Milli mədəniyyət tariximizdə Eynəli bəy Sultanov imzası: alovlu publisist və fədakar ziyalı kimi

 

XIX əsrin sonları XX əsrin əvvəlləri Azərbaycan ədəbi-mədəni fikir tarixində özünəməxsus çəkiyə malik olan simaların yetişməsi ilə yadda qalan bir dövr oldu. Mirzə Cəlil Məmmədquluzadə, Sabir, Əliqulu Qəmküsar, Əbdürrəhim bəy Haqverdiyev, Firudin bəy Köçərli və onlarla belə ədiblərin içərisində bir imza da var idi: Eynəli bəy Sultanov. O Eynəli bəy Sultanov ki, Cəlil Məmmədquluzadə “Xatirələr”ində onun haqqında belə deyirdi: “O qədər məni özünə qulaq asdırdın ki, axırda doğrudan da məni maarif aləminə daxil elədin. Yəqin bilirəm ki, sən olmasaydın, mən də qeyri sadəcə kənd müəllimlərinin içində yaddan çıxmışdım”. Təbii ki, böyük sənətkarın təvazökarlıqla dediyi bu sözlərdə bir həqiqət payı da olmamış deyil...

 May ayının 5-də Eynəli bəy Sultanovun anadan olmasının 145 illiyi tamam olur. Bu münasibətlə, E.Sultanovu xatırlamaq, müasir ictimaiyyətə daha yaxından tanıtmaq məqsədilə onunla bağlı bu məqaləni oxucuların diqqətinə çatdırırıq.

Elm daim mübahisəli məqamlarla diqqəti cəlb edir. Elmi tədqiqatların və axtarışların sistemli şəkil aldığı indiki dövrdə zaman etibarilə bizdən ən az bir əsrə qədər uzaq olan tanınmış şəxsiyyətlərin doğum və ölüm tarixiləri daha çox mübahisəyə səbəb olan məqamlardandır. Təvəllüd və ölüm tarixi mübahisəyə səbəb olan və xüsusilə elmi dəqiqləşdirməyə ehtiyac duyulan şəxsiyyətlərdən biri də XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşayıb yaratmış maarifçi-ziyalı Eynəli bəy Sultanovdur. E. Sultanovun həyat xronologiyası bir neçə tədqiqatçı alimlərimiz tərəfindən fərqli illər olaraq göstərilmişdir. Bəs, hansı alimimiz, tədqiqatçımız haqlıdır və hansı tarix daha dəqiqdir?Bu sualları cavablandırmaq üçün müxtəlif alim və publisistlərin axtarışlarını bir daha gözdən keçirdik.

 Qeyd edək ki, Eynəli bəy Sultanov ilk dəfə mərhum filologiya elmləri namizədi, cəfakeş alim İzzət Maqsudov tərəfindən elmi tədqiqata cəlb edilmişdir. Təsadüfi deyil ki, İ.Maqsudov 1963-cü ildə öz namizədlik dissertasiyasını E.Sultanova həsr etmiş və “Eynəli bəy Sultanovun həyat və yaradıcılığı” adlı elmi işini müdafiə etmişdir. Həmin tədqiqatda göstərilir ki, “Eynəli Çölü oğlu Sultanov 1862-ci il 7 yanvarda Naxçıvan şəhərində, yoxsullaşmış mülkədar ailəsində anadan olmuşdur... ...Yazıçının atası Çölü Naxçıvanın varlı bəylərindən olan Nadir Sultan Qullarağasıyevin böyük oğlu idi. Nadir Sultan köhnə fikirli, iranpərəst və dindar bir şəxs olduğu halda, arvadı Qızbəsti isə fərasətli, dünya işlərindən baş çıxaran bir qadın idi.

