“Gücüm yazmağa
çatır...”
Pərvinin həmsöhbəti
yazıçı İlqar Fəhmidir
Pərvin: Salam, İlqar. Bildiyimə görə “Bakı Tarixindən Kollaj” əsərin “Humay” Milli Mükafatına layiq görülüb. Təbrik edirəm. Əminəm ki, indi mükafatların yazıçı üçün o qədər də əhəmiyyət kəsb etmədiyindən danışacaqsan.
İlqar: Mükafatın özünü yox, mükafat xətrinə yazmağı bəyənmirəm. Yazıçı gərək yazısını yazsın, diqqət cəlb edəcəkmi, hansısa mükafatlara layiq görüləcəkmi, bu sonrakı prosesdir. O ki qaldı mənim ədəbi mükafatlarıma və ən nəhayət bu yaxınlarda aldığım “Humay” mükafatına, əlbəttə şəxsən mənimçün çox dəyərli, əhəmiyyətli bir hadisədir. Ələlxüsus, mərasim zamanı mənə o mükafatı kimin təqdim etməsi çox sevindirici məqamdır. Həmişə dediklərimi bir də təkrar edirəm ki, zənnimcə sənətkar gərək mükafat, təltif filan həvəsiylə yazmasın. Bunlar yaradıcı prosesə mənfi təsir göstərir.
Pərvin: Səni deyə bilmərəm, amma mən məhz bu əsərin mükafat almasına sevindim. Ona görə sevincimi səninlə bu əsər və ümumiyyətlə Bakı haqqında danışaraq bölmək istəyirəm.
İlqar: Buyur!
Pərvin: “Bakı tarixindən Kollaj”la Bakı şəhərinin bir-birinə nə dərəcədə aidiyyatı var? Bəlkə sualım yersiz görünür, amma əsəri oxuyanda adama elə gəlir ki, həm reallıqda olan, həm də bir adamın xəyallarındakı şəhərdən söhbət gedir.
İlqar: Maraqlı müşahidədir. Reallıqla təxəyyül arasında sərhəddin itməsi mənim bütün əsərlərimdə var. Amma məhz “Bakı tarixindən kollaj”da bu məsələ həmişə xüsusi diqqət cəlb edib. Hamı mənim ordakı faktları hardan götürməyimlə maraqlanıb. Xəbərdar oxucular təsvir etdiyim hansısa hadisələr barədə oxuyublar, biliblər, amma elə məqamlar var ki, onlar barədə ilk dəfə eşidirlər və çaşıb qalırlar.
Pərvin: Bəs özün necə?
İlqar: Elə özüm də hərdən çaşıram, konkret hansı məqamların reallıqdan gəlməsini, yoxsa sadəcə təxəyyülün məhsulu olmasını heç cür yadıma sala bilmirəm ...
Pərvin: Sualım cavabsız qaldı...
İlqar: Konkret cavab verməli olsam, deyərəm ki, əsərin yalnız otuz faizi reallığa söykənir. Qalanı yazıçı təxəyyülünün məhsuludur. Məhz buna görə də annotasiyada yazmışam ki, bu kitaba sırf tarixi material kimi müraciət eləmək məsləhət görülmür.
Pərvin: Son bir neçə ildə Bakının əvvəlki olmamasını, dəyişilməsini çox eşidirik. Sənin də romanında bu mövzu yer alıb. Əslində, bəlkə də bizim dərd kimi, problem kimi qəbul etdiyimiz dəyişikliklər normaldır?! Şəhərlərin həyatında zahiri və daxili metamorfozlar olmalıdır. Bakının indiki halını bu qədər dramatikləşdirməyə ehtiyac varmı?
İlqar: Şəhərlər də əslində canlı varlıqlardı. Yaranır, böyüyür, qocalır, ölür. Bəzən şərti olaraq ölür, yerində başqa, daha gənc, daha müasir bir şəhər yaranır.
Pərvin: Bəs şəhərin daxili mahiyyəti, ruhu? O da yenilənir?
