Meşələrdə
yanğınların qarşısını almaq
üçün qabaqlayıcı tədbirlər
AZƏRBAYCANDA EKOLOJİ HÜQUQPOZMALAR ÜZRƏ
MİNDƏN ÇOX İŞ HÜQUQ-MÜHAFİZƏ
ORQANLARINA TƏQDİM OLUNUB
Dünən Yeni Azərbaycan
Partiyasının qərargahında ekologiya və təbii sərvətlər
naziri Hüseyn Bağırov görülən işlər və
həyata keçirilməsi nəzərdə tutulan tədbirlər
barədə mətbuat konfransı keçirdi.
Hüseyn Bağırov
bildirdi ki, son illərdə ekoloji problemlərin həlli istiqamətində
mühüm addımlar atılır: Ötən il dövlət
başçısı İlham Əliyevin təşəbbüsü
ilə “Ekologiya ili” elan olunub. Ötən il çərçivəsində
görülən işlər bu gün də davam etdirilməkdədir.
Dövlət başçısının qeyd etdiyi kimi,
ekoloji tədbirlərin görülməsi ancaq “Ekologiya ili” ilə
məhdudlaşmamalıdır.
Nazir əsas istiqamətlərdən biri kimi ətraf mühitin mühafizəsi sahəsində görülən işləri diqqətə çatdırdı. Bildirdi ki, ümumilikdə 5000-dən artıq ekoloji hüquqpozma qeydə alınaraq, ödəmə tətbiq olunub. Mindən artıq iş hüquq-mühafizə orqanlarına göndərilib. Ətraf mühitin mühafizəsi fonduna ödəmələrin universal göstərici, insanların ətraf mühitə münasibətini əks etdirən, ekologiya müfəttişlərinin işini ümumiləşdirən bir rəqəm olduğunu nəzərə alsaq onun açıqlanmasını məqsədə uyğun hesab etmək olar. Nazirlik yaranandan bu günədək ətraf mühitin mühafizəsi fonduna köçürmələrin həcmi 6 dəfə artıb.
Meşələrin mühafizəsi ilə bağlı fikirlərini açıqlayan H.Bağırov bildirdi ki, Azərbaycanın ümumilikdə meşə ilə örtülü əraziləri 0,4 faiz artaraq, 11,8 faizə çatıb. “Bu əsasən təbii bərpaya dəstəyin əsasında təmin olunub. Son illər meşə ərazilərinin hasarlanması prosesi həyata keçirilib. 52 min hektardan çox meşələr Dövlət Meşə Fonduna qəbul olunub. Bütün bunların nəticəsində qeyd etdiyimiz irəliləyiş əldə olundu.” O da bildirildi ki, meşələrin qırılması hər kəsi narahat edən məsələlərdəndir. Görülən tədbirlər sayəsində bu sahədə də müəyyən nəticələr əldə olunub. “2010-cu ildə 34 min km ərazidə qanunsuz qırıntı qeydə alınıb və qarşısı alınıb. Əgər vaxtında bu hallar aşkarlanmayıbsa, məsuliyyəti meşə gözətçisi daşıyır. Hüquq-mühafizə orqanlarına ekoloji hüquqpozmalarla bağlı göndərilən işlərin 30 faizi meşə qırıntıları ilə bağlıdır. Çoxlu sayda ağacların yetişdirilməsi təmin olunur. Meşəsalma prosesində istifadə olunan ağacların 90-95 faizini özümüz yetişdiririk. Bu işlər çox ucuz başa gəlir. Dövlətin ayırdığı vəsaitlərin həcmi 10 ildən artıqdır ki, dəyişmir. Amma o vəsaitlərin müqabilində yetişdirilən ağacların sayı kəskin artıb. Son üç ildə təxminən 5 milyondan artıq ağac yaşıllaşdırma kampaniyasında iştirak edən ayrı-ayrı müəssisələrə paylanıb. Üç ildən artıqdır ki, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Bu müddət ərzində həmin Cəmiyyətə aid olan ərazilərdə 13 milyondan artıq ağac əkilib. Abşeron yarımadasında ağacların əkilməsi əsasən suvarma sistemlərinin qurulması ilə müşahidə olunur.” Nazir geologiya sahəsində aparılan işlər barədə də məlumat verib. Onun sözlərinə görə, Şəmkirdə Azərbaycanda ilk platin yatağı aşkarlanıb: “Aparılan tədqiqatlar, eyni zamanda Moskva, Kanada və başqa ölkələrin laboratoriyalarına göndərilən nümunələrin təhlillərinin nəticəsi platin yatağının olduğunu təsdiqləyib. Hazırda geoloqlar yatağın miqyasının dəqiqləşdirilməsi üzərində iş aparırlar. Həmin yataqda 80-100 ton ehtiyatın olduğu ehtimal edilir. Geologiya