Oxuculara “özəl poçtdan məktub”
var
Xalqımızın görkəmli
yazıçılarının zamanın tələblərinə
cavab verən, yeni gənc nəslin milli ruhda tərbiyələnməsində
mühüm rol oynayan əsərlərinə bu gün həmişəkindən
də çox mənəvi ehtiyac var. Bu xüsusda,
yaradıcı, ziyalı qadınlarımızın
yaradıcılığını, fəaliyyətini yada
salmaq, canlı xatirələri qələmə alıb
oxuculara çatdırmaq nəcib və xeyirxah bir işdir. Mənim
də taleyimə elə qismət olub ki, uzun illər
çalışdığım “Gənclik” nəşriyyatında
belə mənəviyyatlı xanımlarla bir yerdə işləmiş,
onların yaradıcılıq uğurlarının həmişə
canlı şahidi olmuşam. Xüsusilə, keçən əsrin
70-80-ci illərində nəşriyyatda yüksək
ixtisaslı poliqrafçılar, redaktorlar, kitablara gözəl
tərtibat verən rəssamlar yetişmişdi. Haqqında
öz ürək sözlərimi demək istədiyim
yazıçı-publisist Zöhrə Əsgərovanı bir
yerdə çalışdığımız “Gənclik” nəşriyyatından
yaxşı tanıyıram... Yadımdadır, keçən əsrin
80-ci illəri idi. “Gənclik” nəşriyyatında
işçilər arasında illər
qarşılıqlı qayğı, mehribançılıq,
doğmalıq davam etdiyi halda yazıçı Əzizə
xanım Əhmədova səhhəti ilə bağlı rəhbərlik
etdiyi nəşriyyatı tərk edəndən sonra bu
münasibətlər tamam dəyişildi. Nəşriyyatda
soyuqluq, qruplaşma halları yaranmağa başladı.
50-60-cı illərin səriştəli
naşirlərinin, redaktorlarının, tərcüməçilərinin,
rəssamların çoxu özünə yeni iş yerləri
axtarmağa başladılar. 80-ci illərdə
yazıçı kimi tanınmış Zöhrə xanım
nəşriyyatda redaktor kimi fəaliyyətə
başladı. Onun ilk günlərdən səmimiyyəti,
xoş rəftarı kollektivdə isti atmosferin yaranmasına səbəb
oldu. SSRİ dövründə dövlət əhəmiyyətli
nəşriyyatlardan biri sayılan “Gənclik” nəşriyyatının
kollektivi ilə dil tapa bildi, hamının hörmətini
qazandı. O vaxtdan bir-birimizə olan səmimi münasibətimiz
daha da möhkəmləndi. Nədənsə məni bir sual həmişə
düşündürüb. Görəsən,
yaradıcılığının, sənətinin yüksək
zirvələrinə çatan Azərbaycanın
yaradıcı qadınları ailə, uşaq, nəvə və
s. bütün bu kimi qayğılara baxmayaraq, bu qədər
çətin işlərin öhdəsindən necə gəlirlər?
Axı yaradıcılıq da öz sahibindən ayrıca diqqət
və qayğı tələb edir...
Milli, mədəni dəyərlərimizi
öz istedad və bacarığı ilə daha da zənginləşdirən
Azərbaycan qadınları H.Qurbanova, B.Şəkinskaya, L.Bədirbəyli,
N.Rəfibəyli, Mədinə Gülgün, M.Dilbazi, Ə.Cəfərzadə,
Afaq Məsud, Ə.Əhmədova, X.Hasilova, Zöhrə Əsgərova
və başqalarının ən müqəddəs amalı
xalqına ləyaqətlə xidmət etməkdir. 40 ildən
artıq yaradıcılıqla məşğul olan,
sözün ilahi qüdrətindən ilham alan Zöhrə
xanım “Ünsiyyət” adlı ilk kitabından oxucuları
sözün sehrinə salmağı bacardı. Müxtəlif
illərdə onun “İki tale”, “Tənhalıq”, “Özgə
evin işığı”, “Mirvari toy”, “Özəl poçtdan
məktub var” nəsr kitabları çap olundu. Kitablarında
sanki “Bu mənəm, bu mənim
yaradıcılığım, sizinlə bölüşmək
istədiyim fikirlərdir”, deyən hörmətli
yazıçımız öz oxucularını qələmə
aldığı mövzularla yaşamağa,
düşündürməyə qadirdir. Yaradıcılıq
qəribə bir dünyadır. Bu haqda Zöhrə
xanımın öz etirafı yerinə düşərdi:
“Fikirlərin göylərindən ağ vərəqlərə,
sanki, söz “yağışı” yağır. Sözlər
də fəsillər kimi gah istidir, gah soyuq.