İlqar: Çox vaxt görürsən ki, ruhu dəyişmir, olduğu kimi qalır. Bu da yəqin şəhərin coğrafi mövqeyi ilə və başqa təbii faktorlarla bağlıdır. Məsələn, İstanbul nə qədər dəyişib müasirləşsə də, biri-birindən suyla ayrılmış ikili xarakter – bir ayağının Şərqdə, bir ayağının Qərbdə olması həmişə o şəhərin mahiyyətində özünü göstərəcək. Yaxud Roma nə qədər dəyişsə də, xristianlığın mənəvi mərkəzi olması bu şəhərin ruhundan çıxmayacaq. O ki qaldı bizim əziz xələfimiz Bakıya, onun da ruhunu müəyyən eləyən üç ünsür var: bunlardan biri neft, ikincisi Xəzər, üçüncüsü də Xəzridi. Hara fırlansa da, nə qədər metamarfozalara uğrasa da bu üçbucaqdan çıxa bilməyəcək. Əgər çıxsa, deməli daha Bakı olmayacaq başqa şey olacaq.
Pərvin: Bəzən hansısa şəhərlərin şəkillərinə, yaxud video görüntülərə baxanda müqayisələr edirəm... Mənə elə gəlir ki, harada dəniz varsa, ora Bakıdır. Bəs sənin üçün Bakı harada başlanır? Və ümumiyyətlə, hardasa bitirmi?
İlqar: Əsas
məsələ neftdi. Neftlə dəniz qarışanda olur Xəzər.
Yanında da hansı
şəhər bitirsə, o da olur Bakı. Amma dünyada belə
yer yoxdu, dəqiq bilirəm. Düzdü, dünyanın
çox yerlərində dənizdən neft çıxır,
amma onlar ekologiya manyakıdılar...
Pərvin: Hımmm... Nəinki
dənizdən, bəlkə buruqların özündən də
“Şanel” qoxusu gəlir?!
İlqar: Yox bəs...
Buruğun yüz metrliyində sanatoriyalar, çimərliklər...
Ancaq bizdə, dənizdən çıxan neftin yarısı
dənizə sızır, sonra da özünü
çırpır sahillərə. Ekologiyanın zayı
çıxır...
Pərvin: Əvəzində
dünyada analoqu olmayan, özünəməxsus koloritli bir
şəhər yaranır da. Neft qoxulu Xəzərin
qarnına baş qoymuş işıqlı Bakı. Gözəldi
də.
İlqar: Hə də... Uzaq
başı dənizdə balıqlar zülüm çəkir.
İş gücümüz qurtarıb, balıqların da
fikrini çəkəcəyik. Əsas elə o dediyin
koloritdi. Mənimçün Bakı həmin koloritdən
başlanır. Elə orda da bitir.
Pərvin: Mənə elə
gəlir ki, mən Bakı üçün yüzlərlə
terobaytlıq yaddaş kartıyam. Ona aid məlumatları
bacardığım qədər yadda saxlamağa
çalışıram. Amma deyəsən istədiyim məlumatların
hamısını sığışdıra bilmirəm... Bəs
sən Bakı üçün kimsən, nəsən?
İlqar: Bifər evlad. Əslində
mənim Bakıdan başqa heç kimim yoxdu, elə deyəsən
Bakının da məndən başqa heç kimi yoxdu. Amma
bizim yaxınlığımız əsl bakılı
qohumluğuna bənzəyir. Yəni biri-birimizə bir qəpiklik
xeyrimiz dəyməyib.
Pərvin: Dəyməsə
yaxşıdı, yoxsa minnətindən çıxmaq olmaz.
İlqar: Elə onu de....
Pərvin: Bu əsərdə
dərdə, ağrıya tamamilə fərqli baxış
görünür. Sanki nisgilin özündə ironiya hiss
olunur. Elə bil bir İlqar Bakı üçün
ağlayan, dərd çəkən ikinci İlqara
gülür...
İlqar: Gülməyib neyləyəcək
ki? Ağrının təsirini azaltmağın yeganə yolu
ancaq gülməkdi. Çarəsizlikdən,
gücsüzlükdən doğan gülüş. Həyatda
çox şey var ki ona ciddi yanaşsaq, başımıza
hava gələr. Bakı da elə. Başqa şeyləri demirəm,
elə şəhərin mərkəzində bir-birindən on
yeddi santimetr aralı tikilmiş göydələnlər kifayətdi
ki, adamın bütün əsəblərini korlasın. Belə
şeylərə ciddi reaksiya verən adamlarda korlanır da. Mənimsə
gücüm yazmağa çatır, bununla özümü
bir az sakitləşdirirəm. Vay özünü sakitləşdirə
bilməyənlərin halına.
