Elçinin Türkiyədə
yeni kitabı nəşr olunub
Xalq yazıçısı Elçinin qardaş Türkiyədə yeni kitabı çapdan çıxmışdır. Ankaranın məşhur “Bengü” nəşriyyatının nəfis tərtibatda nəşr etdiyi kitaba ədibin seçilmiş hekayələri daxil edilmişdir. Müxtəlif illərdə yazılmış iyirmi hekayədən ibarət bu sanballı kitab hekayələrdən birinin adı ilə “Aydınlıq gecələr” adlanır.
Qeyd etmək lazımdır ki, Elçin çağdaş Türkiyədə əsərləri ən çox nəşr edilən, ən populyar müasir dünya yazıçılarından biridir. Təkcə elə bu faktı demək kifayətdir ki, “Aydınlıq gecələr” Elçinin qardaş ölkədə nəşr olunan iyirmi üçüncü kitabıdır. Onun “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü” romanları, povestləri, hekayələri, o cümlədən “Aydınlıq gecələr” kitabına daxil edilmiş hekayələr Türkiyənin “Ötüken”, “Milli Kitabxana Basımevi”, “Everest”, “E Yayınları”, “Da Yayıncılıq”, “Cem” və s. kimi nüfuzlu nəşriyyatları tərəfindən müxtəlif tərcümələrdə dəfələrlə nəşr edilmişdir.
“Ötüken” nəşriyyatı Elçinin esselər kitabını “Kırk ambar” adı ilə nəşr etmişdir. Məlumdur ki, bu adla Türkiyədə yalnız böyük fikir adamlarının elmi əsərləri çap olunur.
Elçinin “Qatil”, “Mənim sevimli dəlim”, “Mənim ərim dəlidir”, “Mən sənin dayınam”, “Mahmud və Məryəm” kimi pyesləri yalnız Ankaranın və İstanbulun deyil, digər şəhərlərin, o cümlədən Ərzurumun, Keysəriyyənin Dövlət Dram Teatrlarında da tamaşaya qoyulmuş, həm tamaşaçılar, həm də mədəniyyət xadimləri tərəfindən yüksək qiymətləndirilmişdir. İstanbul Böyük Bələdiyyə Teatrının “Ulduzlar altında qətl” (“Qatil”) tamaşası dəfələrlə xarici ölkələrdə göstərilmiş, tamaşaların sayı etibarilə rekord göstəricilər əldə etmişdir.
Türkiyə ədəbiyyatşünasları xalq yazıçısının yaradıcılığı haqqında tədqiqat işləri yazmışlar. Atatürk Universitetində ədəbiyyatşünas Sədat Adıgözəl “Elçinin romanlarının struktural-sosioloji təhlili” mövzusunda doktorluq işi yazmış və müvəffəqiyyətlə müdafiə etmişdir.
Elçin
özü isə ilk Azərbaycan
yazıçısıdır ki, Türkiyə universitetlərinin
fəxri doktoru seçilmişdir. O, məşhur Yedditəpə Universitetinin, eləcə
də İstanbul Kultur universitetinin fəxri doktorudur.
“Türkdilli ədəbiyyatın inkişafındakı xidmətlərinə
görə” Fateh Universitetinin, “Çağdaş ədəbiyyatın
və türk dilinin inkişafına görə” Memar Sinan
Universitetinin fəxri ödüllərinə layiq
görülmüşdür. Ədib bir sıra digər fəxri
ödüllərə layiq görülmüşdür.
Ümummilli liderimiz Heydər
Əliyev Elçini “İstiqlal” ordeni ilə təltif edərkən,
onun yaradıcılığı haqqında demişdir:
“Elçinin xalqımızın tarixi, taleyi və bədii
irsi ilə bağlı olan, uzaq və yaxın
keçmişimizin mənzərəsini canlandıran əsərləri
XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus
yer tutur.”
Ümummilli liderimizin qeyd
etdiyi məhz bu cəhətlərə görə də xalq
yazıçısı Elçinin
yaradıcılığı qardaş Türkiyədə bu dərəcədə
yüksək qiymətləndirilir.
“Aydınlıq gecələr”
kitabına toplanmış hekayələri türk dilinə
İmdat Avşar çevirmişdir. O, eyni zamanda, kitaba “Ön
söz” yazmışdır.
Maraqlı təsadüfdür
ki, böyük ədibimiz, XX əsr ədəbiyyatımızın
klassiki İlyas Əfəndiyev də 1941-ci ildə
“Aydınlıq gecələr” adlı hekayə yazmış və
1946-cı ildə Bakıda nəşr olunmuş povest və
hekayələr kitabını eyni adla
adlandırmışdır.
