Uzaqdan gələn səslər

 

Azərbaycan Demokratik Respublikası yaradılmasının növbəti ildönümü ərəfəsində Moskvada “Sosial-siyasi fikir” nəşriyyatında xalqımızın yeni tarixində unudulmaz xidmətləri olmuş həmvətənlərimizin həyat və fəaliyyətləri haqqında yeni məlumatlar verən kitab nəşr olunmuşdur. “Azərbaycan mühacirətinin tarixindən. Sənədlər əsrlər və məktublar toplusu” adlı 416 səhifəlik kitabın tərtibatçısı, ön sözün və qeydlərin müəllifi görkəmli tədqiqatçı tarixçi Salavat İshakovdur. Təkcə Vətənimizin deyil, bütövlükdə Şərqin dirçəliş və demokratiya salnaməsinə ən şanlı səhifələr yazmış ADR-in süqutundan sonra kütləvi kitab tədqiqatçılar üçün əvəzolunmaz hədiyyədir. İlk dəfə elmi ədəbiyyata iyirminci əsrin əvvəllərindən İkinci dünya müharibəsinə qədər olan dövrdə Qafqazın beynəlxalq, siyasi, iqtisadi, mədəni, milli məsələlərini və digər problemlərini səciyyələndirən və indiyədək məlum olmayan faktlar gətirilir. Kitabda toplanmış müxtəlif materiallar mühacirətdə yaşayan Azərbaycan siyasətçilərinin digər mühacir mərkəzləri ilə avropalılarla qarşılıqlı münasibətləri haqqında təsəvvür yaradır.

Həmvətənlərimizin tarixi rolunu kitabın ön sözündə Sshakov belə ümumiləşdirir: “Sovet İttifaqı tarixi siyasi xəritəsindən silindikdən sonra məlum oldu ki, mühacir Azərbaycan üçün böyük maraq doğurmaqla məhdudlaşmır”.

 Oxuculara və tədqiqatçılara təqdim olunan materialların önündə Azərbaycan mühacirətinin məşhur tədqiqatçısı, yorulmaz vətənpərvər ziyalımız Ramiz Abutalıbov şəxsi arxivindən götürülmüş məktub gəlir. ADR-in banilərindən biri Əlimərdan bəy Topçubaşinin 1920-ci il iyunun 23-də Parisdə Əli bəy Hüseynzadə ilə yazdığı bu məktub aşağıdakı sözlərlə başlayır:

“Əzizim Əli bəy!

Əgər bütün dünyanın iblisləri ümumən Şərq əleyhinə yönəlmiş cəhənnəm planı hazırlamaq istəsələr belə, taleyin hökmü ilə kainatın bu qismində indi baş verən dağıntıdan daha dəhşətli üsul fikirləşə bilməzdilər”.

Əlimərdan bəyə aid olan ikinci nadir sənəd onun Parisdəki şəxsi arxivindən götürülmüş əlyazmadır. Müəllifin düzəlişləri olan makina yazısını tədqiqatçıya Q.Mamulia təqdim etmişdir. 1934-cü ildən gec olmadan yazılmış məqalə “Rusiyada müsəlman qurultayları” adlanır. Kitabda toplanmış 73 sənəd arasında M.Ə.Rəsulzadə 1943-cü il Buxarestdə rus dilində qələmə aldığı “Azərbaycanın tarixi inkişafı” kitabının əlyazması xüsusi yer tutur. Bu əlyazmanı isə Türkiyədən tədqiqatçı alim, doktor Yavuz Akpınar təqdim etmişdir. Sanballı əsərin meydana çıxmasında digər türk tədqiqatçısı Ömər Özcanın da rolu vardır. Kitabda 68 nömrəli sənəd Türkiyə Cümhuriyyətinin ilk prezidenti Mustafa Kamal Atatürkün M.Ə.Rəsulzadə 1938-ci il oktyabrın 22-də Polşada nəşr olunmuş “Azərbaycan” kitabının Türkiyəyə gətirilməsini və yayılmasını qadağan edən sərəncamı, 70 nömrəli sənəd isə Türkiyənin digər prezidenti İsmət İnönünün M.Ə.Rəsulzadənin Türkiyəyə girişinə icazə verən təxminən 1947-ci il iyulun 8-də imzalanmış digər sərəncamıdır.

Yeni kitabda işıq üzü görən hər sənəd, hər şəkil taleyin hökmü ilə qürbətdə yaşamalı olan, lakin Vətənin yenidən istiqlala qovuşacağına bir dəqiqə belə şübhə etməyən Azərbaycan ziyalılarının yorulmaz mübarizəsi haqqında dolğun təsəvvür yaradır.

Sanballı elmi nəşrin bütün tələblərinə cavab verən kitab ciddi şərhlərlə, məlumat aparatı ilə təmin edilmişdir və təkcə tədqiqatçılar üçün deyil, geniş oxucu kütləsi üçün də Azərbaycan mühacirətinin tarixi haqqında yeni səhifələr açan bu qiymətli əsər Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Dirçəliş hərəkatının sədri Fərəc Quliyevin yardımı ilə nəşr olunmuşdur.

 

 

Cəfər SADİQ

 

525-ci qəzet.- 2011.- 11 may.- S.5.