Qısametrajlı ömrün filmi

 

Elman Həbibi nə vaxtdan tanımışam?

İndiki kimi yadımdadır. Onunla 14 noyabr 1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda keçirilən ümumittifaq tələbə elmi konfransında həmin ali məktəbin Naxçıvanda yaradılmış filialının ikinci kurs tələbəsi kimi iştirak edəndə Bakıda ikən tanış olmuşduq. Daha doğrusu, ADPİ-nin Pedaqoji fakültəsinin III kurs tələbəsi Elman Hacıyev Naxçıvan filialından gələn tələbələri arayıb-axtarmışdı. Orası da yadımdadır ki, yekun iclasında ADPİ-nin Tələbə elmi cəmiyyətinin sədri, o vaxt cavan alim-pedaqoq olan Yusif Talıbov ümumittifaq səviyyəli konfransda əldə etdiyim nəticələrə görə mənə ikinci dərəcəli diplom təqdim edərkən Elman Hacıyev zalda yerindən qalxıb ayaq üstə əl çalmışdı. Bu da Elman Həbibi bütün həyatı boyu müşayiət edən ürək genişliyinin, təəssübkeşliyin, səmimi dostluq duyğusunun, etibarın ifadəsi idi.

Əslində sonralar Elman Həbibin xarakterində gördüyüm xüsusiyyətlərin ən aparıcıları elə ilk görüşdə nəzərə çarpmışdı. Bura onu da əlavə edə bilərəm ki, biz də Naxçıvan filialından gedən tələbələr kimi Elman Hacıyevin Bakı tələbələri arasında böyük nüfuz qazandığını görüb, daxili bir qürur hissi keçirmişdik. Tələbəlik illərində Naxçıvan filialının təmsilçisi olaraq Azərbaycan Dövlət Pedaqoji İnstitutunda keçirilən müxtəlif tədbirlərdə hər dəfə onun müəllimləri və tələbə yoldaşları arasındakı nüfuzunu müşahidə etmək bizlər üçün qiymətli idi.

Ali məktəbi bitirəndən sonra Elman Hacıyev Bakıda qalmaq imkanı olsa da, Naxçıvana qayıtmışdı. Onda Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Kitabxanasında “Arazın səsi” adlı ədəbi dərnək fəaliyyət göstərirdi. Bu, bir qədər əvvəl Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialında yaradılmış “Gənc qələmlər” dərnəyinin davamı idi. Filialda təşkil olunmuş dərnəyə Naxçıvan Pedaqoji Texnikumunun tələbələri də gəlirdilər. Hətta tələbə olmayıb, Naxçıvan filialının və ya texnikumun tələbələri ilə ünsiyyətdə olan gənclərin nümayəndələri də Naxçıvan filialındakı ədəbi dərnəyə ayaq açmağa başlamışdılar. Naxçıvan ədəbi mühitinin ən parlaq siması olan Azərbaycanın tanınmış şairi Hüseyn Razi ilə keçirilən yaradıcılıq gecəsi, Muxtar Respublikanın əsas rəsmi qəzeti sayılan “Şərq qapısı” qəzetində “gənc qələm”çilərə ayrılan xüsusi “Ədəbiyyat səhifəsi” bu dərnəyi cəlbedici bir ədəbiyyat özəyinə çevirmişdi. Əhatə dairəsinin genişlənməsi, üzvlərinin sayının çoxalması ali məktəb çərçivəsində fəaliyyət göstərən “Gənc qələmlər” dərnəyinin Muxtar Respublikanı əhatə edən “Arazın səsi”nə çevrilməsi zərurətini yaratdı. Məmməd Səid Ordubadi adına kitabxanada 1969-1970-ci illərdə fəaliyyət göstərmiş “Arazın səsi” dərnəyi Naxçıvanın o zamankı istedadlı gənclərinin əsas ədəbi və ictimai fikir mərkəzi idi. Elman Həbib bu dərnəyə 1970-ci ilin sentyabr ayından etibarən gəlməyə başlamışdı. “Arazın səsi” dərnəyində yeni şeir və hekayələrin oxunub müzakirə edilməsilə yanaşı, ədəbi-nəzəri xarakterli məruzələr də dinlənilirdi. Ali təhsilli Elman Həbibin “Arazın səsi”nə gəlişi ilə dərnəyin elmi-ədəbi səviyyəsi daha da yüksəlmişdi. Onun dərnək məşğələlərindəki müzakirələr zamanı Bakı ədəbi mühitindən, məzunu olduğu ali məktəbdəki ənənələrdən söz açması “Arazın səsi”nin üzvlərinin dünyagörüşünün daha da genişlənməsinə öz təsirini göstərirdi. Elman Həbibin “Arazın səsi” dərnəyində oxuduğu “Küçədən toy keçir” adlı ilk şeiri rəğbətlə qarşılanmışdı. Bu şeirdə gənc şairin mövzu ilə əlaqədar özünəməxsus müşahidələri təbii və obrazlı şəkildə əks etdirilmişdi.

