“Ah, idman... sən gözəlsən!”
100 YAŞLI AZƏRBAYCAN FUTBOLU
HAQQINDA QISA QEYDLƏR
...Qarşıdan gələn unudulmaz tarixi yubileyi möhtəşəm bayram kimi, təntənə ilə qeyd etməyə təbii ki, haqqımız var. Nədən? Əlbəttə, ötən dövr ərzində dəri top ustalarımız çətin,əzablı, keşməkeşli, fəqət şərəfli və mənalı bir yol qət edərək ümumən idman tariximizə dəyərli səhifələr yazmışlar.
İstər yaşıl futbol meydanında, rinqdə, tennis kortunda, istərsə də qaçış yollarında, xalça üzərində... çox təsirli, bədii siqlətli, habelə dramatik gərginliyi ilə seçilən, hissləri, qəlbləri ehtizaza gətirən, milyonlarla azarkeşi həyəcanlandıran, adamlara unudulmayan estetik zövq aşılayan və sevincli anlar bəxş edən hər hansı idman matçını izlədikcə özümüzdən asılı olmayaraq indi başlığa çıxarılan sözləri xatırlayırıq. Bu müdrik kəlamlar planetimizdə Olimpiya hərəkatının banisi Pyer-de Kubertenə məxsusdur. İdmanın ən kütləvi və cazibədar növü olan futbol haqqında danışmaq istəyindəyiksə təbii ki, həmin fikri əsas götürməyə dəyər.
...Futbolun vətəni İngiltərədir; 1863-cü ilin oktyabrında Londonda yaranıb. Yeri gəlmişkən deyim ki, futbol qaydaları eyni dövrdə yox, ayrı-ayrı çağlarda qəbul edilib. Məsələn, hakim 1878-ci ildə meydana çıxıb. Həmin məqama qədər o, kənarda oturub matçı izləyirdi. Mübahisəli anlarda hakimə yaxınlaşıb rəyini soruşur, məsələni araşdırırdılar.
11 metrlik cərimə zərbələri 1811-ci ildən oyun qaydalarında yer alıb. 1926-cı ildən başlayaraq küncdən zərbə tətbiq olunub. FİFA isə 1921-ci ildə təsis edilib. İlk dünya çempionatı 1930-cu ildə Uruqvayda düzənlənib və həmin birinciliyin qızıl medallarına da elə meydan sahibləri layiq görülüb.
Futbol tədricən
bütün ölkələri dolaşaraq indiki kütləvi
idman növünə çevrilib, illər ötdükcə
keyfiyyət baxımından təkmilləşib. Bizim günlərdə
bütün ölkələr bu və ya digər dərəcədə
futbol həyatına qovuşublar.
...Bakıda ilk futbol matçı
1911-ci ilə təsadüf edir. Hazırda Səməd
Vurğunun adını daşıyan bağın yeri boş
meydança idi. O zaman Nobel qardaşlarının neft
kontorlarında çalışanlar bir-birləri ilə futbol
yarışı keçirməyi qərarlaşdırıb və
özləri də bilmədən Azərbaycanda bu gözəl
idman növünün əsasına rəvac verdilər.
Bakı sakinlərinin həmin yoldaşlıq
görüşünə necə böyük maraq göstərdiklərini
yəqin ki, təsəvvürə gətirirsiniz.
Yeri gəlmişkən
mühüm bir fakta da diqqət yetirmək pis olmazdı.
Berlindəki Qumbold adına universitetin professoru Eva-Mariya Aux əslən
bakılıdır. O, vaxtilə burada orta təhsil alıb,
sonradan da BDU-nu bitirib. XIX əsrdə Azərbaycanda məskunlaşmış
almanlar barəsində burada elmi-tədqiqat işləri apararkən
müəyyənləşdirib ki, Gəncə
yaxınlığında Yelendorf və Annesdorf
yaşayış məskənlərində qərar tutmuş
almanlar məqsədyönlü təsərrüfat yaratmaqla
bir sırada idman həyatını da dirçəltmişlər.
Onlar futbol komandaları yaratmış, öz aralarında
yoldaşlıq matçları keçirmiş, üstəlik
xüsusi turnirlər də təşkil etmişlər.
