləridir. Amma Mədəniyyət
nazirinin müavini, sənətşünas Ədalət Vəliyevin
Azərbaycan teatr tarixinə orijinal baxışıyla
seçilən “Əqidə, ruh və teatr” kitabında dediyi
kimi, çağdaş dramaturq yaşıdımız
olduğundan biz ona daha çox inanır, onu daha yaxşı
başa düşürük.
İstənilən halda insan
məntiqi dar, söykənilən səbəblər
biryönlü, çıxarılan nəticələr
yarımçıqdır. Çağdaş
dramaturgiyamızın durumunu çözmək yönündən
göstərdiyimiz səbəblər də olsun ki, istisna
deyil. Q.Flober məktublarının birində yazırdı:
“...adamlar məsələni çözmək istəyir. Ax,
insan təkəbbürü! Məsələnin
çözümü! Məqsəd, səbəb! Amma əgər
biz səbəbləri bilsək, allaha çevrilər və nə
qədər irəli getsək də, onlar bizdən bir o qədər
uzaqlaşardı, çünki düşüncə
üfüqlərimiz getdikcə və getdikcə daha çox
genişlənərdi.” Floberin fikriylə nəzəri
baxımdan tamamilə razıyıq, amma səbəblərin səslənməsindən
yenə də vaz keçmədik. Çünki fransız
realistinin özünün də yazdığı kimi,
yalnız bunun hesabına düşüncə üfüqlərimiz
genişlənər və daha geniş intellektual mühitdə
daha da rahat nəfəs ala bilərik.
Məsələn, Ramiz
Mehdiyev cənablarının cəmiyyətdə fərqli rəylər
doğuran və müəyyən cavablarla müşayiət
olunan məşhur məqaləsindəki “Bu gün bizdə
ciddi ədəbiyyat hadisələri yaranmır” fikrinə daha
obyektiv münasibəti məhz yuxarıda göstərilən
səbəblər prizmasından müəyyən etmək
olar. Doğrudan da, hazırda 60-70-ci illərə məxsus
coşqun ədəbi-bədii inkişafdan danışmaq ən
azı mübahisəlidir. Amma biz problemin səbəbini bu
gün yazıb-yaradan qələm adamlarının
istedadsızlığında görmək meylini də məsələni
bəsitləşdirmək sayır, bu səbəbi sadəcə
Azərbaycan yox, dünya ədəbiyyatına da təsir edən
ən ümumi obyektiv amillərdə axtarmağa
üstünlük veririk. Və, bizcə, məhz belə
dönəmdə dövlətin ədəbiyyata
qayğısı məsələsi xüsusi önəm
daşıyır. Doğrudanmı, söz adamları bu
qayğıdan razıdır? Məsələn, tutaq ki,
idmançı, yaxud musiqiçilər kimi. Gəlin, burdaca
dayanaq, şaha qalxan Peqasın cilovunu əvvəlcə
möhkəm çəkək, sonra isə ilham köhlənimizin
başını dramaturgiya çəmənliyimizə
doğru döndərək. Eşitdiyiniz sualı isə cavab
almaq yox, eləcə vermək üçün səsləndirilən
ritorika nümunəsi kimi yadda saxlaya bilərsiniz.
(Ardı var)
Əsəd CAHANGİR
525-ci qəzet.- 2011.- 28 may.- S.26-27.