Yağışlı gündə işıqlı fikirlərimizin
üfüqlərində günəş batmır”. Budur,
sözün qüdrəti. Yaxud “Hənifənin etirafı”
hekayəsindəki fikirlər kimi: “Görəsən,
insanları bir-birindən nə ayırır? Yadlıq ilə
doğmalıq arasında məsafə nə qədərdir?
Neçə addım, neçə il, neçə ay? Kim
bilir? Yadların doğmalığı, yoxsa doğmaların
yadlığıdır tale yollarımızı dəyişən?
Yadlıq ilə doğmalığın sərhədində
kim udur, kim uduzur?” Hekayədə qocaman aktrisanın həmişə
əlindən düşməyən əl yaylığına
da müəllif, sanki can, nəfəs verir, qadının bir
çox psixoloji vəziyyətində əl
yaylığı, sanki oxucu ilə ünsiyyətə girir. Hadisələrin
inkişafında bir vasitəçi rolunu oynayır. Bu,
yazıçının incə müşahidə
bacarığına malik olduğunu göstərir. “Özəl
poçtdan məktub var” hekayəsi isə
xalqımızın ləyaqətli şəxsiyyəti
Zeynalabdin Tağıyevə həsr edilib. Burada nəticəsi
yaşlı bir insan olan Tofiqin ulu babası ilə qeyri-adi
yuxuda tarixi görüşündən, həyat qədər
real olan söhbətlərindən bəhs edilir. Hacı
dünyasını dəyişsə də onun
xeyirxahlığı, nəcibliyi yaşamaqdadır. Pula ehtiyacı
olan bir insana nəticəsi Tofiq vasitəsilə o dünyadan
“özəl poçtla” yardım etməsi hekayənin əsas
süjet xəttidir. Xalqımızın başına gələn
faciələrin dəhşətlərini açıqlayan
“Kor səhər”, “Son mənzilə gedən qatar” hekayələrində
yazıçının vətəndaş mövqeyi,
düşmənə qarşı nifrəti sərtdir, qətiyyətlidir.
Bu hekayədə də Xocalı faciəsində musiqi aləti
olan tütək canlıdır, yiyəsi kimi. Hekayə bu
sonluqla bitir: “Doğmalarından zülmlə ayrılan
Xocalının dərdi yerə-göyə sığmır. Orda
səhərin gözləri kordur...
Orda kor İlyasın tütəyi
də yiyəsi kimi şəhiddir”. Böyük bir maraqla
oxunan, daha çox sevilən “Bir gecənin qonağı”,
“Mirvari toy” hekayələrində isə obrazların
düşdüyü psixoloji gərginlik, mənəvi
yalqızlıq, yaralı xatirələrin harayı oxucunun qəlbində
doğma, tanış hisslər kimi əks-səda verir. Ərini
itirmiş orta yaşlı Mənsurə azərbaycanlı
xanımına məxsus sədaqəti, həssaslığı
ilə diqqəti özünə cəlb edir. Hekayədə
biz Mənsurə və əri Səmədin gəncliyinə
qayıdır, aralarında baş verən maraqlı sərgüzəştlərin
canlı şahidi oluruq. Toylarının 30 illiyini – Mirvari
toyunu keçirməyə Əzrayıl macal vermir. Mənsurənin
yalqız qaldığı mənzilindəki sakitliyi, ancaq
xatirələrin “səsi” pozur, bu məkanda yeni-yeni yazılar
doğulur. Mənsurə daxili sarsıntılarını
unutmaq üçün “arı kimi nilufər çiçəyini
tapmaq istəyir. Çünki arı nilufər çiçəyinin
ətrinə, şirəsinə elə aludə olur ki,
axşamın necə gəlib düşdüyünü, onun
ləçəklərinin bağlandığını hiss
etmir, içində ölür”. “Bir gecənin
qonağı”nın baş qəhrəmanı vəfat
etmiş alim Behbud kişidir. O, vətənpərvərlik xəstəliyindən
vəfat edib. Yas məclisində, ancaq öz qayğı və
problemləri haqda danışmağa üstünlük verənlərin
əsl simaları oxucuda həm gülüş, həm də
təəssüf doğurur. Mərhum Behbudun cənazəsi
evindən çıxarılarkən başına toplanan
laqeyd insanlara ruhun son ittihamı nə qədər
inandırıcı və acı bir mənzərədir:
zaman, şərait hətta ölünü də dilə gətirir.