Pərvin: Adətən Parisi
bir sehrli qadına bənzədirlər. Sən bu əsərdə
Bakını babanla müqayisə edirsən. Mən
Bakını düşünəndə ağlıma sərt,
ciddi, etibarlı və baxışından özümü
yığışdırdığım kişi obrazı gəlir...
İlqar: Kitabın əvvəlində
babamı Bakının simvolu elan etmişdim, amma əslində
mənimçün bir az başqa cürdür. Ən əvvəl
onu deyim ki, Bakıyla Abşeron zənnimcə müxtəlif
varlıqlardı. Çox uzağa yox, elə yaxın
keçmişə, Sovet dövrünə
baxmağımız kifayətdi. Paytaxtdan on beş-iyirmi
kilometr aralı olmasına baxmayaraq, Abşeron kəndləri bəlkə
də ölkədə mənəvi sovetləşməyə
ən az məruz qalan qəsəbələr idi. Zahiri dövlətçilik
qanunları öz yerində, amma insanlar arasındakı
münasibətlər, mənəvi ruhani aləm sovetdən əvvəl
necəydisə, demək olar ki indiyəcən elə
qalıb. Ruhən Abşeron Bakıdan yüz min kilometrlərlə
uzaq olub.
Pərvin: Axı son iyirmi ildə
vəziyyət koordinal şəkildə dəyişir.
Bakı meqapolisləşərək Abşeronu udur. Zənnimcə
iyirmi-otuz ildən sonra Abşeronun adı yalnız xəritələrdə
qalacaq.
İlqar: Hə, mənə
də əslində daxilən əzab verən Bakının
yox, məhz Abşeron mikromədəni mühitinin,
özünəməxsus təbiətinin əriyib itməsidir.
Hərdən can verməkdə olan Abşeronun son günlərini
də olsa görməyimə sevinirəm. Və yəqin ki
yaxın vaxtlarda Abşeronla da bağlı yazmağa
başlayacam.
Pərvin: Bakının
haqqında niyə məhz Kollaj, Mozaika? Niya realist əsər
yox, hansısa qırıntılar?
İlqar: Bakı haqqında
normal realist əsər yazmaq məncə mümkün deyil,
çünki bayaq qeyd elədim ki, bu şəhərin tarixi də
bu günü kimi qarışıqdır. Yol kənarında
olmaq belədi də. Bilinmir kimlər nə vaxt gəlib, nə
qoyub, nə yaradıb. Müxtəlif millətlərin adət-ənənələri
qarışıb. Neft hasilatı başlanandan sonra isə,
ümumiyyətlə aləm dəyib bir-birinə. Mən
“Bakı tarixindən kollaj”ı yazanda da əslində
ümumilikdə Bakını yazmamışam. Əsasən
Bakının içindəki Abşeronu təsvir etmişəm.
Bakının içindəki Abşeron isə okeandakı
xırda adacıqlar kimiydi ki mən belə adacıqlardan
birini, yəni öz köhnə məhəlləmizi
yazdım. Diqqətlə fikir versək görərik ki,
Bakı bir çox rakursdan baxanda məhz mozaikanı
xatırladır.
Pərvin: Məncə,
köhnə memarlıq nümunələrinə baxmaq kifayət
edər. Dünyanın bəlkə ikinci belə şəhəri
yoxdu ki, Şərqin və Qərbin bütün qədim və
müasir memarlıq nümunələrini birləşdirsin.
İlqar: Elə mən də
onu deyirəm: Şəhərin mərkəzi küçələrini
gəzəndə fikir ver. 17-ci əsr İtalyan memarlıq
üslubunda tikilmiş üçmərtəbə bina,
yanında Brejnev dövrünün eksperimental beşmərtəbəsi,
yanında on doqquzuncu əsr Şərq memarlığı
nümunəsi olan köhnə birmərtəbəli həyət,
yanında iyirmi birinci əsrin avanqard üslubunda iyirmi mərtəbəli
göydələn, nə bilim xruşşovka, stalinka və
sair... Deyəsən lap sənin hekayənin harmoniya axtaran qəhrəmanına
oxşadım hə?