Eynəli Sultanovun iki qardaşı, bir bacısı var idi. Ortancıl qardaşı Böyükağa 1904-cü ilə qədər Naxçıvan şəhər ictimai idarəsinin üzvü olmuş, 1906-cı ildə vəfat etmişdir. Kiçik qardaşı Bəylər 1908-ci ildə, bacısı Maral isə gəncliyində ölmüşdür” Həmin mənbədə ölüm tarixi haqqında isə deyilir ki, “Eynəli Sultanov 1935-ci ilin iyun ayında Tbilisi şəhərində vəfat etmişdir”. E.Sultanovla bağlı ilk tədqiqatlar yuxarıda da qeyd etdiyimiz kimi İ.Maqsudovla başladığı üçün sonrakı dövrlərdə E.Sultanov haqqında yazan müəlliflərin çoxu bu alimə istinad edərək onun müəyyən etdiyi tarixləri əsas götürmüşlər. Aidə Feyzullayeva isə özünün “Maarif carçıları” monoqrafiyasında ədibin doğum-ölüm tarixlərini fərqli qeyd edir. O, doğum tarixi kimi 1863-cü ili, ölüm tarixi olaraq da İ.Maqsudov kimi 1935-ci ili göstərir . Eyni ömür xronologiyasını “Eynəlibəy Sultanovun yaradıcılıq yolu” adlı dissertasiyasında İradə Əsədova da qeyd edir.

 Adil Mişiyev isə “Azərbaycan yazıçıları və Tiflis ədəbi-ictimai mühiti (1820-1905-ci illər)” adlı tədqiqatında doğum tarixində A.Feyzullayeva və İ.Əsədova ilə həmfikir olsa da (1863) ölüm tarixi kimi tam fərqli bir versiya ortaya qoyur. O, E.Sultanovun 1932-ci ildə vəfat etdiyini bildirir. E.Sultanovun doğum-ölüm tarixləri haqqında yeni bir versiya isə filologiya elmləri doktoru Əsgər Qədimova məxsusdur. Onun namizədlik dissertasiyasında (“Zakafkazye” qəzetində Azərbaycan ədəbiyyatı məsələləri (1906-1914-cü illər)”) 1862-1936-cı il tarixləri vurğulanır .

 E.Sultanovun doğum və ölüm tarixləri haqqında yeni və belə demək mümkünsə fakta dayanan səhih məlumat akademik İsa Həbibbəyli tərəfindən ortaya qoyulub. Doktorluq dissertasiyası (“Cəlil Məmmədquluzadə: mühiti və müasirləri”) üzərində işləyərkən apardığı tədqiqatlar zamanı İ.Həbibbəyli əldə etdiyi arxiv sənədlərinə istinad edərək E.Sultanovun 1866-1935-ci illərdə yaşadığını irəli sürür: “Bu fədakar şəxsiyyət (E.Sultanov-E.M.) nə vaxt, harada, hansı səviyyədə təhsil almışdır? Aydınlaşdırılmasına ehtiyac hiss edilən həmin sualın cavabına yazıçının təvəllüd tarixinin dəqiq müəyyənləşdirilməsindən başlamaq lazım gəlir. Çünki istənilən tədris müəssisələrində oxumaq hüququ qazanmaq həmişə müəyyən yaş tələbi ilə əlaqədar olmuşdur.

Hazırda Eynəli Sultanovun tərcümeyi-halından bəhs edən tədqiqatlarda ədibin anadan olması barədə iki tarix (1862 və 1863-cü illər) qeyd olunmaqdadır. Bu fikir müxtəlifliyi onun doğum haqqında şəhadətnaməsinin, yaxud təvəllüd tarixini əks etdirən digər etibarlı bir sənədin tapılıb üzə çıxarılmamasından irəli gəlmişdir”. Akademik məqaləsinin növbəti abzasında özünün qeyd etdiyi etibarlı mənbə məsələsinə toxunaraq bu cür davar edir: “Cari ildə (1987-ci ildə-E.M.) Ermənistan SSR Mərkəzi Dövlət Tarix Arxivində Cəlil Məmmədquluzadə və müasirləri ilə bağlı axtarış apararkən əldə etdiyimiz “İrəvan Dairə Məhkəməsi prokurorunun katibi E.Sultanovun şəxsi işi” adlanan qovluqda toplanan sənədlər həmin sahədə aşkar olunan ilk etibarlı mənbə sayıla bilər. 17 vərəqdən ibarət olan bu sənədlərdə yazıçının həyatının 1898-ci ilə qədərki dövrü öz əksini tapmışdır. E.Sultanova məxsus qovluqdakı formulyar siyahı (xidmət kitabçası-İ.H.) kimi rəsmi sənəddə onun 5 may 1866-cı il (kursiv bizimdir-E.M.) tarixdə Çölü bəy Qullarağasıyev-Sultanovun ailəsində dünyaya gəldiyi qeyd olunmuşdur. Bundan başqa, həmin sənəddə xidmət kitabçasının qeyd edildiyi 16 dekabr 1896-cı ildə E.Sultanovun 30 yaşında olduğu göstərilmişdir ki, bu da yeni təvəllüd tarixini bir daha təsdiqləyir” .