İmdat Avşarın Elçinin “Aydınlıq gecələr”
kitabına yazdığı ön sözü oxuculara təqdim
edirik:
Ön söz
“Bu kitab müasir Azərbaycan
ədəbiyyatı və xüsusilə Azərbaycan nəsrində
önəmli bir mərhələ olan 60-cı illər ədəbi
nəsrini yaradan yazıçılar nəslinin ən görkəmli
nümayəndələrindən birinin – Elçinin
1968-2000-ci illər arasında yazılmış və 2000-ci
ildə Bakıda “Baladadaşın ilk məhəbbəti”
adı ilə nəşr olunmuş külliyyatından
seçilmiş hekayələrdən ibarətdir.
XX əsr Azərbaycan ədəbiyyatına
mövzu, dil və üslub baxımından bir sıra yeniliklər
gətirən 60-cı illər ədəbi nəslinin təmsilçiləri
1930-60-cı illər arasında sovet sisteminin təzyiq və sənətə
müdaxiləsi ilə, əslində, ədəbiyyatdan
çıxarılmış “insanı” və “insanın mənəvi
dünyasını” yenidən ədəbiyyatın gündəminə
gətirdilər və aktuallaşdırdılar. Azərbaycan ədəbiyyatının
bir dövrünü əhatə edən 60-cı illər ədəbi
nəslinin ən usta qələm sahiblərindən və ən
ürəkdən yazanlardan biri də əlinizdəki
kitabın müəllifi Elçindir.
Yaşadığı
dövrün ictimai, siyasi və iqtisadi xüsusiyyətləri
ilə yanaşı, insanın iç dünyasını və
ruhi halını roman, hekayə və pyeslərində müvəffəqiyyətlə
işləyən Elçin bu baxımdan Azərbaycan nəsrində
özündən sonra gələn gənc nəsillərə
də yol göstərən dəyərli sənətkarlardan
biridir.
Elçinin əlinizdəki
kitabda topladığımız və 1968-ci ildən
başlayaraq Azərbaycanın müstəqillik illərinə
qədər keçən vaxt ərzində
yazılmış hekayələrində o dövr
insanlarının təsviri, onların iç
dünyasından göstərilən mənzərələr,
əslində, həmin dövrün ictimai quruluşunu,
insanların psixologiyasını açıb göstərmək
baxımından olduqca əhəmiyyətlidir. Bu hekayələr
həmin dövrün tarixini əks etdirən ədəbi
notlar kimi də dəyəndirilməlidir. Elçinin
mövcud sovet sistemini başdan-başa mühakimə edən
hekayələrində əşyaya, məkana belə sirayət
edən “dəyişməzlik” var və bu hekayələrdə
o dövrün sosial həyatına damğa vuran təkpartiyalı
hakimiyyət bəzən kədərli, bəzən də
istehzalı bir üslubla olduqca uğurlu şəkildə təsvir
edilmişdir.
Elçinin kitabında
topladığımız hekayələrin sətiraltı mənaları
ilə tanış olan türk oxucusu fərqinə
varacaqdır ki, sarsılmış bir qocanın
“Yaşasın yoldaş Stalin!” – deyə bağırması, əslində,
bu dövrün insan hafizəsinə həkk etdiyi qorxunun ironik
təzahürüdür; yaxud fərqinə varacaqdır ki,
bir bəstəkarın yeni aldığı bir pencəyi hər
dəfə geyinəndə, bu pencəyin illərcə
geyindiyi köhnə pencək olduğunu düşünməsi
isə əşyalara belə sirayət edən dəyişməzliyin
(mütləqiyyətin!) ittihamıdır.
İllər keçsə,
dövrlər dəyişsə də bu gözəl hekayələrin
ədəbi-estetik dəyərləri heç bir şey
itirmir.
Ədəbi dil məsələsi
ortaya çıxdıqda isə, bu hekayələri Azərbaycan
türkcəsindən Türkiyə türkcəsinə
çevirərkən dillərimiz əkiz qardaşlar kimi
bir-birinə bənzəsələr də, önəmli fərqlər
hiss edilir.
Çevirməyə rəhbərlik
etmiş Avrasya Yazarlar Birliyinin başqanı Yakup
Deliömeroğluna, bu kitabın nəşr olunması
üçün bizə dəstək verən Dr. Seyfi
Şahinə, tərcümə zamanı bizə kömək
edən Özgə Avşar, Gökhan Tunç, M.Akif Ayvaz və
Ömer Küçükmehmetoğluna, ayrıca olaraq, bu
proyektin həyata keçməsinə böyük əmək
sərf edən İbrahim Sağlama təşəkkür etməyi
özümə borc bilirəm.”
İlkin MƏMMƏDOV,
İstanbul
525-ci qəzet.- 2011.- 28 may.- S.19.