Naxçıvan
reallıqlarını əks etdirən kitab
Məmməd Məmmədovu ilk dəfə düz 7 il öncə tanımışdım. O vaxt Naxçıvanın mərkəzi qəzeti olan “Şərq qapısı”nın baş redaktoru idi. Əslində mətbuata olan marağım məni onun yanına aparmışdı. İşləmək istədiyimi söylədikdə, – “çox yaxşı, sən hələ gəncsən istəsən gələcəkdə yaxşı jurnalist də ola bilərsən” – dedi. Elə həmin gün məni qəzetdə korrektor vəzifəsinə götürdü. Sonra da qələm əhli olduğumu, cızma-qara edə bildiyimi görüb qəzetdə müxbir işləməyimə şərait yaratdı. Amma yollar nə qədər birləşsə də, gec tez ayrılır. Beləcə, “Şərq qapısı”nda birləşən yolumuz da bir müddət sonra ayrıldı və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində yenidən birləşdi. Bir-birimizə qarşı səmimi münasibətimiz, inamımız və qırılmaz tellərlə söz adamlarını özünə bağlayan mətbuat bizi də yaxın dosta çevirdi.
Məmməd müəllim
bu gün Naxçıvanda ən sanballı jurnalistlərdən
biridir. O, ötən əsrin 90-cı illərində-ölkəmizin
ağrılı, acılı günlərində jurnalistikaya
qədəm qoyub. “Sovet kəndi”, “Həyat”, “Bərəkət”
qəzetlərində müxbir vəzifəsində
çalışıb. 1996-cı ilin yanvar ayından “Azərbaycan”
qəzetində işini davam etdirib. 4 il sonra Naxçıvan
MR Ali Məclisinin mətbuat orqanı olan “Şərq
qapısı” qəzetinə redaktor təyin olunub. Yeddi illik qəzet
redaktorluğu dövründə Naxçıvan mətbuatına
gənclərin cəlb edilməsi, “Şərq qapısı”
qəzetnin həftədə beş gün və 8 səhifə
olmaqla nəşr olunmasına müvəffəqiyyətlə
nail olub. 2007-ci ildən isə “Azərbaycan” qəzetinin
Naxçıvan MR üzrə xüsusi müxbiri işləyir.
O, eyni zamanda II və III çağırış
Naxçıvan MR Ali Məclisinin deputatıdır. Tarix
üzrə fəlsəfə doktoru olan Məmməd Məmmədov
bir sıra elmi və publisistik məqalələrin,
“Naxçıvan MR-də ictimai siyasi proseslər”
monoqrafiyasının müəllifidir. Həm Azərbaycan
Respublikasının, həm də Naxçıvan Muxtar
Respublikasının Əməkdar jurnalistidir.
Qazandığı uğurlara görə həmişə
özünü Ulu öndər Heydər Əliyevə və
onun davamçılarına borclu hesab edib. Aramızdakı
yaş fərqinə baxmayaraq Məmməd müəllim
böyüklə böyük, kiçiklə kiçik
olmağı bacarır. Boş vaxtlarımızda
Naxçıvanın ən gözəl guşələrindən
biri olan “Bazar gölü” kafesində onunla tez-tez mətbuatdan
danışar, qəzetlərdə çıxan bəzi məqalələr
haqqında söhbət edər, yeni çıxan məqalələrini
yaxşıca analiz edirik. Bir gün Məmməd müəllim
deyəndə ki, bu günə qədər min bir əzab-əziyyətlə
yazdığım və müxtəlif qəzetlərdə dərc
etdirdiyim məqalələri bir yerə toplamaq, kitab halında
nəşr etdirmək istəyirəm, doğrusu bu işi
qısa vaxta həyata keçirəcəyinə
inanmamışdım. Fikirləşirdim ki, yəqin bu işləri
bir neçə il sonra həyata keçirəcək. Amma iki
gündən sonra mənə zəng edərək nəşr
edəcəyi kitabın “Naxçıvan: Dövlət
müstəqilliyi uğrunda mübarizənin dayağı”
adlandırdığını söylədi. Düzü,
çox duruxdum. Onun operativ və çox zəhmətkeş
adam olduğunu bilsəm də, bu qədər qətiyyətlə
işə girişəcəyinə inanmamışdım.