 İ.Həbibbəylinin arxiv sənədləri əsasında ortaya qoyduğu 1866-cı il tarixi həmin ildən—1987-ci ildən etibarən ən tutarlı fakt kimi ədəbiyyatşünaslıq elmində E.Sultanovun təvəllüdü olaraq qeyd edilir.

Təqdirəlayiq haldır ki, son illərin nəşrlərində—“Naxçıvan Ensiklopediyası”nda, “Naxçıvan Teatr Salnaməsi”ndə, Cəlil Məmmədquluzadənin əsərlərinin dörd cildlik və iki cildlik son nəşrlərində akademik İsa Həbibbəylinin üzə çıxardığı tarix qeyd edilib. Amma təəssüflənəsi məqamlar da yox deyil. Belə ki, 2006-cı ildə nəşr olunan “Azərbaycan mətbuat tarixi” dərsliyində, 2008-ci ildə nəşr olunan “Azərbaycan ədəbiyyatı ensiklopediyası”nda E.Sultanovdan bəhs edən müəlliflər İ.Həbibbəylinin son tədqiqatlarından görünür xəbərsiz imişlər. Belə olmasaydı, adıçəkilən kitablarda maarifçi-demokrat yazıçının təvəllüdü və ölüm tarixi dəqiq göstərilərdi. Göründüyü kimi E.Sultanovun təvəllüdü və vəfatı haqqında 5 müxtəlif tarix mövcuddur. (1862-1935; 1863-1932; 1862-1936; 1863-1935; 1866-1935.) Amma akademik İsa Həbibbəylinin həm ən son, həm də faktlarla ortaya qoyduğu variant fikrimizcə bu barədəki mübahisələrə nöqtə qoyur. Deməli, E.Sultanov 1866-cı il may ayının 5-də Naxçıvan şəhərində anadan olub.

E.Sultanovun təhsil aldığı yerlərlə bağlı da müxtəlif fikirlər mövcuddur. Belə ki, İ.Maqsudov onun “1872-1877-ci illərdə rus-tatar“ məktəbində, İ.Həbibbəyli isə 1872-1880-ci illərdə “Naxçıvan qəza məktəbində” ilk təhsil aldığını qeyd edir. İ.Maqsudova görə “Atası Çölü 1877-ci ildə Eynəlini Tiflis şəhərinə aparıb “Klassik gimnaziya”ya qoyur”. İ.Həbibbəyli isə “1880-1886-cı illərdə İrəvan kişi gimnaziyasında” oxuduğunu bildirir. Göründüyü kimi, E.Sultanovun gimnaziya təhsili barədə də fikirlər haçalanır. Buna baxmayaraq İ.Həbibbəyli bu sahədə də tutarlı istinadlar ortaya qoyur. O, məqalələrinin birində yazır:

“E.Sultanovun nə vaxt və harada təhsil alması barədə bir neçə fikir mövcuddur: gimnaziya (yeri, adı qeyd olunmadan) və Tiflis klassik gimnaziyası. Ünvanlar kimi təhsil illərinə dair tarixlər də müxtəlifdir.1872-1882; 1877-1883; 1877-1885-ci illər. Son illərdə dərc olunmuş bir məqalədəki (İ.Həbibbəyli M.Atayevin “Ədəbiyyat və incəsənət” qəzetinin 10 iyun 1983-cü il (ą23) tarixdə dərc olunan “Hansı fakta inanmalı?” məqaləsinə işarə edir—E.M.) aşağıdakı mülahizələri yazıçının gimnaziya təhsilini konkretləşdirmək üçün yeni axtarışlara maraq oyatdı. Müəllif yazır: “Tbilisi Dövlət Arxivində axtarışlarımız zamanı 1882, 1883, 1884-cü tədris ilində Tiflis Klassik Gimnaziyasını bitirmək üçün dövlət imtahanlarına buraxılan və kamal attestatı alan şəxslər içərisində E.Sultanovun adına rast gəlmədik”. Onu da qeyd edək ki, biz hələ 1980-ci ildə Gürcüstan SSR Mərkəzi Dövlət Arxivində araşdırma ilə məşğul olarkən E.Sultanovun adı ilə 1880-1886-cı illərdə İrəvan gimnaziyasının Qafqaz Təhsil İdarəsinə göndərdiyi hesabatlarda qarşılaşmış, bu barədə C.Məmmədquluzadənin təhsilinə dair dərc etdirdiyimiz məqalədə məlumat vermişdik. Hazırda Ermənistan SSR MDTA-dan əldə etdiyimiz materiallar həmin məsələni daha geniş işıqlandırmağa kömək edir. Arxivdəki “İrəvan kişi gimnaziyası” adlanan fondda mühafizə olunan sənədlərdən məlum olur ki, E.Sultanov 1880-ci ildən bu gimnaziyada oxumağa başlamışdır”.

