Təzəpir məscidi – tarixi və
mənəvi dəyərlərin əzəmətli təcəssümü
Nadir memarlığı ilə
diqqəti cəlb edən Təzəpir məscidi təkcə
Azərbaycanın deyil, Qafqazın da dini mərkəzi hesab
olunur. Ona görə ki, Qafqaz Müsəlmanları Ruhani idarəsi
də məhz burada yerləşir. Bu əzəmətli
tikilinin həm də maraqlı tarixçəsi var. Bu tarix isə
bir daha sübut edir ki, Təzəpir məscidi ziyarətgah
timsallı memarlıq abidəsidir. Ziyarətgahın müqəddəsliyinə
tapınan insanlar zaman-zaman bu yeri ziyarət ediblər. Vaxtilə
burada olan, yüzillər öncə tapınaq sayılan qəbrin
itməsinə baxmayaraq, türbə bu günə qədər
də qorunub saxlanılır. Müqəddəs türbəyə
daxil olmaq üçün pilləkənlərlə məscidin
altına düşmək lazım gəlir. Bu yerdə onu da
qeyd edək ki, ölkə prezidenti İlham Əliyevin fərmanı
ilə tariximizin yadigarı olan Təzəpir məscidində əsaslı
təmir-bərpa işləri aparılıb.
Pirin tarixindən
Ziyarətgahın tarixi olduqca qədimlərə, XIV-XV əsrlərə gedib çıxır. Tədqiqatçılar təsdiq edirlər ki, məscidin dərin süxur qatları altında mövcud olan türbə, zəmanəsinin görkəmli alimi və övliyası Əbu Seyid Abdullaya məxsus olub. Deyilənlərə görə, peyğəmbər nəslindən olan bu müqəddəs şəxsiyyət böyük kəramət və fəzilət sahibi imiş. Onun haqqında hətta Abasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” kitabında və Şərqin məşhur tarixçilərindən Məhəmməd ibn Mahmudun “Nəfais əl-fünun” əsərində maraqlı mənbələrə rast gəlinir.
Maraqlıdır ki, XIV əsrdə yaşayan Əbu Seyid Abdullanın tərcümeyi-halı XIII əsrdə Bakıya pənah gətirən İmam Museyi-Kazimin qızı həzrəti Hökumə xanımın tarixçəsi ilə üst-üstə düşür. Xatırladaq ki, hazırda həzrəti Hökumənin qəbri üzərində Bibiheybət ziyarətgahı tikilib.
Deyilənlərə görə, bu nəslin nümayəndələrindən olan Əbu Seyid Abdulla Bakıda Şirvanşahların iqamətgahından kənarda məskunlaşır və onun yaşadığı yerə ziyarətçilər “Xəlifə damı” adı verirlər. “Xəlifə” və ya “xələf” sözləri isə ərəb mənşəlidir. O zaman nəzarətdən yayınmaq üçün özünü dərviş adlandıran Seyid Abdulla tezliklə ətrafına toplaşan müridlərin mürşidinə (rəhbərinə) çevrilir. Tarixi mənbələrdə bildirilir ki, hətta Səfəvi hökmdarı Məhəmməd Xudabəndə Ülçəti onun şöhrətini eşidərək, alimin görüşünə gəlir və onunla qardaşlıq əhd bağlayır. Hətta hökmdar özünü Əbu Seyid Abdullanın müridi elan edir. Tezliklə Əbu Seyid Abdulla xalq arasında alim və xeyriyyəçi kimi məşhurlaşır. Deyilənlərə görə, o, ziyarətinə gələn hər kəsin könlünü alar, onlara xeyr-dua verər, kimsəni ocağından naümid qaytarmazmış.
Əbu Seyid Abdulla vəfat etdikdə dövrün adətinə görə öz evində dəfn edilir və üzərində türbə inşa edilir. Xalq bu yerə pir-ocaq kimi yanaşmağa başlayır. İnsanlar nicat tapmaq üçün məhz bu pirə tapınırdılar. Beləliklə, pirin sorağı ətrafa yayılır.
Təzəpir məscidinin tikilməsi
Ziyarətgahın
yerləşdiyi məkan ötən əsrin ortalarına qədər
“Xəlfədam” adı ilə tanınırdı. Hazırda
isə bu yer Təzəpir məscidinin yerləşdiyi ərazidir.
Zaman keçdikcə Əbu Seyid Abdullanın türbəsi
dağıntılara məruz qalır. Lakin Pirin kəramətinə
böyük etiqad göstərən insanlar onun tamamilə
dağılmasına imkan verməyiblər. Müxtəlif
vaxtlarda Pirə rəhbərlik edən Seyid Mirhəsən Musəvi,
Seyid Abdulla Musəvi və başqa seyidlər də burada dəfn
ediliblər. Bunu Nabat xanım Bakuvinin oğlu, uzun illər Təzəpir
məscidinə rəislik edən Hacı Abasqulu Aşurbəyli
də təsdiq edirdi.