sahəsində 66 çöl obyektində iş aparılıb. Şəmkir və Göygöl rayonları ərazisində yeni qızıl, polimetal yataqlarının aşkarlanması da geologiya sahəsində əldə edilmiş ən uğurlu nailiyyətlərdəndir”. Nazir Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yay mövsümündə meşələrdə baş verə biləcəyi ehtimal olunan yanğınların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməyə başlanıldığını da bildirdi. Onun sözlərinə görə, yay mövsümündə meşələrdə yanğınların baş verməsinin qarşısını almaq üçün hazırda əlaqədar işçilər üçün təlimlər keçirilir: “Azərbaycanda meşələrin xüsusiyyəti elədir ki, güclü yanğınlar baş vermir”. Nazir müvafiq qurumların yanğınların qarşısını almaq üçün göstərdikləri səyləri də yüksək qiymətləndirdi. H. Bağırov həmin ağacların suvarılması üçün gələcəkdə problemlərin yaşanmaması üçün tədbirlər görüldüyünü bildirdi: “Həmin ərazidə torpaqlar çox minerallıdır. Torpaqların zərərsizləşdirilməsi üçün xarici şirkətlərlə danışıqlar aparılır. Xüsusi maddələr hazırlanır ki, torpaqlar qısa zamanda neytrallaşdırılsın”. Nazir qeyd etdi ki, bu il Salyan istiqamətində olan 10 kilometr ərazidə də həmin maddədən istifadə edilməsi planlaşdırılır. Nazir bildirdi ki, Bakının Qobu qəsəbəsində tikiləcək zooparkın ilkin layihəsi artıq hazırdır. Onun sözlərinə görə, ilkin layihə alman-türk şirkəti tərəfindən hazırlanıb. Zoopark üçün Qobuda 55 hektar sahə ayrılıb. Hazırda zooparkın inşası ilə bağlı iş aparılır. “Zoopark üçün seçilən yer çox sərtdir, ətrafda çoxlu palçıq vulkanları var. Buna baxmayaraq, beynəlxalq ekspertlər bu yeri münasib hesab ediblər. Onlar belə zooloji obyektin şəhər kənarında olmasını daha məqsədəuyğun sayırlar”. Nazir əlavə etdi ki, zooparkın tikintisi üçün dövlət tərəfindən 2,8 milyon manat maliyyə vəsaiti ayrılıb. Bağırov bu zooparkın dünyada azsaylı zooloji obyektlərdən biri olacağını da söylədi. “Bakıda zoopark yox, heyvanxana var. Bura isə böyük ixtisaslaşmış zooloji obyekt olacaq. Əsas məqsəd yalnız insanların heyvanlara baxması deyil, bərpa, çoxaltma, vəhşi təbiəti peşəkarcasına mühafizə etmək, bəzi heyvanların nəslinin kəsilməsinin qarşısını almaqdır. Məqsəd həm də burada yalnız heyvanlar deyil, bitkilər, ağacların da olmasıdır”. Xəzər dənizində nərəkimilərin ovlanmasına moratorium qoyulması təşəbbüskarlarından birinin Azərbaycan olduğunu deyən nazir əlavə edib ki, Azərbaycan artıq bir necə ildir ki, bu təşəbbüslə çıxış edir. Nazir ən azı 10-12 il moratorium qoyulmasının tərəfdarı olduğunu deyib. Bağırov hesab edir ki, yalnız bu müddətdə Xəzərdə nərəkimilərin ehtiyatı arta bilər. Bağırov Xəzərdə balıq ovu ilə bağlı brakonyerliyin olduğunu da istisna etməyib. Moratoriumun tətbiqi ilə əlaqədar 2011-ci il üçün Xəzəryanı ölkələrə kvotanın ayrılacağı gözlənilmir. Nazir həmçinin dedi ki, işğal olunmuş ərazilərimizdə ekoloji vəziyyətin öyrənilməsi, araşdırılması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində xüsusi komissiya yaradılıb. Onun sözlərinə görə, işğal olunmuş rayonların ekologiya ilə bağlı qurumlarının işçiləri bu komissiyaya cəlb olunub. Onun sözlərinə görə, həmin insanların işləməsi üçün nazirlikdə xüsusi yer ayrılıb, şərait yaradılıb: “Bu komissiyanın üzvləri mütəmadi erməni mətbuatını izləyir, vizual müşahidə aparır və hesabatlar hazırlayırlar. Biz bununla bağlı məlumatları KİV-lərə də təqdim edirik”.
“Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planı”” mövcud problemlərin həllinə, xüsusilə Bakı şəhəri və Abşeron yarımadasında ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük təkan vermişdi. Bu istiqamətdə iri layihələr uğurla həyata keçirilib və hazırda da davam etdirilir”.
H.Bağırov son illərdə paytaxt və respublikamızın bölgələrində həyata keçirilən yaşıllaşdırma işləri barədə də ətraflı məlumat verdi.
“Bioloji müxtəlifliyin qorunub saxlanılması nazirliyin fəaliyyətində əsas istiqamətlərdən biridir” deyən H.Bağırov qeyd etdi ki, aparılmış tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət əraziləri inkişaf etdirilib, onların sahəsi 2 dəfədən çox artırılıb. Sonuncu layihə Şahdağ Milli Parkıdır. Bu layihəni nazirlik müstəqil həyata keçirir. Şahdağ Milli Parkının yaradılmasında məqsəd çoxlu sayda endemik və nəsli kəsilməkdə olan növlər və transsərhəd köçəri heyvanlar da daxil olmaqla qlobal əhəmiyyətli dağ meşələri və yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosisteminin bərpası, qorunması və idarə edilməsi, torpağın münbit qatının qorunub saxlanılması, ərazi üçün xarakterik olan fauna və flora növlərinin qorunması, artırılması və zənginləşdirilməsi, həmçinin, təbii kompleksin sabitliyinin tənzimlənməsi, elmi-tədqiqat işlərinin aparılması üçün daha əlverişli şəraitin yaradılması, eləcə də ətraf mühitin monitorinqi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və böyük turizm potensialı olan ərazidə ekoturizmin inkişafının təmin edilməsidir. Nazir onu da bildirdi ki, Ətraf Mühitin Monitorinqi Departamenti gücləndirilmiş iş rejimində işləyir. Mütəmadi olaraq ictimaiyyətə əldə olunan nəticələr barədə məlumatlar verilir. Ötən müddətdə 94 min nümunə üzərində 107 min təhlil aparılıb. Hidrometrologiya sahəsində görülən işlər də diqqətə çatdırıldı. Bildirildi ki, dağ elmi-tədqiqat mərkəzinin işi normal səviyyədə qurulub. Mütəxəssislərimizə tədqiqat işlərinin miqyasını genişləndirmək üçün lazımi şərait yaradılıb.
Ötən müddətdə keçirilən beynəlxalq tədbirlər barədə də məlumat verildi. Bildirildi ki, oktyabrda Dövlətlərarası Hidrometrologiya Şurasının 20-ci sessiyası keçirilib. İlk dəfə Azərbaycanda “Azərbaycan: Yaşıl dünya naminə” beynəlxalq ekoloji sərgi də təşkil olunub. Bu il sentyabr ayında ikinci sərgi keçiriləcək.
Ülkər
NƏBİYEVA
525-ci qəzet.- 2011.- 28 may.- S.12.