Zamanla Sözü, Sözlə
Zamanı ucaldan sənətkar
Hörmətli Elçin
müəllim!
Düzü, Sizin kimi
etnik-milli, bədii-estetik dəyərlərimizin
qayğıkeşini, hiss və emosiyalarımızın tərənnümçüsünü,
dramaturgiya, səhnə və teatr mədəniyyətimizin və
baxışlarımızın formalaşmasında fərdi və
fərqli rol oynayan söz sərrafını ürəkdən
təbrik etməyi özümün vətəndaş və tənqidçi
borcum hesab edirəm.
Xalqımızın mədəni-ədəbi
həyatında az qala son yarım əsr ərzində
oynadığınız əvəzsiz rol göz
qabağındadır. El məsəlində deyildiyi kimi,
“Görünən kəndə nə bələdçi”. Bu
“kəndin” bələdçisi Sizin bütün xalq, vətən
naminə ortaya qoyduğunuz bədii
yaradıcılığınızdır. Ədəbiyyatımıza
qədəm qoyduğunuz ilk gündən Siz ona qeyrətlə
xidmət etmisiniz.
Böyüklər və
kiçiklər üçün qələmə
aldığınız hekayələrinizdə; “Adda-Budda”dan,
digər yaradıcılıq nümunələrinizdən
tutmuş “Dolça”, “Bayraqdar”, “Ox kimi bıçaq”, “Aman
ovçu, vurma məni”, “Hökmdarın taleyi” povest və
kinopovestlərinizdə; “Hövsan soğanı”, “O da
aşıq olub yaza dünyada...”, “Qisas”, “Poçt şöbəsində
xəyal”, “Mən sənin dayınam”, “Mənim ərim dəlidir”,
“Mahmud və Məryəm”, “Ağ dəvə”, “Qatil” və s.
pyeslərinizdə, “Mahmud və Məryəm”, “Ağ dəvə”,
“Ölüm hökmü”, “İlyas Əfəndiyev: şəxsiyyəti
və sənəti” romanlarınızda, esselərinizdə, “Ədəbi-düşüncələr”inizdə;
çoxsaylı məqalələrinizdə; “Tənqid və
nəsr”, “Ədəbiyyatda tarix və müasirlik problemi”,
“Şəxsiyyət və istedad”, “Klassik aşıq
poeziyasında “Dünya” obrazı” və s.
monoqrafiyalarınızda; ədəbiyyat, mədəniyyət,
sənət, incəsənət, yaradıcı şəxsiyyətlər
haqqındakı yazılarınızda, ictimai-siyasi, ədəbi-estetik
mövqeyinizi nümayiş etdirən platformanızda, müxtəlif
mündəricəli müsahibələrinizdə; ictimai fəaliyyətinizdə;
son illərdə yeni ampluada qələmə
aldığınız “Canavarlar”da, epik aləmlə real
gerçəkliklərimizi uğurlu şəkildə əks
etdirən (“Muxtar kişinin və Göy Göyərçinin
nağılı”, “Bütün dərdlərdən azad qoca
Şeyxin nağılı”, “Üzmək istəyən Ağ
qovağın nağılı”) “Nağıllar” silsilənizdə,
Sözə və Zamana həssaslıqla və xəsisliklə
yanaşdığınız “Vremya i Slovo” və onun məzmununa
daxil etdiyiniz müxtəsər və müxtəsər
olduğu qədər də maraqlı, cəlbedici obraz və
xarakterlərin təqdimatında publisistikamız və memuar ədəbiyyatımız
üçün orijinal əhəmiyyət kəsb edən
yaradıcılığınızda, Elçin müəllim,
Siz oxucuları yaxşı mənada təəccübləndirməyi
bacarmısınız.
Elə bu gün də təəccübləndirməkdə
davam edirsiz. Bunu ona görə bir daha vurğulayıram ki, bu
yaxınlarda Akademik Milli Dram Teatrının səhnəsində
İctimai baxış keçən “Teleskop” pyesinizin
qoyuluşu və məzmunu, xarakterlər qalereyası, personajların
özünəməxsus davranışı bunu söyləməyə
əsas verir. “Teleskop”un canlı obrazları səhnəmizdə
modern interpretasiyanın müxtəlif variasiyaları
üçün maraq doğurur. “Teleskop”a baxdıqca dərk
etdim ki, nəinki proza, həm də dram
yaradıcılığı, teatra bağlılıq sanki
Sizin həyatınızdır və bu həyat yalnız insan
ruhunu pərvazlandıran, onun həyatına yeni impuls verən
yeganə məqsədə xidməti nəzərdə tutur. “Teleskop”unda
belə ali məziyyəti yaxşı görünür.
