Azərbaycan-Türkiyə
münasibətləri: dostluq və
qardaşlıq əlaqələri davam və
inkişaf edir
1917-ci
ilin fevralında Rusiyada baş vermiş burjua inqilabı Azərbaycanın
da həyatında mühüm dəyişikliklərin
başlanğıcını qoydu. 1918-ci il aprelin 25-də
Bakı Kommunasının yaranması ilə Bakı və onun
ətrafı bolşeviklərin əlində olduğuna
görə, Cümhuriyyətin yaradılması prosesi
Zaqafqaziya Seyminin mərkəzi Tiflis şəhərində
baş verdi. May ayının 26-da Zaqafqaziya Seyminin sonuncu
iclası keçirildi və gürcü Milli Şurası tərəfindən
Gürcüstanın müstəqilliyi elan edildi. Bundan sonra
Seymdə olan Azərbaycan nümayəndələri mayın
27-də fövqəladə iclas keçirərək yekdilliklə
Azərbaycanın idarə olunmasını öz üzərlərinə
götürmək haqqında qərara gəldilər. Onlar bu
işi həyata keçirəcək Azərbaycan Müvəqqəti
Milli Şurasını elan etdilər. May ayının 28-də
Milli Şuranın ilk iclasında qızğın müzakirələrdən
sonra iki nəfər bitərəf olmaqla, 24 səslə Azərbaycanın
müstəqilliyini elan etmək haqqında İstiqlaliyyət
Bəyannaməsi qəbul edildi. 1918-ci il mayın 28-də Azərbaycanın
istiqlalı elan olundu. Yeni yaranmış müstəqil Azərbaycan
dövlətinin atdığı ilk addım, onun
üçün həyati əhəmiyyətə malik olan
qardaş Türkiyə ilə qarşılıqlı
münasibətlər yaratmaqdan ibarət oldu. Aparılan
danışıqlar nəticəsində 4 iyun 1918-ci il tarixdə
Batumidə Azərbaycanla Türkiyə arasında sülh və
dostluq haqqında müqavilə imzalandı. Bu müqavilə
ilə Türkiyə Azərbaycanın müstəqilliyini
tanıyan ilk dövlət oldu.
Azərbaycan Cümhuriyyəti hökuməti ilə Osmanlı hökuməti arasında bağlanmış müqavilənin IV maddəsində qeyd olunurdu ki, “ehtiyac olduğu təqdirdə Osmanlı hökuməti qayda-qanunu və ölkənin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan Cümhuriyyətinə silahlı qüvvələrlə yardım etməyi” öhdəsinə götürür. Hələ bu hadisələrdən əvvəl Osmanlı hərb naziri Ənvər Paşa ögey qardaşı Nuru Paşanı rəhbərliyindəki bir heyətlə Gəncəyə göndərmişdi. Qafqazdakı siyasi vəziyyəti nəzərə alan Osmanlı dövləti Bakıda hakimiyyətin ermənilərin əlinə keçməsindən sonra isə bəzi tədbirlər almağı da qərarlaşdırdı. Erməni və rusların Bakını işğalından sonra 22 mart 1918-ci ildə Osmanlı dövlətinin hərbi naziri Ənvər Paşanın imzaladığı bir qərarla Qafqaz Ordusunun qurulması üçün lazımi fəaliyyətlərə başlanıldı. Nuru Paşanın komandanlığındakı heyət 1918-ci ilin aprel və may aylarında Mosuldan çıxaraq Ravanduz, Savcabulak, Təbriz yolu ilə Azərbaycanın Zəngəzur bölgəsinə çatdı. 25 may tarixində Nuru Paşa Gəncə şəhərində qərargahını qurdu. İyun ayının 15-də Tiflisdəki 18 günlük fəaliyyətdən sonra Azərbaycan Milli Şurası və hökumət də Gəncəyə köçdü. Bakı isə hələ də bolşevik-erməni hərbi birləşmələrinin işğalı altında idi. Nuru Paşa döyüşləri Gəncədən başlayaraq Göyçay, Ucar, Qaraməryəm, Şamaxı, Şəki, Quba, Salyan, Neftçala, Bakı, Qarabağ və son olaraq Dərbənddə davam etdirərək, adıçəkilən əraziləri düşməndən təmizlədi.
