“Səadət sarayı”: qədim şəhərdə möhtəşəm memarlıq abidəsi

 

Azərbaycanda ötən əsrin şanlı neft bumu mərhələsi bizlərə həm də iri neft maqnatlarının zəngin irsini yadigar qoyub. Qeyd edək ki, bu dövr təkcə ölkəyə neft investisiyalarının qoyuluşu və xarici kapitalın axını dövrü deyildi. Bu mərhələ həm də bütövlükdə şəhərin mənəvi həyatına elə təsir etmişdi ki, üstündən bir əsr keçməsinə baxmayaraq həmin zaman kəsiyinin bizlərə qoyub getdiyi zəngin irs hələ də insanları heyrətləndirməkdə davam edir. Əlbəttə bu irs Azərbaycanın iqtisadi həyatında mühüm rol oynayan milli burjuaziyaya məxsus idi. Bu təbəqənin meydana çıxması isə heç də asan olmamışdı.

 Neft sənayesinin inkişafı təkcə xarici sahibkarların Azərbaycana axını demək deyildi. Bu sahənin inkişafı həm də ölkədə yerli burjuaziyanın yaranmasına təkan verdi. Azərbaycan tarixində XIX əsrin ikinci yarısında meydana gələn bu təbəqə xalqın həyatında mühüm əhəmiyyət kəsb etmişdi. Hər şeydən əvvəl ölkənin inkişafı ilə əlaqədar çoxlu xeyriyyə işləri görmüş və öz xalqının qayğısına qalmışlar. Təəssüflə qeyd etmək lazımdır ki, Sovet dövründə milli burjuaziyanın nümayəndələri və onların gördükləri işlərdən danışmaq və yazmaq qəti qadağan olunduğundan onların fəaliyyəti uzun müddət xalqa məlum olmayıb. Lakin Sovet imperiyası dağıldıqdan sonra bu insanların keçdikləri həyat yoluna və xalq üçün gördükləri işlərə də maraq artmağa başladı. Onların arasında çox maraqlı və zəngin həyat tarixçəsinə malik olan milyonçulardan biri də Murtuza Muxtarovdur. Murtuza Muxtarov Bakının Əmircan kəndində kasıb arabaçı ailəsində dünyaya gəlib. Bir çox Bakı milyonçuları kimi o da kiçik fəhləçilikdən böyük neft maqnatı səviyyəsinə qədər yüksəlib. Ailə ənənəsinə sadiq qalaraq əvvəlcə arabaçılıq etməklə pul qazanan Murtuza, həm də uzun müddət suvaqçı işləyib. Nəhayət, M.Muxtarov 1870-ci ildə öz arabasını satıb Balaxanı-Zabrat kəndləri ətrafında salınan mədənlərdən birində fəhləliyə başlayır və neft sənayesində böyük müvəffəqiyyət əldə edərək milyonçuya çevrilir. Manaf Süleymanov “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabında yazır ki, quyuları mexaniki üsulla qazmağa başlayanda Muxtarov buruqda adi fəhlə işləyirmiş:

“O zamanlar bu çox çətin iş olduğundan, mədənlərdə pul qazanmaq insanın dözümü və iradəsiylə bağlı idi. Maratov adlı bir sahibkar Muxtarovdakı dözümü, iradəni nəzərə alıb ona mexaniki alət və cihazların sirrini öyrədir. Onu tezliklə usta təyin edir, mədən emalatxanasını da ona tapşırır. Murtuza artıq qazma zamanı quyularda tutulan alət və cihazları xilasetmə ustası kimi ad çıxartmışdı.

 Yüzə qədər dəzgahı, çoxlu avadanlığı və mühərrikləri, maşınları, yüzdən çox yük atı, arabaları, furqonları vardı. Özü ixtiraçı idi, düzəltdiyi “Muxtarov” adlı qazma dəzgahı bütün dünyada məşhur idi, bu dəzgah çox ölkələrə ixrac edilirdi”.

