Yazıçılar Birliyində şair Barat Vüsalın 60 yaşı qeyd edilib

 

 Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda AYB-nin Qazax filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsalın 60 illik yubileyilə bağlı tədbir keçirilib. Tədbiri filologiya elmləri doktoru, professor Nizami Cəfərov açaraq Barat Vüsalın həyat və yaradıcılığı haqqında qısa bir xatırlatma verib. O bildirib ki, Barat Vüsal artıq 40 ildir, poeziya aləmində öz yoluyla yorulmadan addımlayır. Nizami Cəfərov şairin yaradıcılığında tarix, millilik, etnoqrafiya elementlərinin poetik ifadədə nəzərə çarpdığını və elə buna görə də Barat Vüsalı yaradıcılığı zəngin olan şairlər siyahısında gördüyünü qeyd edib. Sonra söz AYB sədri, Xalq yazıçısı, Heydər Əliyev Mükafatı laureatı Anara verilib. Anar Qazax mahalının şairlər və şeir yurdu olduğu kimi, həm də mahir hərbiçilər yetirən bir torpaq kimi tanındığını vurğulayıb. Hər zaman əyalət şairləri fikrinin əleyhinə çıxdığını deyən Anar Barat Vüsalın paytaxtdan uzaqda yaşamasının onun istedadlı və sevilən bir şair kimi qəbul olunmasına mənfi təsir göstərmədiyini bildirib. Tənqidçi Bəsti Əlibəyli öz çıxışında ilk öncə Barat Vüsalı bu yaxınlarda aldığı əməkdar incəsənət xadimi fəxri adı münasibətilə təbrik edib, daha sonra onun həyat və yaradıcılığından söz açıb. “Barat Vüsal haqqında həm gözəl şair, həm səmimi insan, həm də uca bir şəxsiyyət kimi çox danışmaq olar. Ancaq mən onun haqqında ilk öncə bir şair kimi danışmaq istəyirəm.

 Onun yaradıcılığı əsasən xalq şeiri üslubundadır. Barat Vüsal bizim milli şeir sənətimizə sadiq şairdir. Məlumdur ki, günümüzdə klassik aşıq qoşması yazmaq hamıya nəsib olmur. Amma Barat Vüsalın yaradıcılığında gözəl klassik aşıq qoşmaları da xüsusi yer tutur”. Çıxışının sonunda Bəsti Əlibəyli yubilyarı təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıb. Xalq şairi Vaqif Səmədoğlu Barat Vüsalı hərbçi şair adlandırıb: “Barat Vüsal hər şeirində bir əsgərdir. Onun lirikasında da, məhəbbətində də mərdlik var”. Sonra tədbirdə çıxış edən İsa Muğanna, Xeyrəddin Xoca, Oqtay Rza, Rüstəm Kamal, akademik Teymur Bünyadov, millət vəkili Əhməd Vəliyev və başqaları da Barat Vüsal haqqında fikirlərini bölüşüb, onu təbrik edib, şairə yeni yaradıcılıq uğurları diləyiblər.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2011.- 18 may.- S.7.