“Heydər Əliyev
çörəyi”, “Siyasətdə Naxçıvan dərsləri”,
“Mənim qəzetli dünyam”, “Şərqin qapısı
Naxçıvan”, “Naxçıvan – kiçik Azərbaycandır”,
“Ömrümün qırxıncı baharı”
kitablarının müəllifi olan Məmməd Məmmədovun
“Naxçıvan: Dövlət müstəqilliyi uğrunda
mübarizənin dayağı” kitabını onun
yaradıcılıq zirvəsi hesab etsək inanırıq ki,
müəllifə qarşı haqsızlıq etmərik. Şirvannəşrdə
nəfis tərtibatla və rəngli şəkillərlə
çap olunmuş kitab ulu öndər Heydər Əliyevin əbədiyaşar
xatirəsinə ithaf olunub. Elmi məsləhətçisi
Naxçıvan Dövlət Universitetinin rektoru, akademik
İsa Həbibbəyli, redaktoru Azərbaycanın əməkdar
jurnalisti və Müstəqil Jurnalistlər Liqasının sədri
Xalid Niyazov olan kitabın elə ilk səhifəsi də milli
lider Heydər Əliyevin “Naxçıvan milli azadlıq,
dövlət müstəqilliyi uğrunda gedən mübarizələrin
həmişə dayağı olub” fikri ilə başlayır.
Sonra isə Ulu öndərin layiqli davamçısı Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və bu siyasi
kursu Naxçıvanda uğurla həyata keçirən, NMR
Ali Məclisinin Sədri Vasif Talıbovun Naxçıvan
haqqında fikirləri kitabda yer alıb. “Ön söz əvəzi
və yaxud ömrümün yaddaqalan günləri”ndə
müəllif 20 il öncəki Naxçıvan həyatından,
gözləri ilə gördüklərindən, o zaman
Naxçıvanda qəbul edilmiş taleyüklü qərarlardan
və bu qərarlara jurnalist mövqeyindən
yanaşmasından danışır. Əməkdar jurnalist
Xalid Niyazovun “Redaktor sözü, yaxud dünyaya açılan
“tənha ada” adlandırdığı ön söz o qədər
səmimi, içdən və axıcı yazılıb ki,
ömrümboyu oxuduğum kitablarda bu qədər içdən
və səmimi, oxucunu özünə cəlb edəcək
ön sözə rast gəlməmişəm. Altı bölmədən
ibarət kitabın birinci bölməsi görkəmli dövlət
xadimi Heydər Əliyevin siyasi fəaliyyətinin
Naxçıvan dövrü adlanır. Bu bölmədə
tarixin bağrından qopub gəlmiş hadisələr inci
kimi, səf-səf sıraya düzülür. Taleyüklü
qərarlar, hadisələr ağ vərəqlər üzərinə,
yaddaşlara köçürülür. Hər biri də bir
tarix, düşmən gözünə tuşlanan bir ox kimi...
“Dövlət müstəqilliyinin bərpası
istiqamətində qəbul edilən tarixi qərarlar” adlanan
ikinci bölmədə “Azadlıq və istiqlaliyyət
uğrunda mübarizənin başlanğıcı”nda baş
verən hadisələr canlı şahidin gözündə
yenidən film kimi canlandırılır. Ağrılı,
acılı, əzab dolu tarixi yolda Azərbaycandakı
durğunluq, Naxçıvandakı sərhəd hərəkatı,
müəllifin fikrincə, “Milli istiqlal mücadiləsinin
Naxçıvan mərhələsi”ni labüdləşdirdi.
