Əhməd Ağaoğlu: Paris illəri
Xeyli müddətdir ki, XX əsrdə
türk dünyasının siyasi və mədəni fikir
tarixində son dərəcə böyük xidmətləri
olan Azərbaycan əsilli fikir adamı Əhməd
Ağaoğlu (1869-1939) barəsində kitab üzərində
işləyirəm. Hazırda başa çatdırmaqda
olduğum həmin kitabdan bir fəsli
“525-ci qəzet”in
oxucularına təqdim edirəm.
XX əsr Azərbaycan və
Türkiyə tarixinə öz möhürünü
vurmuş azərbaycanlı fikir adamı, tam əsasla ötən
yüzilliyin son ensiklopedistlərindən biri adlandırıla
biləcək Əhməd Ağaoğlunun ədəbi və
siyasi kimliyinin formalaşmasında, yazılı sözlə,
mətbuatla əlaqələrinin yaranmasında Fransa
mühitinin mühüm rolu olmuşdu. Parisdə keçirdiyi
illər, burada aldığı mükəmməl təhsil və
ünsiyyət qurduğu şəxsiyyətlər onun
sonrakı həyat yolunun müəyyənləşməsinə
əhəmiyyətli təsir göstərmişdi.
“Yanlış da bir
naxışdır” – deyiblər. Əslində Əhməd
Ağaoğlunun heç Parisə getmək fikri yox idi. Əgər
ali təhsil almaq niyyəti ilə getdiyi Peterburqda Texnologiya
İnstitutunda qərəzli rus professorunun qərəzli
münasibəti və ədalətsizliyi ilə
qarşılaşmasaydı, yəqin Sena sahillərinə də
üz tutmayacaqdı.
1903-cü ildə Peterburqun
200 illiyi böyük təntənə ilə qeyd olunanda Əhməd
bəy “Kaspi” qəzetində dərc etdirdiyi məqalədə
Rusiya imperiyasının paytaxtına ilk səfərini və
ardınca da çıxdığı gözlənilməz
Paris yolçuluğunu xatırlamışdı.
Öz etirafına görə,
Peterburqa həcc ziyarətinə yollanan zəvvar kimi
getmişdi. 18 yaşlı gəncin xəyalında
canlandırdığı Peterburq Birinci Pyotrun Avropaya
açdığı “zəka və mədəniyyət pəncərəsi”,
aqil insanların, “əbədi həqiqət”
axtarışında olan müdriklərin
yaşadığı qeyri-adi məkan idi. Həyatın
açılmamış sirləri üzərində baş
sındıran bu adamlar kamil və nəcib xüsusiyyətləri
ilə seçilirdilər. Hər halda, Şimal paytaxtı
haqqında daha çox kitablardan və rus
yazıçılarının əsərlərindən məlumat
almış gənc həyatının bir neçə ilini
keçirəcəyi yeni mühiti belə təsəvvür
edirdi.
Xəyalında
yaşatdığı səhnələrin təsiri ilə az
qala özünü də həmin “aqillərdən” biri
saymış, onu uzaq səfərə yola salan yaxınları
və qohumları ilə güclə gizlədiləcək
daxili təkəbbürlə vidalaşmışdı.
Ayrı necə ola bilərdi? Bu adamlar yenə də əyalətdə
qalacaqdılar. O isə Peterburqda yaşayacaqdı! Paytaxt həyatının
biri-birindən gözqamaşdırıcı səhnələri
düşüncəsini o qədər məşğul
etmişdi ki, hətta keçib getdiyi yerlərə də yetərincə
diqqət yetirməmişdi. Hərbi-Gürcüstan yolunun
gözəlliyi, Moskvanın əzəməti onun diqqətini
özünə çəkə bilməmişdi.
Peterburqda çarın şəxsi
mühafizə alayında xidmət edən qohumunun evinə
düşmüşdü. Şuşadan və Tiflisdən
sonra şəhərin mərkəzindəki bu əzəmətli
bina və seçkin insanlar arasında olması imkanı
qürurunu daha da artırmışdı:
“Özünüz
düşünün! Şuşa ilə Peterburqun arasında
nə qədər məsafə var! Heyrətamiz Neva prospektində
gəzişirdim. Özümü “Min bir gecə”
nağıllarının sehrli qəsrində hiss edirdim.
