Qəbələdə Oljas Suleymenovun 75 illik yubileyi qeyd olunub

 

Qəbələ şəhərindəki “Qafqaz Riverside” otelində Qazaxıstanın və türk dünyasının məşhur şairi, yazıçısı, alimi və dövlət xadimi Oljas Suleymenovun 75 illik yubileyi və onun “Dostluq” ordeni ilə təltif edilməsi münasibətilə təntənəli tədbir keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, tədbirdə Milli Məclisin deputatları Elmira Axundova, Nizami Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, xalq şairi Vaqif Səmədoğlu, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev və digər ziyalılar Oljas Suleymenovu təbrik edərək onun ədəbiyyatda, elmdə, türk dilinin tarixinin öyrənilməsində, Azərbaycan və qazax xalqları arasında dostluğun möhkəmlənməsində böyük xidmətlərini və rolunu vurğulayıblar.

Çıxışlarda qeyd olunub ki, Oljas Suleymenov sovet hökumətinin 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı cinayət törətdiyi ən ağır günlərdə türk dünyasının Azərbaycanın onun xalqının yanında duran az sayda görkəmli nümayəndələrindən biridir. O, qanlı hadisələrin ertəsi günü Azərbaycana gəlib. Ona görə də O. Suleymenov Azərbaycanın böyük dostu sayılır. Yüksək mükafata – “Dostluq” ordeninə görə Azərbaycan xalqına və rəhbərliyinə minnətdarlığını bildirən O. Süleymenov deyib: “Bu orden mənim üçün ən böyük və yüksək mükafatdır, çünki mən dostluq anlayışının özünü hər şeydən uca tuturam”. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə O. Suleymenov “Dostluq” ordeni ilə təltif edilib. 2006-cı ildə isə o, “Şöhrət” ordeni ilə təltif olunmuşdu.

 

 

525-ci qəzet.- 2011.- 25 may.- S.7.