Gördüyümüz
teleseriallar və ya Azərbaycan teleməkanının serial mənzərəsi
Keçən əsrin sonunda, “sabun
operaları”nın dəbə mindiyi bir vaxtda sovet
televiziyaları seriallarda olan açıq-saçıq səhnələri,
azadlığı və sərbəstliyi ilə seçilən
qəhrəmanların həyatını nümayiş etdirməkdə
tərəddüd edirdi. Birbaşa dövlətin nəzarəti
altında olduğu üçün teleşirkətlər
SSRİ-nin qapalı siyasətinə riayət etmək məcburiyyətində
idi. Lakin əcnəbi serialların axını və
nüfuzu o qədər güclü idi ki, onun
qarşısını almaq artıq boş yerə zəhmət
çəkmək olardı.
... SSRİ-nin ömrünün sonunda
ekranlara çıxan serialların tarixindən danışmaq
niyyətində deyiləm. Serialların Azərbaycanın
özəl telekanallarında yayım dövrü
başlanmamışdan əvvəl Azərbaycan
Televiziyasında nümayiş olundu. AzTV milli teleserial çəkilişlərinə
start verməklə serial industriyasının təməlini
qoydu. “İtkin gəlin”, “İblis qadın”, “Ünvansız
qız”, “Taleyin qisməti”, “Yağışdan sonra” kimi
çoxseriyalı filmlər həm efir boşluğunu
doldurduğu üçün, həm də yenilik olduğu
üçün davamını və inkişafı gözləmək
lazım idi. Lakin AzTV kütlənin maraq dairəsini bildiyi
üçün “Mehriban düşmən”, “Qvadalupe”, “Dul
qadın Blanka”, “Sakit sular”, “Kərtənkələ təbəssümü”,
“Mənim ikinci anam” və başqa Latın Amerikası
seriallarının nümayişinə start verdi. Hətta
serialların qəhrəmanları o qədər sevilirdi ki,
Xulio və Viktoriya rollarının ifaçıları
(“Mehriban düşmən”) Azərbaycana dəvət
olunmuşdular. Bir qədər irəli gedərək onu qeyd
edim ki, əcnəbi ulduzların qonaq gəlməsi sarıdan
korluq çəkməyən Bakıya gələn serial qəhrəmanları
arasında Norkis Batista (“Dəlisov Anastasiya”), Necati
Şaşmaz (“Kurtlar vadisi”), Kıvanç Tatlıtuğ
(“Gümüş”, “Aşkı-memnu”) və başqaları da
olub. Bir müddət əvvəl isə “Yahşi Cazibe”nin
aktyor və rejissor heyəti Bakının qonağı oldular.
Özəl telekanalların yayılması
və əhatə dairələrinə rayonların da daxil
olmasından sonra Latın Amerikası serialları geniş
yayıldı. Lakin serialların populyar olmasına xidmət edən
növbəti mərhələ dublyaj oldu. Azərbaycan
tamaşaçısının ən çox marağına
səbəb olan “Klon” serialı isə yəqin ki hələ
də çoxlarının yadındadır. “Globo” teleşirkətinin
təqdim etdiyi serial insanın klonun yaradılması fonunda ərəb
düşüncəsi ilə qərb düşüncəsini
qarşılaşdıraraq böyük auditoriya rəğbəti
qazanmışdı.
Tamaşaçıların Xulioya, Mariyaya,
Rikardoya, Lukasa marağının azalmasıyla qonşu
Türkiyədə serial sənayesinin yüksək
inkişafı eyni vaxta təsadüf etdiyindən milli teleməkanda
“Aliyə”, “Zərda”, “Çocuklar duymasın”, “Kurtlar vadisi”,
“Bir İstanbul masalı”, “Melekler adası”televiziya
kanallarına çoxlu reklam qazandırdı. Daha sonra
yayımdan qaldırılan “Min bir gecə”, “Yaprak
dökümü” və “Sahra”nın danışıq dilimizə,
efirdəki nitq mədəniyyətinə mənfi təsir
göstərdiyini deyən Milli Teleradio Şurasının
“bütün əcnəbi filmlər tərcümə olunsun”
qərarından sonra türk dilindən türk dilinə tərcüməyə
heç bir telekanal risk etmədiyi üçün
bütün Türkiyə teleserialları
dayandırıldı. Amma bu qərarla tamaşaçılar
deyil, televiziyalar itirdi. Çünki çanaq antenaları
vasitəsilə tamaşaçılar istənilən
serialı izləmək imkanını itirməmişdilər.