XX əsrin 60-70-ci illərində tələbə gənclər arasında milli ideyalar genişlənməyə başlamışdı. Yəqin ki, sovet dövlətinin tarixində xüsusi mərhələ olan “Xruşşov dövrü”nün yaratdığı müəyyən sərbəstlik, ədəbiyyata altmışıncıların gətirdikləri yeni ab-hava həmin prosesin formalaşmasını şərtləndirmişdi. Naxçıvan tələbə gəncliyinin ali məktəbdə hər il Novruz bayramının keçirilməsini təşkil etməsi milli ideala xidmət edən tədbirlərin sırasında xüsusi yer tuturdu. O vaxta qədər də uzun zaman ərzində çoxdan idi ki, evlərdə-ailələrdə qeyd olunsa da ali məktəblərdə Novruz bayramının xüsusi mərasim kimi keçirilməsi halı aradan qaldırılmışdı. Elə altmışıncı illərdə də Novruz bayramı əhvalatına ehtiyatlı münasibət var idi. Xüsusən, 1967-ci ilin mart ayında görkəmli alim və cavan dövlət xadimi Şıxəli Qurbanovun təşəbbüsü ilə keçirilən respublika miqyaslı Novruz şənliklərindən sonra Moskvanın diktəsi ilə bu mərasimə münasibətdə, qeyri-rəsmi şəkildə olsa da, örtülü bir soyuqluq müşahidə olunurdu. Sovet rejimi Novruz bayramının qeyd olunmasını milli hisslərin qızışdırılması mənasında arxa plana keçirməyi daha məqbul hesab etmişdi. Bütün bunların müqabilində ailələrdə, məhəllələrdə keçirilən bayram axşamları mərasimlərindən başqa, ADPİ-nin Naxçıvan filialında Novruz bayramının ədəbi-musiqili tədbir kimi geniş şəkildə keçirilməsi mühüm hadisə idi. Həmçinin örtülü soyuq münasibətin mövcudluğuna baxmayaraq, görkəmli dövlət xadimi və böyük yazıçı Nəriman Nərimanova həsr olunmuş tədbirlərə də tələbə gənclik milli təmayüllü hadisə kimi əhəmiyyət verirdi. Beləliklə, XX əsrin 60-cı illərinin ikinci yarasında Naxçıvanda müəyyən səviyyədə tələbə hərəkatı formalaşmışdı. Bu dalğa “Arazın səsi” dərnəyində də müşahidə olunmaqda idi. “Arazın səsi” tam mənası ilə milli ədəbiyyat idealları üstündə köklənmiş,bir qədər də cəmiyyət məsələlərini əhatə edən azərbaycançı bir tələbə təşkilatı idi. Elman Həbib “Arazın səsi” tələbə dərnəyində iştirak və çıxış edən ilk ali təhsilli gənc ziyalı idi. “Arazın səsi” dərnəyində yaxından iştirakı onunla əvvəlcədən olan tanışlığımızı dostluğa çevirmişdi. Dərnəyin rəhbəri kimi mən də Elman Həbiblə ünsiyyətə, onun yeni mühitdə tələbə gənclik arasında tanıdılmasına üstünlük verməyə çalışırdım. Yaxın əlaqələrimin olduğu “Şərq qapısı” qəzeti və Naxçıvan televiziyası ilə ilkin ünsiyyətinin yaradılmasına da yaxşı mənada vasitəçilik etmişdim. Sonralar bu əlaqələr Elman Həbibin taleyində ciddi əhəmiyyətə malik oldu. O, Naxçıvan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışaraq sıravi əməkdaşdan həmin təşkilatın rəhbəri vəzifəsinədək yüksəldi. Uzun müddət çalışdığı bu məsul vəzifədə Elman Həbibin özünəməxsus mərhələsi formalaşdı. Müstəqil dövlətçiliyin, azərbaycançılıq ideologiyasının, milli ədəbiyyatın, yeni ədəbi nəslin təbliğinə və inkişaf etdirilməsinə səy göstərmək həmin mərhələnin ən səciyyəvi xüsusiyyətləri idi. Fikrimcə, bu amillərin o dövrdə Naxçıvan Muxtar Respublikasının radio və televiziyasında, mətbuatında üstünlük qazanmasında da yeni ədəbi-elmi nəslin cəmləşdiyi “Arazın səsi”ndən gələn meyllərin müəyyən rolu olmuşdu.