Bunun ardınca “Böyük siyasətə qayıdış”
başladı və “Naxçıvandan başlanan milli
dirçəliş prosesi” “Milli birlik və həmrəylik
günü”nün və “Bir millət, iki dövləti birləşdirən
körpü”nün təməlini qoydu. Beləliklə, “20
Yanvar faciəsinə də ilk dəfə Naxçıvan Ali
Məclisində qiymət verildi”. Amma Azərbaycandakı vəziyyətin
get-gedə nəzarətdən çıxdığı bir
vaxtda, Naxçıvanda Azərbaycan tarixi və müstəqilliyi
üçün ən önəmli qərar verilirdi. Bu barədə
müəllif “Heydər Əliyev və Naxçıvanda Mili
Ordu Quruculuğu məsələləri”ndə söhbət
açır. Bundan sonra qarşıya qoyulan prioritet məsələ
beynəlxalq əlaqələr olacaqdı... “Yeni və
müasir Naxçıvan” adlanan üçüncü
bölmədə müəllif 20 il öncədən bu
günədək öz gördüklərini qələmə
alır...
“Yeni və müasir
Naxçıvan(ın): inkişafdan intibaha doğru”
böyük addımlarla irəlilədiyini, “Müstəqillik
dövrümüzdə(ki) Naxçıvan”la müqayisə
oluna bilməyəcək şəkildə gözəlləşdiyini,
mənzərəsini dəyişdiyini yazır. “Şərurun
abad, gözəl və yaraşıqlı kəndləri”ni gəzən
müəllif yenidən Naxçıvana
qayıtdığı zaman “Naxçıvan möcüzəsi”nin
şahidi olur. Dördüncü bölmədə müəllif
Naxçıvanın nə qədər inkişaf etsə
öz tarixi simasını qoruduğunu, bu yurdun “Qədim abidələr
diyarı: Naxçıvan”
adlandırıldığını yazır.
“Naxçıvanda Nuh peyğəmbərin məzarüstü
türbəsi”ni ziyarət edir, tarixi yaddaşı
varaqlayır, “Naxçıvan buzxanası”nda sərinləyib,
“Xan Sarayı”na yol alır...
“Açıq səma altında muzey”də gördüyü qoç heykəllərinə heyrətini gizlədə bilmir. Amma yol uzundur.. O, “Qarabağların daş yaddaşı”ndan “Azərbaycanın incisi” və qoruq şəhəri olan Ordubad”a qədər böyük bir yol qət etməlidir... Bu ulu yurdda müəllif hələ çox şeylə rastlaşacaq... Buna görə də o beşinci bölmədə gördüklərini “Naxçıvan: mədəniyyəti, təbiəti və sərvətləri ilə” adlandırır. Oğuz babalarımızın ilkin möhürü olan “Şərur yallısı (nın) – Naxçıvanın tacı” olduğunu öyrənir. “Tənzərə”, “Köçəri”, “Urfanı”, “Qaladan-qalaya” yallısı onu susuzdurur, “Təbii bulaqlar muzeyi”ndə su içmək istəyir. Amma “Sirab”, “Badamlı”, “Gülüstan” kimi mineral bulaqların hansından içəcəyini, “Ahabi-Kəhf”, “Darıdağ” kimi təbii müalicəvi sulardan hansında yuyunacağını yəqinləşdirə bilmir... Və özü-özü ilə ağrılı, acılı, xoş günlərin söhbətini edir... Buna görə də altıncı bölmədə o “İqtisadi blokadanın çətinliklərindən” danışır. “Naxçıvan: iqtisadi blokadanın ağrılı, acılı söhbəti” onu “Yalan və həqiqət”i ayırd etməyə çağırır. “Ürəyim(n)də yaşayan ağrı və şölələnən ümid”lə Xudafərindən keçir... Yeni-yeni axtarışlar onu “Ömür kitabından sətirlər”i varaqlamağa vadar edir... Sonda müəllifin gördükləri, yazdıqları fotoların dili ilə oxucularla söhbətini davam etdirir... Beləcə “Naxçıvan: Dövlət müstəqilliyi uğrunda mübarizənin dayağı” adlanan kitab haqqında bizim fikirlərimiz də sona çatır. Ancaq bu kitabı oxuduqca görürsən ki, yox, hələ Naxçıvanda yaşasaq da, bizim görə bilmədiyimiz çox şey var bu ulu yurdda, bu qədim diyarda...
Elmar HÜSEYNOV
525-ci qəzet.- 2011.- 19 may.- S.5.