Film qəhrəmanlarının həyatından
uzun-uzadı, aylarla, bəlkə də illərlə
ardıcıl bəhs edən, daha çox melodram janrında
olan seriallar Türkiyə türkcəsində “pembe filmler”,
rusca “mılnaya opera”, Azərbaycan dilində “sabun operaları”
adlanır. Serialların milli təfəkkürə gətirdiyi
ziyanlar peşəkarların uzun illərdir ki, diqqət mərkəzindədir.
Amma serialın bir təbliğat vasitəsi olduğunu da yaddan
çıxarmaq düzgün olmazdı. Bugün televiziya
şirkətləri böyük məbləğ
ayırıb proqram hazırlamaqdansa ciddi, məzmunlu serial
çəkərək həm sosial problemlərə, həm
siyasi hadisələrə, həm ictimai münasibətlərə
münasibətlərini ortaya qoyurlar. Ayrılan böyük
maddi vəsaitlər isə artıqlamasıyla geri
alınır. Müasir seriallar “sabun operaları” kimi qeyri-ciddi,
nisbi xarakter daşımır. Məsələn, əgər əvvəllər
Amerika seriallarında aktyorun geyimi gözlənilmədən
bir kadrdan digər kadra keçəndə dəyişilirdi və
tamaşaçı bunun necə olduğunun heç fərqində
olmurdu. Amma hazırda çəkilən seriallar rejissurra
baxımdan ciddi ölçülüb bilçilir, tənqidçilər
tərəfindən müzakirə edilir. ABŞ-ın Azərbaycanda
da məşhur olan “Lost” (Sağ qalmaq), “Prison break” (Həbsdən
qaçış), “Doktor Haus” serialları olduqca peşəkar
rejissorların və ssenaristlərin çətin zəhməti
hesabına başa gəliblər. Həm də ssenarinin
mürəkkəbliyi, daha qlobal və geniş mövzuları
əhatə etməsi artıq serialların da bir sənət əsəri
kimi tanınmasına ehtiyac olduğunun sübutudur. Hətta
ilin ən yaxşı peşəkar səviyyəli
seriallarını mükafatlandıran nüfuzlu “Emmy”
mükafatı ən azından Oskar qədər ciddi marağa
səbəb olur. Bu filmlər həm də ölkələrin
öz mədəniyyətini, siyasətini təbliğ etmək
baxımdan böyük işlər görür. Bu
yaxınlarda çəkilən “Alcatraz” serialı isə,
Alkatraz həbsxanasında baş verən ciddi,amma “sadəcə
təxəyyül” adlandırılan mətləblər
haqqındadır. Eləcə də, izlənmə sayına
görə Türkiyədə, Azərbaycanda rekord qıran
“Kurtlar vadisi” serialı da ciddi məsələlərə
toxunur. Hər seriyasından sonra siyasi aləmdə müzakirə
olunan serial artıq sadəcə film kimi deyil, “heç vaxt seçkilərdə
iştirak etməyən siyasi partiya” kimi xarakterizə olunur.
Çünki müəlliflərin hər hansı hadisəyə
öz baxış bucaqları, yanaşmaları olur, təbii
ki, bütün hallarda Türkiyə maraqlarını
üstün tutan Raci Şaşmazın “Kurtlar vadisi İrak”
kinosu ABŞ-da qadağan olunmuşdu. İsrail-Türkiyə
münasibətlərində narazılıq yaradan epizodlardan
biri Mossadın emblemini qanın içində təsvir etməsi
olmuşdu. Türkiyənin mövqeyini hər zaman ortaya qoyan
serial heyətinin gördüyü iş və təbliğat
göz qabağındadır. “Kurtlar Vadisi” siyasətə və
tarixə müraciət edən sonuncu serial deyil. Türkiyə
seriallarının bəzilərində bu hallara rast gəlmək
mümkündür. “Hanımın Çiftliği” “dizi”sində
1940-50-ci illər Türkiyəsində seçkilərin
keçirilməsi, kommunistlərin və amerikanpərəstlərin
dialoqları və bu dövrdə Türkiyədə sənaye
işi, insanların sahibkarlara qarşı etirazlarının
kadrlara alınması Türkiyə rejissorlarının və
ssenaristlərinin tarixlərinin hər parçasını
sevməsindən və “sayqı duymasından” irəli gəlir.
“Öyle bir geçer zaman” serialında komunizm tərəfdarları
və qərb tərəfdarlarının
qarşıdurmaları, komunistlərin təqibi və bu siyasi
olayların fonunda bir ailənin faciəsindən söhbət
açılır. Son ilin ən səs küylü serialı
olan “Mühteşem Yüzyıl” isə Süleyman Qanuninin
siyasətindən, həmin dövrün saray həyatından
bəhs edir. Sadaladıqlarım son və ilk deyil. Böyük
auditoriya qazanan bu seriallarda aktyor oyununa da pis demək olmaz.