Saraylar, evlər, gur işığa qərq olmuş
mağazalar, böyük şəhərin baş gicəlləndirici
sürətlə gözlərim önündən keçən
mənzərələri məni – heç zaman Şuşadan
çıxmayan (seçmə mənimdir – V.Q.) əyalət
adamını heyrətə salmışdı”.
Gənc Əhməd bəyin
öz etirafına görə məhz Peterburq səfərinə
yollanan zaman Şuşadan ilk dəfə kənara
çıxdığını diqqətdən
qaçırmayaq.
Bəs müdriklər harada
idilər? Yalnız yolu Peterburq Ümumi kitabxanasına
düşəndən sonra narahatlıq doğuran suala cavab
tapmışdı. Xəyallarında yaşatdığı
Pyotr şəhəri öz müdrik və aqilləri ilə
burada qarşısına çıxmışdı.
Kitabxananın bayırında yaşananların onun Peterburqu ilə
heç bir bağlılığı yox idi.
“Bu heyranlıq havasında
imtahan vaxtı gəlib çatdı, – deyə Əhməd bəy
yazırdı. – Necə həyəcan qarışıq sevinc
içərisində Texnologiya İnstitutuna, ilk imtahana
getdiyimi xatırlayıram. Böyük bina mənə müqəddəs
məbəd təsiri bağışlayırdı. Onun
kandarını öpməyə, sütunlarını
qucaqlamağa hazır idim. Hər pilləkən, hər koridor
gözümə qutsal yer kimi görünürdü, məndə
ilahi hisslər doğururdu”.
Amma müqəddəs ibadətgah
kimi ayaq basdığı təhsil ocağında ümidləri
tezliklə puça çıxmışdı. Triqonometriya
imtahanında tənliyi təhsil proqramına daxil olmayan
düsturla həll etdiyinə görə bürokrat professorun
qəzəbinə gəlmişdi. Aldığı
“üç” ona İnstitutun tələbələri
sırasına düşməyə imkan vermirdi. Oğlu Səməd
bəyin “Atamdan xatirələr” kitabında
yazdığına görə antisemit rus professoru imtahan qəbul
etdiyi tələbənin yəhudi olduğunu düşünərək
qarşısına süni əngəllər
çıxarmışdı.
Bu məqamı da yadda
saxlayaq.
Qəbul
imtahanlarındakı uğursuzluğuna gəldikdə
qeyri-slavyan mənşəyi və fərqli soyadı bəlkə
də həqiqətən öz təsirini göstərmişdi.
Bu 18 yaşlı gəncin həyatında üzləşdiyi
ilk ciddi sarsıntı olmuşdu. Peterburqla bağlı
arzularının puç olduğunu görən Əhməd
bəy hətta Qafqaz qürurunu unudaraq müəllim və tələbələrin
gözü qarşısında auditoriyada
hönkür-hönkür ağlamaqdan özünü saxlaya
bilməmişdi.
İnstitutdan
sınmış, alçaldılmış halda
çıxmışdı. Evə gəlib ürəyi
boşalınca bir də göz yaşları axıtmışdı.
Və həmin sarsıntılı anlarda insanın
özünə əl qaldırmasının o qədər də
çətin olmadığı fikri ağlından
keçmişdi.
Ertəsi gün isə
Peterburqu tərk etmiş, sənədlərini qaydaya salaraq ailəsinə
də xəbər vermədən Parisə yola
düşmüşdü. 1900-cu ildə, ikinci dəfə
Peterburqa gələnə qədər bu şəhər
özünün də yazdığı kimi onda həmişə
məmur-professor və sinus-kosinusla bir bənzərlik
doğurmuşdu...
Əhməd Ağaoğlu (həmin
dövrdə hələ Ağayev idi –V.Q.) 1903-cü ildə
“Kaspi” qəzetində uğursuzluqla nəticələnən
Peterburq macəralarını belə təsvir etmişdi.
Dörddə bir əsr sonra
Ankarada xatirələrini qələmə alan Əhməd bəy
Şuşa real məktəbini bitirdikdən dərhal sonra
Rusiya paytaxtına yola düşdüyünü
yazırdı.
1936-cı ildə
başladığı, lakin yenə bitirə bilmədiyi xatirələrdə
isə vəziyyət bir qədər fərqli təsvir edilir.
