Rabindranat Taqor və Azərbaycan
Vaqif ARZUMANLI
Böyük hind ədibi, mütərəqqi şəxsiyyət, mütəfəkkir, ictimai xadim, vətənpərvər və humanist insan, dahi şəxsiyyət Rabindranat Taqor (hindcə Rabindranath Thakur) 1861-ci ilə may ayının 7-də Benqqaliyanın paytaxtı Kəlküttə şəhərində anadan olub. Tanınmış ziyalı və mülkədar ailəsində dünyaya göz açan R.Taqor ailənin 14-cü uşağı idi.
R.Taqor əvvəlcə seminariyada, sonra Benqaliya akademiyasında təhsil alıb.
1878-ci ildə İngiltərəyə gedib hüquqşünas olmaq istəyən R.Taqor burada daha çox bədii yaradıcılıqla məşğul olur və tezliklə gənc şeir kimi tanınır və 2 illik hüquq təhsili almasına baxmayaraq, vəkil olmaq arzusundan vaz keçir. R.Taqor vətəninə qayıdır, evlənir və bədii yaradıcılıqla, həm də sahibkarlıqla məşğul olmağa başlayır. Səksən il ömür sürmüş bu nəhəng şəxsiyyətin ədəbi və ictimai fəaliyyəti olduqca geniş və hərtərəflidir.
R.Taqorun ictimai-pedaqoji, elmi, fəlsəfi, dini və publisistik fəaliyyəti və bu sahələrdə yazdığı əsərlər nəzərə alınmasa, bu böyük və nəhəng şəxsiyyətin bədii yaradıcılıq sahəsində qazandığı uğurları belə ümumiləşdirmək olar: Əllidən artıq şeir kitabı, on iki roman və povest, yüzdən artıq xatirə və məqalə müəllifi.
Akademik Məmməd Arif yazır ki, “Taqorun hər bir əsərində hind xalqının ürəyi çırpınır, köləlikdən, dini mövhumatdan, müstəmləkə zəncirindən xilas olmaq istəyən insanların hiss və arzuları oxunur. Bu böyük vətənpərvərin əsərləri hind xalqının bir əsrlik zəngin tarixinin güzgüsüdür”
P.Taqor 1919-cu ilin aprel ayında İngilislərin Amritsar şəhərində zəhmətkeşlərin mitinqi zamanı 1000 nəfərədək silahsız, günahsız adamları öldürdüyünə görə 1915-ci ildə İngiltərə hökuməti tərəfindən ona verilmiş baronet (zadəgan rütbəsi) titulundan imtina edib. Onun bu aktla bağlı İngiltərənin vitse-kralına yazdığı məktubda deyilirdi: “Həmvətənlərimlə insafsızcasına rəftar edilən bir zamanda imtiyazdan istifadə etmək mənə ar gəlir”.
Böyük milli duyğularla, vətənpərvər ideyalarla nəfəs alan R.Taqor 1901-ci ildə öz şəxsi vəsaiti hesabına Bolpur şəhərində məktəb açır və orada dərs deyir.
20 il sonra, 1921-ci ildə isə
R.Taqor Hindistanda ilk milli universitet açır. Bu universitetin fəaliyyəti
üçün R.Taqor bütün gəlirlərini və
Nobel mükafatını yaratdığı universitetə
bağışlayır.
R.Taqorun 1912-ci ildə
“Qitancali” (Qurban mahnıları) adlı şeirlər
kitabı ingilis dilində nəşr olunub. 1913-cü ildə
R.Taqorun bu kitabı Nobel mükafatına layiq
görülür.
R.Taqorun “Canaqanamana”
(“Xalqın ruhu”) adlı məşhur mahnı-şeiri 1911-ci
ildən Hindistanın rəsmi himni kimi qəbul olunub.
Böyük hind ədibi səksən
yaşında (1941-ci il avqustun 7-də) dünyasını dəyişib.
Vətənpərvər yazıçı, şair,
ictimai-siyasi xadim həyatının son gününə qədər
yazıb-yaradıb.
