Azərbaycan Tarixi Muzeyindəİrsimizin itirilməmiş incilərisərgilənir

 

Dünən Azərbaycan Tarixi Muzeyində “İrsimizin itirilməmiş inciləri” sərgisinin açılışı keçirilib. APA-nın məlumatına görə, Muzeyin direktoru, tarix elmləri doktoru, professor Nailə Vəlixanlı bildirib ki, sərgidə yeni tapılmış eksponatlar nümayiş etdirilir: “Azərbaycan Tarix Muzeyi yarandığı gündən muzeyə gələnləri keçmişə aparır və yenidən geriyə, indiki zaman qaytarır. Bu da, əlbəttə ki, muzeydə illər uzun toplanan və ekspozisiyada sərgilənən eksponatların sayəsində baş verir. Muzeyin işçiləri Azərbaycanı rayon-rayon gəzib muzey üçün material və məlumatlar toplayıblar”.

 Muzey direktoru qeyd edib ki, arxeoloqlar ölkə ərazisində apardığı qazıntıların sualtı axtarışların nəticəsində bir çox materiallar əldə ediblər. Muzey 3000-nə yaxın tarixi əhəmiyyətli material əldə edib və bu tapıntılar arasında qablar, tikmələr, xalçalar, qızıl və gümüş əşyalar, orden və medallar, möhürlər, üzük möhürlər, sikkə dəfinələri, miniatürlər, arxeoloji tapıntılar, qədim geyimlər, əlyazmalar, qrammofon da var. N.Vəlixanlı onu da vurğulayıb ki, yeni eksponatlar müxtəlif fondlarda qorunacaq: “Nə qədər itirilmiş incilərimiz var. Çox zaman onları əlimizdə tuta bilmirik. Ancaq hamılıqla əlimizdə olan inciləri qorumalıyıq”.

 Daha sonra tədbir iştirakçıları sərgidə nümayiş etdirilən yeni eksponatlarla tanış olublar.

 

 

525-ci qəzet.- 2011.- 4 may.- S.7.