Sadiq dost, qayğıkeş insan
Hər kəs yaşadığı
həyatı boyu müxtəlif insanlarla
qarşılaşır. Ətrafdakılarla bu və ya digər
dərəcədə münasibətlər qurur, dostluq edir. Cəmiyyətimizdə
illərlə davam edən dostluqlara az təsadüf olunur.
Çox vaxt münasibətlərin pozulmasının səbəbi
kimi zəmanəni, şəraiti günahkar göstərirlər.
Baş verənlərdə heç kəsin qəbahəti
özündə, yaxud yoldaşında görmək fikrindən
belə keçmir. İnam, etibar əsasında qurulmuş
dostluqlar həqiqətən qibtə oyadacaq haldır. Sadiq
dostlardan bəhs edərkən çox axtarışlar
aparmadan nümunə kimi atam – AMEA-nın müxbir üzvü
Zakir Məmmədov və görkəmli ərəbşünas
alim Tariyel Həsənov arasındakı inama, etibara əsaslanmış
münasibətləri xatırlayıram. Atam hər zaman deyərdi
ki, həyatda böyük qazanclarından biri sadiqliyi ilə
sınanmış istəkli dostlarıdır.
Tariyel Həsənov da
onlardan biri idi. 2011-ci ildə 70 yaşı tamam olan və bu
yubileyi onsuz andığımız Tariyel müəllimi
atamın – Zakir Məmmədovun fikirləri ilə
xatırlamağı özümə borc bildim. Təxminən
qırx beş illik bir müddəti əhatə edən həmin
bağlılıq həqiqətən də çoxlarında
qibtə oyadırdı. Tariyel Həsənov 1941-ci ildə Əli-Bayramlı
(indiki Şirvan) rayonunun Polad-Toğay kəndində anadan
olmuşdu. 1958-ci ildə orta təhsilini başa vurub Azərbaycan
Dövlət Universitetinin (indiki Bakı Dövlət
Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb
filologiyası şöbəsinə daxil olmuş, 1963-cü
ildə həmin fakültəni bitirmişdi. Zakir Məmmədov
və Tariyel Həsənovun dostluğunun təməli 1958-ci
ildən qoyulub. Onların hər ikisi Şərqşünaslıq
fakültəsinin ərəb filologiyası şöbəsinin
tələbələri idi.
Zakir Məmmədov II, Tariyel Həsənov
I kursda təhsil alırdı. O zamanlar bu fakültə
bütün Universitetin diqqət mərkəzində idi. Əsası
professor Ələsgər Məmmədov tərəfindən
qoyulmuş ərəbşünaslıq məktəbinin yetirmələri
olmaları ilə onlar hər zaman fəxr edərdilər.
Tariyel Həsənov Zakir Məmmədovun tələbəlik
illərində qazandığı sadiq dostlardan idi. Kamil bir
insan ömrünə bərabər belə etibarı qorumaq həqiqətən
çox çətindir. Tariyel Həsənov ilk
baxışdan az danışan təsiri
bağışlayırdı. Bu insanın
xeyirxahlığını, həssaslığını, alicənablığını
anlamaq üçün uzun müddətli ünsiyyət vacib
idi. İlk gənclik illərində təkcə Universitet
daxilində deyil, tələbəlik dövrünün
acılı-şirinli yataqxana mühitini paylaşmaları da
onların hər ikisinə bir-birini daha yaxından
tanımaları üçün şərait yaratdı.
Günün əksər vaxtlarını birgə keçirmələri,
qarşılıqlı hörmət və anlayış Zakir
Məmmədovun və Tariyel Həsənovun bir-birlərinə
etibarını artırırdı.
Tariyel Həsənov ərəbşünaslıq
fəaliyyətini bir neçə istiqamətdən inkişaf
etdirib. Radio, tərcüməçilik və elm-təhsil
sahəsindəki peşəkar fəaliyyəti bu insanın
istedadını, işgüzarlığını aydın
göstərir. Hələ tələbəlik illərindən
başlayaraq, 1962-ci ildən 1971-ci ilə qədər Tariyel Həsənov
Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin
ərəb redaksiyasında diktor işləyib. Dili mükəmməl
bilməyi və gözəl diksiyası ona bu fəaliyyətində
böyük uğur qazandırıb. Atam deyərdi ki, bir dəfə
dostu onların tələbəlik dövrünün mənzərəsini
əks etdirən veriliş hazırlayaraq, dolğun ifadəsi
və yüksək tələffüzü ilə həmin məktəbin
layiqli yetirməsi olmasını aydın nümayiş
etdirmişdi.