Pərvin: Bakıdan
uzaqlaşmayaq... ))) Onda belə çıxır ki,
Bakını tam internasional memarlıq şəhəri elan eləməkçün
çatışmayan yeganə üslub Çin
imperatorları saraylarının üslubudu?
İlqar: İnşaallah Çin məhsullarıyla
birlikdə yaxın vaxtlarda çin-yapon memarlığı da
Bakıda öz layiqli yerini tutar.
Bilirsən, dünyanın qədim
şəhərlərinin çoxu memarlıq baxımından
Hövsan soğanını xatırladır. Yəni qədim
dövrlərdən indiki günümüzə qədər
memarlıq üslubları soğanın qatları kimi şəhəri
əhatə edir. Dövr keçdikcə, şəhər
inkişaf elədikcə təzə evlər köhnə evləri
əhatə edib. Şəhərin kənarında ən
müasir yerləşir, mərkəzinə
yaxınlaşdıqca isə üzü qədimə gedir, elə
bil əsr-əsr tarixi keçirsən, keçmişə
qayıdırsan. Bizdə isə tərsinədir. Təkrar edirəm,
bir çox şəhərlər memarlıq baxımından
soğanı xatırlatsa da, Bakı paytaxt salatına bənzəyir.
Ona görə Bakıdan yazanda kollaj, mozaika üslubunu
seçdim .
Pərvin: Ən gözəl
olanı budur ki, bu mozaikanın hər bir detalı incəliklə
işlənib. Hətta obrazlar özü də kollajın
kiçik hissələrini təşkil edir. Mənim
üçün ən işıqlı obraz nənədir. Məncə
bu obrazda hər bakılı öz nənəsini görə
bilər. Həm də həbsxanada olan oğluna görə
illərlə qara çörək yeyən fədakar ana...
İlqar: Bakı mənimçün
həm də nənə obrazında cəmləşib. Sənin
dediyin zəhmli, ağır kişi isə Abşerondur. Mənim
xəyalımda belə qalıb. Bakıdan yazanda elə
bilirdim ki, üzünü görmədiyim nənəmdən
yazıram. Abşerondan yazanda isə babamdan yazacam. Əslində,
nənəmlə babam mənim dünyaya gəlməyimdən
xeyli əvvəl vəfat ediblər. Düzü özüm də
bilmirəm nənəmin obrazı necə alındı.
Sonradan fikir verdim ki, ətrafımdakı yaşlı
qadınların heç birinə oxşamır, bir az
başqa cürdür.
Pərvin: Bu sənin xəyalındakı
ideal qadın obrazı deyil ki?
İlqar: Bəlkə də...
Pərvin: Əsərin məziyyətlərindən
biri onun üslubudur. Tamamilə yeni bir üslubdadır. Müqəddimə
tamam başqa, fraqmentlər də hər biri fərqli bir stildə
yazılıb. Bu məqsədli şəkildə olub yoxsa....
İlqar: Yazmağa
başlayanda məqsəd yox idi. Sadəcə Bakı
haqqında müxtəlif hadisələri müxtəlif dildə
danışmaq istədim. Yeddi üslub alındı.
Pərvin: Bakının gələcəyini
düşünəndə qorxmursan ki?
İlqar: Öz gələcəyimdən
qorxuram. Bakı isə özü də öz dərdini
çəkə bilər. Uşaq deyil ki.
Pərvin: Bakıya
arzuların...
İlqar: Həmişə
üzü qara olsun. (...Yəni neftsiz bir günü də
olmasın...)
Pərvin: Mənə
arzuların...
İlqar: Həmişə
Bakıda və Abşeronlu olasan...
P.S. – “Humay” Milli
Mükafatını
İlqar Fəhmiyə Anar
müəllim təqdim etmişdi.
525-ci qəzet.- 2011.- 28 may.- S.21.