Burada artıq xatirə müəllifinin orta təhsilini Tiflisdə
tamamladığının şahidi oluruq. Çünki
Şuşa real məktəbi yeddi illik təhsil verirdi. Ali məktəblərə
daxil olmaq üçün isə səkkiz illik kursu başa
vurmaq lazım idi. Əyalət şəhəri Şuşada
belə imkan olmadığından Əhməd bəy Tiflisə
getmək məcburiyyəti qarşısında
qalmışdı. Hesabla, bu 1886-1887-ci dərs ilinə təsadüf
etməli idi.
Tiflis onun gördüyü
ilk böyük şəhər olmuşdu. İctimai
inkişaf və həyat tərzi baxımından
Şuşada “müsəlmanlarla xristianlar” arasında
müşahidə etdiyi fərqin burada daha da dərinləşdiyi
diqqətini çəkmişdi. Müsəlman əhalinin cəmləşdiyi
məşhur Şeytanbazar məhəlləsinin şəhərin
ən yoxsul, səfil hissəsi olduğunu
görmüşdü və bundan dərin bir
üzüntü keçirmişdi.
Əhməd bəy xatirələrində
ermənilərin həmin dövrdə artıq “Qnçak” və
“Daşnak” kimi siyasi partiyalar yaratdıqlarını (1887-ci ildə
yalnız “Qnçak” fəaliyyət göstərirdi,
”Daşnaksütyun” üç il sonra, 1890-cı ildə təsis
olunmuşdu – V.Q.), siyasi cəhətdən təşkilatlandıqlarını,
“müsəlmanların” isə yenə də
dağınıq kütlə halında qalmaqda davam etdiklərini
acı-acı yazırdı. Azərbaycan türkləri ilə
ermənilərin müəyyən qədər
qaynayıb-qarışdıqları Şuşadan fərqli
olaraq o, Tiflisdə yan-yana yaşayan, lakin bir-biri ilə
maraqlanmayan iki fərqli toplumun mövcudluğundan heyrətə
gəlmişdi.
Ailəsinə yük olmamaq
üçün Əhməd bəy Tiflisdə bir erməni
tacirinin gimnaziya şagirdi olan qızına cəbr və həndəsədən
dərs verməyə başlamışdı. Həmin
qızın timsalında cəmiyyətdə ilk dəfə
qadının azad yaşamasının, açıq şəkildə
öz rəfiqələri və dostları ilə
görüşməsinin, birlikdə kafeyə, yaxud teatra getməsinin
şahidi olmuşdu. Bu müşahidələr onun qadın
azadlığının ardıcıl tərəfdarlarından
birinə çevrilməsinə və rus dilində qələmə
aldığı “İslama görə və islamda qadın”
(Tiflis, 1901) traktatının meydana çıxmasına ciddi təkan
vermişdi.
Xatirələrinin 1936-cı
il variantına görə, Əhməd bəy “yeganə
türk” olduğu Tiflis real məktəbini “birinci şagird”
kimi başa vuraraq həmin dövr üçün çox
böyük məbləğ sayılan 300 manat pul
mükafatı almışdı. Müvafiq sənədləri
əldə etdikdən sonra Rusiya paytaxtına – Peterburqa yola
düşmüşdü.
Yusif Akçura bir sıra əqidə
dostlarının, eləcə də Əhməd
Ağaoğlunun ilk bioqraflarından biri kimi
çıxış etdiyi “Türkçülüyün
tarixi” kitabında qəhrəmanının ali təhsil məsələsinə
toxunaraq yazırdı: “Real məktəbi bitirib yüksək təhsil
üçün Peterburqa gedib “İnstitue Politechnique”
müsabiqə sınağında uğur qazansa da, sonra
gözləri ağrıdığından məmləkətinə
döndü. Gözləri yaxşılaşınca 1888-ci
ilin əvvəllərində təhsilini tamamlamaq
üçün Parisə getdi. Parisə çatan kimi ilk
işi yarımçıq öyrəndiyi fransızcanı
tamamlamaq oldu”.
Əhməd Ağaoğlu həyatının
son illərində öz əli ilə yazıb türk tədqiqatçısı
İbrahim Gövşaya verdiyi qısa avtobioqrafiyasında ali təhsil
üçün getdiyi Rusiya paytaxtında qalmamasının əsas
səbəbi kimi “Peterburqun havasına təhəmmül edə
bilmədiyi” göstərilmişdi. Aydın məsələdir
ki, burada söhbət sırf meteoroloji deyil, siyasi ab – havadan
gedir. Sonralar türk birliyi ideyasının müəlliflərindən
biri kimi tanınan Əhməd Ağaoğlu rus şovinizmi ilə
ilk təmasdan sonra qabaqcıl Avropa dəyərlərinə
yiyələnməklə bu zərərli təmayülə
qarşı mübarizə yolunu tutmuşdu.