Ölümündən bir
neçə gün əvvəl yazdığı “Mədəniyyətin
böhranı” adlı məqaləsində R.Taqor İngiltərənin
işğalçılıq siyasətini belə
damğalayırdı: “Fələyin çərxi tərsinə
dönüb, bu yaxınlarda ingilisləri Hindistandan
çıxmağa məcbur edəcəklər. Amma onlar
özlərindən sonra Hindistanda nə qoyub gedəcəklər?
Onların iki yüz illik hakimiyyətinin seli axıb getdikdən
sonra yerdə nə qədər üfunətli çirkab və
palçıq qalacaqdır”.
R.Taqor 1920-1930-cu illər
arasında bir sıra ölkələrə səyahətə
çıxıb, ABŞ, Fransa, Almaniya, Danimarka,
İsveç, Avstriya, Çexoslovakiya, İtaliya, Misir,
İndoneziya, Tailand, Kanada, İngiltərə, Çin və
SSRİ-də olub. R.Taqor 1925-ci ildə SSRİ Elmlər
Akademiyasının 200 illiyinə dəvət alsa da səhhəti
imkan vermədiyi üçün o vaxt gələ bilmir. O,
yalnız 5 ildən sonra SSRİ-yə gəlir, bir il sonra
“Rusiya haqqında məktublar” kitabını nəşr
etdirir. “Rusiya haqqında məktublar” əsərində R.Taqor
Azərbaycan Respublikası haqqında da bəzi qeydlər edib.
Azərbaycanın Rusiya tərəfindən
işğalından bəhs edən R.Taqor yazıb: “Azərbaycanı
istila etdikdən sonra çar generallarının imperialist
siyasəti, müsəlmanların yaşadıqları
rayonları Rusiyanın əsas bazalarını xammalla təchiz
edən müstəmləkəyə çevirməkdən
ibarət idi”.
Çar Rusiyasında müsəlman
millətlərinə münasibətə toxunan R.Taqor olduqca
obyektiv mülahizələr irəli sürür: “Çar
hökumətinin agentləri “Parçala və
hökmranlıq et” prinsipini amansızlıqla həyata
keçirir və müxtəlif millətlər arasında
kin, ədavət toxumu səpmək üçün əlindən
gələni edirdilər. Milli ədavət hökumət tərəfindən
təşviq olunur, müsəlmanlar və ermənilər
müntəzəm surətdə bir-birinin üzərinə
qaldırılırdı. Bu iki millətin ardı-arası kəsilməyən
toqquşmaları bəzən kütləvi şəkil
alırdı”. Daha sonra R.Taqor Azərbaycanla bağlı qeydlərini
belə yekunlaşdırır: “Son səkkiz il ərzində
Azərbaycanda yaşayan millətlərin arasında sülh və
asayiş heç vaxt pozulmamışdır. Bu fakt
şübhəsizdir və bunu sovetlərin ən qəddar
düşmənləri belə inkar edə bilmir”.
R.Taqor
yaradıcılığa şair kimi başlayıb. İlk
şeirlər kitabı – “Axşam mahnıları” 1884-cü
ildə işıq üzü görüb. Sonralar onun “Səhər
mahnıları”, “Qızıl qayıq”, “Çıtra”,
“Qaçqın”, “Yol ayrıcında”, “Son”, “İntibah”,
“Sağalma”, “Bağban”, “Köçən quşlar”, “Durna
qatarı” adlı poeziya kitabları nəşr edilib.