15 sentyabr 1918-ci il tarixində Azərbaycan və Türk qoşunlarının qəhrəmanlıqları sayəsində Bakıda nəzarət tam ələ keçdikdən sonra sentyabrın 16-da Qafqaz Ordusunun qərargahı, bunun ardınca isə Azərbaycan Demokratik Respublikasının hökuməti müvəqqəti olaraq fəaliyyət göstərdiyi Gəncədən Bakıya köçdü. Beləliklə, Qafqaz İslam Ordusu Bakını daşnaklardan, eserlərdən və ingilislərdən təmizləyərək, şəhəri Azərbaycan Demokratik Respublikasının rəsmi paytaxtına çevirdi, Azərbaycanı təhlükədən xilas edib, bütün ölkəyə nəzarəti hökumətin sərəncamına verdi. Lakin Türkiyə ilə birlikdə Üçlər İttifaqının I Dünya müharibəsində məğlubiyyəti nəticəsində bağlanmış müqaviləyə görə, 1918-ci ilin noyabr ayında Türk qoşunları Azərbaycanı tərk etməyə məcbur oldu. Amma buna baxmayaraq, Azərbaycan Demokratik Cümhuriyyəti qardaş Türkiyə ilə münasibətləri kəsmədi. 1918-ci ilin dekabrından 1920-ci ilin aprelinədək Azərbaycan hökuməti müstəqil Azərbaycan dövlət quruculuğu, milli mənafe və milli təhlükəsizliyin qorunması, xarici siyasət, iqtisadiyyat və mədəniyyətin inkişafı baxımından tarixi əhəmiyyətli işlər gördü və ölkəni dünyaya tanıtdı. Məhz bunun nəticəsində Azərbaycan dövlətçiliyinə düşmən olan qüvvələrin bütün cəhdlərinə baxmayaraq onu tarix səhifəsindən silmək mümkün olmadı. 27 aprel 1920-ci il tarixdə parlamentin qərarı ilə Azərbaycanın tam müstəqilliyinin qorunub saxlanması, yeni yaranan hökumətin müvəqqəti orqan olması, hökumət idarələrindəki köhnə qulluqçuların tutduqları vəzifələrində qalması, hökumət və parlament üzvlərinin həyat və mülkiyyət toxunulmazlığının təmin edilməsi və bir sıra digər şərtlərlə hakimiyyət müsəlman bolşeviklərə verildi və Bakı döyüşsüz təslim edildi. Bununla da 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Bu hadisə qardaş Türkiyə ilə mövcud münasibətlərə də təsirsiz ötüşmədi.
70 il sonra, 18 oktyabr 1991-ci ildə ölkəmiz öz dövlət müstəqilliyini bərpa etməsinin ardınca Türkiyə-Azərbaycan münasibətləri yenidən inkişaf etməyə başladı. Türkiyə 1991-ci il noyabrın 9-da yenə də Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə oldu. 1992-ci il yanvarın 14-dən etibarən isə bu ölkənin Azərbaycan Respublikası ilə diplomatik münasibətləri yaradıldı. 25 may 1991-ci ildə baş konsulluq səviyyəsində Azərbaycan Respublikasında təmsil olunan Türkiyə Cümhuriyyətinin 1992-ci il yanvarın 14-də səfirliyi fəaliyyətə başladı. Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki səfirliyi isə 1992-ci ilin avqustunda açıldı. Azərbaycanın bu ölkədə baş konsulluğu İstanbul şəhərində fəaliyyətə başladı. Elə həmin il iki ölkənin ticarət, turizm, iqtisadiyyat, nəqliyyat, elm, media, hüquq, statistika, sənaye, mütəxəssis hazırlanması, investisiya qoyuluşu sahələrində əməkdaşlığının əsası qoyuldu. 1992-ci ildə Azərbaycanla Türkiyə arasında bu sahələrdə əməkdaşlığı əhatələyən 13 mühüm saziş imzalandı. 1992-ci il noyabrın 2-də qəbul olunan iki önəmli sənədlə-ticari-iqtisadi sahədə əməkdaşlıq, investisiyaların təşviqi və qorunması haqqında sazişlərlə Türkiyə ilə Azərbaycan arasında iqtisadi münasibətlərin hüquqi bazası yaradıldı. O zamandan başlayaraq, Türkiyə iş adamları Azərbaycana yatırımlar qoymağa başladı.
