Gənc yazar Bakı Atatürk Liseyinin birincisi oldu

 

SƏFİR HULUSİ KILIÇ: “MİRBƏHRAM ƏZİMBƏYLİ YAXINDAN TANIDIĞIM VƏ DÜNYAGÖRÜŞÜ İLƏ SEÇİLƏN GƏNC YAZARDIR”

 

May ayının 23-də Bakı Atatürk Liseyinin təşkilatçılığı ilə Səməd Vurğun adına Rus Dram Teatrında 28 may – Azərbaycanın Müstəqillik Günü və 11-ci sinif başa vuran şagirdlərinin məzun günü ilə əlaqədar tədbir keçirib. Vətən uğrunda şəhid olanların xatirəsi anıldıqdan sonra liseyin şagirdlərinin ifasında Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Tədbirdə çıxış edən Bakı Atatürk Liseyinin direktoru Şinasi Güneri bildirib ki, təhsil ocağının əsası1992-ci ildə Türk Dünyası Araşdırmalar Vaqfi tərəfindən qoyulub: “Biz təhsil ocağı olaraq, hər zaman şagirdlərimizin savadlı, Vətəninə və dövlətinə layiqli bir insan kimi yetişməsinə çalışırıq. Azərbaycanda bu sahədə irəliləməyimizdə hər zaman dəstək verən qardaşlarımıza da təşəkkür edirik. 2000-ci ildən başlayaraq şagirdlər liseyimizdən məzun olurlar. Bu illər ərzində şagirdlərimiz bilik olimpiadalarında, beynəlxalq tədbirlər iştirak edib və Azərbaycanın adını yüksəklərə qaldırıb”.

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib ki, Bakı Atatürk Liseyi Azərbaycanda ən yaxşı təhsil ocaqlarından biridir. Onun sözlərinə görə, liseyin bu səviyyəyə çatmasında müəllimlərin rolu böyükdür: “Ən əsası odur ki, Bakı Atatürk Liseyi əsl Atatürkün adına layiq bir məktəbdir. Bu gün məzun olanlar içərisində yaxından tanıdığım və dünyagörüşü ilə seçilən gənc yazar Mirbəhram Əzimbəyli də var. Onun ailəsini də yaxından tanıyıram və onların bugünkü sevincinə qatılıram. Bu gənclərin hər birinə gələcək işlərində uğurlar arzu edir və əminəm ki, onlar Azərbaycan, bütövlükdə türk dünyasına layiqli övladlar olacaqlar”. H.Kılıç çıxışından sonra liseyi uğurla başa vuran Azərbaycan Yazıçılar Birliyinin ən gənc üzvü Mirbəhram Əzimliyə “Okul biricisi” mükafatını təqdim edib və ona gələcək işlərində uğurlar arzulayıb. Daha sonra Günay Kılıç bilik olimpiadalarında, müxtəlif beynəlxalq tədbirlərdə qalib olan liseyin şagirdlərinə mükafatlarını təqdim edib. Bakı Atatürk Liseyinin direktor müavini Vidadi Umudlu 28 may- Müstəqilik Günü ilə bağlı çıxış edərək bildirib ki, 93 il əvvəl Şərqdə ilk dəfə olaraq Azərbaycan Demokratik Respublikasının əsası qoyulub. Onun sözlərinə görə, bu respublikanın 2 ili tamam olmamış sovetlər tərəfindən işğal edildi: “Amma Azərbaycan 70 ildən sonra yenidən öz müstəqilliyinə qovuşdu və özünü 1918-ci ildə əsası qoyulmuş Azərbaycan Demokratik Cümhuriyyətinin varisi elan etdi. Çox təəssüflə demək lazımdır ki, ölkəmizin müstəqilliyinə qısqanclıqla yanaşan dövlətlər Qarabağ münaqişəsinin yaranmasına və torpaqlarımızın ermənilər tərəfindən işğal olunmasına göz yumdular. Azərbaycan xalqı olaraq əminik ki, torpaqlarımız işğaldan azad ediləcək və ölkəmiz regionda hər zaman olduğu kimi lider dövlətə çevriləcək”. Valideynlər adından çıxış edən Seyid Camal Əzimbəyli məzunlar ailələrini təbrik edərək bildirib ki, bu gün onlar üçün sevincli günlərdən biridir. O, şagirdlərin bir vətəndaş kimi yetişməsində müəllimlərin rolunu xüsusi qiymətləndirib: “Əminəm ki, bu gün məzun olanlar imtahanlarda yüksək nəticə göstərək ali məktəblər daxil olacaqlar və valideynlərini bir daha sevindirəcəklər. Onların hər birinə bu işlərində uğurlar diləyirəm”.

Türkiyənin Azərbaycandakı səfirinin təhsil işləri üzrə müşaviri Halis Koyuncuoğlu gənc yazar Mirbəhram Əzimbəylini, eləcə də ailəsini yaxından tanıdığını qeyd edərək, onun şeirindən parça səsləndirib. O ardınca qeyd edib ki, M.Əzimbəyli kimi qələm sahiblərinin olması türk dünyasının başının ucalığıdır. Təhsil müşaviri insanların həyatında xoş izlər buraxan məqamlar olduğunu vurğulayıb: “Bu məqamlardan biri orta məktəbi bitirməkdir. Məktəbi bitirən şagirdlər Azərbaycanın adını yüksək qaldırır. Dünyada zor deyil, bilik yarışması gedir. İnsanlarımız biliyə yiyələndikcə dünyada öz sözünü deyə biləcək, dövlətini müdafiə edəcək və ən nəhayət Qarabağı işğaldan azad edəcək. Bu baxımdan azərbaycanlı gənclərin savadlı olması önəmlidir”. Tədbirdə Bakı Atatürk Liseyinin şagirdlərinin iştirakı ilə ədəbi-bədii kompozisiya təqdim edilib. Tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin bütün müşavirləri, eləcə də Təhsil Nazirliyinin, TÜSİAB-ın, yerli və xarici mətbuat nümayəndələri iştirak edib.

 

 

BƏXTİYAR

 

525-ci qəzet.- 2011.- 25 may.- S.2.