Bütün bu məsələlərlə bağlı
xanım Aux maraqlı faktlara əsaslanır.
Əlbəttə, alman tədqiqatçı-alimin
gəldiyi nəticələrə söykənsək o zaman
belə qənaətə gələrik; Azərbaycanda futbolun əsası
daha neçə il öncə qoyulub. Şübhəsiz, bu,
maraq doğurur. Ancaq axtarışlar, araşdırmalar davam
etdirilir. Nəticəni gözləyək.
İndi isə faktiki olaraq
100 illik yubiley bayramının ilğımında futbolumuzun
necə deyərlər, “tərcümeyi halına” ani də
olsa nəzər yetirək.
Azərbaycanda futbolun ilk
çağlarından danışarkən heç
şübhəsiz, pərakəndə futbol dəstələrini
anmaqla yanaşı, öncə ona diqqət çəkmək
vacibdir ki, həmin dağınıq dəstələr sonradan
stabil klubların yaranmasına, oyunçuların
ustalıqlarının artmasına, mütəşəkkil
komandaların meydana gəlməsinə təkan verib. Ötən
əsrin 30-cu illərində Bakıda artıq “Temp”, “Proqress”
kimi klub komandaları mövcud olub. Məhz bu klublar sonradan
“Neftçi”nin yaranmasına, rəsmi çempionatlarda
çıxışlarına səbəb olub.
Zaman ötdükcə Azərbaycan
paytaxtında futbola maraq artır, bu idman növü get-gedə
kütləvi hal alırdı. Ancaq bununla yanaşı, şəhərimizin
özünəməxsus xüsusi “futbol ocağı” da
vardı. Bunu deyərkən ilk növbədə
Sabunçu-Suraxanı qəsəbələri nəzərdə
tutulur. Məsələ burasındadır ki, o zamankı neft
sahibkarlarının “qara qızıl” mədənləri əsasən
həmin yerlərdə idi. Təbii ki, buralarda çoxlu
neftçi fəhlə yaşayırdı. Odur ki, həmin
yaşayış məskənlərində meydançalar
ayrılmışdı ki, həvəsli gənclər futbolla
məşğul olsunlar. Teymur Arzumanov, Mirmehdi Ağayev, Sayad Cəbrayılov,
Vasili Devlyaşov, Mindi İsmayılov, Vladimir Karmayev, Şirəli
Şirəliyev, Viktor Şevçenko və onlarca
başqası futbolda ilk addımlarını məhz burada
atıb.
Ümumiyyətlə, Azərbaycan
futbolundan danışarkən heç şübhəsiz
“Neftçi” komandası dərhal söz önünə gəlir.
Bu da çox təbiidir. Çünki 100 illik futbol tariximizin
böyük bir dövrü məhz “Neftçi”nin
şanlı adı və fəaliyyəti ilə səciyyələnir.
Elə qanuni olaraq da o, futbolumuzun flaqmanı
adlandırılır. Cəsarətlə demək olar ki, xalq
içərisində çox sevilən və hörmət-ehtiramla
anılan, çətin, keşməkeşli, şərəfli
ömür yolu olan “Neftçi” futbol komandası ilə
müqayisə edilə biləcək ikinci bir klubumuz yoxdur.
1949-cu ildə o zamankı
SSRİ çempionatının güclülər dəstəsində
yer alan “Neftçi” həmin çağdan etibarən
uğurlu-uğursuz çıxışlarına baxmayaraq,
ümumən Azərbaycan futbolu salnaməsinə mənalı
səhifələr bəxş etdi, eyni zamanda da Sovet ölkəsinin
futboluna əvəzsiz oyunçular verdi. Ələkbər Məmmədov,
Yuri Kuznetsov Moskvanın “Dinamo”suna dəvət aldıqdan və
həmin komandanın tərkibində möhtəşəm
çıxışlarından sonra Azərbaycan futbol məktəbi
haqqında çox müsbət rəy yarandı. Bu iki
futbolçunun SSRİ yığma komandasının tərkibində
keçirdikləri oyunlar, vurduqları toplar da azarkeşlərin
xatirindən silinmir. Ələkbər Məmmədov Avropa
çempionu adını da şərəflə
daşıyır. Ümumiyyətlə, o dövrün zaman
ölçüsü ilə yanaşdıqda Azərbaycanın
sovet futboluna verdiyi töhfələrdən ağızdolusu
danışmaq olar. Moskva və Kiyev “Dinamo”larında Valerii
Hacıyevin, İsgəndər Cavadovun, Vitali
Şevçenkonun, Nikolay Boqdanovun
çıxışları da “Neftçi”nin, xüsusən də
Azərbaycan futbol məktəbinin yüksək peşəkar
səviyyəli, müasir tələblərə uyğun
oyunçular yetişdirmək imkanından xəbər verirdi.