Türkiyə mənbələrini
daha ətraflı araşdırmaq imkanına malik olan Fəxri
Sakalın Türk Tarix Qurumu xətti ilə nəşr
etdirdiyi “Ağaoğlu Əhməd bəy” (Ankara, 1999)
kitabında yazdığına görə, Texnoloji
İnstitutda üzləşdiyi ədalətsiz münasibətdən
sonra atasına məktubunda Əhməd bəy “daha Rusiyada qala
bilməyəcəyini, inkişaf etmiş bir ölkədə
yüksək təhsilə yiyələnərək ruslardan bu
yolla intiqam alacağını” yazaraq, bu məqsədlə
“Parisə getmək istədiyini bildirmiş, izin və para istəmişdi”.
Yalnız atasının xeyir-duasını və göndərdiyi
150 rus manatını (həmin pulun bir hissəsi borcların
ödənilməsinə sərf olunmuşdu – V.Q.) aldıqdan
sonra qəti qərarını vermişdi.
Təbii ki, bu fərqli
baxışlar içərisində daha çox Əhməd
bəyin özünə, həm də zamanın hələ
yaddaşlarda çox şeyi
qarışdırmadığı 1903-cü il versiyasına
inanmaq üçün əldə daha çox əsas var.
Müvafiq sənədlərlə təsdiqləmək
mümkün olmasa da, hadisələrin zaman baxımından
ardıcıllığını təxminən
aşağıdakı şəkildə rekonstruksiya etmək
mümkündür: Əhməd Ağaoğlu (o zaman hələ
Ağayev idi –V.Q.) 1886-cı ildə Şuşa real məktəbinin
7 illik kursunu, 1887-ci ildə Tiflis real məktəbinin son sinfini
bitirmişdi. Həmin ilin yayında Peterburqa gəlib imtahan
versə də, uğursuzluğa düçar olmuşdu.
Bundan sonra təhsilini Parisdə davam etdirmək qərarını
vermiş və Şuşaya dönmədən 1888-ci ilin ilk
günlərində Fransa paytaxtına yola
düşmüşdü.
lll
Mövzu ilə birbaşa
bağlanmasa da, Əhməd bəyin həyatının bu
ciddi dönüş anında diqqəti bir vacib məqama
yönəltmək istərdim. Çünki həmin epizod ona
öz milli kimliyini sona qədər qorumasında əhəmiyyətli
rol oynamışdı.
Tiflis, yaxud Peterburqdan
keçməsindən asılı olmayaraq Parisə gedən
yolun ilk çıxış nöqtəsi Şuşa idi.
Şuşada ailəsindən və məktəbdən əldə
etdiyi bilik və təcrübə onun Parisdə də baş
çıxarmasına imkan yaratmışdı. Çünki
Əhməd bəy milli dəyərlərə söykənən
tərbiyə almışdı. Eyni zamanda bu bünövrə
üzərində dünyəvi təhsil görmüş,
rus dilinə və Avropa dəyərlərinə yiyələnə
bilmişdi.
Lakin ilk vaxtlar bir qorxunu da
ürəyindən çıxara bilməmişdi: “Mən
tarixin və təbiətin verdiyi bütünlüyümü
itirəcəyəm. Amma yeni bir bütünlüyə də
nail ola bilməyəcəyəm. Yarım-yapalaq bir şeyə
çevriləcəyəm” – əndişəsi ilə
yaşamışdı. Heç şübhəsiz, gec də
olsa, uğurlu ailə həyatı qurması, bu vəsilə
ilə də doğma yurda, milli dəyərlərə və
mənəviyyata sıx bağlanması həmin
“yarımçıqlıq” sindromundan qurtarmasında
mühüm rol oynamışdı.
