“Azərbaycan milli və dini tolerantlıqda dünyaya
örnəkdir”
MİLLİ MƏCLİSİN İNSAN HÜQUQLARI
KOMİTƏSİNİN SƏDRİ RƏBİYYƏT
ASLANOVA: “AZƏRBAYCANDA MİLLİ VƏ ETNİK ZƏMİNDƏ
HEÇ BİR PROBLEM YOXDUR”
– ATƏT Parlament
Assambleyasının (PA) İtaliya nümayəndə heyəti
və həmin ölkənin Boltzano-Bozen Muxtar Vilayətinin rəhbərliyinin
birgə təşkilatçılığı ilə
mayın 20-də Boltzano şəhərində “Milli
azlıqların qorunması: Boltzano tövsiyələri və
ATƏT-in siyasəti” adlı seminar keçiriləcək.
Seminarda ATƏT PA üzvü olan ölkələrin hamısının
nümayəndə heyətlərinin üzvləri təmsil
olunacaqlar. Azərbaycan parlament nümayəndə heyətini
isə mən təmsil edəcəyəm. Qeyd edim ki, bu
gün Avropada milli azlıqlar məsələsində – burada
həm ənənəvi, milli azlıqlar , həm də yeni
milli azlıqlar nəzərdə tutulur – müəyyən
kardinal dəyişikliklərin həll edilməsi
üçün o azlıqların qorunması və
hüquqlarının təmin edilməsi məsələsi
gündəmə gəlib. Bu da nəticədə məlum
miqrantlar problemi ilə bilavasitə əlaqəlidir. Bir cəhəti
də qeyd edim ki, milli azlıqlarla bağlı Avropa
Şurasının çərçivə Konvensiyası var
və onu bir sıra ölkələr imzalayıb, bir qismi isə
imzalamayıb. Yəni, hər bir ölkənin həmin çərçivə
Konvensiyasına münasibəti heç də birmənalı
deyil və müxtəlifdir. Ancaq bu gün belə bir
gerçəklik də yaranıb ki, həddindən artıq
milli azlıqların, etnik qrupların
toplaşdığı, cəmləşdiyi Avropada bu məsələyə
yenidən baxılması ehtiyacı var. Son zamanlar Avropada bir
sıra milli azlıqlara, etnik qruplara, xüsusilə
qaraçılara kəskin münasibət və sair, bunlar məcbur
edir ki, sözügedən məkan qəbul etdiyi həm yeni
miqrantlara, həm də yeni milli azlıqlara öz
baxışını ortaya qoysun...
– Seminarda müzakirələr hansı istiqamətdə
olacaq?
– Qeyd edim ki, seminar 2 sessiyadan
və yekun mərasimdən ibarət olacaq. Birinci sessiyada Boltzano
tövsiyələrinin prinsipləri və onların həyata
keçirilməsi, milli azlıqların qorunması və
dövlətlərin suverenliyi, milli azlıqların
qorunmasında ATƏT PA-nın rolu və sair üzrə
çıxışlar olacaq. Bu yerdə bir məsələni
xatırladım ki, 1992-ci ildə ATƏT-in Helsinki
toplantısında bu təşkilatın yeni qurumu,yeni postu –
Milli azlıqlar üzrə Ali Komissarlığı təsis
olundu. Bu Komissarlığın da ən böyük vəzifəsi
Avropa məkanında olan hansısa milli məsələlərlə
əlaqədar olaraq yaranmış konfliktlərin
qarşısının alınması və yaxud onun həll
olunması üçün ciddi tədbirlərin
görülməsidir. Ötən bu illər ərzində də
sözügedən Ali Komissarlıq çox ciddi, unikal bir təcrübə
toplayıb və bu təcrübə əsasında da hər
hansı milli zəmində baş verən və ya baş verməsi
ehtimal olunan konfliktin səbəblərinin
araşdırılıb ortaya çıxarılması sahəsində
çox mühüm işlər görülüb. Bu
baxımdan, Avropada təhlükəsizliyin təmin olunması
üçün milli-etnik zəmində konfliktlərin aradan
qaldırılması çox vacib, önəmli məsələdir.
Boltzano tövsiyələrinə gəlincə,bu sənəd
sözügedən qurumun Milli azlıqlar üzrə Ali
Komissarlığı – yəni, indiki ali komissar Knut Vollebek tərəfindən
hazırlanaraq 56 üzv ölkəyə yayılıb,
göndərilib...
– Həmin tövsiyələrdə nələr ehtiva
olunur?
