Seyid Əzim Şirvaninin qəbirüstü abidəsinin açılışı olub

 

ELXAN SÜLEYMANOV: “SEYİD ƏZİM ŞİRVANİ VƏ ONUN QOYUB GETDİYİ ZƏNGİN İRS İNDİ DƏ DİLLƏRDƏ YAŞAYIR”

 

Mayın 21-də XIX əsrdə yaşamış Azərbaycanın görkəmli şairi və mütəfəkkiri Seyid Əzim Şirvaninin Şamaxının Şahxəndan qəbiristanlığında qəbirüstü abidəsinin əsaslı yenidənqurmadan sonra açılış mərasimi keçirilib. Qəbirüstü abidənin yenidən qurulmasının təşəbbüsçüsü və dəstəkçisi, millət vəkili Elxan Süleymanov mərasimi giriş sözü ilə açaraq bildirib ki, Şamaxı Şərq dünyasına bir çox dahi bəxş edib. O, belə insanlardan birinin XIX əsrin görkəmli şairi Seyid Əzim Şirvani olduğunu diqqətə çatdırıb: “Seyid Əzim hər zaman millətin tərəqqi etməsini və cahillikdən uzaqlaşmasını maarifpərvər bir insan kimi özünün qarşısında əsas məqsəd qoymuşdur. O, əsərlərində İslamı öz mənfur məqsədləri naminə istifadə edən mollaları tənqid edir və əhalini onların fitnələrinə qulaq asmamağa çağırırdı. Seyid Əzim məhz belə fikirlərinə görə yalançı ruhanilərin, insanların savadsızlığından istifadə edən o dövrdəki məmurların qəzəbinə tuş gəlirdi. Hətta onun müəllimlik etməsinə imkan vermirdilər. Amma ona təzyiq edənlərin, “Allahsız” adlandıranların adı indi heç bir yerdə çəkilmədiyi halda Seyid Əzim Şirvani və onun qoyub getdiyi zəngin irs indi də dillərdə yaşayır. Bu gün onun əsl iman sahibi olduğu təsdiqlənir”.

 Tədbir zamanı E.Süleymanov bərbad vəziyyətdə olan orta məktəblərdən birinə Seyid Əzim Şirvaninin adının verilməsi və həmin təhsil müəssisəsini öz hesabına təmir etdirməsi barədə təklif irəli sürüb. Eyni zamanda deputat mərasimdə şairin qəzəllərini səsləndirən iki məktəbliyə Seyid Əzim Şirvani mükafatının veriləcəyini bəyan edib. Şamaxı rayon icra hakimiyyətinin başçısı Asim Məmmədov bildirib ki, şairin abidəsinin yenidən qurulması sevindirici haldır. S.Ə.Şirvaninin qəbirüstü abidəsinin açılışını edən akademik Bəkir Nəbiyev bildirib ki, bu tədbir onun üçün gözlənilməz olub. Onun sözlərinə görə, Füzulidən sonra Azərbaycan qəzəlinin yüksək zirvəsində dayanan şairlərdən biri təqribən 175 il bundan öncə Şamaxıda dünyaya göz açmış S.Ə.Şirvanidir: “Şairin əsərləri dönə-dönə nəşr edilib, qəzəlləri geniş yayılır, yaradıcılığı barədə tədqiqatlar aparılır. Çox ürəkaçan bir faktdır ki, prezident İlham Əliyevin xüsusi sərəncamı ilə 25 min nüsxədə nəfis şəkildə nəşr edilib ölkəmizin kitabxanalarına hədiyyə edilən klassik əsərlərimiz arasında S.Ə.Şirvaninin ikicildlik, sanballı kitabları da var. Bizim üçün xoş və fərəhlidir ki, artıq gözəl bir ənənəyə çevrilmiş Azərbaycan muğam müsabiqələrində Seyid Əzimin qəzəlləri xanəndələrin ifası ilə tamaşaçılara çatdırılır. Ədəbiyyatımızın yeni intibah mərhələsi olan XIX əsrdə Mirzə Fətəli Axundovun Azərbaycan dramaturgiyası və ümumən ədəbi-ictimai, fəlsəfi fikir tarixində Həsən bəy Zərdabinin Azərbaycan mətbuatı tarixində yerinə yetirdikləri taleyüklü, şərəfli missiyanı həmin əsrin ortalarında Hacı Seyid Əzim Şirvani yerinə yetirmişdir.