Ulu öndər Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra iki qardaş ölkə arasındakı münasibətlər özünün yeni mərhələsinə qədəm qoydu. Onun “bir millət iki dövlət” prinsipi ikitərəfli əlaqələrdə şüar rolunu oynadı. 1993-cü ildə Kəlbəcərin işğalından sonra Türkiyənin işğalçı Ermənistanla sərhədlərini bağlaması isə Azərbaycan-Türkiyə qardaşlığını bir daha sübut etdi. Heydər Əliyevin yürütdüyü xarici siyasət nəticəsində Bakı-Ankara münasibətləri özünün ən yüksək mərhələsinə çatdı. Ümummilli lider Heydər Əliyev 1994-cü ilin fevralında Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəlin dəvətilə bu ölkəyə rəsmi səfər etdi. Səfər zamanı prezidentlər iki ölkə arasında dostluq, qarşılıqlı anlaşma və hərtərəfli əməkdaşlıq haqqında müqavilə imzaladılar. Azərbaycanla Türkiyə arasında daha sonra iqtisadiyyat, səhiyyə, maliyyə, təhsil, mədəniyyət və digər sahələrdə qarşılıqlı əməkdaşlıq haqqında 16 müqavilə imzalandı. Heydər Əliyevin bu ölkəyə etdiyi növbəti səfərlər, eləcə də Türkiyə rəsmilərinin Azərbaycana səfərləri ikitərəfli münasibətlərin daha da inkişaf etməsinə səbəb oldu.
Azərbaycanla Türkiyə arasında 1994-cü ildə ikiqat verginin aradan qaldırılması haqqında sazişin imzalanması Türkiyə iş adamlarının Azərbaycandakı yatırımlarının həcmini daha da artırdı. Hazırda Türkiyədən Azərbaycana idxalda ərzaq və kənd təsərrüfatı məhsulları, elektrik cihazları, neft-kimya məhsulları, müxtəlif maşınlar və avadanlıq, inşaat-tikinti materialları, təbii ipək və ipək məhsulları, tekstil və trikotaj məhsulları, müxtəlif avtomobil hissələri, məişət avadanlıqları, metallurgiya məmulatları və mebel üstünlük təşkil edir. Azərbaycandan Türkiyəyə ixracda isə neft və neft məhsulları əsas yeri tutur. Çox kiçik həcmdə pambıq mahlıcı, polietilen, şəkər çuğunduru da ixrac olunur. Eyni zamanda Türkiyə ilə Azərbaycan bir sıra neft-qaz müqavilələrində birgə iştirak edir. Buna misal olaraq, Bakı-Tbilisi-Ceyhan, Azəri-Çıraq-Günəşli, Şahdəniz, Kürdaşı, Araz Alov-Şərq və sair layihələri göstərmək olar. Mədəni, iqtisadi sahələrdə olduğu kimi, siyasi sahədə də Türkiyə-Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf etdi.
Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasındakı münasibətlər özünün yeni müstəvisinə qədəm qoydu. 13-15 aprel 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə ilk rəsmi səfəri oldu. Səfər zamanı aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Əhməd Necdət Sezərin təkbətək görüşü keçirildi. Görüşdən sonra ikitərəfli sənədlərin imzalanma mərasimi oldu. Bunun ardınca Türkiyənin eks Prezidenti Əhməd Necdət Sezərin, indiki Prezident Abdulla Gülün, Baş nazir Rəcəb Təyyub Ərdoğanın və digər rəsmi şəxslərin Azərbaycana, eləcə də dövlət başçısının qardaş ölkəyə müxtəlif vaxtlarda səfərləri gerçəkləşdi. Dövlət səviyyəli hər belə səfər ölkələrimiz arasındakı münasibətlərin daha da inkişaf etməsinə öz müsbət töhfəsini verdi.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Türkiyə bu problemin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduğunu dəfələrlə bəyan etdi. Bu ölkənin Ermənistanla bağlı olan sərhədlərini açması üçün irəli sürdüyü əsas şərtlərdən biri də erməni silahlı birləşmələrinin işğal etdikləri Azərbaycan ərazilərindən geri çəkilməsi oldu. Bununla bağlı Türkiyənin Baş naziri Rəcəb Təyyub Ərdoğan 2009-cu ildə Azərbaycanda səfərdə olarkən milli məclisdə çıxış edərək, ölkəsinin mövqeyini bir daha dilə gətirdi. Türkiyə Ermənistan ilə sərhədləri Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edildikdən sonra bağlamışdır deyən, baş nazir sərhədlərin yalnız işğal ortadan qalxandan sonra açıla biləcəyini diqqətə çatdırdı: “Biz Azərbaycanlı qardaşlarımızın razı qalmadığı müddətdə bu nöqtədən irəli bir addım atmarıq. Bunlar bir-biri ilə bağlıdır, ayrı salına bilməz. Biz hakimiyyətə gələndə nə düşünürdüksə, indi də onu düşünürük. Çünki biz bir millətik, iki dövlətik. Bu anlayışımız bir təməldir. Bu təməldə bir dəyişiklik yoxdur, ola da bilməz... Cənubi Qafqazda sülh və təhlükəsizlik Dağlıq Qarabağ münaqişəsi həll edilmədən mümkün deyil. Dağlıq Qarabağ münaqişəsinin həll olunması bütünlükdə Avrasiya dövlətlərinə fayda gətirəcək. Bunun üçün Azərbaycan torpaqları işğaldan azad olunmalıdır... Bu səbəbdən Türkiyə heç zaman Azərbaycanın milli maraqlarına xələl gətirəcək addım atmayıb və atmayacaqdır”.