Dramaturgiya sahəsində R.Taqor “Qurban”, “Raca”, “Poçta”,
“Açılmış bənd”, “Zahid”, “Rəqqasənin məhəbbəti”,
“Payız bayramı”, “Çandalika”, “Subaylar klubu” və digər
pyesləri ilə məşhurlaşıb. R.Taqor daha çox
hekayə, povest və roman ustası kimi tanınıb. Onun məşhur
romanları bunlardır: “Fəlakət”, “Fora”, “Ev və
dünya”, “Sözdə qum”, “Son poema”, “Üç nəsil”,
“Dörd hissə”. Hindistanın ən tanınmış nasirləri
belə R.Taqoru yaradıcılıq sahəsində öz
müəllimi kimi qəbul ediblər və edirlər. Öz əsərlərində,
çoxsaylı hekayə və romanlarında R.Taqor
Hindistanın sadə adamlarının həyatını qələmə
almış, onların kədəri və sevinci barədə
yazmış, benqal ədəbiyyatında nəsr
janrının inkişafına təkan vermiş, bir sıra məşhur
lirik şeir və poemaları ilə siyasi lirikanın qiymətli
incilərini yaratmışdır.
R.Taqor sülh, dostluq və
xalqlar arasında qarşılıqlı ünsiyyətin mahir
və mübariz tərənnümçüsü
olmuşdur. R.Taqor yaradıcılığı
bütünlükdə hind ədəbiyyatının
inkişafında çox mühüm rol oynamış,
Hindistanda bir sıra görkəmli yazıçı və
şeirlərin yetişməsində, təkmilləşməsində
mühüm rol oynamışdır. R.Taqor çox incə qəlbə,
kövrək hisslərə malik bir yaradıcı ədib idi.
Bu ilin may ayının 7-də
bütün mütərəqqi bəşəriyyət
böyük hind yazıçısının anadan
olmasının 150 illiyini bayram edir. XIX əsrin 80-ci illərində
Hindistanda bir şair kimi tanınan R.Taqorun əsərləri
bu gün dünyanın bütün inkişaf etmiş
xalqlarının dillərində səslənir.
R.Taqor hind ədəbiyyatında
hekayə janrının əsasını qoymuş, Benqal ədəbi
dilinin inkişafında əvəzsiz xidmətlər göstərmişdir.
R.Taqor klassik hind-Benqal və Avropa ədəbiyyatından, habelə
Hindistan xalqının milli azadlıq mübarizəsindən
ilham almış, təkcə öz doğma xalqının
deyil, bütün dünya xalqlarının yaratdıqları
zəngin ədəbiyyat dünyasında silinməz izlər
qoyub getmişdir.
Mütərəqqi bəşəriyyət
qarşısında çox böyük xidmətləri olan
R.Taqorun xatirəsi təkcə hind və benqal xalqlarının
deyil, bu vətənpərvər ədibin bədii irsi Azərbaycan
xalqı üçün də həmişə əziz olub.
lll
Azərbaycan ədəbiyyatında
hind xalqına rəğbət və məhəbbət ən
tanınmış şair və
yazıçılarının əsərlərində
öz bədii əksini tapıb.
Nizaminin, Vaqifin, Zakirin, M.Fətəli
Axundzadənin, A.Bakıxanovun, C.Cabbarlının,
S.Vurğunun, S.Rüstəmin, R.Rzanın, M.Rahimin,
M.İbrahimovun əsərlərində hind xalqlarına
böyük məhəbbət hissləri ifadə olunub.
S.Vurğun hind
xalqının mübarizəsini, qədim və zəngin mədəniyyətini
məhəbbətlə vəsf etmişdir. Şair “Buruqlar səltənəti”
poemasında məşhur hind ədəbi R.Taqorun müdrik
sözlərini Azərbaycan dilində ifadə etmişdir.
“Azad şüur” deyir “zəncirsiz
ürək”,
O qocaman Taqor, o böyük
insan.
Onun rübabiylə vəcdə
gələrək,
İstiqbal eşqiylə
yanır Hindistan.
Qoy onun kiçicik bir
şeirini mən
Burdaca
köçürüm öz dilimizə.
Hər böyük
dünyanın xəzinəsindən
Sadə bir inci də dövlətdir
bizə:
“Bir aləm ki, nə zindan
var nə zəncir,
İnsan oğlu ömür
sürür vüqarla.
Fikir dustaq, ürək dustaq
deyildir,
Bölünməmiş
dünya min bir hasarla.