Xatirələrinin 1928-ci il
variantında Əhməd bəy doğma şəhərdən
ayrılmasının çox vacib bir məqamına
toxunmuşdu: anası onun Rusiyaya yollanmasına yalnız
heç vaxt xaçpərəst qızı ilə evlənməyəcəyi
barəsində bərk-bərk anda çəkəndən
sonra razılıq vermişdi: “Məni yola salmaq
üçün qadınlı-kişili çoxlu qohum-əqrəba
gəlmişdi. Faytonun yanında hər kəslə
vidalaşdım. Anama növbə çatanda məni bir kənara
çağırdı, çarşabını yana çəkdi,
köynəyinin yaxasını açıb döşlərinin
ikisini də çıxardı. Başımı döşlərinin
arasına alıb göz yaşları içərisində mənə
pıçıldadı:
– Oğlum, get. Allah köməyin
olsun. Amma mənə and iç. De ki, əgər xaçpərəst
qızı ilə evlənsəm, bu döşlərdən əmdiyim
süd mənə haram olsun”. Anam yavaş səslə “Tez ol,
oğlum. Bizi gözləyirlər. And iç !” – dedi. “And
içirəm”. “Yox, dediyim kimi and iç !” Dediklərini
sözbəsöz təkrar etdim. Anam son kərə
alnımdan öpdü. Yaxasını və
çarşabını bağladı. Faytona
yaxınlaşdıq”.
Şuşadan kənarda
yaşadığı yeddi il ərzində anasına
içdiyi andı möhkəm tutmuşdu. Bu savadsız, lakin
müdrik qadının nəzərində “xaçpərəst
qızı” ilə evlənmək milli köklərdən, ənənələrdən
uzaqlaşmaq, milli olan hər şeyə yadlaşmaq
anlamına gəlirdi. Əhməd bəy Parisdən xalqına
daha sıx bağlanmış halda, onun həyatını
müsbət istiqamətə, maarifə və tərəqqiyə
doğru dəyişdirmək amalı ilə geri
dönmüşdü.
Amma işə bax ki, bu dəfə
də sevib-seçdiyi qızı – Qarabağ əsilzadələrindən
sayılan Əbdürrəhman Vəzirovun qızı Sitarə
xanımı ona vermək istəməmişdilər. Səbəb
altı illik Paris həyatından sonra öz məmləkətində
“firəng Əhməd bəy” kimi ad çıxarması, o
biri tərəfdən isə Vəzirovların Ağayevləri
yetərincə əsilzadə saymaması idi. Yalnız nəslin
nüfuzlu nümayəndələrindən birinin – həmin
dövrdə Peterburqda yaşayan tanınmış xeyriyyəçi
və mühəndis Fərrux bəy Vəzirovun işə
qarışması nəticəsində bu müşkül həll
olunmuşdu.
Sitarə xanım (o, məşhur
jurnalist, XX əsrin əvvəllərində müxtəlif qəzetlərin
təsisçisi, naşiri və redaktoru kimi fəaliyyət
göstərmiş Haşım bəy Vəzirovun doğma
bacısı idi) isə həyatının sonuna qədər
həm Əhməd bəyi, həm də övladlarını
Şuşa və Qarabağla, Azərbaycanla bağlayan ən
etibarlı körpü, ən sadiq silahdaş oldu.
lll
Peterburq-Berlin-Paris qatarı
ilə yola çıxan Əhməd bəy 1888-ci il
yanvarın əvvəllərində Fransa paytaxtına gəlmişdi.
Böyük şəhərdə üz tuta biləcəyi bir
nəfər də yox idi. Mənzil başına çatanda
ailəsinin göndərdiyi pulun çoxu artıq xərclənmişdi.
Xatirələrindən də
göründüyü kimi, yolçuluq əsnasında
tanış olduğu bir fransız Rusiyadan gələnlərin
əsas məkanı sayılan “Hotel de Petersbourg”a getməyi məsləhət
görmüşdü. İndi olduğu kimi o zaman da Avropada
sağa-sola pul səpələməklə ad
çıxarmış ruslar ayaq basdıqları hər yerə
bahalıq və bədxərclik aparırdılar. Oteldə
keçirdiyi bir gecə buranın cibinə uyğun gəlmədiyini
aşkara çıxarmışdı. Gəncin nabələdliyini
görən xeyirxah otel işçilərindən biri onu
Parisdəki gürcü tələbələri ilə
tanış etmişdi. Qafqaz birliyi hissi öz rolunu
oynamışdı. Artıq neçə müddətdən
bəri Parisdə yaşayan və şəhərə
yaxşı bələd olan gürcülər Əhmədə
qaldıqları yerin yaxınlığında ucuz mənzil
tutmaqda yardımçı olmuşdular. İlk günlər
onunla mütəmadi maraqlanır, tez-tez sadə tələbə
məclislərinə çağırırdılar.