– Tövsiyələrdə
göstərilir ki, milli azlıq deyərkən, ərazisində
yaşadıqları dövlətin
tanıyıb-tanımamasından asılı olmayaraq
mövcud olan dini, dil, mədəni, etnik azlıqlar nəzərdə
tutulur və odur ki,bu gün bu azlıqlara münasibətin dəqiqləşdirilməsinin
olduqca ciddi əhəmiyyəti var. Qeyd edim ki, bu, 19 tövsiyədən
ibarətdir və 4 hissədə cəmlənib. Birincisi,
ümumi prinsiplərdir və bu prinsiplər də əsasən
dövlətin suverenliyi ilə bağlıdır.Dövlətin
suverenliyi isə o deməkdir ki, öz yurisdiksiyasında olan, ərazisində
yaşayan – dilindən, dinindən, milli mənsubiyyətindən
asılı olmayaraq hər bir kəsin hüquqlarının
qorunmasını böyük bir öhdəlik kimi öz
üzərinə götürür. Tövsiyələrin
ikinci hissəsində dövlətin milli azlıqlara
münasibətinin özünəməxsusluğu məsələsi
əksini tapıb,yəni, hər bir dövlət öz ərazisində
olan milli azlıqlara hansı münasibət bəsləyir,
onların varlığı, onların gələcək
inkişafı üçün hansı məsələləri
gündəmə gətirir və sair. Üçüncü
hissədə xaricdə yaşayan milli azlıqlara hansı səlahiyyətlər,
hansı imtiyazların verilməsindən söhbət gedir.
Xaricdə yaşayan milli azlıqlar dedikdə də bir
dövlətə mənsub olan, ancaq onun sərhədlərindən
kənarda yaşayan milli azlıqlar, bir növ diasporalar nəzərdə
tutulur. Odur ki, üçüncü hissədə onlara
hansı əlavə imtiyazların verilməsi, onlarla əlaqələrin
necə qurulması, xaricdə olan milli azlıqların tarixi vətənlə
əlaqələrinin yaradılması, onların tarixinin,
dilinin, dininin qorunması məsələsi həmin dövlətin
boynuna bir vəzifə kimi qoyulur. Dördüncü hissədə
isə ikitərəfli və çoxtərəfli müqavilələrin
imzalanmasından bəhs edilir .
Burada da dövlətlərin birinin digərinin milli
azlıqlarla bağlı diasporasına münasibətinin
müəyyənləşməsindən söhbət gedir.
Ona görə hesab edirəm ki, bu, kifayət qədər əhəmiyyətli
məsələdir və 1992-ci ildən bu yana bəlkə də
ATƏT PA-nın Milli azlıqlar üzrə Ali
Komissarlığının ən vacib sənədlərindən
birinin gündəmə gətirilməsidir. Bilirsiniz, dövlətin
sərhədləri ilə milli-etnik qrupların, milli
azlıqların yaşadıqları ərazilərin sərhədləri
üst-üstə düşmür. Bəzən elə olur
ki, dövlətin sərhədi konkret bir məkanda bitir, amma
tarixən onun ərazisində yaşayan milli
azlığın bir hissəsi bu yanda, bir hissə o yanda, kənar
dövlətin ərazisində yaşamalı olur. Belə olan
təqdirdə də hər iki dövlət bu məsələyə
çox həssas yanaşmalıdır...
– Bu məsələ ilə bağlı kim məruzə
edəcək?
– Bununla bağlı milli azlıqlar üzrə komissar Knur Vollebek özü çıxış edəcək və Boltzano tövsiyələrinin hansı dövlət tərəfindən necə yerinə yetirildiyi barədə məlumat verəcək. Xatırladım ki, bu tövsiyələr ötən müddət ərzində üzv dövlətlərə göndərilib, ancaq buna reaksiya hələ də dəqiq məlum deyil. Ona görə seminar zamanı hər bir üzv dövlət bununla əlaqədar olaraq öz mövqeyini ortaya qoyacaq. Eyni zamanda, maraqlı məruzələrdən biri milli azlıqların qorunması və dövlətlərin suverenliyi məsələsidir. Çünki dövlətin suverenliyinə ən böyük təhdid milli azlıqların hüquqlarının qorunmaması nəticəsində separatizmin yaranmasından başlayır və buna görə dövlət suverenliyi və milli azlıqların hüquqlarının qorunması çox vacib məsələdir. Növbəti məruzə milli azlıqların qorunmasında ATƏT PA-nın rolu məsələsidir. Bununla bağlı, ATƏT PA-nın demokratiya və insan haqları üzrə məruzəçisi Mateo Mekaççi məruzə edəcək. Bir sıra konfliktlərin əsas səbəbi milli azlıqlar məsələsi olduğuna görə Mateo Mekaççi öz məruzəsındə daha çox buna toxunacaq. Onu da qeyd edim ki, seminarın birinci sessiyasının sonunda Françesko Palermo və Natali Şabanadzenin “Dövlətlərarası əlaqələrdə milli azlıqlar” kitabının da təqdimatı olacaq. Seminarın ikinci sessiyasında milli azlıqlara rəftar ilə bağlı konkret hallar məsələsi müzakirə olunacaq. Bu məsələ də çox güman ki, Avropa ilə bağlı olacaq. Dediyim kimi, bu gün Avropada milli azlıqlarla rəftarda çox neqativ hallar, qanunsuz hərəkətlər var. Bununla əlaqədar olaraq,seminarda ATƏT və Avropa tarixində çox maraqlı bir çıxış olacaq. Bu sessiyada həmçinin Boltzano tövsiyələrinin dördüncü hissəsindəki milli azlıqlara münasibət haqqında dövlətlərarası ikitərəfli sazişlər və bununla yanaşı,” konkret hallar” məsələsi gündəmə gətiriləcək. “Konkret hallar” haqqında seminara gələn avroparlamentarilər öz ölkələrində və yaxud Avropada olan milli azlıqların durumu ilə bağlı fikirlərini bölüşdürəcəklər. Sessiyanın yekununda da, təbii ki, milli azlıqlar üzrə ali komissar yenidən çıxış edəcək . Burada da milli azlıqlar məsələsi ilə bağlı bir daha ATƏT PA üzvü olan 56 dövlətin diqqətinə çatdırılacaq ki, hər bir ölkə öz ərazisində yaşayan milli azlıqlarla dil tapsın və bu yöndə milli qanunvericiliklərinə dəyişikliklər etsin. Azərbaycan nümayəndə heyətinin üzvü kimi mən də, təbii ki, ölkəmizdə milli azlıqların durumu ilə bağlı öz fikirlərimi bölüşdürəcəyəm.