Həqiqətin ürəyindən
söz gəlir,
Ağlın hüsnü
şəfəqlənir günəş tək.
Şərəf sözü
ülviyyətə yüksəlir,
Qaralmayır çirkablara
düşərək,
Bu azadlıq göylərində,
ya rəbbim!
Qoy göz açsın mənim
də öz Vətənim!
R.Taqorun ədəbi irsi bir
çox dünya xalqları kimi Azərbaycan xalqı
üçün də əzizdir. Azərbaycan oxucusu bu
böyük ədibin əsərləri ilə hələ
ötən əsrin iyirminci illərindən etibarən
tanışdır. Onun ən məşhur və
tanınmış şeirləri, hekayələri və
romanları 1923-cü ildən başlayaraq hər il müntəzəm
şəkildə Azərbaycan dilinə tərcümə
olunmuş, müxtəlif qəzet və jurnallarda çap
edilmişdir.
R.Taqorun Azərbaycan dilində
ilk kitabı – “Fəlakət” romanı 1929-cu ildə nəşr
olunmuşdur.
Sonralar R.Taqorun ən məşhur
əsərləri bir neçə dəfə ayrıca kitab
halında Azərbaycan dilində böyük tirajla
işıq üzü görmüşdür.
1963-1967-ci illərdə isə
Azərbaycan dilində R.Taqorun seçilmiş əsərlərinin
səkkiz cildliyi nəşr olunmuşdur. Bu nəsrlərə
ədibin ən tanınmış hekayə, povest və
romanları, şeir və poemaları, publisistik əsərləri
daxil edilmişdir. Həmin əsərləri Azərbaycan dilinə
istedadlı və məşhur şair və
yazıçılarımız, mütərcimlərimiz tərcümə
etmişlər.
Azərbaycanda orta hesabla
iki-üç ildən bir R.Taqorun əsərləri tərcümə
olunur və bu əsərlər Azərbaycan oxucuları tərəfindən
həmişə böyük rəğbətlə
qarşılanır.
R.Taqor irsi Azərbaycanda təkcə
tərcümə olunmuş əsərləri ilə deyil,
eyni zamanda, onun haqqında müxtəlif illərdə ən
istedadlı və görkəmli ədəbiyyatşünasların,
ayrı-ayrı ədəbiyyat və elm xadimlərinin
yazdıqları məqalələr sayəsində də xeyli
məşhurlaşıb.
Azərbaycanın həm orta
məktəblərində, həm də ali tədris
ocaqlarında R.Taqor irsinin öyrənilməsi həmişə
gündəmdə olub.
R.Taqora olan sonsuz rəğbət
hissləri onun anadan olmasının 75 və 100 illik yubileyləri
ərəfəsində daha intensiv şəkildə ehtiva
olunub. Hələ 1935-ci ildə tanınmış ədəbiyyatşünas
Məmməd Arif R.Taqorun anadan olmasının 75 illiyi
münasibətilə yazdığı məqaləsində
xüsusi olaraq vurğulayır ki, “Tolstoyun Yasnaya Polyanadakı
məktəbi məşhur olduğu kimi, Taqorun da
“Şniketan”dakı məktəbi bütün Avropa pedaqoji aləmində
məşhurdur. Məfkurəvi cəhətdən Tolstoyla
Taqor arasında müəyyən ümumi cizgilər olduğu
kimi, bu iki pedaqoqun pedaqoji prinsipləri arasında da ümumi
cizgilər az deyildir”.