Zəhmətkeş alimin fakta dayanan bu tapıntısını da E.Sultanovun hansı illərdə və hansı gimnaziyada təhsil alması barədə dəqiq məlumat kimi qəbul etməliyik. E.Sultanovun ömür xronologiyası haqqında elmi mübahisə doğuran bu iki əsas məsələdən (doğum və ölüm tarixi və təhsili) ətraflı bəhs etdikdən sonra qeyd edək ki, 1880-ci ildən 1886-cı ilədək İrəvan kişi gimnaziyasında təhsil alan və dövrünün maarifçi ziyalıları F.Köçərli, Mirzə Elxanov və başqalarından dərs alan E.Sultanov 5 iyun 1886-cı ildə gimnaziyanın yeddinci sinfindən çıxmış, həmin il gimnaziyanın pedaqoji şurasının qərarı ilə ona şəhər ibtidai məktəblərində müəllimlik etmək hüququ verilmişdir. Bu barədə 538 nömrəli şəhadətnamə də almışdır Beləliklə, E.Sultanov müəllimlik fəaliyyətinə başlayır. Hələ gimnaziyanı şagirdi ikən—1883-cü ildə—17 yaşındaykən Naxçıvanda “Ziyalı məclisi”, “Müsəlman Şiə Dram İncəsənəti Cəmiyyəti” kimi ədəbi mədəni mərkəzlər yaratmaqla həmyerlilərinin maariflənməsinə çalışmışdır. Hətta bir müddət sonra həmin mərkəzlərdə birgə fəaliyyət göstərdiyi ziyalı dostları Cəlil Məmmədquluzadə, Paşa ağa Sultanov, Mirzə Ələkbər Süleymanov, Mirzə Cəlil Mirzəyev(Şürbi), Əsəd ağa Kəngərli, Qurbanəli Şərifzadə və başqaları ilə birlikdə “Naxçıvanda “üsuli-cədid” məktəbi və kitabxana açdırmağa nail olmuşdur. 1883-cü ildən teatr tamaşaları təşkil etmişdir. 1892-ci ildə Naxçıvanda yaxın dostu Əsəd ağa Kəngərli ilə birlikdə gizli mətbəə təşkil edərək burada müxtəlif məzmunlu bəyannamələr çap etdirir. Lakin bundan xəbər tutan iri torpaq sahibləri, ruhanilər onu ən qorxulu şəxs elan edir, bu cür dar düşüncəli insanların şikayətləri üzərinə qəza rəisinin göstərişi ilə təqib olunmağa başlanır. Təqiblərdən ehtiyatlanan və çətin vəziyyətdə qalan ədib Qars şəhərinə gedib özü üçün iş axtarmalı olur. Bir neçə ay Qars şəhər upravasında rütbəsiz məmur işinə düzəlir. Bu iş onu təmin etmədiyi üçün dörd ay burada işlədikdən sonra Qarsı tərk edərək İrəvan şəhərinə gəlir. Yazıçının İrəvandakı fəaliyyəti haqqında İ.Həbibbəylinin əldə etdiyi “İrəvan quberniyası Dairə məhkəməsi prokurorunun katibi Eynəli Sultanovun şəxsi işi”ndəki tərcümeyi halında ətraflı məlumat verilir. “7 səhifəlik tərcümeyi-hal sənədləri 1892-1902-ci illəri əhatə edir. Bu dövrdə o, quberniya idarəsində birinci dərəcəli dəftərxana xidmətçisi, İrəvan Dairə məhkəməsində tərcüməçi, məhkəmə katibinin köməkçisi vəzifələrində işləmiş, hətta Dairə məhkəməsində mülki işlər üzrə üçüncü stolun rəisi olmuşdur. Hüquq idarələrində təcrübə qazanan Eynəlibəy Sultanov prokurorluq orqanlarına işə keçirilmiş, 1897-1903-cü illərdə Dairə məhkəməsi prokurorunun köməkçisi vəzifəsini daşımışdır” . 1904-cü ildə, 38 yaşında “ata-anasının məsləhəti ilə Naxçıvanda varlı mülkədar ailəsindən olan Tubu xanımla evlənən ədibin bir il sonra bir oğlu olur və ona atasının adını—Çölü qoyur.

