“Şərq” qəzetinin 15 yaşı tamam olur

 

BAŞ REDAKTOR AKİF AŞIRLI: “SABAHA ÜMİDLƏ BAXMAĞIMIZ “ŞƏRQ”İ BUGÜNƏDƏK YAŞADIB VƏ İNDİ DƏ ÜMİD EDİRİK Kİ, QƏZETİMİZ GƏLƏCƏKDƏ DAHA ÜSTÜN SƏVİYYƏYƏ YÜKSƏLƏCƏK”

 

Azərbaycan mətbuatı tarixində öz yeri, məxsusi dəsti-xətti olan “Şərq” qəzetinin bu gün 15 yaşı tamamlanır. 1996-ci il noyabrın 1-də oxucuların görüşünə gələn “Şərq” elə qısa müddətə onların rəğbətini qazanıb. “Şərq”in hər nömrəsini oxucular illərdən bəri böyük maraqla izləyiblər. “Şərq” isə öz rəngarəngliyi, aktual mövzuları ilə oxucuların inamını doğruldub.

Bu gün xüsusilə çap mediasının yaşadığı problemlər “Şərq”dən də yan keçməyib. Amma qəzetin kollektivi nikbindir, sabaha, gələcəyin daha uğurlu olacağına inanırlar “Şərq”çilər.

Ötən şənbə “Şərq”in kollektivi qəzetin 15 yaşını qeyd etdi. Məclisə “Şərq” qəzetindən imzası tanınan, mətbuatdan xeyli müddətdir ayrılmalarına baxmayaraq, hələ də oxucuların yaxşı xatırladıqları köhnə “Şərq”çilər də qatılmışdılar.

15 ildə “Şərq”də 110 nəfər çalışıb, onların da 85 nəfəri jurnalist olub. Hazırda qəzetdə texniki və yaradıcı heyətlə birgə 21 nəfər çalışır.

Yubiley günündə qəzetin baş redaktoru Akif Aşırlı ilə müsahibə üçün vaxt müəyyən etsək də, sonra Akif müəllimin təklifi ilə və elə əksər “Şərq”çilərin də bir yerdə olmasından istifadə edərək onlarla da həmsöhbət oldum.

 

“ŞƏRQ” BİZİM AMALIMIZDIR, SÖZÜMÜZÜ DEYƏ BİLƏCƏYİMİZ YERDİR

 

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı:

 

– Əslində “Şərq” qəzetinin 15 deyil, 17 yaşı tamam olur. Çünki “Şərq”in ilk altı sayı 94-cü ildə çıxıb. Amma maddi imkansızlıq və həmin dövrdə təcrübəmizin o qədər də yetkin olmaması üzündən biz yalnız qəzetin 6 sayını buraxa bildik. 1996-cı il noyabrın 1-də isə “Şərq”i “7 gün” qəzetindən çıxan bir qrup jurnalistlə bərpa etdik. İndi o yeddi nəfərdən ikisi – mən və Yusif Nəzərli “Şərq”dəyik. Niyə biz noyabrın 1-ni seçdik? Həmin dönəmdə “7 gün” qəzetinə paralel yerdə otaq tutmuşuq və Azərbaycanın tanınmış ziyalılarından olan ekstrasens mərhum Etibar Erkin də hərdən “7 gün”ə gəlirdi. Onunla yaxşı münasibətlərimiz var idi. İlk nömrəmizə də noyabrın 1-də o şahidlik etdi. Biz qəzetin üzərinə 94-cü ildən çap olunduğunu yazmaq istəyirdik. Amma Etibar Erkin dedi ki, 94-cü il sizə uğursuzluq gətirdi, işiniz alınmadı. Ona görə də yaxşısı budur, 96-cı il noyabrın 1-i yazın. Bu sizin uğurların başlanğıcı olacaq. Mən də ziyalı bir insanın fikrini əsas götürdüm və “Şərq”in yaranış tarixi kimi 1996-cı il 1 noyabr yazdıq. Beləliklə, bir payız günü, dar bir otaqda “Şərq”yenidən çıxdı. Stollarımız, stullarımız belə yox idi. Az qala elə dizimizin üstündə yazıb, korrektə edirdik, çox çətinliklə “Şərq” qəzeti ərsəyə gəldi. Amma qısa bir müddətə çəkdiyimiz bu əziyyətin nəticəsi olaraq “Şərq” oxunaqlı bir qəzetə çevrildi. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, “Şərq” həqiqətən də ölkədə sayılıb-seçilən, ictimai rəyə daha geniş təsir imkanlarına malik olan bir qəzetdir.