1946-cı ildə isə
R.Taqorun əsərlərinin Azərbaycan dilinə
tanınmış və məhsuldar tərcüməçisi
Mikayıl Rzaquluzadə görkəmli ədibin bir neçə
əsərini “Ədəbiyyat qəzeti”, vasitəsilə
oxuculara çatdırarkən yazdığı məqaləsində
belə bir məqamı xüsusi olaraq vurğulayır ki, “Hər
bir böyük mütəfəkkir və sənətkar kimi
Taqor da azadlıq sevən, insanpərvər, tərəqqipərvər
bir şair və ədibdir. Taqorun ustalığının
başlıca xüsusiyyətlərindən biri də budur ki,
o zahirən çox kiçik, bəsit və sadə
görünən rübabi əsərlərində, mənzum
və mənsur şeirlərində ən mürəkkəb
ictimai, siyasi və fəlsəfi məsələləri əzəmi
bir aydınlıq və bədii bir həyəcan və təsirlə
ifadə edir”.
1961-ci ildə
Ümumdünya Sülh Şurasının qərarı ilə
bütün dünyada R.Taqorun anadan olmasının 100 illiyi təntənə
ilə qeyd edilir. Bu əlamətdar yubiley Azərbaycanda da
çox geniş şəkildə keçirilir. 1961-ci ildə
R.Taqor haqqında Azərbaycanda xeyli məqalə
yazılır, kitablar nəşr olunur, müxtəlif yubiley tədbirləri
təşkil edilir.
Bu nəşrlər içərisində
ədibin “Məhəbbət çələngi” , “Bağban”
kitablarını; Məmməd Arifin “Böyük hind ədibi”,
Mir Cəlalın “Qoca Şərqin qocaman filosofu”, Cəfər
Xəndanın “Hind xalqının böyük sənətkarı”,
Məmmədəli Əsgərovun “R.Taqor”, Anarın
“Rabindranat Taqor” məqalələri xüsusilə diqqəti cəlb
edir.
Hələ 1929-cu ildə
professor Mikayıl Rəfilinin yazdığı “R.Taqorun “Fəlakət”
romanı” məqaləsindən üzü bəri Azərbaycanda
R.Taqor haqqında yazılan məqalələrin
adlarını sadalasaq böyük bir siyahı alınar. Bu
siyahıda ən tanınmış Azərbaycan ədəbiyyatşünaslarının
imzalarına rast gəlmək mümkündür.
1961-ci ilin 7 mayında Azərbaycan
Elmlər Akademiyasında R.Taqorun anadan olmasının 100 illiyi
münasibətilə təntənəli iclas
keçirilmişdir. Bu tədbirdə görkəmli Azərbaycan
ədəbiyyatşünasları Cəfər Xəndan, Məmməd
Cəfər, Xalq şairi Rəsul Rza R.Taqor haqqında məruzə
və çıxışlar etmişlər. Tədbirdə həmçinin
R.Taqor irsindən Azərbaycan dilinə tərcümə
edilmiş yeni nümunələr də oxunmuşdur.
Xalq şairi, o vaxtlar “Asiya və
Afrika ölkələri ilə Azərbaycan Həmrəylik
Komitəsinin sədri işləyən görkəmli ədib
Rəsul Rza R.Taqorun “Bağban” kitabına yazdığı
“Hind xalqının böyük nəğməkarı”
adlı ön sözdə vurğulayır ki, “Əbu Əli
İbn Sina, Leonardo da Vinçi, Lomonosov, Göte kimi Taqor da
çoxşaxəli nadir bir dahi idi. Lakin Taqorun ölməzliyi
onun ədəbi yaradıcılığıyla – romanları,
poemaları, şeirləri, hekayələri, səhnə əsərləri
ilə bağlıdır. Onun əsərləri, o cümlədən
“Fəlakət” və “Qora” adlı məşhur romanları
bir çox dillərə tərcümə edilmişdir.
Dünyanın bir çox ölkələrində milyonlarla
oxucu Taqoru onun kiçik lirik parçalardan ibarət olan
“Gitancala”, “Bağban” və “Köçən quşlar”
adlı kitabları ilə də tanıyırlar. Hələ
XX əsrin əvvəllərində Avropa dillərinə tərcümə
olunan bu mənsur şeirlər Qərb oxucularını
sarsıtdı. 1912-ci ildə Taqora “Girtancala” kitabı
üçün Nobel mükafatı verildi. “Bağban”
dünyanın, demək olar ki, bütün dillərində nəşr
olundu.