Seyid Əzim Şirvaninin ədəbiyyatımız qarşısında ən böyük xidmətlərindən biri də budur ki, Mirzə Ələkbər Sabir kimi, Yaxın Şərqdə satirik poeziyanın ən qüdrətli nümayəndəsinin müəllimi olmuş, onun bədii zövqünün inkişafına çox ciddi təsir göstərmişdir. Azərbaycan poeziyası ədəbiyyatşünaslıq elminin tarixində ən sanballı, mükəmməl təzkirələrindən birini Seyid Əzim Şirvaninin qələmilə tapmışdır. Bu təzkirə İran, Türküstan, Rum şairlərindən, onların yaradıcılığından da bəhs etsə də, əsərdə əsas yeri elə bizim Şirvan şairlərinin irsi tutur”. S.Ə.Şirvaninin may ayının 20-də dünyasını dəyişdiyini dilə gətirən millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, şairlər, yaradıcı insanlar heç vaxt ölmür, əsərləri oxunduqca, onlara yaşayır: “Çox sevinirəm ki, bu, Seyid Əzimin adına yaraşan bir abidəsinin açılışıdır və buradan hər dəfə keçəndə ona salam verib keçəcəyik. Görülən işlərə görə Şamaxı rayon ictimaiyyətinə və təşəbbüs göstərən adamlara, eyni zamanda həmkarım Elxan Süleymanova xüsusi təşəkkürümü bildirirəm. Çünki millət vəkili olaraq, onun gördüyü iş təkcə Şamaxı camaatına xidmət deyil, həm də böyük Azərbaycan ədəbiyyatına xidmətdir”. S.Rüstəmxanlı fikrincə, Şirvan hələ layiqli qiymətini almamış bir yerdir. O, şair Əli Kərimlinin şeirindən sitat gətirərək, Şirvanın pinəçisinin də alim təfəkkürlü, şair xəyallı olduğunu diqqətə çatdırıb: “Təsadüfi deyil ki, Şirvan təxminən 1500 il ərzində təkcə Azərbaycan ədəbiyyatına və mədəniyyətinə yox, bəlkə də ümumislam və türk ədəbiyyatına, mədəniyyətinə bir-birindən qiymətli şəxsiyyətlər verib”.

Milli Məclisin üzvü Qənirə Paşayeva bildirib ki, S.Ə.Şirvanin yenilənmiş gözəl abidəsi gənclərin ziyarət yeri olmalı, buradan keçən hər bir azərbaycanlı buranı ziyarət etməyi özünə borc bilməlidir: “Böyüyən gəncliyimiz Seyid Əzim Şirvanini, Mirzə Ələkbər Sabiri təkcə anmamalıdır, həm də anlamalıdır. Çünki Şirvani dünən də, bu gündə, sabah da özünün gözəl şeirləri ilə deyil, özünün düşüncəsi, fəlsəfəsi, millətin inkişafı ilə bağlı tutduğu yolu ilə hər zaman bizim müasirimiz olacaq. O, hər zaman milləti elmə, təhsilə səsləyirdi, millətin ən böyük bəlasının cahillikdən, xurafatdan qaynaqlandığını deyirdi. Dini xurafatdan ayırırdı və xurafatın arxasınca getməməyə çağırırdı. Eyni zamanda qadının əsarətinə qarşı çıxırdı, onların inkişafına, təhsilə sahib olmasına səsləyirdi”.

 Tədbirdə millət vəkilləri Xanhüseyn Kazımlı, Qüdrət Həsənquliyev, İqbal Məmmədov, Ərəstun Cavadov, Rövşən Rzayev, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, yazıçı-dramaturq Əli Əmirli, bədii qiraət ustası Ağalar Bayramov, şair Arif Səfa və digər tanınmış ziyalılar iştirak ediblər.

 

 

BƏXTİYAR

 

525-ci qəzet.- 2011.- 24 may.- S.7.