Tariyel Həsənov uzun
müddət ərəb ölkələrində tərcüməçi
kimi çalışıb. 1966-1967-ci illərdə o, Yəmən
Ərəb Respublikasında, 1973-1977-ci və 1987-1992-ci illərdə
isə İraq Respublikasında xidməti ezamiyyətdə
olub. Məlumdur ki, Sovetlər dövründə xarici ölkələrdən
kitabları və əlyazmanın mikrofilmlərini əldə
etmək çətin idi. Məhz belə çətinliyi
aradan qaldırmaqda ömrünü elmə bağlamış
Zakir Məmmədova köməklik göstərmiş
dostlardan biri də Tariyel Həsənov idi. Atam bu barədə
“Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir”
kitabında qeyd edib. Tariyel Həsənovun Azərbaycan Elmlər
Akademiyasında (indiki Azərbaycan Milli Elmlər Akademiyası)
çalışması onların ünsiyyətini daha da
yaxınlaşdırdı. Bu illər ərzində onların
birgə əməkdaşlıqları da oldu. 1971-1987-ci illərdə
Tariyel Həsənov Azərbaycan Elmlər Akademiyasının
Şərqşünaslıq İnstitutunda fəaliyyətə
başladı. Burada kiçik elmi işçi vəzifəsindən
şöbə müdirliyinə qədər yüksəldi.
O, 1971-ci ildə tarix elmləri namizədi elmi dərəcəsini
aldı. İraqın müasir tarixinə və islam dini məsələlərinə
dair bir monoqrafiyanın və otuzdan çox məqalənin
müəllifidir. Onların arasındakı yaxın dostluq
elmi əməkdaşlıqla da davam etdirilirdi.
Zakir Məmmədovun və
Tariyel Həsənovun birgə fəaliyyəti nəticəsində
işraqilik fəlsəfəsinin banisi Şihabəddin Yəhya
Sührəvərdinin (1154-1191) “Filosofların
görüşləri” traktatı rus və Azərbaycan dillərinə
tərcümə edilib, ərəb orijinalı ilə birlikdə
ilk dəfə 1986-cı ildə, daha sonra isə Zakir Məmmədovun
tərcüməçisi və tərtibçisi olduğu
“Şərq fəlsəfəsi” (Bakı, 1999) kitabında
yenidən nəşr olunub. Eyni zamanda Zakir Məmmədovun
təşəbbüsü ilə Azərbaycan Elmlər
Akademiyasının Rəyasət Heyətinin 2 aprel 1991-ci ildə
Şihabəddin Yəhya Sührəvərdinin vəfatının
800 illik yubileyinin keçirilməsi ilə əlaqədar qəbul
edilmiş, qərara əsasən Təşkilat Komitəsinin
sədri akademik Fuad Qasımzadə, sədr müavini Zakir Məmmədov,
elmi katib isə Tariyel Həsənov olmuşdu. Akademik Ziya
Bünyadovun tərcümə etdiyi Füzulinin “Mətlə əl-etiqad”
(Bakı, 1987) fəlsəfi kitabının redaktorları
Tariyel Həsənov və Zakir Məmmədov idi. İki sadiq
dostun birgə elmi çalışmaları öz müsbət
nəticəsini işdə də nümayiş etdirirdi.
Tariyel Həsənovun görkəmli ərəbşünas
kimi ən böyük xidməti islam dininin müqəddəs
kitabı Qurani-Kərimi tərcümə etməsidir. İllərlə
qazanılmış yüksək bilik, mükəmməl mənimsənilən
ərəb dili bu tərcümədə özünü
aydın şəkildə göstərib. Pedaqoji fəaliyyətinə
gəlincə, o, 1992-ci ildən ömrünün sonuna qədər
Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində
ərəb dilindən dərs deyib və onlarla tələbənin
sevimli müəllimi olub. Tariyel Həsənov Azərbaycan
Respublikası Prezidenti İcra Aparatının Humanitar siyasət
şöbəsinin müdir müavini vəzifəsində
çalışıb. İstedadı və savadı sayəsində
o, hansı sahədə çalışmasına baxmayaraq,
öz sözünü deməyi bacarmaq iqtidarında idi.
2005-ci il 23 dekabrda alicənab insan, görkəmli ərəbşünas alim, sadiq dost Tariyel Həsənov dünyasını dəyişdi. Həyat ona acı günlər də yaşatmışdı. Lakin o, çətin anında belə ətrafdakılara həssaslığını, diqqətini qətiyyən azaltmamış, laqeydləşməmişdi. Belə böyük ürəyə sahib insanın – Tariyel Həsənovun 70 yaşını onsuz qeyd etmək onu tanıyan hər kəsə olduqca çətindir. Mən atamın dostu barəsində düşüncələrimi kağız üzərinə bacardığım qədər səmimi şəkildə köçürməyə çalışdım. Təəssüflər olsun ki, Zakir Məmmədovu və Tariyel Həsənovu çox tez itirdik. Bu iki şərqşünas alimin elmi, biliyi və sadiq, qayğıkeş dostluğu gözəl bir nümunədir.
ÜLKƏR ZAKİRQIZI
525-ci qəzet.- 2011.- 11 may.- S.4.