Milli ruhlu (millətçi yox) tələbə hərəkatında xalq şairi Bəxtiyar Vahabzadənin o vaxtlar qadağan edilmiş “Gülüstan” poeması əlyazma halında geniş yayılmışdı. Bakıdakı tələbə gənclik bu əsərin əlyazmasını Naxçıvana da ötürmüşdü. “Gülüstan” poeması ilə bağlı bir əhvalat Elman Həbiblə dostluğumuzu daha da möhkəmləndirdi. 17 mart 1970-ci ildə ilk dəfə idi ki, Azərbaycanda Beynəlxalq tələbə günü qeyd olunurdu. Naxçıvan tələbə gənclərinin indiki İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionunda keçirilən tədbirində Azərbaycan komsomolu respublika təşkilatının birinci katibi, Mərkəzi Komitənin büro üzvü Elmira Qafarova da iştirak edirdi. Tədbirdə çıxış edənlər o dövrün ənənəsinə uyğun olaraq tələbələr arasında xalqlar dostluğu və beynəlmiləlçilik ideyalarından danışırdılar. Bu zaman Elman Həbib gözlənilmədən qoltuq cibindən Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasının əlyazmasını çıxarıb ayaq üstə oxumağa başladı. Əlyazmanı ondan alıb, ardını mən oxudum. “Arazın səsi”nin üzvü, hələ ali məktəb tələbəsi olmayan gənc şair Muxtar Qasımzadə ildırım kimi çaxan bu marafonu tamamladı. Sabahısı gündən etibarən Təhlükəsizlik xidmətinin məsul işçilərinin bizimlə ayrı-ayrılıqda apardıqları dinləmələrdə Elman Həbiblə və Muxtar Qasımzadə ilə eyni mövqedən çıxış etdik, birgə çətin imtahandan çıxdıq. Həyat bizi bir qədər də ayıltdı və bərkitdi. İndi də həmin hadisə barədə düşünəndə o vaxtın sərt şərtləri zəminində vəziyyətdən necə xilas olmağımız mənə möcüzə kimi gəlir. Aradan çox illər keçəndən sonra gəldiyim qənaətə görə, böyük ehtimal ki, tədbirdə iştirak edən rəsmi dövlət adamı Elmira Qafarova Bakıya dönən kimi bu insident haqqında ən azı özünü xatadan uzaqlaşdırmaq naminə ölkənin rəhbərinə məlumat verməli olmuşdu. Güman edirəm ki, vaxtilə Dövlət təhlükəsizlik xidmətinin yüksək səviyyəli məsul vəzifəli şəxsi kimi “Gülüstan” poemasına görə Bəxtiyar Vahabzadəni sovet rejiminin çəngindən xilas etmiş, milli ruhlu yeni nəsli formalaşdıran görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının rəhbəri Heydər Əliyevin tövsiyələri bu məsələyə yumşaq münasibət bəslənilməsində mühüm amil olmuşdu...

Ölkəmiz müstəqillik ərəfəsində olduğu illərdə şair Elman Həbibin ana dili haqqında yazdığı şeirlə meydanlarda xalq qarşısındakı çıxışlarının mayasında da gənclik illərindən kökləndiyi milli düşüncələr dayanırdı. Elman Həbibin “Dilimizdə danışmağa utanmayaraq” şeiri müstəqillik ərəfəsi Azərbaycan milli istiqlal ədəbiyyatının dəyərli nümunələrindən biri sayılmağa layiqdir. Ana dilinə həsr edilmiş bu şeir geniş mənada yeni Azərbaycana çağırış kimi səslənirdi:

 

Doğma ana laylasından mayalanıb,

Qopuzların havasından mayalanıb,

Qılıncların davasından mayalanıb

Ana dilim!