Belə məclislər adətən
gürcü tələbələrin öz aralarında
topladıqları vəsait hesabına təşkil olunurdu. Əhməd
bəy isə heç zaman kiməsə boğaz ortağı
olmağı qüruruna
sığışdırmamışdı. Yardım
uyduğu yeganə yer ailəsi idi. Lakin günlər, həftələr
keçsə də, Şuşadan xəbər gəlmirdi. Son
dərəcə qənaətlə dolanır, gününə
yalnız bir frank yarım xərcləyirdi. Amma bütün qənaətcilliyinə
baxmayaraq iki ay yarımdan sonra – Novruz bayramı ərəfəsində
tamam pulsuz qalmışdı. Xoşbəxtlikdən
yaşadığı binanın altındakı baqqal hələlik
ona inanır, nisyə ərzaq verməyin arasını kəsmirdi.
Amma ev sahibi mənzil kirayəsini ödəmədiyini əsas
gətirərək qaldığı nisbətən
böyük və işıqlı otaqdan mansarda köçməyi
tələb etmişdi. Ehtiyac içərisində
çırpınan gənc utandığından gürcü
tələbələri ilə əlaqələrini kəsmişdi.
Təbii ki, belə şəraitdə
Paris həyatının əyləncələri yada da
düşə bilməzdi. Əvəzində fransız dili məşğələləri
sürətlə gedirdi. Dil öyrənmə üsulu da qəribə
idi. Yazdığına görə, fransızca-rusca
lüğətin yardımı ilə hər gün ürəyinə
çox yatan məşhur fransız şairi Alfred de
Müssenin beş-altı şerini oxuyur, sonra əvvəldən
sona qədər əzbərləyirdi. Yeganə həmsöhbəti,
həm də müəyyən mənada dil müəllimi kirayədə
yaşadığı evin sahibi idi. Teatra marağı
böyük olsa da, həm fransızcaya kifayət qədər
yiyələnmədiyindən, həm də pulsuzluqdan
tamaşalara gedə bilmirdi.
Maliyyə vəziyyəti
yalnız may ayında – atası pul göndərəndən
sonra düzəlmişdi. Bundan sonra gürcülərlə əlaqəsini
yenidən bərpa etmişdi. Əvvəlki mənzilini dəyişib
Latın məhəlləsinə köçmüşdü.
Burada əsasən Orta Şərq və Balkanlardan gələn
tələbələrin yaşadıqları bir pansionatda
qalırdı. Yeni dostları ona dilə daha sürətlə
yiyələnmək üçün College de France, yaxud Şərq
Dilləri İnstitutunun məşğələlərinə
getməyi məsləhət gördülər. Əhməd bəy
yalnız fransızcanı mükəmməl öyrəndikdən
sonra universitetə daxil olmaq haqqında
düşünürdü. Həmyaşıdları onu indiki
dil bilgisi ilə də ali təhsil ala biləcəyi fikrinə
inandırdılar.
College de France gələn Əhməd
bəy təsadüfən Ecole Pratique des Hautes Etudes-in (Ali Təcrübi
Tədqiqatlar Məktəbi) də eyni binada olduğunu öyrənmişdi.
1868-ci ildə dövrün təhsil naziri Viktor Duruenin təşəbbüsü
ilə Paris Universitetinin bir hissəsi kimi təşkil edilən
Ecole des Hautesin əsas məqsədi elmin müxtəlif istiqamətlərində,
xüsusən də tarix və filologiya sahəsində
yüksək peşəkarlığa malik tədqiqatçıların
hazırlanması idi.
İnsanın həyatında
çox şeyi bəzən təsadüflər həll edir.
Həmin gün Ecole des Hautes-də tanınmış
fransız şərqşünası Jeyms Darmstaterin (1849-1894)
“Şahnamə və Zend-Avesta” mövzusunda mühazirəsi
vardı. Seçim qarşısında qalan Əhməd bəy
dil və mədəniyyət baxımında özünə
daha yaxın olan həmin mühazirəni dinləməyi qərara
almışdı. Xatırladığına görə,
auditoriyaya girəndə Darmstater Firdovsinin “Şahnamə”
epopeyasından bir beyti yenicə oxuyub qurtarmışdı. Həmin
beyti dil və məzmun baxımından təfərrüatlı
təhlil edirdi. Tələbələrin sırasına
qatılan Əhməd bəy bir neçə dəqiqədən
sonra həqiqi stixiyasına qovuşduğunu
anlamışdı.