“Şərq” elə bir qəzetdir ki, onu xarakterizə etsək görərik ki, həqiqətən çox çətinliklərdən, burulğanlardan çıxmışıq. Biz nələr yaşamadıq? 15 ildə xeyli məhkəmə prosesindən keçdik. Məndə arxiv var. Oraya hərdən diqqət yetirirəm. Biz 85-ə yaxın məhkəmə prosesi keçmişik. Bizi məhkəməyə çəkən insanlar yazdıqlarımızın obyektivliyindən narahat olanlar idi. Çox məhkəmə prosesləri, siyasi çəkişmələr, qalmaqallar gördük.

 

BU 15 İL RAHAT BİR DÖVR OLMAYIB.

 

Həmin qaynar yaradıcılıq mühiti içərisində “Şərq” qəzeti formalaşdı, püxtələşdi və bu gün də ölkənin aparıcı qəzetlərindən biri olaraq qalmaqdadır. Yadıma çox hadisələr düşür. Amma bir önəmli faktı deyim. 1998-ci ildə “Şərq” qəzetini Milli Məclisin o vaxtkı spikeri Murtuz Ələsgərov məhkəməyə vermişdi. İki aylıq məhkəmə çəkişməsi oldu. Murtuz Ələsgərovun o zaman vəzifəsinə görə ölkədə ciddi təsir imkanları var idi. Ancaq mən onun bir ağsaqqallığını gördüm. Elə hesab edirdi ki, onun barəsində yazılan yazı siyasi sifarişin nəticəsidir, amma orda heç bir təhqir elementləri yox idi. Məhkəmə prosesində onun tərəfindən tanınmış hüquqşünaslar iştirak edirdilər. Hətta Azərbaycan Vəkillər Kollegiyasının sədri də işə qarışmışdı. Bizim də vəkilimiz var idi və bu prosesdə bizə hüquqşünas Natiq Abdullayev böyük dəstək olmuşdu. Sonra belə başa düşdüm ki, bu prosesdə iştirak edən insanlar telefonu açıq qoyubmuşlar və mənim məhkəmədəki çıxışlarımı, fikirlərimi, hakimin suallarına verdiyim cavabları Murtuz Ələsgərov dinləyirmiş. O zaman Murtuz müəllim ağsaqqallıq göstərib bizimlə barışıq yolunu seçdi. Belə vəziyyətlərimiz çox olub.

İndi Azərbaycanın müstəqilliyinin 20 ili tamam olub. Az qala “Şərq”qəzetinin Azərbaycanın müstəqilliyi qədər yaşı var. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dövlətçilik və milli təsisatların qurulmasında, insanların normal informasiya ilə təminatında “Şərq” qəzetinin öz rolu və yeri var. Hər halda bizi qoruyan bir faktor var. O da bundan ibarətdir ki,

 

“ŞƏRQ”ÇİLƏR HEÇ VAXT ÜMİDSİZLİYƏ QAPILMAYIBLAR.

 

Həmişə kollektiv içində ümidsizliyə qapanma ehtimalı olanda mən onları bir yerə yığıb, ümid vermişəm. Görünür, sabaha ümidlə baxmağımız “Şərq”i bugünədək yaşadıb və indi də ümid edirik ki, qəzetimiz gələcəkdə daha üstün səviyyəyə yüksələcək. Bunun üçün bizim yaradıcı potensialımız var. Mən qəzetin kollektivinin dəstəyi, inamı və əməyi nəticəsində 15 ildir bu yolda addımlayıram. Eyni zamanda qarşıya çıxan çətinlikləri dəf etdikcə insan müəyyən mənada kamilləşir, cəmiyyətdəki problemlərə qarşı özünü hazırlıqlı hesab edir. “Şərq”in yaşamasında, duruş gətirməsində onun əməkdaşlarının böyük rolu olub. “Şərq” bizim amalımızdır, sözümüzü deyə biləcəyimiz yerdir. Bu gün cəmiyyətdə qələmilə tanınan bir sıra insanlar “Şərq”də işləyiblər və işləyirlər.

 

Vəfa Allahverdiyeva, “Şərq” qəzetinin sabiq əməkdaşı:

 

– Mənim bəxtim gətirdi ki, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirəndən məşhur qəzetlərdə işlədim. Amma onların zirvəsi kimi “Şərq” qəzetini görürəm. Çünki bu qəzetin nəşri Azərbaycan mətbuatının ən qaynar bir dövrünə təsadüf etdi. Mən də həmin mərhələdə “Şərq”ə gəldim. Akif Aşırlıya çox minnətdaram ki, məni böyük məmnuniyyətlə işə götürdü.