Anatolu Banişevski də Ələkbər
Məmmədov kimi təkcə Azərbaycanın yox, eyni
zamanda dünya futbolunun sayılan “parlaq ulduzları”
sırasındaydı. Anatoli Ponamaryovun SSRİ yığma
komandası tərkibində Olimpiya çempionluğu da
qürur hissi doğurur. “Neftçi”nin yuxarıda sadalanan
keyfiyyətlərini anarkən adları öndə çəkilənlərlə
bir sırada Kazbek Tuayevi, Sergey Kramarenkonu, Vyaçeslav
Semiqlazovu, Adil Babayevi, Yaşar Babayevi, Əhməd Ələsgərovu,
Ruslan Abdullayevi, Səmədağa Qurbanovu, İsgəndər
Cavadovu, Maşallah Əhmədovu, Aleksandr Trofimovu, Mübariz
Zeynalovu, Vladimir Bruxtini və digərlərini də
böyük sevgi ilə xatırlamalıyıq. Məhz
onların bir çoxu özlərinin digər komanda
yoldaşları ilə bir sırada “Neftçi”nin 1966-cı
ildə SSRİ çempionatında bürünc medal
qazanması üçün dəyərli töhfələrini,
zəhmətlərini əsirgəməmişlər.
“Neftçi” (təbii ki,
sovet dönəmində Azərbaycanın milli yığma
komandası yox idi) eyni zamanda bir klub olaraq həm
özünün və həm də ümumən Azərbaycan
futbolu timsalında keçirdiyi beynəlxalq matçlarda
çox zaman meydançanı qalib kimi tərk edib.
Braziliyanın, Fransanın Polşanın, Bolqarıstanın,
Türkiyənin, İranın, İraqın, Yaponiyanın...
adlı-sanlı komandalarının Bakıdakı
acınacaqlı məğlubiyyətlərinin, “Neftçi”nin
ecazkar çıxışları ilə səciyyələnən
qələbələrinin canlı şahidi olduq.
“Neftçi”nin ildən-ilə
səviyyəsi, ümumən Bakı futbolunun təşəkkülü
bir sıra bölgələrdə də böyük canlanmaya
səbəb olmuşdur. Xüsusən qədim Gəncədə
futbol həyatı qaynayırdı. Və yerli “Dinamo”
komandasının 1966-cı ildə SSRİ
çempionatının güclülər dəstəsində
çıxış etmək hüququ qazanmasında da bir qanunauyğunluq
vardı. Ümumiyyətlə götürdükdə isə
Sergey Kramarenko, Yaşar Babayev, Ruslan Abdullayev, Mübariz
Zeynalov, Asif Əliyev, Maşallah Əhmədov, Vidadi Rzayev,
Yunis Hüseynov kimi ustad futbolçulara ilk “həyat vəsiqəsi”
vermiş Gəncə ümumən Azərbaycan futbolunun tərəqqisində
və şöhrətlənməsində mühüm rol
oynayıb. Bu mənada Tovuz, Quba, Sumqayıt və digər
bölgələr də az və ya çox dərəcədə
futbol xəzinəmizə öz dəyərli töhfələrini
əsirgəməmişlər.