XIX əsrin səksəninci illərindən başlayaraq dövrünün mətbuat orqanları ilə əməkdaşlığa başlayan E.Sultanov bir çox qəzet, jurnal və məcmuələrdə müxtəlif mövzulu yazılarla çıxış edirdi və ictimaiyyət arasında qələmli publisist kimi tanınırdı. Məhz qələminin kəsərli olmasının nəticəsi idi ki, 1905-1908-ci illərdə “Kaspi” qəzetinin İrəvan və Naxçıvandakı xüsusi müxbiri vəzifəsi ona həvalə edilmişdi. İrəvanda olarkən 10 il müddətinə hüquq sistemində müxtəlif vəzifələr daşıması artıq E.Sultanovu bir hüquqşünas kimi də yetişməsinə səbəb olmuşdur. Buna görə də 1906-cı ildən etibarən İrəvan Dairə məhkəməsi prokurorunun Naxçıvan mahalı üzrə köməkçi vəzifəsini də daşımışdır. Hətta 1907-ci ildə Dövlət Dumasına deputat seçilmişdir. Görkəmli ədib bu dövrdə artıq Tiflisdə çıxan “Zakavkazye” qəzetində dərc olunan “Naxçıvan məktubları”, “İfşaedici vərəqələr” silsilə məqalələrinə görə təqib olunmağa başlanmışdı. Qəza rəisi və din xadimlərinin ciddi müqavimətinə rast gələn E.Sultanov arvadının cehizi olan Sürəməlik, Göynük və Sirab kəndində olan torpaqları kəndlilərə bağışlayır, öz mülkünü satır və Tiflis şəhərinə gedib ömrünün sonuna qədər orada “Sumbatov küçəsindəki (həmin küçə hazırda M.F.Axundovun adını daşıyır) 11 ą-li mənzildə yaşamışdır.

 E.Sultanov öz xalqının qarşılaşdığı problemlər haqqında təkcə qəzet və jurnallara məqalələr yazmaqla kifayətlənməmiş, bu problemlərin həlli üçün konkret əməli fəaliyyət də göstərmişdir. O, Səttərxan inqilabına kömək məqsədi ilə yaradılan “Mücahid” inqilabı təşkilatına daxil olmuşdu. Tiflisdə yaşadığı ilk illərdə, konkret olaraq 1909-cu ildə E.Sultanov burada “Zubalov adına xalq evi” yanında Azərbaycan dram şöbəsinin təsis edilməsinə çalışan və buna nail olan maarifçilərdən biri olmuş, hətta 1911-ci ildə Gürcü Əyanlar Teatrında təşkil olunan Azərbaycan Teatr Cəmiyyətinin də bürosuna üzv seçilmişdir . O, Tiflisdə yaşayarkən pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Gürcüstan SSR Mərkəzi Dövlət Arxivindəki “Tiflis birinci qadın gimnaziyasının müəllimi Eynəli Sultanovun şəxsi işi”ndə onun 1912-ci ilin dekabr ayından 1918-ci ilin fevral ayına qədər “Tiflis-İran” məktəbində rus dili müəllimi... 1917-ci ildən gimnaziyada siniflər milliləşəndən sonra hazırlıq şöbəsinə ana dili müəllimi təyin olunur... Oktyabr inqilabından bir müddət sonra, 1918-ci ilin mart ayından nəşr olunmağa başlayan Rusiya teleqraf agentliyinin Qafqaz ölkəsi, Gürcüstan şöbəsinin təbliği xarakter daşıyan, gündəlik daxili və xarici xəbərləri zəhmətkeşlərə çatdıran “Kavkazskaə kommuna” (rus dilində) adlı qəzetin redaktoru olur.