Fars dilinə, Şərq
tarix və mədəniyyətinə bələdliyi tezliklə
onu Darmstaterin sevimli tələbələrindən birinə
çevirmişdi. Bu məşhur fransız şərqşünası
Elzasda, əsli Darmştat şəhərindən olan yəhudi
ailəsində doğulmuşdu. 1875-ci ildə “Avesta”
mifologiyası ilə bağlı dissertasiya işi
hazırlamış, iki ildən sonra Ecole des Hautesdə fars
dilini tədris etməyə başlamışdı. “İran
etüdləri” (1883), “İran poeziyasının mənşəyi”
(1888), “İsrail peyğəmbərləri” (1892) və b. kimi
öz dövründə çox populyar olan kitablar
yazmışdı. “Revue de Paris” (“Paris məcmuəsi”)
adlı ədəbiyyat və siyasət jurnalı
çıxarmış, eyni zamanda “Revue asiatique” (“Asiya məcmuəsi”)
jurnalının redaktoru olmuşdu. Zərdüştiliyin
müqəddəs kitabı “Avesta”nı fransız dilinə
çevirərək tarixi və filoloji şərhlərlə
üç cilddə (1892-1893) Parisdə çap etdirmişdi.
Sürəyya Ağaoğlunun “Bir ömür belə
keçdi” adlı xatirələrində yazdığına
görə atası “həmin dövrdə Zərdüştü
öz professoru Darmstater ilə birlikdə farscadan tərcümə
etmiş, professor da bunu öz kitabında ayrıca göstərmişdi”.
İlk tanışlıqdan
az sonra Əhməd bəy Ceyms Darmstaterin qeyri-rəsmi
assistenti kimi universitetdə onun sağ əlinə
çevrilmişdi. “İki imperiya arasında. Əhməd
Ağaoğlu və yeni Türkiyə” kitabının müəllifi,
amerikalı tədqiqatçı Ada Holli Şissler bu
fransız alimini “elm dünyasında Əhməd
Ağaoğlunun ən yaxın əməkdaşı” kimi təqdim
edir. Xanım Şisslerin belə bir fikri ilə də
razılaşmaq lazımdır ki, “Həyatının Paris
dövründə Ağaoğlunun əldə etdiyi və
sonrakı fəaliyyəti ərzində diqqət mərkəzində
saxladığı bir sıra xüsusiyyətləri onun
Darmstaterlə ünsiyyətinə bağlıdır.
Ağaoğlu kimi Darmstater də çoxyönlü maraq dairəsi
və istedadı olan əsl elm adamı idi, hər hansı
mövzunu araşdırdığı zaman onu dərindən
mənimsəməyə və fikirlərinin kifayət qədər
tutarlı olmasına xüsusi önəm verirdi”. Tələbə
ilə professor arasındakı maraq ümumiliyi qısa zaman ərzində
Əhməd bəyin Parisin elmi və mədəni dairələri
daha sıx əlaqə yaratmasına yardımçı
olmuşdu.
Sorbonna universiteti tələbəsinin
yeni dostları sırasında professor Ernst Renanın (1823-1892)
və “Le Nouvelle Revue” məcmuəsinin naşiri Cülyetta
Adamın (1836-1936) xüsusi yeri vardı. Jeyms Darmstater onu
fransız elminin metrlərindən sayılan Renana, sonuncu isə
öz növbəsində xanım Adama təqdim etmişdi.
Aralarındakı böyük yaş fərqinə baxmayaraq bu
tanınmış şəxsiyyətlərin hər ikisi gənc
Əhməd bəyin simasında Şərq haqqında dərin
biliyə malik mütəxəssis görmüşdülər.
Əhməd bəy xatirələrində
Paris ədəbi-elmi mühiti ilə tələbəlik
dövrünə təsadüf edən təmaslarının
tarixçəsindən söz açaraq yazırdı:
“Professor Ceyms Darmstaterin sevgisini qazandım. O, haqqımda
unudulmaz yaxşılıqlar etdi, səylər göstərməyə
başladı. Məni evinə çağırdı. Parisdə
önəmli bir ədəbi salon sahibəsi kimi tanınan və
Paris ədibləri arasında seçkin mövqe
qazanmış olan xanım Mari Robinsona təqdim etdi. Mən də
müntəzəm şəkildə xanım Robinsonun salonuna
getməyə başladım. Bu salonun ziyarətçiləri
arasında o zaman Fransanın məşhur alim və ədiblərindən
sayılan Ernst Renan, Hippolit Ten, Qaston Paris, Yulius Oppert, madam və
müsyö Dielafo kimi şəxslər vardı. Ev sahibəsi
məni onlara təqdim etdi”.