Məscidin memarlıq üslubu
Təzəpir
məscidinin memarlıq üslubu da maraq doğurur. Bu abidə
özünün həcm-məkan memarlıq həllinə
görə tək Bakının şəhərsalma
strukturunda deyil, həm də Abşeronun dini tikililəri
arasında xüsusi yerlərdən birini tutur. Təzəpir məscidi
Zivərbəy Əhmədbəyovun layihəsi əsasında
23 iyul 1905-ci ildə tikilib. Birmərtəbəli, çox da
görkəmli olmayan bir məscidin yerində ilk daşı
qoyulub. Hələ 1893-cü ildə Bakı müsəlmanları
tərəfindən belə bir fikir irəli sürülür
ki, paytaxtda Cümə məscidi tikilsin. Məscidin tikilməsi
üçün yer isə Qoşa qala qapısının
yaxınlığındakı ərazi, yəni indiki Sabir
bağının ərazisi seçilmişdi. Məscidin ətrafında
yaşıllıq massivini, fəvvarə və digər
memarlıq formalarının yaradılması nəzərdə
tutulur. Lakin məlum səbəblərdən quberniya
inzibatçıları şəhər mərkəzində
Cümə məscidinin tikintisinə icazə vermirlər. Nəticədə
məscidin şəhər kənarında- əlverişli bir
təpədə inşa olunması Təzəpirin şəhərin
bir çox rayonlarında aydın görünməsinə
şərait yaradır. Bu hal xüsusilə şəhər
binaları ikimərtəbəli olarkən daha qabarıq şəkildə
özünü göstərdi.
Yeni bərpa işləri məscidi
əsl sənət əsərinə çevirib
Qeyd edək ki, prezidentin müqəddəs yerlərimizin bərpası ilə bağlı verdiyi fərmana əsasən, Bakıda yerləşən dörd məsciddə nəhəng memarlıq işləri aparılıb. Bu məscidlərdən biri də Təzəpir məscididir. Ümumi ərazisi 7600 kvadrat metr olan kompleksin 6000 kvadrat metrində yenidənqurma işləri aparılıb.
Təmirə
qədər “Qafqaz Müsəlmanları Ruhani idarəsinin yerləşdiyi
bina bir mərtəbəli olmaqla yanaşı, həm də
yöndəmsiz idi. Təzəpir
məscidinin interyerinə sovet hakimiyyəti qurulandan sonra yad
elementlər vurulmuşdu. Məsələn, məsciddən
kinoteatr, anbar kimi istifadə olunduğundan ulduzlar
yapışdırılmışdı. Bərpa zamanı
onların hamısı sökülüb. Tikililərdə
gözəl naqqaşlıq elementlərindən istifadə olunub.
Bu işdə xalçaçı Eldar Mikayılzadənin
böyük zəhməti var. Məscidin mehrabı bir az bəsit
olduğundan onu da gözəlləşdirdik və yonma
detallar əlavə etdik. Yuxarı pəncərələrin
şüşə hissəsini dəyişməklə bərabər
ön tərəfdən şəbəkə elementləri
qoyulub. Beləliklə də, interyer gözəlləşib.
Məscidin qadınlar üçün nəzərdə
tutulan hissəsində milli ornamentlər əsasında
böyük şəbəkələrin işlənməsi nəzərdə
tutulub. Məscid kompleksinin içi ən müasir texnologiya ilə
qızdırılır. Tiklinin giriş qapısı da oyma ilə
işlənərək sanki gözəl sənət əsəri
yaradılıb.
Məscidin günbəzini
çıxmaq şərti ilə bütün işlər
yerli sənətkarlar tərəfindən yerinə yetirilib.
Onu da qeyd edək ki,
reabilitasiya zamanı məscidin əvvəlki quruluşu
olduğu kimi saxlansa da, memarlıq quruluşunu tamamlamaq və
bir sıra problemlərə son qoymaq üçün bəzi əlavələr
də edilib. Məsələn, məscidə qadınların
girişi üçün nəzərdə tutulan pilləkən
narahat olduğu üçün onun yeri dəyişdirilərək
içəri hissəyə salınıb. “Azərbərpa”
elmi tədqiqat layihə institutunun memarı Ədalət Məmmədovun
sözlərinə görə, artıq uzun illər heç
bir təmir işləri aparılmayan məscid təmirə qədər
acınacaqlı vəziyyətdə olub: “Vaxtilə məscid
tikilərkən Nabat xanım Aşurbəyli-Rzayeva maliyyə
məsələlərində çətinlik çəkdiyindən
günbəzin üst hissəsi yarımçıq qalıb.