...Bu balaca kitab Azərbaycan
xalqının dahi Hindistan sənətkarına məhəbbətinin
ifadəsi, xalqımızın böyük hind xalqına
dostluq töhfəsidir.”
Yeri gəlmişkən
xatırladım ki, “Bağban” kitabına daxil olunmuş əsərləri
Azərbaycan dilinə görkəmli ədəbiyyat xadimləri
Anar və Araz Dadaşzadə tərcümə etmiş, nəşrin
redaktoru isə istedadlı yazıçı Yusif Səmədoğlu
olmuşdur.
R.Taqorun Azərbaycan dilində
nəşr olunan son kitablarından biri “Əbədiyyət nəğmələri”
adlanır (Bakı, “Mütərcim”, 2003). Onun tərcüməçisi
şərqşünas Maqsud Hacıyevdir. Bu kitaba ədibin mənsur
şeirləri və hekayələri daxil edilmişdir. Kitaba
M.Hacıyev “İnsan arzularının carçısı”
adlı ön söz yazmışdır. Tərcüməçinin
bir fikrini xatırlamaq yerinə düşərdi: “R.Taqor
dühası və istedadının misilsiz sərvəti olan
söz xəzinəsi sülh, azadlıq, əmin-amanlıq diləyən
bütün insanların malıdır. Ürəklərə
işıq saçan, əməllər və diləklər
yolunu nura qərq edən Taqor sənəti günəş qədər
əbədidir. Uzun illər bu həmişəyaşar ədəbi
incilərdən bəzilərini dövrü mətbuatda
çap etdirmiş, oxuculara, xüsusilə gənclərə
indi əvvəlkilərdən daha artıq lazım olduğunu
nəzərə alaraq kitab halında çap etdirməyi
lazım bildim.
...Əziz oxucu! Ölməz
sənətkar səni həyata, insanlara məhəbbət
dolu söz sənətinin qoynuna çağırır, ana nəvazişi,
övlad istəyi ilə nurlanan sehrli əbədiyyət nəğmələrini
dinləməyə dəvət edir”.
R.Taqor irsi əbədiyaşardır,
həmişəcavandır. Bu böyük ədibin əsərləri
bütün nəsillərin yol yoldaşıdır. Bu əsərlərdən
bütün nəsillər öyrənib, bundan sonra da öyrənəcəkdir.
Azərbaycan xalqı
böyük hind ədibinin ədəbi irsinə həmişə
dərin ehtiram hissi ilə yanaşıb.
Bütün dövrlərdə
R.Taqor irsinə rəğbət və məhəbbət bəslənilib.
Müasir Azərbaycan oxucusu üçün də öz
aktuallığı, təbiiliyi, isti nəfəsi və
doğmalığı ilə seçilən R.Taqor irsinə
xalqımızın rəğbəti əbədidir, sonsuzdur.
Bu bir həqiqətdir ki, bu gün anadan olmasının 150 illiyini qeyd etdiyimiz böyük söz ustadı, bütün dünyada çox dərin və möhtəşəm nüfuz və hörmət qazanmış R.Taqorun bədii irsi, keçdiyi həyat yolu dünyanın bütün mütərəqqi xalqları üçün olduğu kimi Azərbaycan xalqı üçün də əzizdir, müqəddəsdir. Çünki, Azərbaycan xalqı bütün dünyada ədalətin, sülhün, demokratiyanın qalib gəlməsi uğrunda ömrünü, bacarığını, varını əsirgəməyən unudulmaz R.Taqor kimi humanist və realist ədiblərə həmişə böyük ehtiram və rəğbət bəsləyib.
Vaqif ARZUMANLI,
professor, AMEA Nizami adına
Ədəbiyyat İnstitutunun “Xarici
ölkələr ədəbiyyatı və ədəbi
əlaqələr” şöbəsinin müdiri
525-ci qəzet.- 2011.- 6 may.- S.7.