“Teleskop” müxtəlif dünyalara baxışı və
onların mahiyyətini əks etdirən tamaşadır. Əgər
Siz, bir tərəfdən, burada mili türk teatrının
M.F.Axundzadə, N. Vəzirov, C.Məmmədquluzadə,
C.Cabbarlı, Ü.Hacıbəyli, İ.Əfəndiyev və
b. ənənələrindən qidalanmısınızsa, digər
tərəfdən, Qərb dramaturgiyasının teatr elementlərini
ümumi vahid ideyaya tabe etməklə dövrümüzdən
həm əvvələ, həm də irəliyə
özünəməxsus şəkildə ekskurs etmisiniz, səhnədə
ayrı-ayrı aktyor və aktrisaların oyunu ilə birgə
koloritli və postmodernist massovkalarla zəngin anlar yaşatmaqla
tamaşaçı diqqətini cəlb etmisiniz. Dram əsərlərinin
belə çarpazlaşdığı, kəsişdiyi
müstəvidə xarakterlərin yaradılması dramaturji
materialın keyfiyyətindən xəbər verir. “Teleskop”un
ictimai baxışı göstərdi ki, əsərdəki
elementləri bir yerə üzvü surətdə toplayıb,
aktyorlara oynadıqları personajların əhval-ruhiyyəsini,
onların fikrini, sıxıntılarını, hiss və
duyğularını yaradıcı şəkildə ortaya
qoymağa kömək edən amil dramaturji konflikti kəskinləşdirmə
bacarığınızla bağlıdır. Bunun
üçün müstəqil düşünən şəxsiyyət
və sənətkar olduğunuz kimi, həm də sənətin
məqsəd və vəzifələrini dərindən
duyansınız. Nə yaxşı ki, Elçin müəllim,
Siz belə sənətkarlardansınız.
Sosioloji-fəlsəfi və mənəvi-əxlaqi
yozumu daha çox qabardan janr etibarı ilə hekayə, mahiyyət
etibarı ilə onun çərçivələrini
dağıdan “Canavarlar”da, bir tərəfdən,
dövrün, cəmiyyətin, digər tərəfdən,
praydın həyat tərzi bu əsərin üfüqlərindən
yaxşı görünür. Canavarların müxtəlif tərəflərini
elə təsvir etmisiniz ki, burada Sizin təfəkkür zənginliyiniz,
hadisə və faktlara praqmatik baxışınız, təhlil
mərkəzinə çəkdiyiniz predmetin mahiyyətinə
nüfuzetmə bacarığınız oxucu və tənqidçiləri
valeh etmişdir. Əsərdə qoyduğunuz bioloji, fəlsəfi,
sosioloji, psixoloji, siyasi, ictimai problemlər müasir
dünyamızı düşündürən problemlərdəndir.
Müşahidə qabiliyyətiniz və analitik incələmə
bacarığınız unikaldır, Elçin müəllim!
Siz Ezop dilini, Ezop təsvir tərzini yeni modern kontekstdə
açmağı bacaran sənətkarsınız. “Canavarlar”
mənəvi-əxlaqi dünyamızın pəncərəsidir.
Əsər mənə elə təsir etdi ki, onu təkrar-təkrar
oxudum. Ondan gələn impulslar, yetərincə səmərəlidir.
Elçin müəllim! “Nağıllar”ınızda nəsrimizin
yeni imkanlarını, təhkiyəmizin yeni üfüqlərini
açırsınız. Bu “Nağıllar”dakı
canlı-cansız obrazlı aləm 3000 ildən çox
yaşı olan “Zeytun Ağacı, Göy Göyərçin,
Muxtar kişi, Ağ Qovaq, Şeyx həzrətləri və s.