Hər vaxt onu şərəf sayaq

Dilimizdə danışmağa utanmayaq.

...Dilim üçün qılınc vurdu Şah İsmayıl,

Dağlar dedi: – Millət ayıl! Millət ayıl!

Beş igiddən, beş kişidən biri sayıl.

Biz gözlərə işıq olaq, elə dayaq!

Dilimizdə danışmağa utanmayaq.

Nizamini tərcümədən oxuyuruq,

Başımıza nələr açıb bu buyuruq.

Özgə dili qarşımızda yağlı quyruq,

Öz dilimiz yavan tikə, sınmış ayaq...

Dilimizdə danışmağa utanmayaq.

...Nə yaxşı ki, xırda kəndlər, şəhərlər var,

Nə yaxşı ki, üzümüzə açılacaq səhərlər var,

Ümidimiz sizədir ha, ay uşaqlar!

Başımızın üzərində daim yansın,

Dalğalansın Xətaidən qalan qılınc,

qalan bayraq.

Dilimizdə danışmağa utanmayaq.

 

 Əməkdar incəsənət xadimi Elman Həbibin (1949-2009) yaradıcılığında vətən və millət, torpaq və bulaq sevgisi əsas yer tutur. Onun poeziyasını Azərbaycan şeirinin yeni dövrünün bənzərsiz Vətənnaməsi adlandırmaq olar. Azərbaycan, o cümlədən Naxçıvan Elman Həbibin sənət konsepsiyasının mayasıdır. “Vətən haqqında nəğmə” Elman Həbib şeirinin mübtədasıdır:

 

Qədiməm, uluyam, dünyaya tayam...

Qərbdən Şərqə kimi mən odam, suyam.

Bir canda yaşayan o tay, bu tayam,

Bir eləm, bir ürək, bir qəlbəm, canam...

Mən azərbaycanlıyam, Azərbaycanam!

 

Şairin “Heydərnamə” poeması ümummilli lider Heydər Əliyevin simasında Azərbaycanı və azərbaycançılığı tərənnüm edən sanballı poetik nümunədir. “Heydərnamə” poeması görkəmli dövlət xadimi Heydər Əliyev haqqında yazılmış mükəmməl sənət əsərlərindən biridir. Böyük şəxsiyyətə qlobal baxışla ümummilli yanaşmanın vəhdəti, təbiilik və gerçəkliyə sədaqət Elman Həbibin əsərini Azərbaycan Heydərnamələrinin ön sırasına çıxarır. Bu poema Azərbaycan dövlətçiliyinə və müstəqil dövlətin qüdrətli liderinə baxışda Elman Həbibin mövqeyini ifadə edən kamil bədii əsər kimi də mühüm əhəmiyyət kəsb edir.

Elman Həbib “Naxçıvannamə” poeması ilə ölkənin bir parçasının timsalında geniş mənada Vətən sevgisinin mahiyyətini və dəyərini diqqət mərkəzinə çəkmişdir. “Naxçıvannamə” poeması həm də Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan diyarının bənzərsiz poetik xəritəsini cızır. Bu poema Elman Həbibin Naxçıvanı bütün fəlsəfəsi ilə təqdim etmək arzusunun tərcümanıdır. “Heydərnamə” ilə “Naxçıvannamə” bir yerdə Elman Həbibin poetik Azərbaycannaməsini tam halda əks etdirir. “Naxçıvannamə” həmin poetik Azərbaycannamənin şah dramıdır. “Heydərnamə” poeması poeziyada siyasi düşüncəni şeirlə ifadə etmək məharətinin nümunəsidir. Bu poema həm də Elman Həbibin siyasi əqidəsi ilə bədii düşüncəsinin vəhdətindən, harmoniyasından yoğrulmuşdur. Biri digərini tamamlayan bu silsilə Elman Həbibə insan və torpaq, zaman və şəxsiyyət haqqında ümumiləşdirici poetik söz deməyə imkan yaratmışdır.