Azərbaycanlı gəncin
kimlərlə təmas qurduğunu daha dəqiq təsəvvür
etmək üçün adı çəkilən şəxslər
haqqında qısa da olsa, məlumat vermək zəruridir. Ernst
Renandan bir qədər aşağıda bəhs edəcəyəm.
İppolit Ten (1828-1893) görkəmli filosof-pozitivist,
yazıçı, tarixçi, psixoloq idi. İncəsənətdə
mədəni-tarixi məktəbin yaradıcısı və
Sorbonna universiteti nəzdindəki Siyasi elmlər məktəbinin
(Ecole Libre des Sciences Politiques) qurucusu kimi
tanınmışdı. Qaston Paris (1839-1903)
yazıçı və alim idi. 1901-ci ildə yeni təsis
edilən Nobel mükafatının ilk nominantlarından
olmuş və uğurunu dalbadal üç dəfə təkrarlamışdı.
Yulius Oppert (1825-1905) qədim Şərq dillərinin və
tarixinin mahir tədqiqatçısı sayılırdı. Assuriya,
Babil və Xaldeya haqda Avropa miqyasında tanınan tədqiqatların
müəllifi idi. 1879-cu ildə qədim Azərbaycanla da
müəyyən bağlılığı olan “Midiya
xalqı və onun dili” kitabını çap etdirmişdi. Fransa
Mixi Yazılar Akademiyasının üzvü
seçilmişdi. Marsel Avqust Dielafo (1844-1920) görkəmli
arxeoloq və sənət tarixçisi idi. 5 cildlik “Qədim
İranın incəsənəti” (1885-1889) kitabı ilə
şöhrət qazanmışdı. Xanımı Ceyn Meqre
(1851-1916) İranın müxtəlif bölgələrində
arxeoloji qazıntıların aparılmasında və
çoxcildliyin hazırlanmasında ərinin ən yaxın
köməkçisi olmuşdu.
Burada xatırlatdığım məşhur simalar içərisində Ernst Renanın diqqətini çəkmək o qədər də asan məsələ deyildi. 7 cildlik “Xristianlığın mənşəyinin tarixi”, 5 cildlik “İsrail xalqının tarixi” kimi fundamental əsərlərin, “Millət nədir ?”, “İslam və elm”, “Sivilizasiya tarixində sami xalqların yeri” və s. populyar kitabların müəllifi kimi Renan fransız elmi və ictimai fikrinə istiqamət verən görkəmli intellektuallardan biri sayılırdı. 7 cildliyə daxil olan “İsanın həyatı” kitabı kilsə ənənəvi ehkamları ilə tam ziddiyyət təşkil etməsi baxımından alimin adı ətrafında daha böyük qalmaqal yaratmış, şöhrətini artırmışdı. Fransa Akademiyasının üzvü (1879), Asiya Cəmiyyətinin prezidenti ( 1882), College de Fransın rəhbəri (1884) kimi mühüm titulları onun Fransa elm tarixindəki nüfuz və yerini aydın göstərirdi. Renan yazıçı, tarixçi, filoloq və siyasətçi kimi böyük şöhrət qazanmış, həyatının sonuna qədər elmi və rəsmi dairələrin diqqətində qalmağı bacarmışdı.
O, iti
ağla, sərrast qələmə, gözəl təhlil
qabiliyyətinə malik gənc Əhməd bəyi
çoxsaylı tələbələri arasında dərhal fərqləndirmişdi.
Hətta Sürəyya xanımın yazdığına
görə, aralarında belə dialoq da olmuşdu. Renan tələbəsini
Fransada qalmağa təşviq edərək: “- Sən dünya
miqyaslı alim olacaq səviyyədə bir insansan. Məmləkətinə
getmə, Şərq səni udar !”- demişdi . Əhməd bəy
isə bu sözlərin müqabilində “Şərqin də
oxumuş insanlara ehtiyacı var, sizdən öyrəndiklərimi
məmləkətimdəki vətəndaşlarıma öyrədəcəyəm”
– deyə cavab vermişdi.
(Ardı gələn şənbə sayımızda)
Vilayət Quliyev
525-ci qəzet.- 2011.- 28 may.-
S.24-25.