dili, ovqatı, həyata münasibətləri müdrik və
istedadlı qələm əhlinin məhsuludur. “Nağıllar”dakı
kiçik keçidlər oxucunu maraqlı nağıllar aləmi
ilə gerçəkliyin arasında qoyur. O, sehrli aləmlə
bu dünyanın təlatümləri müstəvisində
dayanır. İstedadlı nasirliyiniz, dramaturqluğunuz,
publisistliyiniz, esseistliyiniz ilə yanaşı, ciddi estetik-fəlsəfi
araşdırmalarınız Sizin səriştəli ədəbiyyatşünas
olduğunuzu sübut edir. Digər monoqrafik
araşdırmalarınız üzərində dayanmayıb,
son zamanlarda qələmə aldığınız “Sosrealizm
bizə nə verdi?!” ədəbi-estetik essesinizi diqqət mərkəzinə
çəksəm, Sizin nə dərəcədə
müşahidəli ədəbiyyatşünas-alim
olduğunuzu sübut etməyə ehtiyac qalmaz. Çünki
bu əsərdə Siz 70 il ərzində
yaşadığımız tarixi, mədəni, ədəbi,
fəlsəfi, psixoloji dövrün panoramını elə
kompakt, obyektiv (tomoqrafiyası ilə) və ustalıqla
yaratmısınız ki, belə maraqlı təqdimat
formatı ədəbi-fəlsəfi ictimaiyyətimizin buna
görə də diqqət mərkəzinə
düşdü.
Əsər neçə-neçə
forumların, konfransların müzakirə obyektinə
çevrildi, ali təhsil müəssisələrində, tədris
auditoriyalarında onun haqqında fikirlər söylənildi,
mülahizələr irəli sürüldü,dövrü mətbuatımız
kitabın mahiyyətini vurğulamaqla onu uzun müddət
gündəmdə saxladı. Hamı Sizin fenomenal təhlillərinizi
təqdir etməkdədir.
Yaradıcılığınızın bir cəhətini də
vurğulamasam, haqqınızda söylədiyim fikirlərim
natamam görünər. Bu, Sizin özünüzün qeyd
etdiyiniz kimi, ani məqamlarda meydana çıxmış,
kibrit qutuları, salfetka, qəzet künclərində, hər
hansı iclas protokolu, müxtəlif proqramlar, dəvətnamələr,
hətta teatr və sirk tamaşaları üçün biletlər
üzərində apardığınız qeydlər nəticəsində
ortaya çıxan “Vremiya i Slovo” kitabınızla
bağlıdır. Doğrudan kiçik çaylar dəryalar
əmələ gətirir. Baykal (Bəygöl) gölünə
irili-xırdalı 337 çay tökülür və məhz
onlar Baykal kimi böyük dərya yaradır. Suyu da göz
yaşı kimi dumduru. “Vremya i Slovo” kitabınızda da elədir.
Fikirlər son dərəcə kompakt, naxışlı və
fəlsəfi qiyafədə. Hansına əl atdımsa,
düşüncəmi silkələdi, mənə nəsrin
daxili potensiyasını və poeziyasını
xatırlatdı. Hansını yadda saxlayım “Dostoyevski,
Stendal, Hey, aşıq Ələsgər, Pisarev, Sabir dahiliyi,
Ç.Aytmatov, L.Tolstoy, Folkner, Heminquey, Çexov, Ordubadi,
“Bayatı-Şiraz” – bilmədim. Fikirlərim haçalandı.
Hansından o tərəfə boylandımsa, Elçin təfəkkürünün
bərq vuran ziyasını gördüm.
Siz Zamandan Sözə, Sözdən
Zamana keçid alırsınız. Zamandan Söz yazaraq
yarım əsrdən çoxdur ki, Sözü Zamanın
(Tarixin) yaddaşına həkk eləyirsiniz. Siz Sözü
ucaltdıqca Zaman da Sizi ucaldır. Zamanın Sözünü,
Sözün Zamanını yerində tapan böyük
yazıçısınız. Sizi Ad gününüz
münasibəti ilə ürəkdən təbrik edirəm,
Sizə, folklor-mifoloji ruhumuzla, epik zamanı qucmağı və
əsərlərinizə ustalıqla gətirməyi, ənənə
ilə novatorluğu üzvü surətdə birləşdirməyi
bacaran, xarakter axtarışlarında və sənətkarlıqda
zirvədə dayanan yazıçımıza tənqidçi
salamıyla
Nizami Tağısoy
525-ci qəzet.- 2011.- 13 may.- S.7.