Peyzaj lirikasına üstünlük verən Elman Həbib dağlardan və günəşdən daha çox yazmışdır. Şair öz poeziyasını günəş və dağ motivləri üstündə kökləyib. “Çiçəklər hecamdır, çaylarsa vəznim” deyən Elman Həbibin misraları dağ silsilələri kimi cərgələnmişdir.Onun təsəvvüründə “Qoşa dağ cığırı şah beyt”, şəlalə şeirinin nidası” kimidir. “Günəşin vətəni” Elman Həbibin isti, təndir nəfəsli, günəş hərarətli misralarından yoğrulmuş poeması kimi dan şəfəqli, işıqlı duyğuların şeirdən yoğrulmuş çələngdir. Lirik poema janrında yazılmış bu poema Günəş və günəşli məmləkət, habelə işıqlı insanlar haqqında poetik monoloqdur. Elman Həbibin poetik qənaətlərinə görə özünü günəş kimi fəda edənlər “ocaqda kül ola bilməz, dönər günəşə”. Elman Həbibin lirik qəhrəmanının düşüncəsində işıq, içində günəş enerjisinin hərarəti və gücü yaşayır. Eyni zamanda, Elman Həbib günəşi həm də dağların içmək üçün başı üstünə qaldırdığı qızıl cam kimi mənalandırır. Şairin lirikasındakı dağ-günəş münasibəti qürur və aydınlıq rəmzinə çevrilir:

 

Xurcun kimi aşırıb

Çiyninə buludları.

Xurcunu qoymur yerə

Boyuna baxım barı.

Sanki səfər üstədir,

Hazırlaşır getməyə,

Günəşi qızıl camtək

Qaldırıbdır içməyə.

Obam dağlar,

Babam dağlar.

 

Günəşi qızıl cam kimi içmək üçün başı üstünə qaldıran dağ sanki içi işıqla dolu Elman Həbibin özünün də obrazıdır. Bu görkəm və məna şairin lirik qəhrəmanı üçün də səciyyəvidir. Elman Həbibin poeziyası ömrün günəşli nəğmələridir.

Uşaq ədəbiyyatının inkişafı sahəsində də Elman Həbibin özünəməxsus xidmətləri vardır. “Duzlu uşaqlar” kitabında toplanmış uşaq şeirləri onun ədəbiyyatın bu sahəsindəki geniş yaradıcılıq imkanlarını meydana qoyur. Şairin uşaq ədəbiyyatı üçün zəruri olan yaşın və davranışın xüsusiyyətlərini nəzərə almaqla şeirlər yazmaq prinsipinin işığında yaranmış şeirlərində həm də ictimai məzmun ifadə edilmişdir. Vaxtilə Moskvada nəşr olunan “Detskaya literatura” jurnalında uşaq ədəbiyyatından bəhs edən bir məqalədə Elman Həbibin uşaq şeirlərinə yüksək qiymət verilmişdir. Şairin uşaq şeirləri yeni nəslin milli ruhda tərbiyə olunmasına müsbət təsir göstərir.

Şair Elman Həbibin bədii yaradıcılığındakı publisistik notlar ilk növbədə onun uzun illər radio və televiziya jurnalistikası ilə məşğul olmasından irəli gəlirdi. Publisistik amillər şairin bədii yaradıcılığında həyatilik, müasirlik, aktuallıq kimi xüsusiyyətlərin daha da qüvvətlənməsinə xidmət edir. Fikrimizcə, Elman Həbibin poeziyasında qabarıq nəzərə çarpan vətəndaşlıq cəsarəti motivləri bir qədər də publisistikasından qida alır. Bundan başqa, Elman Həbibin publisistikası onun yaradıcılığının müstəqil bir istiqamətini təşkil edir. O, yaradıcılığının bütün mərhələlərində publisistika ilə də məşğul olmuşdur. Şeir və publisistika onun yaradıcılığının qoşa qanadlarıdır. Müxtəlif illərdə yazdığı publisistika nümunələri Elman Həbibin çoxcildlik əsərlərinin irihəcmli, sanballı bir cildini təşkil edə bilər. Elman Həbibin publisistikası zamanın irəli çəkdiyi sualların ayıq-sayıq təqdimindən və düşünülmüş şərhindən ibarətdir. Aktuallıq və cəsarət bu publisistikanın səciyyəvi xüsusiyyətidir. Yazı texnikası baxımından Elman Həbibin publisistikasını bədii publisistika adlandırmaq mümkündür. Bədiilik, hətta bəzi hallarda şeiriyyət, obrazlı yanaşma Elman Həbibin publisistikasının ən yaxşı nümunələrini sənət əsəri səviyyəsinə qaldırır. Onun şeirləri və poemaları kimi publisistikası da uzunömürlü əsərlərdir. “Mənliyimin süqutu” kitabında (2007) toplanan publisistika nümunələri Azərbaycan publisistikasının yeni dövrünün simasını özündə cəmləşdirir.