 

ŞƏRQ”LƏ BAĞLI O QƏDƏR GÖZƏL XATİRƏLƏRİM VAR Kİ,

 

bu qəzetdə elə gözəl yaradıcılıq prosesi keçmişəm ki, bundan sonra jurnalistika sahəsində çalışmasam belə, yaşadığım hisslər, xatirələr, aldığım müsahibələr, onlardan doğan təəssüratlar mənə ömrümün sonuna kimi bəs edir. “Şərq”də həm maddi cəhətdən təmin olunmuşduq, həm də mənəvi rahatlıq tapırdıq. Akif müəllim başda olmaqla çox böyük fədakarlıqla, həvəslə bu qəzeti çıxarırdıq. Baxmayaraq ki, bu gün tirajı, oxucusu baxımından bir qədər geriləyib, amma hesab edirəm ki, “Şərq” Azərbaycan mətbuat tarixində öz yeri olan bir qəzetdir. Hər gün bizim evimizə 10-15 qəzet gəlir. İstər-istəməz mən onların arasından “Şərq”i axtarıb tapıram. Mən “Şərq”i öz ailəm hesab etmişəm və istəyirəm ki, Azərbaycan mətbuatında yüksək zirvədə olan bir qəzet kimi onun uğurları davam etsin. Baxmayaraq ki, mənim Azərbaycan mətbuatında işləmək perspektivim çox azdı amma yenə də “Şərq”i zirvədə görmək istəyirəm.

 

Təranə Hüsüqızı,“Şərq”in sabiq əməkdaşı:

 

– “Şərq” yeni yarananda orda beş nəfər vardı, onlardan biri də mən idim. “Şərq” qəzeti öz ənənələri olan bir qəzetdir. Burda bir kollektivçilik ənənəsi var ki, bununla da digər qəzetlərə nümunə ola bilər. “Şərq” ölkənin ictimai-siyasi həyatına təsir edə bilən bir qəzet oldu. O zaman yolda, metroda, avtobusda 10 nəfər qəzet oxuyan olurdusa, onun 8-i “Şərq”i oxuyurdu. Kənardan baxanda bununla qürur duyurduq. Bu gün də “Şərq”lə qürur duymağa əsaslarımız kifayət qədərdir. “Şərq”i fərqləndirən bir cəhətdə onun rəngarəng olması idi. Bu qəzetdə hər bir əməkdaşın öz mövqeyi var idi. Bu da qəzetə rəngarənglik gətirirdi. “Şərq” demokratik qəzetin gözəl bir nümunəsi idi.

 

Rey Kərimoğlu, “Şərq” qəzetinin keçmiş əməkdaşı:

 

“İLK REPORTYOR MƏKTƏBİNİ BURDA GÖRDÜM”

 

– 1998-ci ildən “Şərq”də işləməyə başladım. Onda bu qəzet həftədə bir dəfə, 8 səhifə çıxırdı. Tale elə gətirdi ki, burda fəaliyyətə başlayandan bir qədər sonra “Şərq” 16 səhifə çıxmağa başladı və birinci nömrəni çapa hazırlayarkən biz səhər 5-ə kimi işdə olduq. Mən “Şərq”də reportyor kimi çalışırdım və ilk reportyor məktəbini burda gördüm. Çox maraqlı bir reportyor qrupu var idi. Mitinqlərdən reportajlar hazırlayırdıq. Bu proseslər mənim sonrakı jurnalist fəaliyyətimdə böyük rol oynadı.

 

Məlahət Rzayeva, “Şərq” qəzetinin əməkdaşı:

 

– Mən 1997-ci ildən “Şərq”də çalışıram və bu qəzetin keçdiyi bütün mərhələlərin iştirakçısıyam. “Şərq” mənim üçün bir nömrəli qəzetdir. Ona görə də uzun müddətdir burada çalışıram. Jurnalistikaya “Şərq”də başlamışam. Bu qəzet mənim üçün bir məktəb olub. Jurnalist kimi burda yetişmişəm. İş yerimi dəyişməməyimin əsas səbəbi də odur ki, burda atmosfer çox təmizdir. Onu da deyim ki, 15 il əvvəllə müqayisə edəndə görürsən ki, onda çalışmaq bir tərəfdən asan, digər tərəfdən isə çətin idi. İndiki kimi texnologiyaların imkanlarından yararlana bilməsək də, rahat idik. Onda mətbuat daha güclü idi.

 

Yusif Nəzərli, baş redaktorun müavini

 

– “ŞƏRQ” QƏZETİNİ BİR MƏKTƏB HESAB ETMƏK OLAR.