Türkiyə serialları ərəb ölkələrində
və digər xarici ölkələrdə də sevilərək
izlənilir və türk mədəniyyəti, ən
azından türk kino, film sənəti yüksək səviyyədə
təbliğ olunur. Məsələn “Gümüş”
serialının ərəb ölkələrində izlənilməsinə
görə fantastik həddə çatması, bu
yaxınlarda İranda fars dilində efirə çıxan
“Aşkı memnu” və tezliklə Avropada və eləcə də
Azərbaycanda telekanalların nümayiş etdirəcəyi
gözlənilən “Mühteşem Yüzyıl” Türkiyə
seriallarının uğurudur.
Son bir neçə ildə milli teleməkanda
Rusiya serialları da nümayiş olunurdu. Lakin ruslar ənənəvi
kriminal detektiv janrlarında təqdim etdikləri “Platin”
serialı seyrçi rəğbəti qazansa da, istənilən
effekti vermədi. Eləcə də Braziliya seriallarından da
zəif hind seriallarının nümayişi Azərbaycan
tamaşaçasının marağına səbəb ola bilmədi.
Braziliya və hind seriallarından fərqli
olaraq daha ciddi diqqət ayrılan “dizilər” Türkiyədə
narahatlıq doğurmaya bilməz. Gün ərzində orta
statistik türk vətəndaşının 5 saat serial izləməsi
sosioloqları narahat edir. Lakin Azərbaycanda serial sənayesinin
inkişafı üçün verilən son qərara görə
serialların müsbət cəhətlərini təqdim edərək,
yarımçıq qalmış işi inkişaf etdirmək
lazımdır. Bu baxımdan hələ ki, Amerikanın “Emmy”
mükafatını alan seriallarına çatmaq istəyən
Türkiyə təcrübəsinə əsaslanmaq
lazımdır. Təbii ki, ssenari cəhətdən yoxsul
deyilik. Rəşad Nuri Güntəkinin populyar əsərlərinin
ekran variantlarını yaradan qardaşlarımız kimi biz də
Azərbaycanın məşhur romanlarına uyğun ssenarilər
yaza bilərik. Birini örnək olaraq təqdim edim. İllərdir
Hollivudda kinoşirkətlər arasında ssenarisi üzərində
mübarizə aparıldığı söylənilən“Əli
və Nino” hələ də, ekran həllini tapmayıb. Əsərin
ssenarisini peşəkar ssenaristlərimizdən birinə təklif
edib ortaya ilk vaxtlar üçün maraqla qarşılanacaq
serial çıxarmaq olar. Tariximizi və mədəniyyətimizi
maraqlı məhəbbət macərası fonunda təqdim etmək
mümkündür. Amma ssenari yazmağa elə də həvəsli
olmayan serial heyəti “Aramızda qalsın”ı “Çocuklar
duymasın”dan, yeni “Qaynana” serialını isə “Benim annem bir
melek” və “Avrupa yakası”seriallarından qaynaqlanaraq ortaya
mübahisəli iş çıxardır. Azərbaycan
tamaşaçısı komediyaya nə qədər davam gətirə
bilər? Ciddi proqramlar sarıdan korluq çəkən
televiziyalarımızda heç olmasa milli serialımıza
ciddi mövzularla başlayaq.
Proqnoz vermək mümkündür.
Ayrılan pulun Türkiyədə çəkilən
serialların bir seriyasının büdcəsindən az olsa
da, televiziyalar və film istehsal edən şirkətlər bu
işə bir qədər ciddi yanaşsalar, düzgün qiymətləndirmə
apararaq az məbləğə də peşəkar serial
çəkmək mümkündür. Mədəniyyətimiz,
ədəbiyyatımız o qədər zəngindir ki, istənilən
mövzuda serial çəkmək şansımız var. Ancaq kommersiya
məqsədindən əvvəl bu işin peşəkarlığını
da unutmaq lazım deyil.
“Seriallar bizə lazım deyil” deyənlər
isə serialın təbliğati işini unutmasınlar.
Bugün Azərbaycan tamaşaçısına doğma
xarakterlər təqdim etmək lazımdır. Bunun
üçün isə, gəlin, öz seriallarımızı
çəkək! Məhz
öz seriallarımızı!
Pərviz
SADIQOV
525-ci qəzet.-
2011.- 2 noyabr.- S.6.