Vaqif Səmədoğlunun “İntihar”ı Dillər Universitetində nümayiş etdirilib

 

Dünən Dillər Universitetinin akt zalında xalq şairi, dramaturq Vaqif Səmədoğlunun “İntihar” pyesi oynanılıb. Bədii rəhbəri və quruluşçu rejissoru Dillər Universitetinin “Azərbaycan ədəbiyyatı” kafedrasının müdiri, dosent Fəridə Səfiyeva olan tamaşa universitetin tələbələri tərəfindən təqdim edilib.

Tamaşadan əvvəl çıxış edən F.Səfiyeva Dillər Universitetində tələbələrin ifasında maraqlı tamaşaların ənənə halını aldığını deyib. F.Səfiyeva müasir mövzuda yazılan pyesi səhnəyə qoymasından məmnunluğunu dilə gətirib: “Tamaşa xalq şairi Vaqif Səmədoğlunun eyniadlı pyesi əsasında səhnələşdirilib. Vaqif Səmədoğlunun müasir mövzuda yazdığı bu pyesi səhnəyə qoymaq böyük məsuliyyət tələb edirdi. Ancaq biz bu məsuliyyəti üzərimizə götürüb pyesi səhnələşdirdik. Ümid edirəm ki, tamaşanı hər kəs, xüsusən də müəllif bəyənəcək. İllər bir-birini əvəz edəcək, nəsillər dəyişəcək, zövqlər öz rəngarəngliyini saxlayacaq. İnsanın mənəvi tələbatı artacaq. O öz daxili aləmini zənginləşdirmək üçün bu və ya hansısa sənətkarın yaradıcılığına, onun yaratdığı aləmə müraciət edəcək. Və mən əminəm ki, gələcəyin insanının seçdiyi, sevdiyi aləmlər içərisində bütün zamanların tələblərinə cavab verən, həmişə müasir qalan Vaqif Səmədoğlu dünyası əvəzsiz olacaq”. Müəllifin də tamaşaçılar arasında olduğunu və buna görə də ikiqat məsuliyyət hiss etdiklərini deyən F.Səfiyeva oxucu olaraq V.Səmədoğlu yaradıcılığına vurğunluğunu dilə gətirib: “Biz zövqlü oxucu və tamaşaçılarıq. Odur ki, zövqlü əsərləri oxuyur və onları tamaşaya qoyuruq. Vaqif Səmədoğlu şeiri öz poetik sanbalına, yükünə görə çağdaş poeziyamızda ayrıca bir qoldur desəm, səhv etmərəm. Burada söz adilikdən və hər cür təmtəraqdan, ritorikadan xilas olur. Söz fikirlə hissin poetik daşıyıcısına çevrilir. Biz Vaqif Səmədoğlu şeirində bəlkə də çoxları üçün qəribə təsir bağışlayan ifadələr, deyimlərlə qarşılaşırıq. Lakin bütün bunları dərk etmək üçün şairi duymaq lazımdır. Duyanda görürsən ki, ən qatı, ən zil qaranlıqda da doğmalıq və yadlıq var. Deməli, qaranlıq da ana kimi əziz, sərxoş qadın kimi iyrənc ola bilərmiş. Mənim fikrimcə, Vaqif Səmədoğlu poeziyası Azərbaycan və dünya şeirinin ən müasir meyllərinin bir nöqtədə birləşdiyi, vəhdət təşkil etdiyi bir poeziyadır. Vaqif Səmədoğlu ilə beş əsrlik Füzuli arasında qırılmayan poetik tellər gözə göründüyü kimi, atası Səməd Vurğunun yaradıcılığı arasında da yaxınlıq tapmaq mümkündür. Həmçinin Vaqif Səmədoğlu şeirləri ilə müasir postmodernist poeziya arasında da belə bir uyuşmanı açıqlamaq müşkül deyil. Dünyada bütün gözəl şairlərin yolu bu vəhdətdən keçir. Amma ilk növbədə, V.Səmədoğlu yalnız özünə bənzəyən şairdir. Onun “Günün baxtı” şeirlər kitabı ilə son şeirləri arasında təbii, poeziya üçün qanunauyğun bir inkişaf prosesini izləmək mənim üçün çətin deyil, amma o ilk şeirlərlə son şeirlər arasında elə bir bağlılıq var ki, bunu başqa bir şairdə tapmaq olmur”. Yaradılan şəraitə görə rektor Səməd Seyidova minnətdarlığını bildirən kafedra müdiri hamını tamaşaya baxmağa dəvət edib.

 Dillər Universitetinin rektoru, professor Səməd Seyidov, pyesin müəllifi, şair-dramaturq Vaqif Səmədoğlu, millət vəkili Asim Mollazadə, Bakı Şəhər Təhsil İdarəsinin sədr müavini Hüseyn Əsgərov də tamaşaçılar arasında olublar. Tamaşada rolları Dillər Universitetinin tələbələri – Aytən Səlimova, Murad Səfiyev, Zeynəb Rzayeva, Sərxan Quliyev, Əhməd Salmanov, Aysel Babayeva, Aynur Əsgərova, Xədicə Əliyeva, Hüseyn Cəfərov və Araz Abbasov ifa ediblər. Zaldan ucalan gur alqışlar tamaşanın uğurlu alındığının göstəricisi olub.

 

 

S. QARAYEVA

 

525-ci qəzet.- 2011.- 6 may.- S.7.