 

Çünki bu qəzetin əməkdaşları olmuş şəxslər bu gün dövlət strukturlarında televiziyada və digər KİV-lərdə çalışırlar. Bizim hədəfimiz həmişə dövlətçiliyə, millətə xidmət etmək olub. Bu yolda müəyyən problemlər, çətinliklər yaşamışıq. Amma heç vaxt hədəfdən yayınmamışıq, hesab etmişik ki, bu yol ən doğru yoldur. Bu fəaliyyətimizi təkcə “Şərq” qəzeti ilə məhdudlaşdırmaq istəməzdik, gələcəkdə bu yolda daha iri layihələr həyata keçirmək niyyətindəyik.

15 il əvvəl biz fəaliyyətə başlayanda texnologiyanın imkanları bu dərəcə deyildi. İndi jurnalistlər canlı təmasa o qədər maraq göstərmirlər. Telefon, internet vasitəsilə müsahibələr götürürlər. Bəzən yazılara başlıq qoyanda çətinlik çəkirsən. Çünki hiss edirsən ki, materiallar əvvəlki kimi canlı deyil. Digər tərəfdən, texnologiyaların inkişafı çap mediasının durumuna da təsirsiz ötüşməyib. Xəbər saytlarının artması qəzetlərin tirajının aşağı düşməsinə səbəb olub. Amma hesab etmirəm ki, bu təsir qəzetlərin sıradan çıxmasına səbəb olacaq. Bu məsələni daha çox internet portalların, saytların rəhbərləri dilə gətirir. Amma 4-5 aydır izləyirəm, xüsusilə internet televiziyasına baxıram ki, o qədər auditoriya qazana bilməyiblər. Çap mediası hələ uzun müddət yaşayacaq. Mənə elə gəlir ki, çap mediamız hələ öz sözünü tam deməyib.

 

Teymur Abdullayev, “Şərq”in sabiq əməkdaşı, Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı:

 

– 2001-ci ildən 2005-ci ilədək “Şərq”də çalışmışam. “Şərq” Azərbaycan mətbuatında öz dəsti-xətti, yeri olan qəzetdir. “Şərq”in özəlliyi budur ki, burda işləyən təkcə jurnalist kimi yetişmir. Burda çalışan insan bir vətənpərvər kimi formalaşır. Bu baxımdan “Şərq” müsbət, dəyərli ənənələri olan, insanlara öz yazıları ilə təsir edə biləcək bir qəzetdir. “Şərq” in çox sağlam rəhbərliyi, kollektivi var. “Şərq”ə uğurlar arzulayır və 15 rəqəminin yanına bir sıfırın da əlavə olunmasını istəyirəm.

Mətbuatla işləyən bir insan kimi deyə bilərəm ki, o zamanla indi müəyyən fərqlər var. Bu fərqlər nədən ibarətdir? Bir neçə il əvvəl media daha çox araşdırma yazılara üstünlük verirdi. Hətta bir informasiya olanda bir neçə tərəfin mövqeyini öyrənib bir material dərc edirdilər.

Bu gün isə internet mediasının inkişafı ilə əlaqədar olaraq bir fikir formalaşıb: məlumatın doğru və yanlış olmasından asılı olmayaraq onu birinci dərc etmək lazımdır. Məhz o birinciliyə görə hər şey unudulur. Amma

 

“ŞƏRQ” YENƏ DƏ KLASSİK ƏNƏNƏYƏ SADİQ QALIR.

 

İndi klassik jurnalist ənənəsini qoruyub saxlayan KİV çox azdır. Bu məsələdə peşəkarlıq da mühüm rol oynayır. “Şərq” də jurnalistlərin böyük əksəriyyəti peşəkardır.

 

Elşən Məmmədov, “Şərq” qəzetinin sabiq əməkdaşı

 

– Mənim jurnalistikaya gəlişimdə və bu sahədə formalaşmağımda “Şərq” qəzetinin böyük rolu olub. “Şərq” mənim bir jurnalist kimi özümü göstərmək imkanımın olduğu qəzetdir, 1999-cu ilin aprelindən 2007-ci ilə kimi “Şərq”də işləmişəm. Bu, az müddət deyil. İnsanı bu qəzetə bağlayan həm də kollektivdir. “Şərq”in kollektivinin bir özəlliyi var: elə mühit formalaşıb ki, insan özünü ailəsində olduğu kimi hiss edir. “Şərq”in ən gözəl dəyərlərindən biri də türkçülük, türk millətinə rəğbət, sayğıdır. Hesab edirəm ki, “Şərq” Azərbaycanın mətbuat tarixində öz izini artıq qoyub. İllər keçsə də, “Şərq” hər zaman yaşayacaq.

 

 

P.SULTANOVA

 

525-ci qəzet.- 2011.-1 noyabr.- S.7.