Son dövrlərdə yaranan Elman Həbibin dram əsərləri janr etibarilə onun yaradıcılığında yeni səhifədir. Lakin burası da var ki, dramatik elementlər şairin şeirlərində və poemalarında həmişə mövcud olmuşdur. Yaradıcılığındakı süjetli lirika nümunələri Elman Həbibin dramaturgiya baxımından məşqləri sayıla bilər. Əsasən liro-epik səciyyəsi ilə seçilən poemalarında da Elman Həbib dramaturgiyaya xas olan dialoq və monoloq, konflikt və xarakter kimi prinsipləri uğurla sınaqdan çıxarmışdır. Beləliklə, dramaturgiya Elman Həbibin çoxillik yaradıcılığının qanunauyğun məntiqi nəticəsi kimi ərsəyə gəlmişdir. Eyni zamanda, onun dram əsərləri xarakteri etibarilə teledramaturgiya nümunələri kimi də təzahür edir.

Dram əsərinin seçilmiş, düşünülmüş fraqmentlər əsasında qurulması, ideyanın çatdırılmasında xitablardan istifadə, müasirlik ruhunun ön xəttə çəkilməsi Elman Həbibin teledramlarında aşkar nəzərə çarpan əlamətlərdir. Bununla belə, yeni nəsil tamaşaçı və müasir səhnə üçün də teledramaturgiya janrı cəlbedicidir. Bu tip əsərlərin səhnə həlli zamanı rejissor teatrla ekran prinsiplərini çuğlaşdırmağı bacarmalıdır. Elman Həbibin Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulan “Sahilsiz çaylar” dramının uğurlu səhnə həllində televiziya sahəsində zəngin təcrübəsi olan müəllifin özünün “rejissor köməkçisi” kimi iştirak etməsi mühüm şərtlərdən biri olmuşdu. Bundan sonra da Elman Həbibin dramaturgiyasına müraciət edən rejissorlar məsələnin həmin cəhətini nəzərə almalıdırlar. “Sahilsiz çaylar” pyesində rejissor işi zamanı ekrandan gəlmə elementlərin səhnəyə çıxarılması əsas ideya-məzmunun da, obrazların da fərqli yöndən təqdiminə yol açır. Ümumiyyətlə, bu əsər Azərbaycan teatrında müstəqillik dövrü Naxçıvan həyatından söz açan ilk pyes kimi də əhəmiyyətlidir. Müəllif ölkənin bir regionundan alınmış aktual bir mövzunu ümumən Azərbaycan miqyaslı hadisə səviyyəsində təqdim etməyi bacarmışdır. “Sahilsiz çaylar” pyesi ilə o, yeni tarixi epoxada yaşayıb-çalışan müasirlərimizin həyatının işıqlı-kölgəli cəhətlərini səhnəyə çıxarmış, bütövlükdə özünün müasirimiz olan yeni insan haqqındakı baxışlarını tamaşaçıya çatdırmaq qayəsini izləyə bilmişdir.

Elman Həbibin canlı ekranla (səhnə ilə) mavi ekran (televiziya) ənənələrinin vəhdətindən yaranmış dram əsərləri yeni dövr Azərbaycan dramaturgiyasının orijinal səhifəsidir. Bu əsərlər ekrana dramaturgiyanı, səhnəyə ekranı daşıyan dramlardır. Lirizmin və publisistik notların da müşahidə olunması Elman Həbibin dramaturgiyasını geniş anlamda onun yaradıcılıq ənənələri ilə qaynadıb-qarışdırır.