Gizli deyil ki, o zamanın
SSRİ çempionatı və güclülər dəstəsindəki
komandaların oyun səviyyəsi, futbolçuların
ustalığı yüksək idi. Sadəcə
çempionatda güclülər və daha güclülər
yarışırdılar. Ciddi rəqabət də mövcud
idi. Belə olan təqdirdə elə Bakının
özündə matçlar zamanı stadion həmişə
dolu olurdu. Çünki sözün həqiqi mənasında
hər bir komanda özünəməxsus oyun tərzini ortaya
qoyurdu. Moskvanın “Dinamo”, “Spartak”, “Torpedo”, MOİK, “Lokomotiv”,
Kiyevin “Dinamo”, Tbilisinin “Dinamo” və digər komandaların
Bakıda “Neftçi” ilə yarışları əsl dramatik
tamaşalar timsalındaydı. Bir anlığa təsəvvürə
gətirin ki, həmin komandaların iştirakı ilə
keçirilən matçlarda respublika stadionunun yaşıl
meydançasında kimlər olmurdu? Lev Yasin, İqor Netto,
Valeri Voronin, Valeri Lobanovski, Oleq Bloxin, Anatoli Bışovets,
Slava Metreveli, Mixail Mesxi, Eduard Streltsov, Ələkbər Məmmədov,
Yuri Kurnetsov, Anatoli Banisevski, Kazbek Tuayev, Valeri Hacıyev, Adil
Babayev...daha kimlər...
Belə olan təqdirdə
iki amil də mühüm məna kəsb edirdi: güclü
çempionat güclü məşqçilərin
sayını artırır və güclü hakimlərin
yetişməsinə təkan verirdi. Fəxrlə deməliyik
ki, Azərbaycan futbolunun yetirməsi olan Tofiq Bəhramovun
adı dünyaca şöhrətli idman mütəxəssisləri
sırasında şərəfli yer tutur. Ümumiyyətlə
götürdükdə isə Yuri Qriqoryev, Teymur Vəliyev,
Eldar Əzimzadə, Rüstəm Rəhimov kimi hakimlərimizin
də adları keçmiş SSRİ məkanında ehtiramla
çəkilirdi. Fikrimin yekunu kimi onu demək istəyirəm
ki, milli çempionatın səviyyəsi yüksəldilsə
hakimlərin də səviyyəsi yüksələcəkdir.
20 ildir ki, respublikamız
müstəqil həyat tərzini yaşayır. Və 20 ildir
ki, Azərbaycanın futbol üzrə milli çempionatı
keçirilir. Demək olar ki, hər şey yenidən
başlanıb. Çünki keçmiş cəmiyyətə,
quruluşa malik idman strukturları ləğv olunub, mövcud
həyat tərzi idmana, o cümlədən də futbola yeni
yanaşma tələblərini irəli sürüb.
Hazırda Azərbaycanda futbolun inkişafı, onun dünya səhnəsində
öz yerini tutması üçün az iş
görülmür. Fəqət bununla belə, irəlidə
bizim qarşımızda daha mühüm işləri həyata
keçirmək vəzifəsi durur. Bu günlərdə Azərbaycanın
güclülər dəstəsində çempionatı
başa çatdı. “Neftçi” altı illik fasilədən
sonra qanuni olaraq qızıl medallar qazandı. Bu biz azarkeşləri
məmnun etdi. Çünki Azərbaycan futbolunun 100 illik tarixi
ərzində qazandığı nailiyyətlərdə
şübhəsiz, “Neftçi”nin payı çoxdur və bu,
danılmazdır.
“Xəzər-Lənkəran”
isə Azərbaycan kubokuna sahib oldu. Ancaq ümumi mənzərəni
bir anlığa göz önünə gətirdikdə deməliyik
ki, çempionatın “dünya standartlarına” tam cavab verməməsi
göz qabağında idi. İlk növbədə hansı məsələlərin
həlli vacib sayılır? Mənim şəxsi fikrimcə,
ilk növbədə baş məşqçilərin
komandalarda tez-tez dəyişdirilməsi düzgün
yanaşma deyil.
Axı, aydın məsələdir
ki, baş məşqçi bir neçə il bu və ya digər
komandada qalmalıdır ki, özünün oyun
ideyasını, mübarizə konsepsiyasını, taktiki
variantını həyata keçirsin. Bunun üçün təbii
ki, müvafiq ifaçı-futbolçular gərəkdir. Digər
tərəfdən komandaya dəvət olunan legionerləri ilk
növbədə baş məşqçi özü şəxsən
görüb seçməlidir. Həm də elə etmək
lazımdır ki, necə deyərlər, “az olsun, söz olsun”.