Bundan başqa, məscid tarixən iki eyvanlı tikilsə də,
Təzəpir müəyyən səbəblər
üzündən bir eyvanlı tikilib. Nəticədə minarə
ilə günbəzin arasında bir uyğunsuzluq yaranıb. Bu
da memarın deyil, çar hökumətinin
günahıdır. Bərpa zamanı günbəzə əlavə
elementlər qoyaraq bu iş də tamamlanıb. Dövlət
başçısının göstərişi ilə
günbəzə xüsusi qızıl təbəqə
işlənib. Qızıl təbəqələrin
hamısı Almaniyadan gətizdirilib və günbəz
türk mütəxəssisləri tərəfindən bəzədilib.
Məscidin fasadındakı daşların hamısı
yuyularaq, üzə çıxan çatlayan və sınan
daşlar, bir-bir dəyişdirilərək, əlavə dəmir-beton
çəkilib. Söhbətdən bəlli oldu ki, Bakıda ən
böyük yeraltı kəhriz məscidin altından
keçirmiş. Hələ sovet hakimiyyəti vaxtında
Bakıda köhnə univermaq tikilən zaman o kəhriz ortaya
çıxır və böyük bir əziyyətlə ona
kanalizasiyalar çəkilib. Lakin kəhriz sularının
axıntıları həmişə Təzəpir məscidinin
arxa tərəfində bataqlıq yaradırdı. İndi isə
həmin torpaqlar təmizlənərək, betonlanıb. Bundan əlavə
bir neçə ailəyə kompensasiya ödənilib köçürülməklə
məscidin ərazisi də genişləndirilib. Belə ki, əvvəllər
birmərtəbəli olan Qafqaz Müsəlmanları Ruhani
İdarəsinin yerində indi 5 mərtəbəli bina tikilib.
Əlavə olaraq Şeyx üçün böyük konfrans
zalı və kabinet də inşa edilib. Kompleksin 2-ci korpusu mərasim
binasıdır ki, bu da insanların dəfn və yas mərasimlərini
keçirmək üçün nəzərdə tutulub”.
Qeyd edək ki, bu korpus
prezidentin təşəbbüsü ilə inşa edilib.
Burada da məqsəd ondan ibarətdir ki, küçələrdə
qurulan ehsan mərasimləri qapalı yerdə keçirilsin. Hətta
gələcəkdə iş elə formada qurulacaq ki,
imkanı olmayan insanlara yas mərasimlərini yola vermək
üçün müqavilə əsasında kredit də
verilsin. 3-cü korpus isə 250 nəfərin rahat oxuması
üçün nəzərdə tutulan 4 mərtəbəli
İslam universitetinin binasıdır. Kompleksin mərkəzində
900 kvadratmetr ərazili olan və üzərində günbəzi
olan ən müasir texnologiya və ən müasir
qurğularla təchiz edilən konfrans zalı tikilib.
Təmir-bərpa işləri
zamanı gigiyena-sanitariya qaydaları da nəzərə
alınıb. Kompleksdə məscidin döşəməsindən
aşağıda böyük yuyat yeri, qadın və
kişilər üçün bir-birindən uzaq məsafələrdə
dəstəmazxanalar və qurbangah tikilib.
Memarın sözlərinə
görə, istər tikinti, istərsə də təmir-bərpa
işləri zamanı Şirvan memarlığının
bütün elementlərindən istifadə olunub: “Tikintidə
ancaq yonma üsulu tətbiq olunub ki, bu da çox çətindir.
Tikililərdə stalaktitlərdən, yəni asma daş
elementlərdən də istifadə olunub. Portallar da gözəl
yonulub, fasadın özündə 8 bucaqlı sütunlardan
istifadə etmişik ki, bunlar da stalaktitlərlə tamamlanır.
Məscidin ətrafı isə Ukraynadan gətirilən qranitlə
üzlənib”.
Məscidin fasadı
xüsusi özəlliyi ilə seçilən
naxışlarla bəzədilib. Oyma naxışlar girişdə
daha çoxdur. Burda memarlıq elementləri
üstünlük təşkil edir. Daha çox diqqəti məscidin
gümbəzində daxilindən işlənən
naxışlar cəlb edir. Ərəb əlifbası ilə
Quran ayələrinin yazıldığı gümbəz
müxtəlif rəng tonlarından hazırlanan
naxışlarla bəzədilib. Məscidin Tolstoy küçəsinə
çıxan hissəsində təmirdən sonra küçənin
məscidin yanından keçən hissəsi avtomobillərin
hərəkəti üçün bağlı olur. Bu da dini
ayinlər zamanı əhalinin təhlükəsizliyinin və
piyadaların rahat hərəkətinin təmin olunması məqsədi
daşıyır. Kompleksi bütünlüklə əhatə
edən şəbəkə tipli hasarlar da diqqət çəkir.