 1895-ci ildə M.Muxtarov podrat götürüb 1100 metr dərinlikdə quyu qazır. O zamanlar kövrək, yağlı və sairə süxurlarda quyu qazmağı möcüzə hesab edirdilər. O, dünya tarixində ilk dəfə, 1895-ci ildə metal ştanqlarla zərbə qazma dəzgahını quraşdırır və bunun üçün dövlət patenti alır.

Murtuza Muxtarov bu ixtirasına “Bakı qazma sistemi” adı verir. Onun bir sıra digər ixtiraları da var idi. Muxtarov XIX əsrin sonlarında Bibiheybətdə qazma avadanlığı zavodunu işə salır. Bu, Rusiyada ilk neft avadanlığı müəssisəsi idi. Zavodun yaxınlığında fəhlə və qulluqçular üçün üçmərtəbəli yaşayış binaları tikdirir; bununla da həm işçi qüvvəsini ətrafına toplayır, həm də əlavə gəlir əldə edirdi. Muxtarov zavodun buraxdığı dəzgah və avadanlığı Rusiyaya və xarici ölkələrə satırdı. Özü də xaricdən, xüsusilə Amerikadan çoxlu maşın, cihaz, alət və avadanlıq alırdı. Hətta Azərbaycan sovet Rusiyası tərəfindən işğal edildikdən sonra da onun adına avadanlıq göndərilirdi.

M.Muxtarovun ali təhsil almamasına baxmayaraq, heç kəs neft sahəsində olan sirləri ondan yaxşı bilmirdi. O, ali təhsili olmayan çox gözəl neft mühəndisi idi. Murtuza Muxtarovun neft sənayesindəki fəaliyyəti təkcə Azərbaycanı əhatə etmirdi. O, həm də Şimali Qafqazın Maykop və Qroznu neft mədənlərinin sahibləri ilə iş birliyi qururdu. Elə ona görə də M.Muxtarov tez-tez Şimali Qafqaza səyahət edirdi. Muxtarovun həyat və fəaliyyətinin böyük hissəsi xüsusilə Vladiqafqazla bağlı olub. Elə orada da o, Vladiqafqazın tanınmış generalı Tuqanovun qızı Liza Tuqanova ilə tanış olur və ailə qurur. Onu da qeyd edək ki, bu, Muxtarovun ikinci evliliyi idi. Əvvəlki evlilikdən onun iki qızı dünyaya gəlmişdi. Lakin bədbəxt hadisə nəticəsində o, qızlarını itirir və beləliklə də ailəsi faciəli şəkildə dağılır.

 Lizanın öz həyat yoldaşından nə az, nə çox, 24 yaş kiçik olmasına və hər iksinin müxtəlif sosial təbəqələrə mənsub olmalarına baxmayaraq, bu heç də onların birlikdə xoşbəxt yaşamalarının qarşısını ala bilmir. Onların Vladiqafqazda dəbdəbəli toy mərasimi olur və sonra Bakıya gəlirlər. Bu cütlüyün böyük imtiyazları və zənginlikləri tezliklə Azərbaycanda və Rusiyada olduqca dəbdəbəli binaların tikilməsinə səbəb oldu. Məsələn, Bakının Əmircan kəndində 1910-cu ildə tikilən məscid hələ də mövcudluğunu saxlayır. Muxtarov Liza Tuqanovanın şərəfinə Valdadiqafqazda da çox gözəl məscid tikdirib və bu tikli Terek çayının sahilində olduğu kimi qalır. Sözügedən məscid böyük neft maqnatının öz sevimli xanımının şərəfinə tikdirdiyi yeganə tikli deyildi. Məsələn, bir dəfə Avropaya səyahət edən bu cütlük İtaliyanın Florensiya şəhərində də olurlar. O zaman Liza xanım italyan binalarının arxitekturasına, xüsusilə də onlardan birinə dərindən valeh olur və o, bu məftunluğunu həyat yoldaşına bildirir. Təxminən bir il sonra Bakıda küçə gəzintisinə çıxarkən Muxtarov Lizanı Fars küçəsinə gətirir və birdən Lizanın baxışları uzaq İtaliyada gördüyü saraya bənzər bina ilə toqquşur. Öz xanımının əllərindən öpən, Muxtarov onu yeni mülkləri münasibətilə təbrik edir. “Səadət sarayı” adlanan bu mülkdə xoşbəxt cütlük həyatlarının ən gözəl günlərini keçirəcəkdi. Saray Rusiyadan olan arxitektor Ploşko tərəfindən fransız qotik üslubunda 1911-12-ci illərdə tikilmişdi. Muxtarov Ploşkonun xüsusi olaraq Moskvadan Bakıya dəvət etmiş və sonra da İtaliyaya göndərmişdi ki, sarayın əsl görkəminə baxsın. Sarayın hər sütunu, tağları, buta və gülləri, pəncərə və qapıları təkrarolunmaz sənət əsəri, memarlıq incisidir və bu detallar binanın yanından keçən və ya içəri daxil olan hər kəsi valeh edir.