Ucda-tutma legioner adı ilə “yarımfabrikat”
futbolçuları dəvət etməklə və
mövsümün ortasında onları komandadan qovmaqla
heç nəyə nail olmaq mümkün deyil. Axı, istər
müdafiədə, orta xəttə, istərsə də
hücumda yer alan futbolçuları arasında “sıx
ünsiyyət”, möhkəm bağlılıq,
anlaşılan taktiki tərz mövcudluğu çox vacibdir.
Çoxu bilməlidir ki, bütün bunlar birdən-birə
hasil olmur. Ona görə də komandalarımızın əksəriyyəti
“dünya standartına” cavab verə biləcək oyun tərzi
nümayiş etdirə bilmir.
Mən şəxsən xarici məşqçilərin Azərbaycana dəvət olunmalarının əleyhinə deyiləm. 45-50 il öncə moskvalı şöhrətli məşqçi Boris Andreyeviç Arkadyevin Bakıya dəvət olunması və onun “Neftçi”də məqsədyönlü möhtəşəm, yenidənqurma fəaliyyətini kim unudar?! Amma təəssüf ki, bizim günlərimizdə hələlik bunu görmürük. Kaxaber Sxakaqze, Mirca Rednix kimi məşqçilərin Azərbaycana dəvəti başadüşülən deyil. Belə ki, onların baş məşqçi olduqları istər “İnter”, istərsə də “Xəzər Lənkəran” komandaları “mövsümü” səciyyə daşıyan “yenidənqurmaya” məruz qalıblar. Yenə də deyirəm ki, nə məşqçi, nə də futbolçu dəvətlərinin əleyhinə çıxmaq olmaz. Ancaq, bu səhv olanda acınacaqlı vəziyyətlə qarşılaşırıq.
Adları çəkilən komandalarda yerli futbolçular barmaqla saymaq olar. Axı, Azərbaycan yığma komandası ilk növbədə öz futbolçularımızdan təşkil olunmalıdır. Əgər komandalar yerli oyunçulara üstünlük vermirlərsə, daha doğrusu, gənc futbolçu yetişdirilməsi qayğısına qalmırlarsa, iflas qanunauyğundur. Qurban Qurbanovun, Ağasəlim Mircavadovun, Arif Əsədovun, Nazim Süleymanovun iş təcrübəsi azmı əhəmiyyətlidir?
Daha bir məsələ barədə; oyun intizamı, təvazökarlıq hər bir futbolçunun malik ola biləcəyi əsas komponentlərdəndir. Yola saldığımız çempionat bu sahədə vəziyyətin acınacaqlı olduğunu bir daha bizə aydın göstərdi. Bəzi futbolçuların bəzi müğənnilər kimi “şou-aləminə” meylli olduqlarını, oyunçu həmkarına sayğısız yanaşdığını az görməmişik. Bütün bunlar əlbəttə, azarkeşləri razı salmır. Məsələn, “Xəzər-Lənkəran” komandasının üzvləri Elnur Allahverdiyevin, Kamran Ağayevin “Neftçi”ni, komandanın üzvlərini lağa qoymaları, həmkarlarını qəlbən təbrik etmək əvəzinə onların çempionluğa layiq olmadıqlarını nümayişkaranə surətdə mətbuatda bəyan etmələri anlaşılan deyil. Biz Elnur, Kamran və adlarını burada çəkmədiyimiz digər futbolçulara məsləhət bilərdik ki, belə olduğunu “şoulara” baş qatmaqdansa öz ustalıqlarını artırmaq qayğısına qalsınlar.
Bütün bunlardan sonra qeydlərimizi daha nikbin notlarla bitirmək istərdik. İnanırıq ki, Azərbaycan futbolu daşlı-kəsəkli yolları uğurla dəf edərək, son nəticədə dünya stadionlarının yaşıl meydançalarında hünərlərini nümayiş etdirə biləcəklər. O günün uzaqda olmadığına məndə qəti bir inam var.
Fazil RƏHMANZADƏ
525-ci qəzet.- 2011.- 27 may.- S.8.