Məscid iki alaqapıdan və evakuasiya üçün 5
çıxışdan ibarətdir. Məscidin dəhlizində
hər iki tərəfdən minarələrə
çıxmaq üçün pilləkənlər tikilib. Həyətdə
isə tikilməkdə olan böyük hovuz çox cəlbedicidir”.
Tariximizlə səsləşən abidə
Təzəpir məscidini həm
də tariximizlə səsləşən abidə adlandırsaq,
səhv etmərik. Zaman-zaman xalqın həm şad, həm də
dar günündə Təzəpir məscidi insanların pənah
yeri olub. Hətta bu məsciddə yuyulmağı vəsiyyət
edən möminlər də az olmayıb. Belə şəxslərdən
biri də xalqımızın böyük oğlu, görkəmli
xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev idi. Onun son
istəyinə əsasən cənazəsi məhz Təzəpir
məscidindən axirət evinə yola salınıb.
Tariximizin ən ağır
günündə, 1990-cı ilin 20 yanvar hadisələri
zamanı da Təzəpir məscidi xalqın dərdini
bölüşdüyü yer olub. Cəlladlara və
onların başçısı Qorbaçova lənət
yağdırılan bəyannamə məhz buradan bütün
dünyaya yayımlanmışdı. Əslində, bir
neçə gün Azərbaycan xalqının taleyi buradan
idarə olunur, yeni faciələrin qarşısı
alınırdı.
Təzəpir məscidi və
burada yerləşən Qafqaz Müsəlmanları İdarəsinin
dinimizin inkişafında, müstəqilliyimizin bərpasında
və Azərbaycanın İslam dünyasında mühüm
yer tutmasında böyük xidmətləri var. Qafqazda ilk ali
dini tədris ocağının – İslam Universitetinin təməli
də məhz bu məscidin ərazisində qoyulub.
Azərbaycana, Bakıya səfər
edən adlı-sanlı qonaqlardan Misir Ərəb
Respublikasının prezidenti Camal Əbdül Nasir,
İndoneziya prezidenti Sukarto, Türkiyə prezidenti Turqut
Özal və Süleyman Dəmirəl, İran İslam
Respublikasının prezidenti Əli Əkbər Haşimi-Rəfsəncani
və başqaları Təzəpiri ziyarət etməklə
yanaşı, burada namaz qılıblar.
Tarixə müraciət etsək
görərik ki, Azərbaycan dövlət rəhbərləri
də Təzəpir məscidini dini mərkəz kimi yüksək
qiymətləndirib və xalqa müraciətlərini buradan
söyləməyə çalışıblar. Məsələn,
ADR 1918-20-ci illərdə ilk dini idarəni məhz Təzəpir
məscidi ərazisində yaradıb. 1921-ci ildə Nəriman
Nərimanov bu məsciddə nitq söyləyib. Azərbaycan
öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə
dini təşkilatlanma özünün yeni mərhələsinə
– bərpa və quruculuq dövrünə qədəm qoydu.
Yeni məscid, mədrəsə
və dini təhsil ocaqları yaranmasında, dindarların fəal
şəkildə ictimai həyatdakı yeniliklərə
qoşulmalarında, dünyanın nüfuzlu təşkilatları
ilə əlaqələrin genişlənməsində Təzəpir
məscidi öncüllüyü öz üzərinə
götürdü.
Azərbaycan prezidenti Heydər
Əliyev tez-tez Təzəpir məscidinə gələr və
burada çıxışların edərdi. O, bu
çıxışların birində dövlətin dinə
münasibətini belə açıqlayıb: “Biz bir dövlət
kimi İslam dininin son dövrlərdə geniş inkişaf
etməsini bəyənirik və bundan sonra da müstəqil Azərbaycanda
hər bir insanın sərbəst olaraq öz dini adət-ənənələrinə
hörmət və onlardan istifadə etməsinə
böyük imkanları yaradacağıq. Biz İslam dininin
inkişafı üçün dövlət tərəfindən
gərəkli tədbirlərin hamısını görəcəyik.
Çünki biz yaxşı bilirik ki, İslam Azərbaycan
xalqının, bütün İslam aləminə mənsub
olan insanların ən böyük mənəviyyat mənbəyidir”.
Təzəpir məscidinin
dini mərkəz kimi formalaşması üçün bu
amillər çox böyük əhəmiyyət kəsb
edir. Çünki bu gün Təzəpir məscidi dövlətimizin
dini siyasətinin daşıyıcısı olmaqla
yanaşı həm də bütün Qafqazın dini
icmalarının rəhbəridir.
P.SULTANOVA
525-ci qəzet.- 2011.- 4 may.- S.6.