Bizdən ayrılanlar
Əməkdar jurnalist Məmməd Məmmədovun əziz
xatirəsinə
Ömür boyu qazandıqlarımız itirdiklərimiz boydadır... Azərbaycan mətbuatına, elminə və ictimaiyyətinə yeni bir itki üz verdi. Yenə itirdik... Bu dəfə də Naxçıvan MR Ali Məclisinin deputatı, Azərbaycanın və Naxçıvan MR-in əməkdar jurnalisti, tarix üzrə fəlsəfə doktoru, dosent Məmməd Məmmədovu əcəl aldı əlimizdən...
Nədənsə 3-4 gün öncə Məmməd müəllimin yeni nəşr olunan “Naxçıvan: Dövlət müstəqilliyi uğrunda mübarizənin dayağı” kitabına resenziya yazarkən belə başlamışdım:
Məmməd Məmmədovu ilk dəfə düz 7 il
öncə tanımışdım. O vaxt
Naxçıvanın mərkəzi qəzeti olan “Şərq
qapısı”nın Baş redaktoru idi. Əslində mətbuata
olan marağım məni onun yanına aparmışdı. İşləmək
istədiyimi söylədikdə, – “çox yaxşı, sən
hələ gəncsən istəsən gələcəkdə
yaxşı jurnalist də ola bilərsən” – dedi. Elə həmin
gün məni qəzetdə korrektor vəzifəsinə
götürdü. Sonra da qələm əhli olduğumu,
cızma-qara edə bildiyimi görüb qəzetdə
müxbir işləməyimə şərait yaratdı. Amma yollar
nə qədər birləşsə də, gec tez
ayrılır. Beləcə, “Şərq qapısı”nda birləşən
yolumuz da bir müddət sonra ayrıldı və Azərbaycan
Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində
yenidən birləşdi. Bir-birimizə qarşı səmimi
münasibətimiz, inamımız və qırılmaz tellərlə
söz adamlarını özünə bağlayan mətbuat
bizi də yaxın dosta çevirdi.
...Amma bu dəfə yollarımız
birləşməyəcək şəkildə
ayrıldı... O, bu dəfə təkcə bizdən
ayrılmadı, o bizim kimi neçə-neçə dostundan, əzizindən,
yaxınından – Azərbaycan mətbuatından, Azərbaycan
elmindən, siyasətindən ayrıldı. Özünəməxsusluğu
ilə həmişə hamını heyrətə salan Məmməd
müəllim heç kimin, heç kəsin gözləmədiyi
anda ortaya çıxırdı. O sanki gözlənilməz
adam statusunu almaq istəyirdi həyatdan və elə öz
gözlənilməz gedişi ilə də aldı bu
adı...
O yorulmadan, usanmadan sevməyi,
mübarizə aparmağı xoşlayırdı. Bircə
amalı, bircə ideyası vardı həyatda. Bu da dövlətçilik
idi. Həmişə, – yazdıqlarınızla öz
mövqeyinizi ortaya qoyun, – deyən Məmməd müəllim
hər gün yeni-yeni ideyalarla aşıb-daşan,
özünəməxsus bir adam idi...
– Əsl jurnalist hər
şeydən yazmağı bacaran deyil, nə zaman harda və
necə yazmağı bacarandır, – sözləri ilə
böyük bir jurnalist ordusu yetişdirə bildi...
O, Naxçıvanda öz jurnalistika
məktəbini yaratdı...
Elxan Yurdoğlu, Rufik
İsmayılov, Sahil və Rahil Tahirli qardaşları, Kərəm
Həsənov, Hafizə Əliyeva, Sara Əzimova, Şəbnəm
Həsənəliyeva və bəndəniz Elmar Hüseynov da məhz
bu məktəbin nümayəndəsidir...
Onun
yaradıcılığı yalnız Naxçıvanla məhdudlaşmırdı,
bəzən Bakıdan, Türkiyədən, İrandan da
yazırdı... O etdiklərindən yox, edəcəklərindən
danışardı...
Ona ən pis təsir edənsə
ətrafındakıların laqeydliyi, biganəliyi idi... O hər
kəsin dərdini yaşayırdı. Ağrı, əzab
sanki onun taleyinə yazılmışdı...
Və yalnız sevincini
paylaşardı...
Beləcə dərd zoğ
atmışdı ürəyində...
Bir gün ürəyini
parçalayacağını bilə-bilə yenə
üst-üstə yığırdı fikirləri... Sonda
ürəyi bu ağırlığa tab gətirmədi...
Çox arzulasa da, Allah ona
qismət etmədi övlad toyu görməyi... İyun
ayının 14-ü əlli yaşını qeyd edəcəkdik...
Amma fələk aman vermədi...
Sağlığında başına toplaya bilmədiyi
dostlarını ölümüylə bir yerə topladı. Onun
ölümü hamını, hər kəsi sarsıtdı. Əllərim
hərflərin üstündə gəzərkən göz
yaşlarımı belə saxlaya bilmirəm. Amma ona bir söz
vermişdim. Nə vaxtsa onun haqqında mütləq
yazacaqdım. Bunu Məmməd müəllimin özü də
bilirdi... Çünki o bizim müəllimimiz, ustadımız
idi...
Ondan çox şey öyrənirdik...
Amma sona qədər öyrənə bilmədik... Əgər
yanımda olsaydı, göz yaşlarıma görə bəlkə
də məni qınayardı...
Çünki çox mətin idi...
Yeni çıxan kitabını onun yaradıcılıq zirvəsi
hesab etmişdim...
Taleyin işinə bax ki, Məmməd
müəllimin yaradıcılığı da zirvədə
dayandı...
Ürəyində bir arzusu
qaldı...
“Mənim həyat məktəbim”
adlanacaq son kitabını çıxarmaq... Amma haqqında
yazacağımı özünə söz verdiyim
üçün əllərim əsə-əsə, nə
yazdığımı belə bilməyə-bilməyə
yazıram....
Amma Allah bir də mənə
belə bir yazı yazmağı qismət eləməsin....
Onun hələ məktəbli olarkən
inşasında yazdığı və sağkən bizə
tez-tez xatırlatdığı şeirindəki bir bədi
xatırlayıram: Jurnalist olmaqçün inanın ki, mən,
Keçərəm hər
oddan,
hər çətinlikdən.
Əgər bu arzuma çata
bilməsəm,
Küsərəm mən
yalnız öz taleyimdən.
Qəbrin nurla dolsun,
Allah sənə rəhmət
eləsin, ustad!
Elmar HÜSEYNOV,
Naxçıvan
525-ci qəzet.- 2011.- 25 may.- S.2.