Türkiyə-Azərbaycan münasibətləri hazırda strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək, hərtərəfli sıx qarşılıqlı əməkdaşlıq şəraitində davam etməkdədir. Bütün bu münasibətlərin nəticəsi kimi 2010-cu ildə iki qardaş ölkə arasında Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası təsis olundu. Şuranın bu ilin oktyabr ayının 25-də İzmirdə keçirilən ilk toplantısında Azərbaycan Respublikası və Türkiyə Respublikası hökumətləri arasında müxtəlif sənədlər imzalandı. Sənədlərin imzalanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iki ölkə arasındakı münasibətləri yüksək qiymətləndirərək, müstəqilliyimizin əldə olunduğu ilk andan bu günə kimi qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirdi: “Bu gün doğrudan da, Türkiyə-Azərbaycan əlaqələrində çox vacib bir gündür. Birgə yaşadığımız bu günlər Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə təsadüf edir. Bu 20 illik müstəqillik, eyni zamanda, 20 illik Türkiyə-Azərbaycan qardaşlığı illəri olmuşdur. Bizi ilk müstəqil dövlət kimi tanıyan Türkiyə olmuşdur. İlk dövrdə bizim ən ağır, ən çətin illərimizdə Türkiyə yanımızda olmuşdur, bu gün də bu, belədir. Bu dostluq, qardaşlıq bundan sonra da əbədi yaşayacaqdır. Xalqlarımızı birləşdirən ortaq tarix, ortaq mədəniyyətdir. Bunlar çox güclü əsaslardır. Ölkələrimizi birləşdirən insanların bir-birinə olan məhəbbətidir, qəlbindəki sevgidir. Bizi birləşdirən strateji müttəfiqliyimizdir. İyirmi il ərzində Türkiyə və Azərbaycan dünya miqyasında nadir müttəfiqlik münasibətlərini qura bilmişlər. Biz bütün sahələrdə dost, qardaş kimi bərabər hərəkət edirik. Bu gün biz bu müttəfiqliyi artıq yeni formatda formalaşdırdıq. Strateji Əməkdaşlıq Şurasının iclası və iclasın nəticələri onu göstərir ki, bundan sonra da onilliklər ərzində Türkiyə və Azərbaycan daim bir yerdə olacaqlar”.
Baş nazir Rəcəb Təyyub Ərdoğan, 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycanın bu bayramını ilk təbrik edən ölkənin Türkiyə olduğunu diqqətə çatdıraraq, bundan böyük məmnunluq hissi keçirdiyini bildirdi: “Azərbaycan xalqının bu müstəqilliyinin əbədi olmasını arzu edirik. Çünki, həqiqətən də, dəyişən, yeniləşən Azərbaycan vardır. Azərbaycana hər səfərimizdə daha fərqli, dəyişilmiş bir Azərbaycanı görürəm. Bu da təbii, Azərbaycanın hazırda modern ölkələr arasında sürətlə inkişaf etdiyini, bu 20 il ərzində qazanılmış böyük uğurların bariz nümunəsidir. Bu, həm azərbaycanlı qardaşlarımıza, həm də bizlərə ayrı bir qürur verir. Bu, başda mərhum Heydər Əliyev olmaqla, Prezident İlham Əliyevin və hökumətinin uğurlu siyasətinin sübutudur... Amma bütün bunlarla bərabər, həsrətlə gözlədiyimiz məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasıdır. Bu münaqişənin həll olunması inanıram ki, bölgədə daha fərqli inkişafa imkan yaradacaqdır. Bu, sadəcə, Azərbaycanın deyil, Türkiyə və bütün türk dünyasının ortaq sıxıntısı, ağrısıdır”.
Ümumiyyətlə, 1991-ci il noyabrın 9-da Azərbaycanın müstəqilliyinin ilk olaraq Türkiyə tərəfindən tanındığı gündən bu ana kimi ölkələrimiz arasındakı hərtərəfli əlaqələr, xüsusən də Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının təsisatı və ilk iclasının keçirilməsi onu deməyə əsas verir ki, Azərbaycana Türkiyədən, Türkiyəyə Azərbaycandan əziz ikinci bir ölkə yoxdur.
Rufik İSMAYILOV
525-ci qəzet.- 2011.- 2 noyabr.- S.7.