Xalqının maarifini, mədəniyyətini, ədəbiyyatını sevən, onu öyrənən və təbliğ edən E.Sultanov 1923-cü ildə Tiflisdə “Azərbaycan ədəbiyyatı həvəskarları” dərnəyi yaradır və burada Nizami, Füzuli, Vaqif, Nəbati, M.F.Axundov və digər Azərbaycan şair və yazıçıları haqqında məruzələr oxuyur. 1924-cü ildə o dövrün mətbuatında da ciddi müzakirə mövzusu olan latın əlifbasına keçmək uğrunda mübarizəyə qoşulan E.Sultanov bunun nəticəsində də Yeni əlifba komitəsi Tiflis şöbəsinin katibi seçilmiş, “Yeni fikir” qəzetinə əlavə kimi nəşr edilən “İşıq yol” qəzetinin məsul katibi vəzifəsini daşımışdır. Hətta, bu illərdə “Yeni əlifbanın ən yaxşı təbliğatçısı” adını almışdır. Daha sonra yeni türk əlifba komitəsində tərcüməçi vəzifəsində çalışan yazıçı 1930-cu ildə elə həmin komitədən də təqaüdə çıxmışdır. E.Sultanov 1935-ci ilin iyun ayında Tiflis şəhərində vəfat etmiş və Tiflisdəki müsəlman qəbiristanlığında dəfn olunmuşdur. Görkəmli ədibin iyun ayının neçəsində öldüyü dəqiq bilinməsə də axtarışlarımız nəticəsində rast gəldiyimiz bir mənbədə onun iyun ayının 13-də vəfat etdiyi haqqında məlumat verilir. Belə ki, Naxçıvan Muxtar Respublikası Mərkəzi Dövlət Arxivində saxlanan pedaqoji elmləri namizədi İbrahim Mollayevin şəxsi arxivində E.Sultanovun 1935-ci il iyun ayının 13-də vəfat etdiyi haqqında əlyazma qeydinə rast gəldik. Bu tarixin tam dolğun olub-olmaması haqqında isə davam edən axtarışlarımızın nəticəsi daha dəqiq məlumat verəcəkdir. Hələlik isə bu barədə əldə olan yeganə mənbəyə əsaslanaraq naxçıvanlı ziyalının iyun ayının 13-də vəfat etdiyini qeyd etməliyik. Görkəmli ədib folklor toplayıcısı kimi də fəaliyyət göstərmiş, 1886-1890-cı illərdə—4 il müddətində İrəvan quberniyasını və Naxçıvanı dolaşaraq 3 mindən çox atalar sözü, bir neçə aşığın yaradıcılığından nümunələr toplamışdır. Topladığı folklor materiallarının bir çoxunu 20 məktub vasitəsilə F.Köçərliyə göndərmişdir. Çox təəssüf ki, həmin məktubların heç biri bu günədək əldə edilməmişdir. Bədii yaradıcılıqla məşğul olan ədib 46 hekayə, 3 dram əsəri, bir sıra şeir və tərcümənin müəllifidir. Onun sağlığında “Tatarka” adlı iki pərdəli dram əsəri 1904-cü ildə İrəvanda, “Seyidlər” hekayəsi (Rzaqulu Nəcəfovun müqəddiməsi ilə) isə 1926-cı ildə Tiflisdə kitab halında nəşr olunub.

