Cənubi Qafqaz ədiblərinin yaradıcılığı bir almanaxda

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Avropa Birliyinin maliyyələşdirdiyi “Öjnıy Kavkaz” almanaxının təqdimat mərasimi gerçəkləşib. Rus dilində çıxan nəşrin təqdimatında yazıçı, “Ulduz” jurnalının baş redaktoru, sözügedən almanaxın Azərbaycan üzrə təmsilçisi və redaktoru Elçin Hüseynbəyli çıxış edərək, almanax haqqında ətraflı məlumat verib: “Öjnıy Kavkaz” almanaxının yaranması barədə qərar bu ilin yanvarında Amsterdamda keçirilən toplantıda qəbul olunub. Cənubi Qafqazın beş xalqının – Azərbaycan, gürcü, osetin, abxaz və erməni ədəbiyyatını əks etdirən almanaxın ildə iki dəfə rus dilində nəşr olunması nəzərdə tutulur. Toplunun nəşri Avropa Birliyinin “Güney Qafqazda dialoq və psixoloji sədlərin keçirilməsi” layihəsi çərçivəsində həyata keçirilib, təşkilatçı isə İngiltərənin “İnternational Alyort” qeyri-hökumət təşkilatıdır. Bu layihə hər hansı bir münaqişəni həll etmək məqsədi daşımır. Bu müxtəlif xalqların ədəbiyyatları ilə daha yaxından tanış olmaq imkanı yaradır. 250 səhifəlik almanaxın bu ilin sonunadək ikinci sayı çapdan çıxacaq. İlk saya hər xalqın ədəbiyyatından beş müəllifin yaradıcılıq nümunələri daxildir. Almanaxın bu sayında ölkəmizi Səlim Babullaoğlu, Elxan Zal Qaraxanlı, Rafiq Tağı, Məqsəd Nur və mən təmsil edirik”.

“Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Səlim Babullaoğlu çıxışında layihənin həyata keçirilməsilə bağlı əsas prinsipi diqqətə çatdırıb: “Layihə “Ədəbiyyat millətləri ayırmır, barışdırır” prinsipinə və xalq diplomatiyasına əsaslanır. Almanax çərçivəsində çap edilən mətnlər rus dilindədir. Müəllifləri, ədəbiyyatı bir yerə toplamaq hələ o demək deyil ki, bütün problemlər həllini tapıb. Bu işdə “yazıçı həm də diplomatdır” ifadəsini əsas götürmək lazımdır. Bundan sonrakı növbəti saylarda ölkəmizdən olan başqa yazarların əsərlərinin almanaxda işıqlandırılması nəzərdə tutulur”.

Şair-publisist Mahirə Abdulla sözügedən almanaxda yazarlarımızın iştirakının vacibliyini diqqətə çatdıraraq dərginin siyasi istiqamət almasının əleyhinə olduğunu deyib.

Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov çıxışında almanaxın hər 5 ölkədə eyni formatda tərtib və nəşr olunduğunu, heç bir dəyişikliyə uğramadığını bildirib.

“Olaylar” İnformasiya Agentliyinin baş redaktoru, yazıçı Yunus Oğuz təkliflərini irəli sürərək, dərgidə yer alan yazıların siyasi məzmun daşımasına qarşı çıxdığını bildirib.

Əli Kərimbəyli isə almanaxın nəşrinin təqdirəlayiq olduğunu diqqətə çatdıraraq, gələn saylarda milli vətənpərvər ruhlu ədəbi nümunələrin dərgidə yer almasının vacibliyini diqqətə çatdırıb.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 3 noyabr.- S.7.