– Yeri gəlmişkən, bu gün ölkəmizdə milli azlıqlarla bağlı problem varmı?
– Çox böyük fəxr və qürur hissi ilə deyə bilərəm ki, bu gün Azərbaycanda milli azlıqlar, etnik qruplarla bağlı heç bir problem yoxdur və ola da bilməz. Ümumiyyətlə, Azərbaycanda milli və dini zəmində tolerantlıq hökm sürür. Bu məsələdə biz dünyanın hətta ən qabaqcıl, aparıcı dövlətlərinə belə nümunə ola bilərik. Özü də bunu təkcə biz demirik, bunu ölkəmizdə olan xarici dövlətlərin, beynəlxalq təşkilatların, diplomatik korpusların nümayəndələri də dilə gətirir və bizimlə söhbətlərində etiraf edirlər. Xüsusilə də 1993-cü ildə ikinci dəfə hakimiyyət başına qayıdan mərhum dövlət başçısı Heydər Əliyevin və onun siyasətinin layiqli davamçısı – ölkə prezidenti İlham Əliyevin məqsədyönlü və ardıcıl fəaliyyəti nəticəsində milli azlıqların, etnik qrupların hüquqlarının təmin olunması istiqamətində çox böyük addımlar atılıb. Bu gün Azərbaycanda yaşayan milli azlıqların, etnik qrupların nümayəndələri də Azərbaycan dövlətçiliyinin inkişafı, möhkəmləndirilməsi uğrunda azərbaycanlılarla çiyin-çiyinə mübarizə aparırlar. Onlar da özlərini bu ölkənin əsl vətəndaşları hiss edirlər. Yəni, ölkəmizdə milli azlıqlara, etnik qruplara qarşı hansısa bir ayrı-seçkilik, ögey-doğmalıq yoxdur. Yəni, burada azərbaycanlılarla milli azlıqlar, etnik qruplar daim d sülh, əmin-amanlıq şəraitində yaşayıblar və bu gün də yaşamaqdadırlar.Eyni zamanda , Azərbaycan Konstitusiyasının 25-ci maddəsində göstərilir ki, bərabərlik hüququna əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyyətindən, dinindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai təşkilatlara mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Həmçinin, milli, dini, irqi, cinsi, mənşəyi, əqidəsi, siyasi və sosial mənsubiyyətlərinə görə,insanların hüquq və azadlıqlarını məhdudlaşdırmaq qadağandır. Konstitusiyanın 44-cü maddəsinə əsasən hər kəsin milli mənsubiyyəti qoruyub-saxlamaq hüququ var və heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz. 47-ci maddədə isə qeyd olunur ki, fikir və söz azadlığına əsasən irqi, dini, milli, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Yəni,bunlar bir ölkə daxilində ayrı-ayrı milli azlıqların, etnik qrupların bir-birinə münasibətini və dövlətin onlara olan münasibətini tənzimləyən kifayət qədər ciddi müddəalardır.Odur ki, seminar zamanı çıxışımda Azərbaycanda milli azlıqlar, etnik qrupların durumu ilə bağlı məsələni bir daha onların nəzərinə çatdıracağam. Nəzərlərinə çatdıracağam ki, qoy onlar Azərbaycanda milli azlıqlara, etnik qruplara necə böyük hörmət və ehtiramla yanaşıldığının, onların hüquqlarının qorunması, təmin edilməsi istiqamətində necə böyük addımlar atıldığının şahidi olsun və bundan özləri üçün örnək, nümunə götürsünlər. Demək istəyirəm ki, bu seminar əlavə bir fürsət olacaq ki, Avropa ictimaiyyəti və parlamentariləri ölkəmizdə milli azlıqların durumu ilə bağlı vəziyyəti yaxından öyrənsinlər.
VAHAB
525-ci qəzet.- 2011.- 18
may.- S.5.