“Tatarka” 1883-cü ildən bəri indiyədək bir çox teatrlarda tamaşaya qoyulmuşdur. Zəhmətsevər publisist olan ədib haqqında aşağıdakı bir fikri xatırlatmaqla onun hansı səviyyəli mətbuat insanı olduğunu təsəvvür edə bilərik. A.Feyzullayeva qeyd edir ki, “Şübhəsiz, bu istedadlı jurnalistin fəaliyyətini nəzərə almadan inqilaba qədər demokratik Azərbaycan publisistikasının keçirdiyi inkişaf yolunu təsəvvürə gətirmək çətindir”. İlk qələm təcrübələrini gənclik illərində “Tərcüman”da çap etdirən, onun mühərririni (İsmayıl Qaspıralı-E.M.) özünün “ilk publisist müəllimi” adlandıran” E.Sultanov sonralar rus dilində nəşr olunan “Novoe obozrenie”, “Kaspi”, “Kavkaz”, “Vozrojdenie”, “Zakavkazye”, “Zakavkazskaə reçy”, “Qruziə”, “Kavkazskaə şkola”, “Kavkazskaə kommuna”, “Novosti zakavkazyə”, “Kavkazskaə slovo”, “Kultura i pismennosti Vostoka”, “Sankt Peterburqskie vedemosti”, azərbaycan dilində nəşr olunan “Həyat”, “İrşad”, “İqbal”, “Molla Nəsrəddin”, “Yeni fikir” (həmin qəzetin əlavəsi olan “İşıq yol”da), “Dan ulduzu”, Şərqi-rus”, “Yeni yol”, “Qızıl şəfəq” (1932-ci ildən sonra “Yeni qüvvə” adı ilə çıxanda belə), “Qığılcım”, “Kəndli”, “Gələcək” kimi qəzet, jurnal və məcmuələrdə mütəmadi olaraq bədii, publisist, tənqidi yazıları ilə çıxış etmişdir. Hətta “Kaspi” qəzetinin İrəvan və Naxçıvan üzrə xüsusi müxbiri, “Zakavkazye” qəzetinin “Müsəlman həyatı şöbəsinin müdiri, “Kavkazskaə kommuna” qəzetinin redaktoru (1921-1923), “Yeni fikir” qəzetinə əlavə kimi nəşr olunan “İşıq yol” qəzetinin məsul katibi (1924-1926) işləmişdir. Yuxarıda adıçəkilən mətbuat orqanlarında E.Sultanov məqalələrini fərqli imzalarla dərc etdirib. Belə ki, o, şəxsi imzası ilə yanaşı “Neizvestnıy”, “İzvestnıy”, “Perel¸tnıy”, “Musulymanin”, “Aziz”, “Kullar-Aqasi”, “Abd-ul Millet”, “Ayn Sin”, “Neştər”, “Dəli”, “Ədibbaz” gizli imzaları ilə də yazılarını oxuculara təqdim etmişdir. Çox təəssüf ki, bu qədər zəngin və məhsuldar fəaliyyətə malik olan şəxsiyyətin yaradıcılıq məhsullarının cüzi bir hissəsi bu günkü oxuculara bəllidir. Halbuki qocaman ədib ömrünün sonuncu illərində 45 illik əməyinin məhsulu olan əsərlərini bir yerə toplayıb çap etdirmək istəmiş, lakin buna nail olmamışdır... ...Ədibin əsərlərini sonradan, 1937-ci ildə oğlu Çölü qaydaya salmış, Azərnəşrə təqdim etmiş, lakin məlum olmayan səbəblərə görə XX əsr Azərbaycan ədəbiyyatında müəyyən mövqe qazanan yazıçının əsərləri nəşr edilib oxuculara çatdırılmamışdır. Bəlkə də özü olmasa da, yazdıqları 37-ci ilin repressiyasının qurbanı olmuşdur. Ölümündən sonra, 1966-cı ildə İ.Maqsudovun tərtibi ilə E.Sultanovun “Seçilmiş hekayələr” kitabı nəşr olunmuşdur ki, burada da ədibin yaradıcılığının çox az bir qismi, cəmi 12 hekayəsi toplanmışdır.

Ömrünü xalqının maariflənməsinə, ziyalılanmasına həsr edən, qadın azadlığı, dini fanatizmin aradan qaldırılması və yeni əlifba başda olmaqla bir çox vacib məsələlərin həlli uğrunda mübarizə aparan E.Sultanovun yaradıcılıq irsinin yenidən xalqına təqdim edilməsi üçün apardığımız axtarışlar, tədqiqatlar müəyyən mənada öz bəhrəsini versə də, hələ də yetərli səviyyədə deyildir. İnanırıq ki, bu sahədəki axtarışlarımız “Mən səni sevirəm, xalqım! Bütün məramımla, bütün qəlbimlə, ruhumun bütün incə telləri ilə sevirəm! Səni bütün bəşəriyyəti sevdiyim qədər sevirəm! Səni bəşəriyyətin böyük ailəsinin üzvü kimi sevirəm. Bütün məziyyətlərin və qüsurlarınla birlikdə sevirəm! Səni sevərək həyatını müşahidə edir, sənin övladlarını öyrənir, dost-düşmənlərini ayırd edirəm...” deyən Eynəli bəy Sultanovun irsinin tamamilə ortaya çıxarılması ilə nəticələnəcəkdir.

 

 

 Elxan YURDOĞLU MƏMMƏDOV,

AMEA Naxçıvan Bölməsinin elmi işçisi

 

525-ci qəzet.- 2011.- 5 may.- S.6.