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Komitəsinin sədri kimi də Elman Həbib səmərəli fəaliyyət göstərə bilmişdir. Bu yeni vəzifədə o Televiziya və Radio Verilişləri Komitəsinin sədri olduğu illərdəkindən sərbəst görünürdü. Muxtar Respublikanın ictimai-siyasi və mədəni həyatında daha fəal nəzərə çarpırdı. “Naxçıvannamə” və “Heydərnamə” əsərlərinə Muxtar Respublika səviyyəsində geniş təqdimat mərasimlərinin keçirilməsi Elman Həbibə diqqəti və marağı ön mövqeyə çəkmişdi. Anadan olmasının 60 illiyi ilə əlaqədar “Şöhrət” ordeni ilə təltif olunması nikbin düşüncələrinə qol-qanad vermiş, yaradıcılığa olan həvəsini artırmışdı. Həyatının son dövrlərində, 2006-2009-cu illər Elman Həbibin yaradıcılığının ən məhsuldar mərhələsidir. Bir-birinin ardınca nəşr edilən böyük həcmli beş-altı kitab: “Məmləkətim, məhəbbətim”, “Bu, mən görən şəhər deyil” (2006), “Yerlə göy arasında”, “Mənəmliyin süqutu” (2007), “Heydərnamə” və “Naxçıvannamə” (2008), “85 ilin 15 ili” (2009) adlı kitablar, “Seçilmiş əsərləri”nin ikicildliyi (2009) oxuculara təqdim olunmuşdur. Bu dövrdə tanınmış tənqidçi-ədəbiyyatşünas Vaqif Yusiflinin hazırladığı “Şair dünyası” kitabında (2009), barəsində yazılmış məqalələrdən ibarət “Sənətin kəsə yolu – poeziya” toplusunda (2009) sanki ömür yolunun bir hissəsinə yox, bütövlükdə sənət taleyinə yekun vurulmuşdur.

Elman Həbibin avtoportret janrında yazdığı bir neçə şeiri vardır. Həmin nümunələrin hərəsi bir ovqat üstündə köklənmişdir. Bəzi şeirlərində avtoportretdən çox tərcümeyi-hal cizgiləri ifadə olunmuşdur. Lakin 2009-cu ildə yazıb, həmin ildə nəşr edilmiş “Seçilmiş əsərləri”nin ikinci cildinə ön söz kimi daxil etdiyi “Mənim ibadətim” şeiri Elman Həbibin dünyasını dolğun şəkildə ifadə edir. Şeirdə Elman Həbibin ürək genişliyi, xeyirxahlığı, əqidə bütövlüyü ilə yanaşı həssaslığı və nikbinliyinin nəbzi döyünür:

 

Bir kimsəsizə həyan durdum,

Ağlayan bir körpəni ovundurdum.

Sönmüş bir ocağı közə saldım,

İki qara daşı sevindirdim.

Bir kibritlə baş-başa qaralan

İki kəsöyü dindirdim.

Bir çılpağı geyindirdim

bir gözələ könül verdim.

Alıb saxladı könlümü.

O ibadətlə versə əgər

Köksümə sıxaram

Ondan gələn ölümü.

Budur mənim yerə-göyə məhəbbətim,

Yaşa, mənim sevgili ibadətim.

 

Sağ ikən yazıb əsərlərinə proloq kimi daxil etdiyi “Mənim ibadətim” şeiri bu gün həyatda olmadığı vaxt Elman Həbibin mənalı ömrünün yekun epiloqu kimi səslənir. Bu avtoportret şeiri şəxsiyyətin bütövlüyünü, miqyasını və mənəvi aləmin zənginliyini aydın surətdə nümayiş etdirir.

Bütövlükdə Elman Həbibin ömür yolu mənalı, ibrətamiz, düşündürücü və kövrək bir telefilmi xatırladır. Məlum olduğu kimi, teatrda tamaşaya qoyulan dram əsərlərindən fərqli olaraq, mavi ekran vasitəsilə nümayiş etdirilən teletamaşalar adətən qısametrajlı olur. Təəssüf ki, istedadlı şair, publisist, dramaturq, layiqli vətəndaş və unudulmaz dost Elman Həbibin həyat dramı da teletamaşalar kimi qısametrajlı oldu. Lakin bu qısametrajlı ömrün tarixdə, ədəbiyyatda, yaddaşlarda, xatirələrdəki izləri dərin və əbədidir. Elman Həbib özü də hələ 2007-ci ildə nəşr olunmuş “Mənəmliyin süqutu” adlı kitabına yazdığı avtoqrafda bəyan etmişdi ki:

 

Qərinələr keçsə də,

Dostluğumda mən varam.

İllər öndə getsə də

Dostluğun sırasında

Mən yerimdə sayıram.

 

İndi dostların sırasında olmasa da, əsərləri ilə, xatirələrdə qalan pozulmaz naxışları ilə, örnək olaraq qoyub getdiyi etibarı ilə Elman Həbib “dostluğun sırasında” yaşamaqda davam edir.

 

 

İsa HƏBİBBƏYLİ,

Naxçıvan Dövlət Universitetinin

rektoru, akademik

 

525-ci qəzet.-2011.- 12 may.- S.7.