 Onu da qeyd edək ki, M.Muxtarovun missiyası yalnız alqı-satqı ilə məhdudlaşmırdı. O, həm də Bakıda fəaliyyət göstərən çoxlu xeyriyyə təşkilatları ilə əməkdaşlıq edir və onlara kömək edirdi. Liza xanım özü də fəal şəkildə xeyriyyə fondlarının işinə cəlb olunmuşdu. O, “Vərəmə Qarşı Mübarizə” Qafqaz Cəmiyyətinin Bakı şöbəsinin üzvü idi. Liza həm də 1913-cü ildə yaradılan “Uşaq xəstəxanası” xeyriyyə cəmiyyətinin də üzvü olur. Bu adlı-sanlı qadın Bakı Müsəlman cəmiyyəti olan “Nicat”a da kömək edirdi. 1914-cü ildə o Bakıda ilk Müsəlman Qadın Xeyriyyə Cəmiyyətini yaradır və cəmiyyətə Bakının ziyalı qadınlarını cəlb edir. Bu təşkilat xeyriyyə tədbirləri keçirir, pul toplayır və kasıblara, ehtiyacı olan ailələrə əl tuturdular. Lakin təəssüf ki, bu xeyirxah cütlüyün romantik hekayətləri acı sonluqla bitdi. Belə ki, 1920-ci ildə Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalından sonra, bolşeviklər bütün varlı azərbaycanlılar mülklərini müsadirə etməyə başladılar. Bununla yanaşı kütləvi həbslər başladı. Bir gün onlar Muxtarovun da evində peyda olurlar və ondan binanı tərk etməyi, sovet hakimiyyətinə tabe olmağı tələb edirlər. Bunu eşidən neft maqnatı öz tüfəngini götürür, əvvəlcə iki bolşeviki, sonra isə özünü öldürür. Beləliklə də, Muxtarov öz sevimli xanımının qolları üstündə evinin zirzəmisində vəfat edir. Onun ölümündən sonra Lizaya yalnız bu zirzəmidə yaşamağa icazə verirlər. Binanın özü isə XI qızıl ordunun qərargahına çevrilir. Bakıda qaldıqca həyat gündən-günə Liza üçün daha da təhlükəli olurdu.

 Onun yaxın dostları Lizanın xaricə getməsinə cəhd edirdilər. O, köhnə ailəvi dostlarından biri ilə saxta nikah müqaviləsi imzalayır. Həmin şəxs türkiyəli diplomat olduğundan onlar İstanbula gedirlər. Lakin qadın yenidən haqsızlıqla üzləşir. Belə ki, həmin şəxs Lizanın əlində olan və o zaman qadın üçün çox qiymətli hesab edilən yeganə əmlak kimi ona qalmış mücrünü alaraq səsli-küylü küçədə gözdən itir və bir daha peyda olmur. Bəzi versiyalara görə, Lizaya Türkiyədə fəaliyyət göstərən Azərbaycan diasporası kömək edib və o, 1950-ci ilə qədər yaşayıb. Bu gün Muxtarov həyatda olmasa da, onun tikdirdiyi gözəl “Səadət sarayı” qalmaqdadır.

 

 

P.SULTANOVA

 

525-ci qəzet.- 2011.- 11 may.- S.6.