Zöhrə xanımın qələmə aldığı qəhrəmanları
adi insanlar deyil, orijinal düşüncə qabiliyyətinə
malik olan, öz mənliyi, əqidəsi, siması ilə
seçilən şəxsiyyətlərdir. Həyatda da
müəllif haqqında bu müsbət keyfiyyətləri demək
olar. Onun həyatı zəngin, mənalı bir hekayətdir. Onun
yaradıcılıq xidmətləri hər cür tərifə,
təltiflərə layiqdir. Onun son dərəcə kövrək
qəlbinin məhsulu olan kitabları hələ neçə
nəsil gənclərin duyğularına, hisslərinə
hakim kəsiləcək, öz aləminə qovuşduracaq,
çoxları ilə bölüşmədiyi qiymətli
fikirlərini yalnız öz doğma oxucusuna etibar edəcək.
Zöhrə xanımın “Özəl poçtdan məktub
var” kitabına daxil etdiyi esselərdə tariximiz, mədəniyyətimiz,
bəzi qərb filosoflarının ziddiyyətli absurd
dünyagörüşü bədii boyalarla məntiqdən
doğan incə yumorla təhlil olunur. Yazılarda bəşəri
duyğular üstünlük təşkil edir.
Zöhrə xanım aktual,
qlobal mövzulu esseləri ilə oxucularla birbaşa dialoqa
girir. Bu isə uzaq, yaxın tarixlərə, mədəniyyət
dünyasına qiyabi ekskursiyalardır desək,
yanılmarıq. Pikassonun məşhur sülh rəmzi olan
ağ göyərçini, sanki Zöhrə xanımın
müharibəyə, zorakılığa qarşı
yazılan esselərinin üzərində qanad çalır. “Varlığımız
ağlımızın güzgüsüdür”, “İnsan
yeganə varlıqdır ki, olduğu kimi görünmək
istəmir” esselərində bu mövzu qəlb
yanğısı ilə təhlil edilir: “...dünyanın
qaynar nöqtələrində haqq, ədalət özü
iftira və zalımlığın köləsinə
çevrilirsə, şüurlara siyasi effemizm
üsullarıyla təsir edilərək, başqasının ərazisinə
hücum “müdafiə reaksiyası” termini ilə əvəz
olunub çirkin əməllərə bəraət
qazandırılırsa, onda dahi insanlara hörmətimiz daha da
artmalıdır. Onlar vətənpərvərliyi, sevməyi,
yaşamağı öyrətmişlər, ölməyi
yox... aclıqdan, səfalətdən ölən, müharibə
şəhidləri olan minlərlə məsum uşaqlara sərsəm
dünyamız vaxtsız ölümdən savayı nə
verir?!”.
Azərbaycan qadınının
ağıl və mənəviyyatının bir daha nəyə
qadir olduğunu sübut etmək üçün Zöhrə
Əsgərova yaradıcılıq yolunu seçib. Bu günlərdə
Yazıçılar Birliyində Zöhrə xanımın 60
illik yubileyi yüksək səviyyədə qeyd olundu. Mən
də keçmiş iş yoldaşımı, dostumu,
istedadlı qələm sahibini həm yubileyi, həm də
yeni çapdan çıxan “Özəl poçtdan məktub
var” kitabı ilə səmimi qəlbdən təbrik edir, ən
əvvəl ona can sağlığı, yeni-yeni
yaradıcılıq uğurları arzulayıram. Üzündən
sevinc heç vaxt əskik olmasın, əziz Zöhrə
xanım!
Nəriman Veysəloğlu,
Əməkdar Mətbuat (poliqrafiya) və
Əməkdar Mədəniyyət işçisi
525-ci qəzet.- 2011.- 24 may.- S.6.