Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Molla Nəsrəddinlə birlikdə gülürük” 

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir gerçəkləşib. Tədbirdə ölkədə fəaliyyət göstərən muzeyləri əməkdaşları, Bakı Musiqi Kollecinin müəllim və tələbələri, ictimaiyyətin nümayəndələrinin iştirak ediblər. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış edərək Beynəlxalq Muzeylər Şurasının (İCOM) Azərbaycan Milli Komitəsinin bu il Beynəlxalq Muzeylər Gününü “Molla Nəsrəddin” jurnalının 105 illik yubileyi ilə əlaqələndirməyə təşəbbüs göstərdiyini yada salıb. A.Bayramova “Molla Nəsrəddinlə birlikdə gülürük” adlı tədbirin də bu təşəbbüsə əsaslanaraq həyata keçirildiyini diqqətə çatdırıb.

Muzeyin elmi-kütləvi şöbəsinin müdiri Ülviyyə Səmədova tədbirin proqramı haqqında məlumat verib.

Tədbir çərçivəsində foyedə təşkil olunan sərgidə muzeyin arxivində saxlanılan şarjlar, karikaturalar, musiqili komediyalara illüstrasiyalar nümayiş etdirilib. Onların arasında Ə.Haqverdiyevin dostluq şarjları, dahi bəstəkar Ü.Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasına Elturan Avalovun illüstrasiyaları, həmçinin Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri, karikaturaçı-rəssam Bayram Hacızadənin əsərləri daha böyük maraq doğurub.

Tədbirdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyorlarından xalq artisti Fatma Mahmudova, əməkdar artistlər Ramiz Məmmədov, Xanım Qafarova, Nahidə Orucova, Nərgiz Kərimova, Nadir Xasıyev və başqalarının ifasında Ü.Hacıbəylinin “O olmasın, bu olsun”, “Arşın mal alan”, S.Ələsgərov və İ.Məlikzadənin “Hərənin öz ulduzu”, A.Məşədibəyov və M.Əlizadənin “Toy kimindir” musiqili komediyalarından səhnələr canlandırılıb, lətifələr söylənib.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 19 may.- S.7.